ATV-də söyüşlü film

ATV-də söyüşlü film
15 mart 2016
# 13:40

ATV kanalında Kənan M.M.-in “Gecə qonağı” adlı filmi yayımlanıb. Filmdə açıq-saçıq səhnələr var. Fərda Xudaverdiyevin qəhrəmanı ilə aktrisa Pərvin Abıyevanın qəhrəmanı danışır, oğlan qızdan soruşur ki, sən qızsan, sonra da aktrisa əlilə efirdə görməyə adət etmədiyimiz işarə göstərir.

Sosial şəbəkədə də filmdən bu hissəni paylaşıblar. Milli mentalitet keşişçiləri qollarını çırmalayıb düşüblər ortaya. Ağızlarına gələni yazırlar, “mentalilet”, “əxlaqi dəyər” ifadəsinin biri bir qəpik olub.

Bu filmdə təbii ki, açıq-saçıq ifadələr yer alıb: kor-kor, gör-gör. Amma orasını da bilmək lazımdır ki, film efirə 23:00-da gedib. Milli Televiziya və Radio Şurası da film haqqında münasibətini bildirərək deyib: “...göstərilmə vaxtı məhdudlaşdırılan proqram və səhnələrlə bağlı xüsusi qaydalara görə qeyd olunan qəbildən olan filmlərin, ədəbsiz ifadələrin, erotik görüntülərin, jestlərin yer aldığı film və verilişlərin saat 23:00-dan səhər saat 7:00-dək yayımlanmasına icazə verilir:

"Gecə qonağı" filmi axşam 23:30-dan sonra yayımlandığı üçün orda müəyyən səhnələrin yer almasını qanun pozuntusu kimi qeyd etmək doğru deyil. Bu cür filmlər və verilişlərin 23:00-dan səhər saat 7:00-dək verilməsinə mövcud qaydalar imkan verir".

Deməli, üzünü cırıb, hay-həşir salmağa ehtiyac yoxdur. Önəmli olan filmin bədii məziyyətidir, içində erotik səhnələr, küçə söyüşləri varmı-yoxmu, belə şeylər müzakirə mövzusu deyil.

Bədii əsərlərin “açıq-saçıqlıq” kontekstində müzakirələri cəmiyyətimizin mədəni səviyyəsinin nə qədər aşağı olmasının göstəricisidir. Filmin müzakirə olunası tərəflərini qoyub hansısa açıq-saçıq detalla uğraşırıq.

Oxşar problemlər bədii əsərlər bağlı da yaşanır. Şərif Ağayarın “Harami” romanı çıxanda saytlarda əsərdən erotik bir parça verilmişdi. Oxucular əsəri bir kənara qoyub o hissəni müzakirə edir, müəllifi “asıb-kəsirdilər”.

Ümumiyyətlə, hardasa 3-4 il əvvələ qədər bədii əsərlərdəki erotik səhnələr müzakirə mövzusu olurdu, qalmaqal yaradırdı. İndi, demək olar ki, bu cür hallar müşahidə edilmir.

Amma filmlərə gəldikdə mənzərə acınacaqlıdır. “İlahi məxluq” filmində kiçik bir erotik detal müzakirələrə səbəb olmuşdu. “Qatil” tamaşası ilə bağlı qalmaqal lap tragikomik idi. Alim Qasımov və bir neçə tanınmış sənət adamı nümayişkaranə şəkildə teatrı tərk etmişdilər.

ATV kanalında nümayiş olunan filmə gəldikdə isə...

Göründüyü kimi kanal nümayiş saatını pozmayıb.Deməli, ortada ciddi narahatlıq doğuran səbəb yoxdur. Ona görə də bu qədər əl-ayağa düşməyə dəyməz. Şəxsən mənə görə efirdən açıq-saçıq səhnələrlə bol filmlərin verilməsi yaxşı haldır. Cəmiyyətdə daşlaşmış klişelərin, yalançı milli mənəvi-dəyərlərin sıradan çıxmasına, insanların daha “rahat olmasına” xidmət edir. Bəlkə filmlərdə erotik səhnələrin, söyüşlərin yer alması cəmiyyətimizdə bir söyüşə görə adam bıçaqlayanların, “razborka” edənlərin sayını azaldar.

“Gecə qonağı” filmi isə mənə olduqca maraqsız gəldi, Kənan M.M. yenə alındıra bilmədi.

# 1950 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #