Qayınata gəlinini niyə bıçaqlayır?

Qayınata gəlinini niyə bıçaqlayır?
27 yanvar 2015
# 12:11

Bu yaxınlarda, qayınatanın gəlini öldürməsi xəbərini görəndə cavan yaşda dünyadan köçmüş qonşumuzu xatırladım.

Oğlan sevdiyi ilə evlənmək istəyirdi, amma ailəsi icazə vermirdi. Çox söz-söhbət oldu aralarında, buna baxmayaraq oğlanı yola gətirə bilmədilər.

Oğlan valideynlərini yox, sevdiyini seçdi. Ata əvvəl qarğış elədi. Sonra müvafiq qurumlara gedib oğlundan rəsmən imtina etdiyini bildirdi. Ana qarğışına baxmayın, ata qarğışı ağır söhbətdi. Bir müddət keçdi, oğlan sağalmaz dərdə mübtəla olub dünyasını dəyişdi. Və bu hadisədən uzun illər keçəndən sonra da mən o atanı həmişə oğul qatili kimi xatırladım. Ata öləndə daha bir pisliyin bu dünyadan köçməsinə görə sevindim də.

Valideynlərin daim övladların işinə qarışması, onları nəzarətdə saxlaması çox ciddi problemdir, faciələrə yol açır. Qayınatanın öz gəlinini qətlə yetirməsi kimi...

Dövr, zəmanə dəyişir. Övladlar daha çox azadlıq, daha çox sərbəstlik istəyir. Valideynlər isə fərqli fikirdədirlər, övladlarına sanki öz qulu, köləsi kimi yanaşırlar. O da mümkündür ki, özləri heç vaxt azadlıq, sərbəstlik görməmiş valideynlər övladlarının azadlığını qısqanırlar. Ola bilsin, heç belə deyil. Ancaq bütün hallarda valideynin övlad üçün narahatlığı müxtəlif fəsadlara yol açır. Əlbəttə, biz demirik ki, valideyn övladı üçün narahat olmasın. Amma hər şey əndazəsində gözəldir.

Atalar və oğullar problemi yəqin hər yerdə var. Mövzu ilə bağlı müxtəlif ədəbi nümunələrin və filmlərin yaranması bu fikrin təsdiqi sayıla bilər.

Ancaq avropalılardan fərqli olaraq, bizim düşüncəmizdə yaxın zamanlarda həlli mümkün olmayan problemlər var. Biz qəbul edə bilmirik ki, övladlarımız bizsiz daha xoşbəxt ola bilərlər. Biz qəbul edə bilmirik ki, övladlarımız sərbəst olanda özlərini daha yaxşı hiss edə bilərlər.

Atam, anam, əgər oğlun hansısa xanımın yanında özünü xoşbəxt hiss edirsə, niyə onun xoşbəxtliyini faciəyə çevirirsən, qoy yaşasın da. Axı, o xanımla ömür-gün yoldaşı olacaq adam sən deyilsən, odur.

Atam, anam, bəlkə övladın hansısa sənət dalınca getsə, daha böyük uğur qazanacaq, amma sən dirəşirsən ki, yox e, mütləq universitet oxumalısan!

Yeri gəlmişkən, balaca qardaşım çox gözəl futbol oynayırdı, ciddi uğur qazanacağı şəksiz idi, amma atam onun universitet oxumağında israr elədi. İndi qardaşım ali təhsilli maklerdir və futbolu atdığına görə çox böyük təəssüf hissi keçirir.

Nə bilim e... Sizi də çox yormaq istəmirəm, diqqətinizə görə sağ olun.

# 2156 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #