Dövlətdən təqaüd, fəxri ad gözləyəndə...

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

19 may 2022
# 09:00

Kulis.az Zamin Hacının "Vətən palçığı, yaxud Polad necə bulaşdı?" adlı yazısını təqdim edir.

“Qürbətdə deyirdin ki, Zülali, vətənim var,
Ensin gözünə qarə su, Ağsu vətən oldu…”
(Zülali, 1735-ci il)

Bu yaxında Şuşada festival keçirildi. Öncə onu qeyd edim ki, şəxsən mən festivalın adının dəyişməsini başa düşmədim. Qabaqkı illərdə bu tədbirin adı “Xarıbülbül beynəlxalq musiqi festivalı” olurdu, 2022-ci ildə “Beynəlxalq folklor festivalı”na çevrildi. Bunların bir-birindən nə fərqi var, onları izah eləməyi sənətşünaslarımızın ixtiyarına buraxıram, boş-bikar oturub dövlətdən təqaüd, fəxri ad gözləyəndə, məqalə yazsınlar.

Son festivalda Rusiyadakı səfirimiz, populyar müğənni Polad müəllim də səhnədə nəsə oxuyub, ancaq millət onun ifasını yox, səhnəyə baxılda (ya da baxildə) çıxmasını müzakirəyə çıxarıbdır. Mən bu istiqamətdə ən azı 2 məqalə oxudum. Məqalə müəllifləri Polad müəllimi tənqid edənləri (onlar deyirmiş ki, Şuşa müqəddəs şəhərdir, orda gərək adam ayağının palçığa batmasından qorxmasın) tənqid edirdilər. Məsələn, bu şəkildə: “Şuşanı başqa şəhərlərimizdən ayırmayaq, vətənin hər qarışı müqəddəsdir, Kürdəmir və Şorsulu da bizə əzizdir” və sairə.

Məncə burada hər iki tərəf haqsızdır. Həm Polad müəllimi baxıl geyindiyi üçün tənqid edənlər, həm Şuşanın başqa torpaqlarımızdan fərqi olmadığını deyənlər. Bir növ, iki ifratçılığın arasında qalmışıq.

Birinci tərəf ona görə haqsızdır ki, səfiri diplomatik fəaliyyətinə, müğənnini də səsinə görə tənqid eləmək lazımdır. Qalanı nağıldır. İkinci tərəfin işi bir az uzundur.

Afrikanın şimalında dövlətlər arasında sərhədlərə fikir vermisinizmi? Düz xətt şəklindədir. Çünki oralar vaxtilə heç bir təsərrüfat əhəmiyyəti olmayan (neft-qaz yataqları tapılmayan dövrlərdə), ilan mələyən səhralardır. İngilislər, fransızlar, başqa müstəmləkəçilər də bu yerli xalqlara oyuncaq dövlətlər quranda xəritəni qoyublar masaya, xətkeşlə sərhəd çəkiblər. Hətta dövlətin birinin xəritəsində qəribə əyri var, deyir o vaxt sərhədi çəkən ingilisin barmağına dəyən karandaş sürüşüb, cizgi tarixdə bu formada qalıb.

Eyni zamanda, gözünüzün qabağına Azərbaycanın xəritəsini gətirin. İmperiyalar pay-püşündə arada qalan Arazı saymasaq, sərhədimiz bütün istiqamətlərdə dişlək-dişlək edilmiş dadlı fətirə oxşayır. Hərə bir tərəfindən qoparıb, aparıb. Bərəkətli torpaq olmasa, kimə lazım idi?

Lakin Şuşa ilə Kürdəmirin iqlim fərqini görməzliyə vurmaq düz deyil. “Aranın öz yeri, dağın öz yeri” yazan şairlərin hansı Aranda özünə yer götürüb, bağ salıb, xəbərimiz olmayıb? “Vətənin hər qarışı əzizdir” söhbətini lap uzatsaq, bu elə romantik-sentimental anlayışdan başqa heç nə deyil. İqtisadi, sosial, siyasi baxımdan yanaşanda, Bakı ilə Gəncənin, Quba ilə Ucarın, Biləsuvarla Qubadlının fərqi var. Məsələn, paytaxtımız Bakıda yox, Gəncədə olsa, “20 Yanvar”da rus-sovet ordusu o qırğını, bəlkə, elə asanlıqla törədə bilməzdi. Belə səbəblər üzündən dünyanın çox dövlətləri öz paytaxtını limanda, qıraqda, sərhəddə yerləşən böyük şəhərdən ölkə içindəki daha kiçik, ancaq güvənli şəhərlərə köçürüblər (Rusiya, ABŞ, Braziliya, Türkiyə və s.).

Vətənin hər palçığı əzizdirsə, təklif edirəm yayda Bakı ətrafında dənizə deşik axtarmayasınız. Həmin oliqarxlar, məmurlar dənizi nahaq yerəmi hasarlayıblar? Bizə hər yer eynidirsə, niyə Səbayeldəki mənzillə Samuxdakı evi eyni qiymətə satmırıq? Belə şeiriyyatla millətin başını qatmaq, aldatmaq lazım deyil. Burda hardasa dinin də izləri var: “Siz hələlik aranda zülm çəkin, yaylaq mükafatı olacaq”.

Şuşa ilə Şorsulunun heç fərqi yoxdur deyənlərdən soruşuram: Şorsulu haqda neçə mahnı bəstələmisiniz?

O başqa söhbətdir ki, vətənin, torpağın bu cür süni şişirdilməsinə elə özümüz səbəb oluruq. Bütləri yaradırıq, altında əzilirik. Məsələn, bir lotu var, “Bakı rəngimiz, Qarabağ səsimiz, Naxçıvan ədəbiyyatımız, Şirvan da bilmirəm nəyimiz” cəfəngiyyatıyla tənqidçi adı qazanıb, dövlətin süfrələrində oturur. Guya həmin regionlarımız bu şeylərin banisidir. Bir az açsam, guya ən yaxşı rəssamlarımız Bakıdan, ən yaxşı musiqiçilərimiz Qarabağdan, ən yaxşı ədiblərimiz də Naxçıvandan çıxıb. Ölkəni qoyub qabağına, qəşəngcə, pizza kimi dilimləyib.

Bu gerizəkalıya bir nəfər də etiraz etməyib ki, bəs Təbriz miniatür məktəbimizi kim yaradıb? Bəhruz Kəngərlini tanıyırsanmı? Müslüm Maqomayevi öz cılız rəfində hansı gözə qoyursan? Mirzə Fətəli Axundov haralı idi? Lütfiyar İmanov kimi fantastik səsə malik sabirabadlını elə sən ağılda mədəniyyət bürokratı paxıllıqdan məhv etmədimi?

Yaxud elə o festivalın simvolu... Xarı bülbül çiçəyi yalnız Şuşaya məxsus, endemik bitki deyil. Qafqazın az qala hər yerində, Qara dəniz boyunca, hətta Yunanıstanda da bitir. Nəticədə hərdən kimsə başqa yerdə bu çiçəyə rast gələndə çaşıb qalır. Propaqandanın təsirindən. 1997-ci ildə Binəqədi kəndində Müslüm baba adlı bir loğmanda bu çiçəyin qurusunu görəndə mənim çaşıb qaldığım kimi. Elə bilmişdim kişinin Şuşada adamı var. Qüssə ilə gülmüşdü: “Yox, Şamaxıdan yığmışam”.

Yeri gəlmişkən, son vaxtlar mən bu çiçəyi harda görsələr yolub buket bağlayan adamları görürəm. Ekologiya Nazirliyi hara baxır? Xarı bülbül toxumla çoxalan bitkidir, əgər sən onu yolsan, gələn il kökü kəsiləcək.

Vətənə realist yanaşaq. Şairlərə aldanmayın. Elə Zülaliyə də. Ağsunun çox gözəl adamları var.

# 3887 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #