Ünlü manıs mədəniyyət nazirimiz

Zamin Hacı

Zamin Hacı

10 fevral 2022
# 09:00

Kulis.az Zamin Hacının “İtmiş kitabın axtarışı” adlı yazısını təqdim edir.

Bu yaxında hörmətli mədəniyyət nazirimiz Gəncəyə getmişdi, orda hansısa muzeydə müdirlə aralarında qəribə söhbət olmuşdu. Nazir müdirə deyirdi ki, kitabı nə üçün itirmisiniz, buna cavab verəcəksiniz və sairə. Axırda da kiməsə məsələni ciddi araşdırmağı tapşırırdı.

Deyəsən həmin obyekt Gəncə Tarix Diyarşünaslıq Muzeyi idi, yoxa çıxan da eksponatların siyahısı yazılan kitab olub. Niyə “deyəsən” yazdım, çünki nazir həmin gün Gəncədə başqa muzeyə də baş çəkmişdi – Bakı Miniatür Kitab Muzeyinin Gəncə filialına.

Doğrusu, mən bu filialın olduğunu ilk dəfə eşidirdim və səfehcəsinə qımışdım. Çünki bütün dünyada kitabı oxumaq, öyrənmək üçün alırlar, bizdə oyuncaq kimi və miniatür kitab muzeyimizin artıq bütün respublikaya qol-qanad açması əslində Azərbaycanda kitaba gerçək münasibətin əlamətidir.
Kitab balacalaşa-balacalaşa, inşallah, bir gün tamam yoxa çıxar, bizim də canımız dincələr, gedib dövlət büdcəsinin bir qırağına yıxılıb pulda-paradan əkişdirərik. Sabirin şeirində deyilən kimi:

“Evimizdə var idi hər nə desən:
Qatıq, ayran ilə qaymaq, nə yesən!

Nə bilirdik nə zəhirmardı kitab?
Biz olan evdə haçan vardı kitab?”

Ancaq Gəncədə itən kitabın dalıyca düşsək, gərək 1990-larda, ünlü manıs mədəniyyət nazirimizin dövründə Bakı İncəsənət Muzeyindən oğurlanan rəsmlərin və başqa əşyaların da araşdırmasını aparaq.

Hardasa 300-ə yaxın qiymətli sənət əsəri çırpışdırılmışdı və bunların içində yaddaşım məni aldatmırsa, Dürerin qrafik əsəri və qədim şərq miniatürləri vardı.

Uzun illər sonra, hardasa 2000-lərin axırlarında ABŞ-da bir güləşçini tutdular, deyilirdi ki, əsərləri oğurlayan bu yoldaşdır. Bəzi rəsmləri hətta tapıb geri qaytardılar, lakin böyük hissəsi elə o gedən getdi.

Araşdırmanın bir istiqamətini isə Azərbaycan Tarix Muzeyinə yönəltməliyik. Oradan da vaxtilə bir sürü qədim əşya yoxa çıxmışdı.

Mənim yadımda gəlir, 1998-ci ildə muzeyin direktoru, bədnam 26 Bakı komissarlarından Məşədi Əzizbəyovun nəvəsi Püstəxanım Əzizbəyova muzey binasının birinci mərtəbəsində “Antikvar” adlı dükan açmışdı.

Yəni, vəziyyət o dərəcədə tragikomik idi – satış üçün başqa kvartala niyə gedəsən? Satılacaq eksponatlar Bakı küləyi üzündən küçədə, yolda-izdə toza bələnsə, buna kim cavab verəcək?

O illərdə muzeyin fondundan 50-yə yaxın qədim, nadir xalı-xalça naməlum istiqamətə uçub getdi. Və bir daha isbat edilmişdi ki, bizim nağıllardakı uçan xalça söhbəti yalan deyildir. Həmin xalçaların puluyla bəzi məmurlar özlərinə daim yeməklə dolub-daşan sehrli süfrələr almışdılar. Bəli, Azərbaycan nağıllar diyarıdır, görməyənin gözü çıxsın, Valeh müəllim demişkən.

Sözgəlişi, o Tarix Muzeyinin Hacı Zeynalabdinin evində yerləşməsi də başqa problemli temadır. Hamı bilir ki, o evin bu boyda xalqın, respublikanın tarixini yerləşdirməyə gücü çatmır. Otaqlar darısqaldır, eksponatların bəzilərini lazımi temperaturda, rütubətdə saxlamaq kimi tələblərə cavab vermir. Ya gərək özü də tarixi eksponat olan binanın daxilində söküntü-tikinti işləri aparasan, ya da biz Tarix Muzeyi üçün yeni bina tikməliyik.

Bir gülməli epizod da yadıma düşüb, yazmasam olmur: 1998-də Əzizbəyova məndən xahiş eləmişdi ki, muzeyin siqnalizasiyasının işləmədiyini qəzetdə yazmayım, yoxsa oğrular bunu öyrənər, gəlib hər şeyi apararlar. Mən, deyəsən, bu faktı qəzetdə yazmışdım – yəqin tariximiz bu düşmənçiliyimi mənə heç vaxt bağışlamayacaqdır.

Qız qalasının, Şirvanşahlar sarayının, Şəki xan sarayının “evroremont” olunmasını, Tarix Muzeyinin fondundakı ən qədim eksponatın – Azıx mağarasından tapılan çənə sümüyünün və Nizaminin Gəncədəki məqbərəsindən çıxarılan kəlləsinin hələ SSRİ vaxtı Moskvaya, Leninqrada aparılıb “yoxa çıxarılmasını”, bir çox muzeylərimizdəki “qədim” mebellərin əslində beş il qabaq “Biləcəridəki” mebel sexində yığıldığını da əlavə eləyək. Qoy nazir itən dəftəri kompleks axtarsın.
Hələ mədəniyyət fondunun müdiri, ünlü yazıçımız Kamal müəllimdən xahiş eləyərik yeni romanlarından birinin adını “Muzeyin itmiş kitab-dəftəri” qoyar. Nə də olmasa, hələlik bizdə muzey işi mədəniyyət sayılır.

Bayraq muzeyi direktorunun vətən xaini, xalça muzeyi direktorunun bədən xaini, müasir incəsənət muzeyi müdirinin isə gödən xaini (şairliyim cuşə gəlib, qafiyə tuturam, xüsusi məna axtarmayın) çıxmasını da heç yazmıram.

Nazirə yeni işində uğurlar arzulayıram. Nə tapsa qazancdır. Xalqımız üçün – pis mənada anlamayın.

# 3281 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #