Qarovulçu, kuryer, yazıcı: Mənim mətbuat taleyim

Qarovulçu, kuryer, yazıcı: Mənim mətbuat taleyim
22 iyul 2021
# 12:01

Kulis.az Ayxan Ayvazın “Mənim mətbuat taleyim” yazısını təqdim edir.

Mətbuat Günü. Əli qələmli, indiki dillə desək, "əli klaviaturalı" hər kəsin günü.

Düzü, indi hamının "əli klaviaturalı"dır. Modern dünyada hamı jurnalistdir, hamı yazardır. Bu gün sosial şəbəkələr də mətbuat rolunu oynayırlar: xəbəri anında videoya çəkməklə.

Lakin mətbuat yalnızca bundan ibarət deyil. Onun işi həm də maarifləndirmək və cəmiyyətin qanayan yerini sağaltmaqdır.

Bu mənada, dünyanın ən çətin peşəsi sayılır.

Universitet illərindən jurnalistikaya iməkləmişəm. Onda universitet qəzetində tədbirlər haqda rəsmi yazılar yazırdım. Bu, məni hədsiz sıxırdı. Eyni cümlələri çevir tatı-vur tatı bir yerə yaz... Elə bil, özümü kaleydoskopa salınmış kimi hiss edirdim. Akvarium balığıydım... Okeana atılmaq istəyirdim.

Zaman keçdi, "Mərkəz" qəzetinə düzələsi oldum. Quru maaşa. Ədəbiyyat səhifəsini mən hazırlayırdım. O günləri bikef-bikef şəhərdə gəzəndə Seymur Baycanla rastlaşdım. Əl tutub görüşdük, sonra da “Şirzadın kafesi”nə getdik. Orda Seymur kefimin açılmadığını görüb harda işlədiyimi soruşdu. Kədərlə "Mərkəz" qəzeti” - dedim. Seymur ciddiləşdi, tam ciddi şəkildə mənə dedi ki, o qəzetdə işləməyin sənə sonralar çox şey verəcək.

Elə də oldu.

"Mərkəz"də dövrün tanınmış simaları ilə müsahibələr eləmişdim. Yadımdadır, Vaqif Səmədoğluyla balaca müsahibəmiz olmuşdu. Soruşmuşdum ki, kimləri bəyənirsiniz bizim yazıçılardan? O da demişdi, Ayxan, indi birini deyəcəm, o biri yaddan çıxacaq, mən cəhənnəm, dədəmi söyəcəklər. Bu sözləri qəzet sərlövhəyə çıxardı və səhəri gün hamı o müsahibədən danışdı. Qəzetlə bağlı xatirələrim elə qəribə, elə ağlasığmazdır ki, onları yazmağa dil də, qələm də, üstəlik klaviatura da acizdir.

"Ekspress" qəzetində yazılar yazdığım vaxt eyni vaxtda qarovulçu işləyirdim. Gecədən ta səhərə qədər mənə həvalə olunan güldanları qoruyurdum. Hər gün “nəşəxor”larla, fahişələrlə, “alkaşlar”la savaşırdım. Məlikməmməd kimi barmağımı kəsib duz vurur, yatmamaq üçün hər cür hoqqa çıxarırdım. O günləri "Ekspress" qəzetində bu ruh halımı əks etdirən pessimist, sentimental yazılar yazırdım. İndi o qəzetdəki yazılarım qabağıma çıxanda deyirəm, bu nədir yazmışam, əməlli-başlı ağlaşma qurmuşam.

Gün gəldi, dövran dəyişdi, əsgərliyə gedib gəldim və... işsiz qaldım. Hara baş vurdumsa, xeyri olmadı. Dedilər, maliyyə yoxdur, get başına çarə qıl.

Mən də nə elədim?

Status yazdım.

Yazdım ki, mətbuatda mənə iş yoxdur, varlı adamların evlərində qulluqçu işləyə bilərəm. Bu status əməlli-başlı reaksiya doğurdu, gündəm yaratdı, hamı bu haqda danışmağa başladı. Düzü, belə olacağını gözləmirdim. Hətta rəhmətlik Fikrət Qoca mənə acıqlanmış və mətbuata demişdi ki, getsin "axrana" işləsin, ağlamasın, indi hamı çətinliklə yaşayır. Torpağı xəbər aparmasın, o vaxt Fikrət Qocanın dediklərindən bir nəticə çıxarıb təzədən qarovulçu işinə qayıtmağı da düşünmüşdüm.

O statusdan sonra mənə xeyli iş təklifi gəldi, jurnalistikadan tutmuş kuryer işinə qədər. O qədər çox zəng gəlmişdi ki, axırda telefon dözə bilməyib müvəqqəti özündən getdi.

Telefon özünə gələndə... APA-nın rəhbəri Vüsalə Mahirqızı yazdı mənə və təklif elədi ki, heç yerə getməyim, elə Kulisdə işləyim.

Oturub fikirləşdim və qərar verdim ki, ən yaxşısı Kulisdir. Niyə? Çünki ora mənə daha rahat olacaqdı.

Ədəbiyyat söhbətləri, yaradıcı mühit...

Kulisə gəlib çıxdım. İlk günlər kollektivə öyrəşmək üçün yaman tər tökməli oldum. Kulis elə-belə yer deyildi. Tək istedad məsələsi deyildi orda işləmək, həm də məsuliyyət lazım idi. Belə günlərin birində, səhv eləmirəmsə, elə Mətbuat Günü mənə sorğu tapşırdılar. Telefonçu qıza dedim ki, Qulu Məhərrəmlini yığ. Qız yığdı, mən də danışdım. Sorğunu hazırlayıb qoyduq səhifəyə. Bir azdan Qulu Ağsəs zəng elədi ki, bəs Ayxan, mənim cavabımı almısan, amma Qulu Məhərrəmlinin şəklini vermisən. Birtəhər üzrxahlıq eləyib başa saldım ki, o biri Quluya zəng edəcəkdim, səhv olub.

Əslində, qız səhv zəng eləmişdi. Mən də o qədər yorulmuşdum ki, Qulu Ağsəsin səsini tanıya bilməmişdim. Tez, əlim-ayağım bir-birinə dolaşa-dolaşa Qulu Məhərrəmliyə zəng elədim. Dedim, Mətbuat Günü ilə bağlı sorğudur... Qulu müəllim sözümü kəsib dedi ki, elə mənim adıma yazdığınız o cavab kifayətdir, ver getsin, heç bir əlavəm yoxdur.

Bu mənim ilk günlər yaşadığım ən maraqlı hadisə oldu.

Kulis mənim üçün məktəb olub və özümü həmişə ora gedən şagird kimi hiss eləmişəm. İndi də şagirdliyə davam eləyirəm.

Sadəcə qiyabi şəkildə.

Nə qədər sənə qarşı çıxsalar, çoxlu düşmən qazansan da xeyli səni mutlu edən oxucular da olur.

Ona görə də yazmaq çox gözəldir.

Yazan hər kəsi təbrik edirəm!

# 1107 dəfə oxunub

Oxşar xəbərlər

# # #