“Və dalğalandı yaddaş tarlası”nı necə yazdım?

Orxan Həsəni, yazar

Orxan Həsəni, yazar

5 mart 2023
# 15:00

Kulis.az Orxan Həsəninin yeni yazısını təqdim edir.

Nəhayət bu həftə iki ildən çoxdur yazdığım romana son nöqtəni qoydum. “Və dalğalandı yaddaş tarlası” – adı belədir.

Bitmiş işdən gül iyi gələr. Əllərimi başımın arxasında birləşdirdim və arxayın-arxayın keçən iki il haqqında düşündüm.

Çoxsəsli roman səkkiz nəfər tələbə yoldaşın bir-birinə hörümçək toru təki hörülən mürəkkəb münasibətindən bəhs edir. Gəncliyin havası romanın onurğasıdır.

Cavanlar 2017-ci ilin yayında kurort zona olan Körpükənd qəsəbəsinə istirahətə yollanırlar. Həmin vaxt siyasi məqalələr yazan jurnalistin burdakı ölümü sakit qəsəbəni bir-birinə vurur. Təsadüfən həngamənin ortasına düşən cavanlar vəziyyətdən baş çıxartsalar da, Körpükənddə keçən üç günün təsirindən qopa bilmir, üç gündə baş verənlərin sirr haləsi tədricən, duman çəkilən kimi çəkilib açıldıqca, gizlinlər faş olduqca, nəyin həqiqət, nəyin yalan, kimin dost, kimin yad olduğu bəllənir. Romanın gizli mərkəzində bu fərqin işığı yanıb-sönür.

Eyni zamanda romanda müxtəlif nəsr texnikalarından və parodiyalardan istifadə olunmuşdur. Bu da oxucunu əyləncəli, zövqlü bir oyuna qonaq aparır.

Qəribədir!

Romanı bitirincə bir anın içində ilk cümlə və son cümlə arasına yığılan iki illik məsafə, hədsiz zəhmət, roman üçün gəzdiyim məkanlar, oxuduğum kitablar, tanıdığım, danışdığım adamlar, qeydlər, baxdığım filmlər məndən qopub başqa dünyanın detallarına çevrildi. Sən demə bu müddət içində iki aləmin tən ortasında daban döymüşəm, ip üstündə addımlamışam. Həyat mənim üçün romanın və real aləmin qarışıb birləşdiyi mücərrəd formaya düşüb, sağ ayağım arxın bir yanağında olanda, sol ayağım o biri yanağında olub. Və romanı bitirməklə, son nöqtəni qoyub əllərimi başımın arxasında birləşdirməklə ikinci aləmi soyunub atmışam; başqasını geyinmək üçün!

Əllərimi başımın arxasında birləşdirib keçən iki il haqqında düşünərkən, əslində, mənim də bu detallardan biri olduğumu anlayır, özümü özgə gözlə görür, təşəxxüslə sevinirdim.

İnandığını yazmalı, yazdığına inanmalısan. İnandığını yazıb, yazdığına inandığın zaman özün də romanı təşkil eləyən onlarla, yüzlərə detaldan birinə çevrilirsən və özünü kərpic kimi bu qalanın divarlarına hörürsən. Həyatına ədəbiyyatın eynəkləriylə baxdığın zaman heç nə təsadüfi görünmür. Yalnız bu zaman ədəbiyyatın müqəddəsliyinə inanır, gözəl sözün cazibəsi önündə təzimdə dayanırsan! Yalnız bu zaman söz can yonqarına dönür, özünü karandaş kimi yonmaqla, daim daha çox işləməklə, oxumaqla, iynəylə gor qazmaqla arzusunda olduğun aləmin bünövrəsini tökürsən.

Zəhmətə məhəbbət bütün qapıların açarıdır!

Artıq iki ildir tamam-kamal quyulandığım romanın atmosferindən çıxınca məni xoş yüngüllük götürdü. Bitmiş işin gül qoxusunu içimə çəkdim.

Roman yazmaq daxilində ikinci aləm daşımaq kimi mürəkkəb məsələdir. Daim onun ağırlığını çiyinlərində hiss eləyir, çox zaman diqtəsinə boyun əyirsən. Canından keçən hisslər, oxuduqların, yaşadığın xoş günlər, beş günlər onu doyurmaq üçün yemdir.

XIX əsrin Avropasındakı aristokrat xanımları çəkilərini sabit saxlamaq üçün “soliter” adlı parazit udurdular. Parazit orqanizmdə dolaşır, xanımların yedikləri ilə qidalanırdı və nəticədə orqanizm nə qədər qida qəbul etsə də, sabit çəkini qoruyurdu. Artıq çəki gözəllik vurğunu xanımların kefini pozmurdu. Yedikləri hər nə varsa, bilirdilər ki, özləri üçün deyil, orqanizmdə dolaşan hiyləgər parazit üçündür.

“Gənc romançıya məktublar” kitabında bu faktı xatırlayan çox sevdiyim Latın amerikalı yazıçı Varqas Lyosa, sözügedən xanımlara heyranlığını gizlətmir, bütün var-yoxunu gözəlliyinə qurban verənlərə ehtiramını bildirir və yazıçılığın da bədənində “soliterlə” gəzməyə bənzətməyin məntiqliyini vurğulayır.

Yazıçılıq, bəlkə də, yaşanması mümkün olmayan bir dünyada yaşamaq istəməkdir. Bəli, o dünya yoxdur. Ancaq sən intəhasız bir ehtirasla o dünyanı istəyirsən, xəyali iplərindən tutub özünə çəkirsən və beləcə onu kərpic-kərpic inşa edirsən. Əlləri qabarlı iradə və zəhmətlə. Sonra o dünyanın yalqız sakininə çevrilirsən.

Bu, yaratmaq ehtirası bədənində durmadan hərəkət edən soliter deyilmi? Yaşadığımız hadisələri, emosiyaları, xatirələri, eşqləri, dostluqları, oxuduğumuz kitabları, baxdığımız filmləri onun yolunda xərcləmirikmi? Xərcləyirik! Üstəlik, qoyduğu qaydalar önündə boynumuz qıldan incədir. Dediyi vaxtda yatır, dediyi vaxtda durur, müəyyən rejimə düşür, həyatı planlı yaşayırıq ki, heç olmasa, günə 500 söz yaza bilək.

Ədəbiyyatın əsirliyində olmaq izahsız xoşbəxtlikdir!

Romanı və onun uzun redaktə prosesini bitirdikdən sonra müəyyən təcrübələr qazandım. Roman yazmaq eyni yolu dəfələrlə getməkdir. O qədər getmək ki, sonda yolun sağ-solunda duran evləri, yol nişanlarını, üzünə xal olub düşən çala-çökəkləri əzbərinə yazırsan. Sözün sehrinə inanır və cümlələrin enerjisinə əmin olmaq üçün onu dəfələrlə oxuyursan, düzəldirsən, oxuyursan, düzəldirsən. Bu sabit təkrar nəhayət insana müxtəlif keyfiyyətlər bəxş edir.

Yazıçılıq üçün iki məziyyət əsasdır:

İstedad və təcrübə.

Bəzən təcrübə istedadı üstələyir. Əgər özü üçün düzgün istiqamət müəyyən edibsə, öz potensialını bilirsə və potensialı çərçivəsində hədəflər qoyubsa, çox çalışanın, tənbəl istedaddan daha uğurlu olacağını düşünürəm. Xüsusiylə ədəbiyyatda təcrübəni qazanmaq üçün heç bir məktəb, dərs köməyə çatmır. Yazmaq barəsində yazılan kitabların faydalılıq əmsalı çox aşağıdır. Belə kitablar bizə mübtəda və xəbərin yerini öyrədir. Bunu yazıçı olmadan da bilmək lazımdır.

Ona lazım olan obrazların dünyasına necə girəcəyini öyrənmək, həyatı onların gözü ilə görməkdir.

Ona lazım olan maraqlı süjet qurmaq, obrazları süjetin sahəsinə paylamağı bacarmaqdır.

On lazım olan romanın daim gizli mərkəzinə addımlamaqdır.

Ona lazım olan ideyaların çələngini süjetin boynuna keçirməkdir.

Ona lazım olan həyatına ədəbiyyatın eynəkləri ilə baxa bilməkdir.

Bu mənada yazıçı yaza-yaza qar yığınlarının arasında özünə yol açır. Yol məhz onun özünə məxsus olmalıdır. Başqasının yoluna bələd ola bilərsən, o yolu əzbər də danışarsan, lakin mütləq öz yolunda addımlamalısan və yolu özün açmalısan. Yazmaq haqqında kitablar, dərslər bizə başqalarının yolunu öyrədir. Müxtəlif yolları o kitablarsız da öyrənmək olar. (Ümumiyyətlə, yaxşı yazıçı birmənalı şəkildə yaxşı oxucu olmalıdır. Bunun əksi mümkün deyildir).

Bəs öz yolunu necə açmalısan?

Tamamiylə məhrəm sualdır və hərənin cavabı bir cürdür. Həyatı və ədəbiyyatı maraqlaşdıran baharat budur; hər şeyin çox incə məqamlarda özünəməxsus olması.

Öz yolunu yalnız fərdi təcrübələrin vasitəsi ilə açmaq mümkündür.

Təcrübələrimin bir hissəsini oxucularla bölüşsəm, yəqin, bundan nə Allah inciyər, nə də bəndə:

1. Əvvəl-əvvəl hər şeyin yerini beyində müəyyən eləmək lazımdır. Anlayışları qarışdırmamalı. Romançılıq peşədir. Hər uğurlu iş bizdən enerji və intizam istədiyi kimi romançılığın da ilkin tələbi bundan ibarətdir. Ədəbiyyata məşuqə münasibəti göstərən, onu həyatında on beşinci yerə atan müəlliflər heç vaxt yaxşı əsər yaza bilməzlər. Kitab industriyasının formalaşmadığı ölkələrdə yazıçılığa peşəkar münasibət yoxdur. Bu ölkələr siyahısına Azərbaycan da daxildir. Lakin kitab industriyasının olmaması yazıçını ümidsizliyə sövq etməməlidir. Onun işi yazmaqdır. Çağdaş yazıçı ayıq olmalı, dünyada və yurdda baş verən prosesləri analiz eləməli, eyni zamanda bunların hamısına etiraz kimi öz nəğməsini oxumalıdır. Yalnız öz taleyini və gələcəyini bu peşəyə məqsədli bağladığı zaman qarşılıq görməsən belə, heç nədən küsüb-incimir, oxumağından da qalmırsan. Başa düşürsən ki, bunlara görə heç kim sənə təşəkkür eləməyəcək və sənin ümumiyyətlə təşəkkürə ehtiyacın yoxdur.

Mən hamının öz nəğməsi olduğuna inanıram və Fridirix Nitşenin gözəl bir cümləsini xatırlayıram: Səbəblərə sığınan acizdir.

Yaxşı yazıçılar üçün ədəbiyyat həyatlarının mərkəzində ürək təki döyünür. Ola bilər pul qazanmaq, həyatını maddi cəhətdən təmin etmək üçün ədəbiyyatdan kənar işlərlə məşğul olursan. Bu mümkündür. Lakin bütün dezavantajları avataja çevirmək üçün bircə yanaşma kifayət edir. Burda qazandığın həyat təcrübələri gələcək əsərlərində bəzən bilərəkdən, bəzən bilməyərəkdən özünü göstərəcək. Ona görə daim qeydlər eləməli, həyatında ədəbiyyata məhrəm bir yer ayırmalısan.

2. Yeni bir əsərə başlayırsansa və əsərin iri həcmli olacağını ağlında kəsdirmisənsə, planlı olmağa məcbursan. Həyat təbiətin nizamı içində olduğu kimi yazıçının da yaratdığı aləminin nizamı qorunmalıdır. Zamanın xarakterində dəyişkənlik var. Ən çox fikir və düşüncələrimizə təsir edir. Ona görə fikirlər şifahi qalmamalıdır. Şifahi qalan fikirlər zamanla bizə mənasız gəlir, bəzən tezliklə unudulub gedir. Onları yazdığımız zaman isə bir az da yazının cazibəsi ilə şaxələndirmək, genişləndirmək mümkün olur.

3. Planlı olmaq dedikdə eyni zamanda özün üçün yol cızmaq nəzərdə tutulur. Süjeti qurandan sonra hansı hissələri yazacağını, hansı hissəni yazmaq üçün hansı məkanları gəzəcəyini, hansı kitabları oxuyacağını, hansı texnika ilə öhtəsindən gələcəyini düşünməlisən. Bunlar olduqca vacib, əhəmiyyətli məsələdir.

Birinci ona görə ki, işini asanlaşdırırsan. Tutaq ki, hansı gün hansı hissəni yazacağın əvvəldən bəllidir. Ona mənəvi və intellektual olaraq hazırlaşa bilirsən.

Unutmamalıyıq ki, heç nəyə başdan getdi yanaşmaq olmaz.

İkinci sapmalardan qaçırsan. Bəzən roman yazılarkən qələmin ucu müxtəlif istiqamətlərə yön alır. Bu istiqamətlər romanın ümumi fonu ilə uyuşmaya bilər. Planlılıq ümumi fonla olan uyğunsuzluqların qarşısına bərə çəkir.

Şübhəsiz ki, robot deyilik və bunu yüz faiz bacara bilmərik. Sadəcə özün üçün yolu müəyyən edirsən; istəsən o yolu piyada get, istəsən velosipetlə, istəsən maşınla, lap istəsən əllərinin üstündə, lakin yol mütləq müəyyən olunmalıdır. Yazı prosesində gələn yeni fikirlər, daxil olan yeni obrazlar bəzən romanı daha da zənginləşdirir.

4. Həyatımızda müəyyən dəyişikliklər eləmək. Hər günü içki məclislərində, eyş-işrətdə keçən müəllifin yaxşı əsər yazmağa sadəcə zamanı bəs eləməz. Tək qalmağı bacarmalı, tənhalıqdan qorxmamalıyıq. Tənahlıq nəcib xasiyyətdir. Əgər ətrafımızdakı əhəmiyyətsiz münasibətlərin belini qıra bilsək, onların yerini yaradıcılığa və mütaliəyə ayıra bilərik.

5. Daim oxumaq, daim səni yaradıcı atmosferə salan kitablarla, filmlərlə, ən əsası insanlarla ünsiyyətdə olmaq. Zamanın xarakterindəki dəyişkənliyi yuxarıda vurğuladım. İri həcmli əsər üstündə işləyirsənsə, motivasiyanın uzun müddət sabit saxlamlısan. Bəzən iki metr addımlayıb həvəsdən düşürük. Bir il, iki il, üç il roman üzərində işləmək, onu incə-incə toxumaq sürət əsrində insandan səbr və təmkin istəyir. Bu isə yalnız oxumaq və yaradıcı dostlarla üsniyyətdən asılıdır. Müsbət ünsiyyətdən çəkinməmək lazımdır.

Bu essenin yazıldığı ərəfə “Beynəlxalq yazıçılar gününə” təsadüf edir. Bütün dünya yazıçılarını bu münasibətlə təbrik edirəm. Və yazını Orxan Pamukun cümlələri ilə bitirirəm:

“Çünki heç nə həyat qədər heyrətamiz deyil. Yazıdan başqa, yazıdan başqa. Bəli, təbii ki, tək təsəlli olan yazıdan başqa!”

# 3364 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #