O əjdahadan bizdə niyə yoxdur?

Vüsal Bağırlı

Vüsal Bağırlı

5 noyabr 2021
# 16:00

Dünən “Tərlan” şadlıq sarayının arxasında yeləşən çoxsaylı meydançaların birində, bəs deyincəyə, alında puçurlayan tərin axıb gözləri acıtıncaya, baldır əzələləri qıc oluncaya qədər futbol oynadıqdan sonra, pal-paltarımızı dəyişdik və komandamızla birgə çay məclisinə oturduq.

Duşdan sonra yüngülləşmiş, rahatlanmış bədən, isti, təzə, pürrəngi çay və gözəl dostlarla bir az bundan əvvəl oynanılan oyunun müzakirəsi.

Bəh-bəh, bundan gözəl nə ola bilər axı?

Birdən baxdıq ki, çayxananın çəhrayı divarına asılmış LED ekran televizorda Alma-Ata şəhərindən futbol translyasiya olunur. Özü də futbol, nə futbol, “Kayrat” “Qarabağ”ı qəbul edir.

Lap qədimlərdən, uşaq vaxtlarımdan yadıma düşür ki, “Kayrat” İttifaq birinciliyində həmişə “Neftçi”yə başağrısı olurdu. Qazaxlar çox zaman qələbə qazanırdılar, ya da uzaqbaşı, bizimkilər soluq-yavuq bir heç-heçəyə sevinirdilər.

Mənim futbola canlı baxdığım ilk oyun da “Neftçi-Kayrat” oyunu olmuşdu. SSRİ kubokunun oyununu o vaxt, Tofiq Bəhramovun deyil, Leninin adını daşıyan mərkəzi stadiondan seyr etmişdim. “Neftçi” həmin oyunda, Maşallah Əhmədovun, İqor Ponomaryovun, İskəndər Cavadovun parlaq oyunuyla böyük hesablı qələbə qazanmış və mənim futbolu canlı seyr etmə siftəmi korlamamışdı.

Dünən stadiondan deyil, çayxanada, televiziya ekranından izlədiyim qarşılaşmada isə “Qarabağ” klubu Avropa səviyyəli, keyfiyyətli, məntiqli, fiziki, texniki, taktiki hazırlıqlı gözəl hücum futbolu ilə könüllərimizi yumşaq dillə desək fəth edirdi.

Fikrimcə, Ağdam təmsilçisi hal-hazırda indi elə bir futbol nümayiş etdirir ki, bu oyunla Türkiyənin, Rusiyanın, Ukraynanın istənilən ən ünlü klublarını – Sarı Kanarya, Cim-Bom, Qara Qartallar, Zenit, Spartak, Dinamo Kiyev, Şaxtyor – qatlayıb dizinin altına qoya bilər.

Qarabağın sərgilədiyi bu oyunu izlədikdə, istər-istəməz fikirləşirsən ki, bəs bizim millidə niyə o əjdahadan yoxdur?

Məşqçilər gedir, istefa verir, qovulur, yeniləri gətirilir, oyunçular rotasiya olunur, dəyişilir, milliləşdirilir, fəqət yığmamızın oyununda bir çimdik yüksəlmə, bir qarış irəliləyiş hiss olunmur.

Bəs bu çoxdan, bineyi-qədimdən gözlənilən irəliləyiş, inkişaf üçün axı nə etmək lazımdır?

Məncə bunun yalnız bir yolu qalır.

Gəlin “Qarabağ” klubunun, içi massajçısı, təmizləyiçisi, həkimi, sürücüsü qarışıq bütün heyətini təcili milliləşdirək.

İş də, bitsin qurtarsın.

Bununla da heç olmasa, yaxın gələcək üçün əsəblərimiz sakit qalsın, qıcıq, infarkt olmayaq.

# 10072 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #