Ac adamın sevgilisi

Ac adamın sevgilisi
12 dekabr 2016
# 14:06

Knut Hamsunun “Aclıq” əsərini oxuyandan sonra gündə bir dəfə yemək yeyirdim. İştahım kəsilmiş, günlərcə heç kimlə kəlimə kəsməmişdim.

Bu günlərdə əsərin əsasında çəkilmiş filmi də seyr etdim. Danimarkalı rejissor Henning Carlsen tərəfindən 1966-cı ildə çəkilən “Aclıq” filmi əsərin psixoloji qatlarına enə bilib.

Filmin qəhrəmanı Pontusun 1800-cü illərdə Danimarkada keçirdiyi günlərdən bəhs edir.

Arada bir yazdığı məqalələrlə dolanan Pontus yoxsulluq, çarəsizlik, aclıq və səfalət içindəki həyatını öz halında yaşamağa çalışan qəribə bir adamdır. Səssizliyi, yalnızlığı, kimsəsizliyi və bəzi anlaşılmaz hərəkətləri ilə cəmiyyətin diqqətindən uzaq qalmışdır. Küçələrdəki laqeyd insan mənzərələrinə qarşı dirənən Pontus ac qalaraq cəmiyyətə etirazını göstərir.

Bir gün kirayə pulunu verə bilmədiyindən evindən qovulur. Küçələrdə boş-boş gəzir, arada parkdakı skamyada oturub kağıza qeydlərini yazır. Hərdən kağız qırıntılarını çeynəyir. İnsanlar sanki Pontusun varlığından bixəbərdirlər. Nə olursa olsun həyatı sevməyə çalışan qəhrəmanımız müxtəlif iş yerlərindən də rədd cavabları alır, körpü altında yatır, sabah xoşbəxt olacam deyə göy üzünə baxır. Həyata qarşı tamamilə müdafiəsiz qalan, hər şeyin səbəbini Tanrıda və onun özünə qarşı sevgisizlikdə günahlandırır. Çarəsizlik, aclıq bir kölgə kimi Pontusu buraxmır.

Fiziki olaraq davam edən aclığa bir də mənəvi boşluq əlavə olunur. Ac olmasına baxmayaraq, içindəki ümidi diri tutaraq, ətrafına qarşı xoşbəxt görünməyi adət edən Pontus, yemək təklif edən yoldaşlarına qarşı olduqca qərarlı və qürurlu tutumlar sərgiləyir. Bir gün, xəyallarındakı kimi, Ylajali adını verdiyi özündən xoşlanan bir qadınla tanış olur. Pontus aşiq olduğu qızla görüşür, öpüşür, ancaq ona ulaşa bilmir. Qız Pontusun yoxsul və ac olduğunu qısa zamanda anlayır və ondan ayrılır. Pontusa yenə aclıq, kimsəsizlik, yalnızlıq qalır.

Pontusun gerçəklə əlaqəsi gedərək itməkdədir. Hərdən xırda sevinclər tapır, hərdən də ətrafına lənətlər yağdırır. Tanrıya və dinə qarşı ironik bir rəftar geyinməsi, ayaqqabılarını danışdırması, rəqəmləri sinxronizasiya edə bilməməsi, fövqəl çıxışları, diqqət problemi və ən əhəmiyyətlisi dünyaya adaptasiya olmağa çalışarkən verdiyi yaşam mübarizəsi insanı sarsıdır.

Həyat eşqi onun aclıqla savaşında qələbə çalsa belə Pontusun fiziki və psixoloji vəziyyəti gərginləşir, küçələrdə Tanrıya üsyan edir, çığırır. Ancaq onun fəryadına kimsə əhəmiyyət vermir.

Filmin mesajı belədir: insan ac qalsa belə ləyaqətli yaşaya bilər. Və insan iradəsi keçilməz səddir.

Filmin qəhrəmanı və başına gələnlər sözün əsl mənasında tamaşaçını heyrətləndirməyi, silkələməyi bacarır.

Ədəbiyyatda bu qədər qeyri-adi, fərqli, gözlənilməzliklərlə dolu əsərə və bədii obraza rast gəlmək çətindir. Belə bir əsər üçün nikbin sonluq gözləmirsən, hər yeni epizodda həyəcanla qəhrəmanın aclıq və əzablara dözməyərək məhv olub gedəcəyini düşündüyün halda, o özündə güc-qüvvət tapıb həyata qayıdır.

# 1298 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #