Sözlü adam

Sözlü adam
11 sentyabr 2013
# 11:43

Bu günlərdə şair Saday Şəkərlinin “Lənətlənmiş cənnət” kitabını oxudum.

Etiraf edim ki, çoxları kimi mənim də şeir oxumağa, xüsusən də şeir kitabı oxumağa hövsələm çatmır.

Amma bu dəfə elə olmadı.

“Lənətlənmiş cənnət”in cazibəsindən çıxa bilmədim.

Kitabı birinci şeirdən sonuncu şeirə qədər səbirlə, dadını çıxara-çıxara oxudum.

Çox dəbdə olan bir fikir var: “Şeir ölüb”.

Bəlkə də bu fikri müdafiə edənlər haqlıdır.

Çünki şeir kitabları satılmır, oxunmur, səs-küy yaratmır.

Sıravi oxucu ən yaxşı halda iki-üç şairdən misal çəkə bilir.

“Şeir kitabları oxunmur” deyənlər haqlıdır.

Axı şeir “ən azlar” üçündür.

Şeirin kütləvi olması normal deyil, məncə.

Şeiri bir az da kərpic-kərpic kitablar çap etdirən, “ilham atını sağa-sola çapan” boynu qalstuklu, saçı dağınıq, ağzından sarımsaq, araq qoxusu gələn şairlər gözdən saldı.

Bu məqamda “Lənətlənmiş cənnət”dən bir neçə misra yerinə düşür:

“Ay səni, qoca şair,

Sən də saxta hacılar, şeyxlər kimi lotusan ha,

Kölgələrdə yatırsan ha,

Başını başlara qatırsan ha,

Sənin yaşında, başını yerə əyib,

Möhürə alın qoyur ağıllı adamlar...

(...)

...Yaxşı yadıma düşdü, sənə şeir yazmışdım,

Şeirim burnundan gəlsin.”

Maşallah şairdən, şeir kitablarından boluq.

Bütün ömrünü nadanlığa, axmaqlığa sərf edənlər qocalan kimi qələmə sarılır.

Evdə qalanlar, ərindən küsənlər, boşanmışlar şeir qaralayır.

Qalaq-qalaq şeir kitabları həyatımıza soxulur.

Beləliklə “şairlər” şeiri urvatdan salır.

Şeirə qarşı münasibət dəyişsə də, mənim dünyamda şeir ölməyib.

Axı şeir ölsə, sözün ruhani qatı da ölər.

Saday Şəkərlinin şeirlərini oxuyanda sevindim.

Sevindim, toxtadım ki, şeir ölməyib!

Əmin oldum ki, şeirin, sözün qeyrətini çəkənlərin nəsli hələ də tükənməyib.

Saday Şəkərli çox sadə, hamımızın danışdığı dildə amma fərqli, özünəməxsus üslubda yazır. Bəzən ənənəvi şeir üslublarında elə fikir burulğanı yaradır ki, şeirin cazibəsindən çıxmaq olmur. O hamıya tanış olan problemləri, dərdləri, gündəlik qayğıları yazır.

Oxuduqca adama elə gəlir ki, bu misraları nə vaxtsa pıçıldamısan. Hamıya doğma, məhrəm bir dildə yazır Saday Şəkərli. Fərdiliyi, özünəməxsusluğu isə şeirlərinin ötürdüyü enerjidə, işıqda, “işartıda”dır...

“Qaçar bu ölümsüz adamlar bizdən

Böcəklər yığışar işartımıza.”

“Lənətlənmiş cənnət” kitabının mövzu, üslub və forma rəngarəngliyi xüsusi qeyd olunmalıdır.

Şair həm ənənəvi şeirdə, həm də modern şeirdə kifayət qədər rahat gəzişmələr edir.

Həm ənənəvi şeirin, həm də modern şeirin imkanlarından ustalıqla yararlanır.

Saday Şəkərlinin poeziyası bitkin, kamil poeziyadır.

Lirikası kimi tənqidi, ictimai məzmunlu şeirləri də oxucunu “tərpədir”.

Müasirlərindən, “qələmdaşlarından”, ədəbiyyatdakı hərc-mərclikdən narazılığını da gizlətmir.

“Birində istedad qablar daşan təkin daşır,

Biri yaza-yaza qrafomanlaşır

Birinin adamı durub dalında, yazır,

Birinin şeirində qan azlığı var, qan azlığı,

Biri birincilik iddiasında,

Biri ədəbiyyat və əbədiyyət...”

Dilimizdə “sözlü adama oxşayırsan” ifadəsi var.

Tanıyanlar bilir ki, Saday Şəkərli də “sözlü adam”dır.

Ümumiyyətlə kitabı oxuduqca mənə elə gəldi ki, kifayət qədər sərt tənqidi fikirləri, kəskin ictimai məzmunlu şeirləri olsa da, Saday Şəkərli sözündən, şeirindən, nəfəsindən “sözlü adama oxşayır”.

Nədənsə mənə elə gəlir ki, Saday Şəkərlinin deməyə imkan, yazmağa fürsət tapmadığı “sözü” var.

Şeirlərində bir çox suallara cavab tapsam da, qələm yoldaşı kimi müəllifdən məhz o “sözü” gözləyirəm.

# 2079 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #