Məni döyən oxucular

Məni döyən oxucular
13 oktyabr 2014
# 13:32

Azərbaycan o qədər təhlükəli yerdir ki, burada oxucunun bir an içində çevrilib yazıçı olmaq ehtimalı var...

Şəhriyar del Gerani

Birbaşa mətləbə keçirəm. Mövzumuz əlahəzrət oxucudur. Alınsa vəlinemətlərimiz olan oxuculardan yazacağam. Bəli, əziz oxucular, sizdən. Necə deyərlər “sənə yar, səndən yar şikayətim var”.

Şayəd, oxuculardan yazmaq böyük cəsarət və ürək tələb edir. Bu günə qədər oxucular tərəfindən müxtəlif münasibətlər gördüyüm üçün, o əzizi-möhtərəmlərdən yazmağı bir balaca təhlükəli iş hesab edirəm. Mənim bir yazar olaraq bəxtimə müxtəlif təbəqədən olan, müxtəlif düşüncəli oxucular düşüb. Görüşə çağırıb qonaqlıq verən də olub, görüşə çağırıb döyən də. Qonaqlıq verərək tərifləyənlərin adını necə anonim saxlamışamsa, bir-iki şillət-təpik vurub təhqir edənlərin də adını hallandırıb sirrini faş etməmişəm.

Oxucu tərifi necə şirin, qonaqlığı nə qədər dadlı olursa olsun, mən oxucunun yazıçını döyməyinin, təhqir etməyinin tərəfdarı deyiləm. Yazıçını döymək etik hərəkət deyil. Yaxşı oxucu nə qədər əsəbiləşsə də yazıçını döyməz!

Ümumiyyətlə, Azərbaycanda oxucuların yazıçılarla münasibətdə etik münasibətləri kobud şəkildə pozması halları son zamanlar az müşahidə olunur. Ədəbi münasibətlərin bu səviyyədə inkişaf etməsinə görə Azərbaycan Yazıçılar Birliyinə və onun çoxminli üzvlərinə öz dərin təşəkkürümü bildirirəm!

Hə...Sizə oxuculardan, daha doğrusu onların qəribəliklərindən danışacağam. Azərbaycan oxucusu əvvəllər bir yazını oxuyub səndən öz həyatı haqqında roman yazmağı xahiş edirdisə, indi vəziyyət xeyli dəyişib. Sosial şəbəkələrin yaratdığı imkan sayəsində artıq oxucular istənilən yazının, əsərin müzakirəsinə aktiv şəkildə qoşulur. Amma bir məsələ var ki, bu müzakirələr zamanı oxucular daha çox “danlaq janrı”ndan istifadə edirlər. Əsərin ideyası, strukturu, adı, janrı və bir çox xüsusiyyətləri barədə oxucular yazarı danlaya, yol göstərə, istiqamət verə bilər. Bu son dönəmin ibrətamiz gerçəkliyidir.

Hərdən Facebookda mesaj yazıb sevgilisinin adının baş həriflərinə uyğun şeir, qayınatası haqqında hekayə, qonşusu haqqında elegiya, arvadı üçün rekviyem sifariş verənlər olur. Hətta nəvəsinin ad günündən reportaj yazmağımı, məşuqəsindən müsahibə almağımı rica edənlər də olub. Şəxsən mən yekəxanalıq etmirəm. Bütün sifarişləri canla-başla, həvəslə yerinə yetirirəm. Belə götürəndə işimin adı nədir? Yazıçıyamsa bütün bunları etmək mənim peşə borcumdur.

Bir də görürsən oxucudan şanlı məktub gəlir. Oxuyub qəhərlənirsən, kövrəlirsən və ən azı bir ay əlin cibində o məktubun havasında fırlanırsan. Beləcə xoşbəxt günlər bir-birini əvəz edir və səni dünyanın nəhəng yazıçıları ilə müqayisə edib dağ başına qaldıran oxucu qəfildən saytların birinə müsahibə verib, səni və digər yazıçıları ağ-yuyub qara sərir. Məlum olur ki, başqa bir həmkarın, qələm dostun yediyi çörəyin, içdiyi suyun haqqını vermək üçün həmin nadndan müsahibə alıb. Ay dadi bidad! Sadiq oxucun çevrilir sabiq oxucuya. Bu sabiq oxucu o qədər coşur ki, özünü vacib adam hesab edir və sənin kitablarınla, yaradıcılığınla məzələnir, ələ salır, cındırını çıxarır.

Bu prosesə oxucunun Buddaya çevrilməsi prosesi deyilir. Bütün günü cibində (avtomobilində) içki şüşəsi içməyə yazıçı, şair, jurnalist axtaran cənab oxucu artıq başqa adamdır. Onu keçmişi ilə heç nə bağlamır. Tərbiyəsinə qısılıb ona cavab verməyən qələm adamlarına qarşı aqressivləşir, verdiyi qonaqlıqların, dediyi sağlıqların, yağdırdığı təriflərin yerini bir şey alır: Qəzəb! Ara-sıra didaktik köşələr, elmi-bədii-fəlsəfi-konspiroloji esselər yazır, vaxtaşırı sosial şəbəkələrdə yazarları danlayır və qəfildən çevrilir yazara...

Artıq sən ona oxucu deyə bilməzsən. Çünki artıq o sənin yazılarını oxuyub bəh-bəhlə paylaşmır. Sənin fikirlərin onun üçün maraqlı deyil. O artıq sənin oxucun deyil, çünki sən yaxşı yaza bilmirsən. Artıq o sədaqətli, heyranlıqdan ağzı sulanan sadə oxucu deyil. O artıq YAZARdır!

Bəli, ilk müsahibəsindən sonra o dərk edib ki, yazmaq o qədər çətin iş deyil və o istəsə “lyuboy” yazıçıdan yaxşı yazar. Beləcə bir oxucunun qürubu və bir yazıçının doğuluşu baş tutur. Necə deyərlər, allah xeyir versin!

# 2030 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #