Artıq həyəcan təbili çalınmalıdır!

Artıq həyəcan təbili çalınmalıdır!
13 iyun 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin “Son seçim və son imtina” adlı yazısını təqdim edir.

Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi

Maddə 3.

“Political correctness”

Bu ifadə “düzgün siyasət”, “siyasi doğruluq” kimi dilimizə tərcümə olunur. Yəni danışığını bilmək. El dili ilə desək, danışıram pis olur, danışmıram his olur. Bu ifadəni bizdə başqa cür başa düşüblər. Guya ki, “political correctness” nə şiş yansın, nə kabab deməkdir. Yox bir...

İnsan inandığını düşünməlidir və düşündüyünü söyləməlidir. Bizdə isə nə inandığını düşünə bilirsən, nə də düşündüyünü açıq-aşkar deyə bilirsən. İnsanlar səni yanlış anlayır. Adına min dənə söz çıxarırlar. Səni döyürlər, təhqir edirlər.

Təbii ki, sözün doğruluğu üçün müxtəlif zəminlər də olmalıdır ki, deyilən söz, doğrudan da, daha kəsərli, təsiredici və düzgün olsun. Üstəlik, bu o demək deyil ki, ağzına və ağlına nə gəldi danışasan. Məsələn, mal əti, quzu əti, qoyun əti dadlıdır. Bu, doğrudur. Amma bu fikri heyvansevərlərin, vegeterianların yanında desən sənə pis baxarlar. Ya da misalçün desəm ki, Rövşən Abdullağlu yazıçı deyil, bu da doğrudur. Amma di gəl ki, bu fikri Rövşən Abdullaoğlu fanatlarının yanında desəm, məni döyə bilərlər. Yaxud bir kənddə desən ki, eşşəyə əziyyət verməyin, eşşək də canlıdır, ona əziyyət verməyin, sənə dəli kimi baxarlar. Ona görə də sözün kəsərini artırmaq üçün mütləq deyildiyi zamanı və məkanı, kimə deyildiyini nəzərə almaq lazımdır. Üstəlik, ədəb-ərkan da öz yerində.

Mən inandığım şeyi düşünürəm, düşündüyümü də deyirəm. Bəzən səhv və bəzən düz ola bilərəm. Bu ayrı məsələdir. Amma dediyim (yazdığım) bütün sözlərin məsuliyyətini boynuma alıram. Bacardığım qədər səmimi olmağa çalışıram.

İntiharın “political correctness”i

Son bir həftə ərzində ölkəmizdə 47 nəfər intihar etmişdir. Bu, həqiqətən, kədərlidir. Üstəlik, rəylərdə insanlar yazır ki, “mən nə üçün dayanmışam?”, “gələn həftə mən də o siyahıda olacam”, “mən də yaşamaq istəmirəm”, “mən də öləcəyəm” və s. Mən bu insanların nə qədər doğru, nə qədər yalan danışdığını bilmirəm. Görünən kəndə bələdçi lazım deyil. Fakt müqəddəsdir. Fakt ortadadır. Fakt da bunu deyir ki, insanlar yaşamaq istəmirlər, insanlar ölmək istəyir. Həm nəzəri, həm də praktiki olaraq faktologiya bizə deyir ki, artıq həyəcan təbili çalınmalıdır.

Nə qədər qəribə olsa da, insanı irəli aparan və insana motivasiya verən şey ölümdür. Mən yazmaqdan, yaşamaqdan bezəndə ölümü düşünüb motivasiya alıram. Ölümdən qorxmaq lazım deyil, onu soyuq başla, məntiqli şəkildə qəbul etmək lazımdır. Bu həyat gec-tez bir gün bitəcək. Ona görə də nə qədər ki, bitməyib yaşamaq lazımdır. Nə qədər ki, ölməmişəm xəyallarımı, arzularımı, prinsiplərimi, ideallarımı həyata keçirməyə çalışıram, onlar üçün yaşayıram.

Tutaq ki, cibimdə pul olmayanda, varlı adamlar görürəm. Hansı ki, onların mədəni səviyyəsi məndən qat-qat aşağıdır. Hansı ki, bəzi varlı adamlar görürəm, ömürlərində bircə dənə də olsun kitab oxumayıblar. Kitab oxuyan insanlardan acıq çıxmaq üçün onları alçaldırlar. Hərdən bahalı maşın, bahalı geyim görəndə, onların sahiblərinə həsəd aparıram. Deyirəm ki, kaş mənim də belə imkanım olaydı, mən də öz istədiklərimi rahat şəkildə alaydım. İnsanam da, tamah Domokl qılıncı kimi başımın üstünü kəsdirib. Belə olan halda məyus oluram. İlahi ədalətin pozulduğunu düşünürəm.

Çünki mən bu qədər əziyyət çəkirəm, belə zəhmətə qatlaşıram, amma özümü xoşbəxt hiss etmirəm, bəzi şeyləri dərk edirəm, amma əlimdən heç nə gəlmir. Amma “28 May” metro-stansiyası tərəflərdə boks aparatına 50 qəpik verib, partapart vuran qaqaşlar çox xoşbəxt görünürlər. Onların dünya-aləm vecinə deyil. Kef edirlər. “Niyə belə olmalıdır?”, “nə üçün belə oldu?” kimi suallarla özümü yoruram, “görəsən, mən harda səhv buraxdım” kimi ağır, fəlsəfi sualların altında əzilib qalıram. Amma manıslar, müğənnilər bu suallarla heç vaxt maraqlanmırlar. Sonra birdən yadıma düşür ki, axı hamı öləcək. Mən də öləcəyəm, həsəd apardığım adamlar da öləcək. Bundan sonra rahatlaşıram, işimlə məşğul olmağa davam edirəm.

Herman Hessenin məşhur povesti olan “Knulp”da, əsərin eyniadlı baş qəhrəmanı Knulp da belə edirdi. Heç kimə xeyri və ziyanı dəyməyən, bütün ömrü yollarda keçən Knulp özünə heç cür yer tapa bilmir. Və o həyatdan bezəndə, 40 yaşında (30 da ola bilər, dəqiq yadımda deyil) intihar edəcəyi düşüncəsini xəyalına gətirib, yaşamağa davam edir. Knulp özünə söz verir ki, 40 yaşında intihar edəcək. Buna görə də nə olursa, olsun, heç nə onun vecinə olmur. Hər bir hadisəni 40 yaşındakı intiharına bağlayıb sakitləşir.

Bəzi adamlar deyir ki, intihar iradəli adamların işidir. Bəzi adamlar deyir ki, intihar iradəsiz adamların işidir. Bəzi adamlar intihar edənlərə kafir kimi baxır. Bəzi adamlar intihar edənlərə qibtə edir. Bəzi adamlar intihar edənlərə, ümumiyyətlə, yaxşı baxmır, bəziləri isə intihar edənlərə, ümumiyyətlə, çox yaxşı baxır. Bəzi adamlar intihar edənlərə məsuliyyətsiz adamlar kimi baxır, bəziləri isə cəsur adam kimi. Yəni bütün mövzularda olduğu kimi intihar mövzusunda da hərə bir şey düşünür və bu da təbiidir. Mən bütün bu fikirləri qəbul edirəm. Hər kəsin fikriylə razıyam. Hamı həm bir az doğru danışır, həm də bir az yanlış.

Hər bir insan həyatın müəyyən dövrlərində, yaxud mütəmadi olaraq intihar etmək haqqında fikirləşir. Hər kəs “görəsən, ölsəm necə olacaq?” haqqında mütləq düşünüb.

Lap başda dediyim kimi mən inandığım şeyi düşünürəm və düşündüyümü də münbit şərait olan kimi deyirəm. Məncə, insanın yaşamaq hüququ varsa, öz istəyi ilə ölmək hüququ da var. Amma burda açar söz “öz istəyi” ilədir. Yəni baxır həmin istəyə. İntiharın kökünü araşdırmaq lazımdır. Əksər dinlər intiharı qadağan etmişdir. Niyə? Hansı səbəbə görə? İnsan bildiyinin əsiri, bilmədiyinin ağasıdır. Şübhəsizdir ki, bu qadağaların da baş verən intiharlara təsiri, müəyyən qədər rolu vardır.

Böyük-böyük yazıçılar da intihar etmişlər. Amma onlar intiharlarını təkcə həyatdan bezdikləri üçün yox, təkcə həyatın mənasız olduğu üçün yox, həm də nəyəsə qarşı çıxaraq, nəyisə öz ölümləri ilə sonlandıracaqları üçün, öz ölümləri ilə nəyəsə etiraz etdikləri üçün intihar etmişlər. Yəni intiharın da səviyyəlisi və səviyyəsizi vardır. Heminquey, Yesenin, Mayakovski, Seneka, Mişima, Roman Qari və s. Amma tutaq ki, hansısa inqilabçının nəyisə dəyişdirmək cəhdi üçün intiharı ilə sevdiyi bir qızı başqasına verirlər deyə edilən intihar mənim üçün eyni deyil. Ucuz həyatların bitməyi də adətən ucuzdur, labüddür.

Adamlar yaşamaq istəmirsə, bu mənim günahım deyil. Bu heç yaşamaq istəməyən insanların da günahı deyil. Ümumiyyətlə, mənim üçün yaşamaq istəməmək günah deyil, seçimdir. Hər seçim də bir imtinadır. İmtinaların da nəticəsini hər kəs istəsə də, istəməsə də gözə alır.

PS: Bu yaxınlarda dostumuz Ayxan Ayvazın “Pəncərəsiz” adlı yeni romanı çap olunub. Roman tamamilə intihar haqqında olmasa da, onun konturları peşəkar bədiiliklə işlənib. Hətta bir neçə nəşriyyat romanın mövzusunun intihar olmasını bəhanə edib, kitabı çap etməkdən imtina etmişdilər. İntihar haqqında distopik, bədii cəhətdən yüksək səviyyəli romanlara marağınız varsa, kitabı “Ali Nino” mağazalarından alıb oxuya bilərsiniz.

PPS: İntihar və intihar edənlər haqqında siz nə düşünürsüzsə, rəylərə yazın. Abunə olmağı, Kulisi və Vüqar Babazadə hesabını bəyənməyi unutmayın.

# 4015 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #