Bir şeirin dedikləri

Bir şeirin dedikləri
21 avqust 2015
# 11:30

Cavanşir YUSİFLİ

M.S. üçün

Çoxları Bəxtiyar Vahabzadəni ictimai pafoslu şair kimi tanıyır. Bu şeirlərdə doğrudan da ictimai xarakterli hadisələr dövrün nəbzinə uyar şəkildə, həm də Bəxtiyarın zövqü və üslubu libasında təqdim edilir. Bəxtiyar Vahabzadə istiqlal şairidir, “Gülüstan” poemasının, digər ağır ictimai ruhlu əsərlərin müəllifidir.

Ancaq… hər bir şair ən dürüst formada özünün eşqə dair qımqımalarında, həsrətdən köynək geyinən mətnlərindən bilinir. Bu şeirləri oxuyanda adamda qəribə təəssürat yaranır: sanki şair bunları ömrün, gərgin ictimai fəaliyyətinin imkan yaratdığı qısa fasilələrdə iki daş arasında yazıb. Həm də vaxt darlığı ucundan bütün ehtirasını, bütün dərdini şeirlə göstərmək inadı ilə. Və ən qəribəsi heç bu da deyil; insanı təəccübləndirən ən yekə səbəb odur ki, şair bu şeirlərində sevgi temasına, həsrət, hicran motivlərinə illüstrasiya çəkmir, əlindəki fırçanı bir yana tullayıb sevdiyini izhar edir və bu şeirlərin hər misrasında onun qəlbinin dərinliklərində böyük bir aşiq olması və bunu öldüyü günə qədər gizlətməməsi oxunur: ömür dediyin budur, yerdə qalan nə varsa, mənasız təfərrüatdır…

Təsəvvür edin: gündə bir şeir yazırsan, zaman keçdikcə toxunduğun məsələlər də bitir, tükənir, dönüb baxırsan, gör nə qədər mətləb var, insanlar yol gedə-gedə bu şeirlərdən seçdikləri misraları əzbər deyirlər, məclislərdə oxuyur, nümunə gətirirlər, hətta qəlbinin dərinliklərində özlərini günahkar sayan insanlar da bəzən bu şeirlərə qısılırlar. Azadlığa əl çatmadı, ömrün başa çatdı…Bu misra Bəxtiyarın Şandor Petefiyə həsr etdiyi şeirdəndir.

Mən uşaq olanda rayon bazarına gedən yolda insanların o bir neçə metrilk yolda Səməd Vurğun və Bəxtiyardan nə böyük ehtirasla şeir dediklərinin şahidi olmuşam. Bəs baş əymədiniz, əymədim, bəli/ Əyilməz vicdanın böyük heykəli…Hakim barmağını basdı zənginə, xəfif bir qızartı çökdü rənginə…

Yaxud:

Bizim sənət dünyasının

Qırıq telli sazıyam.

Bircə ondan razıyam ki,

Özümdən narazıyam

Hər şey hikmət rənginə boyanır, sənə elə gəlir ki, artıq ən böyük həqiqətləri də beləcə, misralardan düzəltdiyin düzümlə kəşf edə, aça bilərsən. Ancaq… sən dünyaya gələndə səninlə bir doğulan, səni başqalarına hiss etdirən köksündəki bülbül yuvasının həniri eşidilməyə başlayır, bu andan sonra hər şey acı verir, ağrıdır, daha nəyəsə sevinməyin gəlmir.

… Mən bir qəm daşıyam,

Qəlbinə dəydim.

Nə imiş bu dünya qəmsiz, kədərsiz?

Gördüyün yuxunu mən də görəydim

Səninlə bərabər, səndən xəbərsiz.

Bu tipli şeirləri istənilən şairin sevgiyə dair şeirləri ilə müqayisə edin, tutuşdurun, çox mətnlərin temaya illüstrasiya olması ilk oxunuşdan bilinəcək.

Bəxtiyarın bu tipli şeirlərində klassik poeziyadan gələn bir dürüstlük var. Bu xassəni poetik kateqoriya kimi ifadə etməli olsaq, bunu deyə bilərik ki, adı çəkilən mətnlərdə poeziya doğrudan da “mütləq reallıqdır” (Novalis). Söz, sözün içindəki duyğu nə qədər dərindən gələrsə, dünya, gerçəklik bir o qədər mükəmməl şəkildə göstərilə, aşkar edilə bilər. Adını çəkdiyimiz Novalis yazırdı: “Gözəl günlər gələcək, insanlar gözəl bədii əsərlərdən başqa bir şey oxumayacaqlar. Bütün digər kitablar unudulacaq, həmin zamanda bu kitablar dünyanı dərk edib qavramağın vasitəsi kimi kütləşəcəklər.

...Şair təbiəti alimin təfəkküründən daha yaxşı qavrayır. Əvvəllər şairlə kahin canbir qəlbdə idilər və yalnız sonralar zaman onları ayırdı. Ancaq həqiqi şair bütün zamanlarda kahin olub, həqiqi kahinlərsə şair. Bəşər dünyası Allahların ümumi orqanıdır – poeziya onları onlar bizi birləşdirən kimi bir nöqtənin bətnində qovuşdurur…”

Əbədi olan xassələrdən yaza bilmək güc tələb eləyir. Bəlkə ona görə ki, şair bu kimi “mətnləri” tam şüursuzluq halda yazır, könlünə, ürəyinə dolan hiss və duyğuların mətnə çevrilməli olduğunu unudur, sanki bu lal duyğuları hansı musiqi alətindəsə dilə gətirirmiş kimi davranır, mistik aura yaranır: bu ifrat dərəcədə şəxsi, intim duyğular bir təsadüf ucundan açılmalıdır. İlkin halında bu duyğular təsəvvür edilməsi mümkün olmayan nəsnələri təqdim edir, görünməz şeyləri görür, hiss edilməyən şeyləri hiss edir. Bu halətin kritikliyi, şairin yuxudaymış kimi həmin halı mətn halına salmaq ehtirasının doğulması subyekt və obyekti eyniləşdirir, qəlbi və ondan kənardakı nəsnələri bir kontekstə gətirir.

İndiyə qədər ayrı-ayrı qırıntılar və fraqmentlər formasında təzahür edən zaman tam, bölünməz və həm də bu təsadüfdə artıq dərk edilməz bir şeyə çevrilir. Bu səbəbdən poeziya dünyanı qavramaq yolunda bir əlaca möhtac qalır, özündən kənardakı hər şeyi içinə çəkmək, öz daxili bataqlığına batırmaq– poeziyanın dünyanı anlamaq üsulu bundan başqa bir şey ola bilməz. Bu ümumi xassə qəribə deyil ki, həm Novalisdə, həm də XX sərin filologiya dahisi Baxtində əsas aspekt kimi qeyd edilir, - demək, eyni həqiqətlərə çatmaq, onları eyni dürüstlüklə ifadə etmək üçün çox şey tələb edilmir – köksündəki bülbül yuvasını unutmamaq…

Əllərini üzüb məndən,
Yarım birbaş gedən oldu.
Can deyib, can eşidərdik,
Bu ayrılıq nədən oldu?

Bəxtiyarın bu şeirindəki adi sözlər, adi misralar bayaq dediyimiz halı dürüst ifadə edir, duyğu düzgün tutulduğu və ən əsası təyinatı üzrə ifadə edildiyi üçün hər şeyin bayatılardan, orta əsrlər şeirinin mübhəmliyindən süzülüb gəldiyini zənn edirik. Ancaq heç nə heç hardan gəlmir, hər şey bir yerdədir, üstündən bu qədər zaman keçməsinə baxmayaraq eşqə tapınan insan duyğusu dəyişməyib.

Yandı ürək kabab oldu,
Gül bağçamda xəzan oldu,
Mən ki səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu?

Hətta bu təsadüfdə eşq acısı, dərd, möhlət… elə bir amplitudada verilir ki, “ayıq halda” bu mənzərəni görmək, təsəvvürə gətirmək çətin olardı:

Bu həsrətdən, bu möhnətdən
Gözümün yaşı dən-dən oldu

Və nəhayət:

Öz eşqimdən, diləyimdən,
Ayrı düşdüm illərlə mən.
Ancaq səndən ayrı gəzən,
Ürək deyil, bədən oldu!

Bəxtiyarın eşqə dair şeirləri digər şeirlərindən kəskin şəkildə fərqlənir, ritmi, intonasiyası, daxili obrazları, bu obrazların daim rəngdən-rəngə girməsi, sanki təbiətin bir parçasına çevrilməsi və sair ilə. Yenə də, Novalisin fikrincə, nağıl yuxu kimdir, real bağları qırılmış şeylərin, möcüzə təsiri bağışlayan nəsnələrin gəlib təsadüfən bir kontekstdə yığışması, bir olması kimi. Şair sözə və əşyalara, belə deyək, pianonun dilləri kimi yanaşır, burdan, bu davranışdan hansı “səsin” çıxmasını bilmədən səni haçansa quşların, heyvanların və ağacların danışdığı bir zamana daşıyır, ani olaraq görürsən ki, qadın sevdiyin bir bitki kimidir, səhərə qədər gözünü yummayıb gözləməlisən ki, çiçəklərin açmasını görəsən, əks təqdirdə kosmosa əlin çatmayacaq.

Sən üzünü o gülə, bitkiyə, çiçəyə tutub onu tanrıya bənzəyən vaxtına döndərmək istərsən. Darıxmaq aclıqdır, heç nə ilə dəf edilməyən aclıq...

Yuxuma gəlmişdin... Qısıldıq küncə.

Danışdıq... Yel əsdi... Dağıldı dərd-qəm.

Kölgəyə dönmüşdüm, Səni görüncə

Sənin işığında yox oldu kölgəm…

Klassik poeziyada da belədir. Eşq camından içdinmi, nəinki bu dünyada, heç qiyamətdə də bidar olmazsan...

# 1811 dəfə oxunub

Oxşar xəbərlər

Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
# # #