Həyatı Seymur Baycandan öyrənmişəm

Seymur Baycan, Vüqar Babazadə

Seymur Baycan, Vüqar Babazadə

22 aprel 2022
# 13:20

Bu gün yazıçı, publisist Seymur Baycanın doğum günüdür. Kulis.az bu münasibətlə Vüqar Babazadənin Seymur Baycan haqda yazısını təqdim edir.

Bizim ölkəmizdə yazıçı varmı? – sualına mən hər dəfə, həmişə Seymur Baycan deyə cavab verirəm.

Məni Seymur Baycanla anam tanış edib. Bir dəfə “Quqark”ı gətirdi ki, götür oxu. “Quqark”ı birnəfəsə oxudum. O qədər ləzzət eləmişdi ki, ondan sonra Seymurun, demək olar ki, bütün külliyyatını bitirdim. 2010-larda “Reytinq” qəzetində çıxan yazılarından, ta indiyə qədər. Seymurun yazdığı nə varsa, tapdım, oxudum.

Mən Seymurdan çox şey öyrənmişəm. Həm həyat və yaşamaq, həm yazmaq, həm yemək, həm sevmək və ayrılmaq, həm oxumaq, həm geyinmək, həm pul qazanmaq və pul xərcləmək haqqında.

Məsələn, kiməsə paxıllıq edəndə, onun “paxıl adamlar zəif olduqları üçün, başqalarına paxıllıq edirlər. Onlar öz güclərinə güvənmirlər. Öz gücünə güvənən adamlar, başqalarına paxıllıq etməzlər” – fikrini yadıma salıb, paxıllıq etməkdən yayınıram. Onun bu cümləsindən sonra heç kimə paxıllıq etmirəm.

Və yaxud, yemək yeyəndə hər şeyin yaxşısını seçirəm, hər şeydən bol sifariş verirəm. Yaxşıca yeyirəm. Yeyəndən sonra kəmərimi açıb qarnıma azadlıq verirəm. Yağlı yeməyin üstündən yaxşıca bir siqaret çəkirəm. Mən Seymuru oxuyandan sonra yeməyimi hər dəfə “bu sonuncu yeməyim ola bilər” düşüncəsi ilə yeyirəm.

Mən əliaçıqlığı Seymur Baycandan öyrənmişəm.

Sevgilimdən ayrılanda, hətta sevgilimdən ayrılmayanda da Seymurun “Ürək striptizi” adlı yazısını oxuyuram.

Mənim də saçım yavaş-yavaş tökülür. Əvvəllər bundan dəhşətli dərəcədə narahat olsam da, Seymurun “Keçəllər” yazısından sonra indi heç vecimə də deyil. Hətta küləkdə-filan saçım məni narahat edəndə, arzulayıram ki, kaş tezliklə keçəl olaydım.

Seymurun koloritli qatar əhvalatlarına görə bir neçə dəfə maşınla rahat gedəcəyim yolu, sırf qatara minmək üçün qatarla getmişəm.

Belə hal yüzlərlə, minlərlədir. Seymur Baycan elə bir yazıçıdır ki, gündəlik həyatda ondan nə qədər istəsən istifadə edə bilərsən. Seymur bu ölkənin başına gəlmiş ən gözəl şeylərdən biridir. Onun əzmi, mübarizəsi, inadkarlığı, nəyisə dəyişmək cəhdi, prinsipləri, yumoru, bu ölkənin gənclərinin üstündə çəkdiyi əziyyətləri üçün mən bütün Z nəsli adından Seymur Baycana təşəkkür edirəm.

Seymur bu ölkənin ən ciddi publisistlərindən biridir. Azərbaycanda onun qədrini bilmədilər, indi də bilmirlər. Bilmirik, bu boyda yazıçı ürəyi istədiyi şeyi geyinə, ürəyi istədiyi yeməyi yeyə, ürəyi istədiyi kimi yaşaya bilirmi? Ölkənin maarifçiliyi yolunda əlindən nə gəlirsə, hamısını etmiş bir adam, görəsən, indi qərib diyarlarda necə dolanır? Mənə çox maraqlıdır ki, Seymur Baycan həftədə neçə dəfə ət yeyə bilir?

Hazırda çox istəyirəm ki, onunla Tiflisdə görüşüb, yaxşıca yemək yeyək. Həyatdan tək istəyim budur.

Seymur burda olmasa da, əlindən gəldiyi qədər uşaqlara kömək edir. Mən bunun ən yaxşı örnəyi və şəxsən şahidiyəm.

Seymura nifrət edənlər, onun yazılarındakı adamlardır.

Arabir mənim hansısa tənqidi yazıma və ya davamlı olaraq nələrisə dəyişmək cəhdlərimə “Seymurluq eləmə”, “bu da başımıza Seymur Baycan kəsilib” deyirlər və etiraf edim ki, bu hal mənim içdən-içə çox xoşuma gəlir.

Mən Seymuru çox istəyirəm. Doğum günün mübarək olsun, müəllim. Sənə sağlamlıq arzulayıram. Qalan heç nə indiki halda daha dəyərli deyil.

# 3462 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #