Özümüzə biganəliyin səbəbi

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

13 sentyabr 2022
# 15:30

Azərbaycanlıların Azərbaycandan kənarda baş verən hadisələrə olduqca dəxilsiz yanaşmaları var. İndi siz bu məqamda deyə bilərsiniz ki, necə yəni? Ona görə də siz bunu deməmiş, mən deyim necəsini.

Dəxilsiz deyirəm, çünki Azərbaycandan kənarda baş verən o hadisə Azərbaycanda baş verəndə, bizim azərbaycanlıların heç tükü də tərpənmir. Hamı özünü vurur ölülüyə. Elə bil, qəbiristanlıqdasan. Ümumiyyətlə, o adamlar ölkədə turist kimi yaşayır, heç nəyin də bunlara dəxili yoxdur. Di gəl, həmin hadisə Qırmızı körpüdən o tərəfdə baş versin, aləmi qatacaq bir-birinə. Elə ah-vay edəcək, elə bil, dədəsinə od vurublar.

Olar e, dərd deyil, dünyada baş verən proseslərə fikir bildirə, müzakirə də edə bilərsən. Amma gərək artistlik etməyəsən, səmimi olasan. Daha bizimkilər kimi hoydu-hoyduya salmaqla iş olmur.

Bir müddət əvvəl ölkəmizdə, gözəlim təbiətimizdə yanğınlar baş verdi. O qəbiristanlıq adamlar, o məzar adamların nədənsə, heç biri görsənmədi. Ağaclar, otlar yandı, gül-çiçək məhv oldu, heyvanlar diri-diri tələf oldu. Neçə-neçə ailənin təsərrüfatına küllü miqdarda ziyan dəydi, bəziləri də evsiz-eşiksiz qaldı. Yenə də səs çıxmadı. Öldü bizimkilər, Allah bir daha rəhmət eləsin.

Bura qədəri yəqin ki, aydındır. İndi isə qayıdaq bir az əvvələ. Türkiyədə meşə yanğınları baş vermişdi. Yadınızdadır yəqin. Necə üzülmüşdük. Bəs yadınızdadır dəxilsiz azərbaycanlılar neyləyirdi? İşini-gücünü atıb, az qala əllərində də bir vedrə Türkiyəyə getsinlər. Çünki onun mahiyyətində qəhrəman yaratmaq istəyi var, pafos var. Sosial şəbəkələrdə də o adamlar özlərini həlak edirdilər. "Pray for Türkiyə" zad. Guya bu dəhşət üzüldü, tay bundan kədərlisi yoxdur. Barmaq vursan, hönkürəcək. Bir sözlə, prosesin hamısı sizin də gözünüzün qarşısında olub, bilirsiniz.

Bir də görürsən, hansısa xarici ölkədə bir tarixi bina, muzey yanır. Bizimkiləri saxlamaq olar? Ölkə dəyir biri-birinə. Başlayırlar həmin yanan tarixi binanın möhtəşəmliyindən, çıxırlar siyasətdən ki, bu müqəddəs, bu gözəl, bu tarixi yerə necə imkan verdiniz ki, belə olsun? Hanı bunun mühafizəçiləri-zadı? Axı buralar bizim iqamətgahımızdır. "Reski" qayıdıb o adama bizim öz tariximizlə bağlı sual verirsən, oturduğu yerdəcə boynunu burub ölür. Deyirsən, a bala, bax, filan İcra filan tarixi yeri söküb, yerinə də restoran tikdi, bunu edən də filankəsdir. İndi dillən görək. Ölüdür axı, necə dillənsin? Yaxşı xatirimdədir, İçərişəhərdə buna bənzər bir hadisə olmuşdu, heç kimin də vecinə olmadı.

Sizlərə ömür, Kraliça İkinci Elizabet nənə də haqqın rəhmətinə qovuşdu. Diqqət etməmiş olmazsınız, bizimkilər yenə keçdi "yas rejiminə". Mən əminəm, doğmaca nənəsinin, hansı ki, o arvaddan bir ömür pensiya alıb, onun məzarına nə vaxt gedib, yadında deyil. Amma durub deyir, dünyaya ağır itki baş verdi, ruhu şad olsun. Yenə kədər bürüyür dörd bir yanını. Yenə sığışa bilmir bu gen dünyaya. Olsun e, bir söz demirik. Amma sən bu deyilsən axı. Niyə özünü başqa cür göstərməyə çalışırsan? Əlinə nə keçir bununla?

Mən heç cür bu adamların səmimiliyinə inana bilmirəm. Ölkəmizdə elə hadisələr olub ki, onlara susmaq, ən azı kədərlənməmək nə bilim, demək istəmirəm. Bunları görməzdən gələ-gələ durub ona dəxli olmayam bir məsələlərə artistlik etmək isə qəbul edilməzdir.

Lütfi Zadə öləndə 10 adamdan 9-u bu sözü deyirdi;

"O, bizim ölkə üçün nə edib ki?" Bunu deyən adamlar heç də savadsız adamlar deyil, sadəcə, mahiyyətləri yox idi. Daha doğrusu, elə mahiyyətləri bu idi. Hələ başladılar "fındıqbaş" zad deməyə. Bir dəfə də əlimi orda üzdüm, ümidimi orda kəsdim.

# 2567 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #