Şairlərin qumarı

Şairlərin qumarı
5 aprel 2013
# 07:15

Murad Köhnəqala

Layihə-Başıma gələnlər

Ötən əsrin 90-cı illərinin söhbətidi. “Yol” qəzetinin redaksiyasında xeyli yazıçı-şair işləyirdi. Qəzetin baş redaktoru Məti Osmanoğlu idi. Sonralar qəzetə Əlisəmid Kür baş redaktor gətirildi.

İşdən sonra qalıb Əlisəmidin otağında qumar oynayırdıq. Yadımdadı, “poker”ə daha çox üstünlük verirdik. Bu oyunda kozer olmur. Lakin üç altı üç tuzdan başqa bütün xallardan üstün sayılır.

Sonda bir yerdə yeyib-içməyə yollandığımıza görə qumarda istər-istəməz Əlisəmidlə əlbir olurduq. Uduzanda, pulumuz azalanda mən kənara çıxardım, Əlisəmid təkcə girişib uduzduqlarımızı geri qaytarardı.

Kopayoğlunun qumarı iş yoldaşlarımızın hamısının psixologiyasını açıb ortaya qoymuşdu.

Söz vaxtına çəkər, bir yaz axşamı Əlisəmid, Əhməd, Yaşar, Rasət, Yusif, Akif və mən qumar stoluna əyləşdik. Ortalıqda pullar dolur-boşalırdı. Otağın tüstüsündən, rus demiş, balta asmaq olardı. Mübahisə, səs-küy, demək-gülmək, yemək-içmək!

Yenə hamı öz “kon”unu qoydu, kartlar paylandı. Oynayanlardan bir neçəmiz “xod” eləyib kartımızı “pas”a atdıq. Axırda Əhmədlə Yusif xeyli “gedişdikdən” sonra kartlarını açdılar. Hər ikisində eyni xal vardı, oynayanlar bilir, bu vəziyyətə “seka” deyirlər. Belə hallarda yığılan pul ortada qalır və təzədən kart paylanır. Sona qalmış o iki oyunçudan başqa, “seka”ya girmək, yəni yenidən oynamaq üçün, digər oyunçular ortada olan pulun yarısı qədər pul atıb oyuna girə bilərlər.

Bu dəfə heç kim kənarda qalmaq istəmədi, hamımız pul atıb “seka”ya girdik. Kartlar paylandı. Hərə öz kartını həyəcanla “sıxa-sıxa” rəqəmə, rəngə boylanırdı. Mənə xal gəlməmişdi, yanıqlı bir təəssüflə “mən pas!” deyib kartı stola atdım. Əhmədin xasiyyətini bilirəm, əlində xal olmasa da birinci gedişdə kartı yerə atmazdı, mütləq bir gediş edib rəqiblərin halını öyrənməyə cəhd eləyərdi. Rasət xalı olmayanda çox dirəşməzdi. Yaşar da mənim kimi, əlində xal olmasaydı oynamazdı. Akif əlindəki xalı dərhal büruzə verərdi. Yusif də babat oynayardı. Əlisəmid qumar artistliyini yaxşı bacarırdı.

Nə isə, ortada xeyli pul yığılıb, Rasətlə Əlisəmiddən başqa hamı yavaş-yavaş “pas” gedib. Rasətin bu qədər maya qoyub dirənməyindən bilinirdi ki, əlində güclü xalı var. Bunu Əlisəmid də başa düşmüşdü. Ancaq ortalıqda tığlanan bu qədər pulu qoyub “qaçmaq” istəmirdi. O, Rasətə bir neçə dəfə kartlara baxmadan pulları bölməyi təklif etdi. Rasət üzünü bozardaraq “yox!” deyib razılaşmırdı. O, yenidən ortaya pul atıb “artdıqca” Əlisəmid ona yalvarıcı səslə: “Rasət, yenə açdırmırsan?” deyir, sonra da acığa ondan da artıq pul atıb oyunu davam elətdirirdi. Rasət isə rəqibinin qorxaq davranışından ürəklənib getdikcə irəliləyir, hər dəfə atdığı pulun miqdarını qaldıraraq şair dostunu tamam müflisləşdirmək istəyirdi. O, nəhayət, qarşısında çinlədiyi sonuncu pulları pul qalağının üstünə ataraq Əlisəmidin üzünə baxdı.

Əlisəmid yenə gərgin və məyus vəziyyətdə soruşdu: “Açdırmırsan, eləmi?”

Rasət başını bulayaraq: “Yox!” qışqırdı. Əlisəmid həmin məbləğdə pul atıb: “Onda mən də açdırmıram!”- dedi.

Pulu qurtardığına görə Rasət öz kartını ağzıüstə stolun üstünə qoyub: “Qəribdən pul götürməyə gedirəm, mənim kartıma heç kim baxmasın! Səmid, buradakılar şahiddir, bilsəm ki, kartıma baxmısan, gəlib pulların hamısını götürəcəyəm!” – deyərək otaqdan çıxdı. (Rasətin danışıq tərzi çox qrammatikdi. Bir dəfə ona dedim, Rasət, sən danışanda cümlənin axırında nöqtə-nida qoymağın da hiss olunur. “Gəlmişdir! Getmişdir!”)

Qərib Mərkəzdə kassir işləyirdi, maaşımızı o verirdi, xoşxasiyyət bir insan idi.

Rəqibinin qayıdışına qədər Əlisəmid məndəki pulları da alıb oyunun davamına tədarük gördü. Bir azdan Rasət əlində xeyli pul geri qayıtdı. Kartını stoldan götürüb ortaya yenidən pul atdı: “Əlisəmid, qaldı!”

Əlisəmid artıq ona “yalvarmırdı”. Rasətin atdığı qədər ortaya pul ataraq: “Bilirəm səndəki üç tuzdu, ancaq mən də prinsipə düşdüm, qaldısa, yenə də qaldı!” – deyib, ortaya təxminən Rasətin əlində qalmış pul qədər pul atdı.

Rasət Əlisəmidin “əlini açdırmaq” üçün onun ortaya son dəfə qoyduğu məbləğ qədər pul atmalı idi.

Biz kənarda oturub maraqla bu “döyüşün” sonunu gözləyirdik. Ancaq hiss olunurdu ki, uşaqlar Rasətin tamahkarlığından usanıb, hamı Əlisəmidin tərəfindədi.

Nəhayət, Rasət əlindəki sonuncu pulları ortaya ataraq: “Aç əlini, hərif, məndə üç 6-dı!”- dedi və rəqibin kartına baxmadan qalaqlanmış pulları öz qabağına kürüdü. Əlisəmid əsl qumarbaz jesti ilə üç tuzu onun qarşısına sərgiləyib: “Səndən heç vaxt qumarbaz olmayacaq!” deyib, bir əli ilə pulları öz tərəfinə çəkdi.

Rasətin həmin andakı durumunu ifadə etmək üçün qələmimin acizliyinə görə gərək məni bağışlayasınız...

# 4264 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #