Haqqını istəyən qadına əxlaqsız damğası vuranlar

Haqqını istəyən qadına əxlaqsız damğası vuranlar
25 noyabr 2019
# 11:42

Bu gün - 25 noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə günüdür.

Kiçik tarixi xatırlatma kimi qeyd edim ki, hüquqları uğrunda mübarizə aparan Dominikan qadınları 1960-cı ildə Rafael Truxilyo adlı diktatorun qərarı ilə amansızcasına qətlə yetirilib. Bu qadınların iştirak etdiyi inqilabın ön cəbhədəki aktivistləri Mirabal bacıları idi. "Mirabal kəpənəkləri"nin mübarizə və üsyanı onların diktator rejim tərəfindən faciəli ölümü - həyati qəsdi ilə nəticələnmişdi.

BMT Baş Assambleyası 1999-cu ildən etibarən məhz təqvimin bu gününü qadınlara qarşı tətbiq olunan zorakılığa, şiddətə və vəhşiliyə qarşı bir olmağa, mübarizə aparmağa səsləyir...

Bəs statistikaya əsasən, birinci, ikinci və üçüncü dünya ölkələrindəki qadınların yaşam şərtləri necədir? Onların ildə neçə faizi ağır cinayətlərin, sosial, psixoloji, iqtisadi, məişət zorakılığının qurbanı olur? Son illərdə qadınlara qarşı münasibətin müsbət mənada dəyişikliyə doğru getdiyinə özümüzü inandırmağa çalışsaq da məsələnin ciddiliyi və ağırlığı stabil olaraq qalmaqdadır.

Dünyada qadınların 60 faizi şiddət qurbanıdır. Hər üç qadından biri həyatında fiziki şiddət görür və fiziki şiddət özündə psixoloji, sosial, hüquqi, seksual zorakılığı ehtiva etdiyi üçün bunun istər fizioloji, istər mənəvi-psixoloji ağrısını yaşayır. Proses ən çox inkişaf etmiş ölkələrdən, ən bəsit həyat şərtləri altındakı ölkələrə kimi bu qaydadadır. Təbii, müəyyən statistik fərqlər var. Məsələn, bir çox Avropa ölkələrində, Amerikada və sair dünyanın qabaqcıl regionlarında insan hüquqları və qadın haqları daha üst səviyyədə tanınır, qorunur və müdafiə olunur. Amma çox dəhşətli prosesləri bu gün də izləyib şahidi oluruq. Məsələn, 19 oktyabrda Çilidə başlayan kütləvi protestlər zamanı küçə sənətçisi Daniela Carrasco, küçə tamaşalarında La Mimo kimi tanınan pantomim aktrisasının polis tərəfindən saxlanıldığı günün səhəri Santyaqoda dəmir barmaqlıqlardan asılmış cəsədi tapılıb. Çili aktivistləri hökumətdən Danielanın qatilinin tapılması və cəzalandırılmasını tələb edirlər. Müxtəlif ölkələri təmsil edən feminist aktivistlər və genderçilər sırf bu gün Danielanın mübhəm qəsdinə etiraz olaraq yürüş və aksiyalar keçirərək, dünya əhalisinin diqqətini bu qətlə yönəltməyə çalışırlar.

Və ya yaxın günlərdə dünya ictimaiyyətinin diqqət mərkəzində olan İrandakı "Bəyaz çərşənbələr" kompaniyası ölkədəki qadınların məcburi hicaba bürünmək haqqındakı qanuna etiraz olaraq təşkil olunmuşdu. Hərəkatda qadınlar ciddi zorakılıqlara məruz qalır, oğurlanaraq aparıldığı yerlər ailələrindən gizlədilir və sair.

Saba Kordafşari, Rahilə Əhmədi, Yasəmən Aryani, Monira Arabşahi və digər aktivistlər qeyri-qanuni və qeyri-insani yollarla həbs ediliblər.

Bəs Azərbaycanda qadınların hüquqi vəziyyətləri necədir? Tanınırmı? Onlar öz hüquq və azadlıqlarının maddələrini bilirlərmi? Azərbaycanda zorakılığa məruz qalmış qadınların sayı nə qədərdir? Bu gün ölkədə qadınların əksəriyyəti öz hüquq və haqlarından bixəbərdir. Onların maarifləndirilməsi yönündə atılan addımlar o qədər kiçikdir və maarifləndirmə prosesi o qədər ləng gedir ki, müsbətə doğru hansısa dəyişimin yaxın gələcək üçün təsdiqini tapması real görünmür.

Maariflənmə və inkişafın qarşısını alan ən böyük qüvvə, bütün dəyərlərin patriarxal quruluşa itaət etməsidir. Qadınlar öz ailələri, yaxınları, qohumları tərəfindən ciddi basqı, diskriminasiya altındadır, buxovlanmış istəklərin, həyatın ağuşunda ömür sürürlər və ölürlər. Mətbuatda yayımlanan ümumi monitorinq nəticələrinə görə cari ilin yanvarından indiyə kimi 80-dən çox qadın ailə üzvləri tərəfindən ya öldürülüb, ya da ciddi fiziki xəsarətlərə məruz qalıblar. Bu, mentalitet qaydalarının insan həyatından daha üstün tutulduğu bir toplumun statistik nəticəsidir.

Pərdəarxası faktların xeyli, həddindən artıq çox olduğunu hamımız yaxşı bilirik. 20 oktyabrda Bakının mərkəzi küçələrində feminist aktivistlərin "Dözmə, yürüş et!" şüarlı yürüşü təşkil olunmuşdu. Aktivistlər son aylarda ölkədə baş vermiş çoxsaylı qadın qətllərinə, ölkəmiz tərəfindən İstanbul Konvensiyasının imzlanmaması və ratifikasiya edilməməsinə qarşı təşkil olunmuşdu. Yürüş iştirakçıları ölkədə zorakilığa məruz qalmış qadınların haqlarının tanınması və onlara dövlət səviyyəsində lazımi diqqətin ayrılmasını tələb edirdilər.

Onlar tələb edirdilər ki, məsələn, bu gecə qətl xəbəri yayılan Aytən qardaşı tərəfindən xüsusi amansızlıqla öldürülməsin, boğazı kəsilməsin.

Onlar tələb edirdi ki, Aytənin körpəsi anasız qalmasın...

Bütün bu kimi qətllərin və vəhşiliyin, caniliyin fonunda bir qrup səksəkəli şəxs, öz daxilindən, mənliyindən şübhəli adamlar feministləri faşist, qəddar, kişi düşməni, radikal adlandırmaqdan usanmırlar. Mənə çox maraqlıdır, bir insana qarşı - qadına qarşı qəsdən törədilmiş cinayətə hansı yumşaq reaksiya tələb oluna bilər? Bu kimi hadisələrə emosiyasız, qəzəbsiz, soyuqqanlı necə fikir bildirmək, necə etiraz etmək olar? Mətbuata sıza bilən bu kimi xəbərlər fonunda Azərbaycanda atası, əri, keçmiş əri keçmiş ərinin ailə üzvləri, kişi qohumları, qardaşları tərəfindən zorakılığa, ölümə məruz qalan minlərlə qadın var.

Bu toplum öz qadınını təhlükədən qoruya bilmir.

Bu toplum qadını kişidən qorumağı bacarmır.

Bəli, əsl təhlükə məhz kişilərdir. Hansı ki, onlar "sən daha ali irq nümayəndəsisən" prinsipi ilə böyüdülürlər. Bu patriarxallıq iyerarxik şəkildədir: Məişətdən cəmiyyətə!

Hər yerdə qadınlara qarşı diskriminasiya var. Onlar kütləyə ikinci cins kimi təqdim olunaraq dəyərsizləşdirilməyə sövq edilir. "Zərif cins" nümayəndələrinin bitib-tükənmək bilməyən qadağaları, olmazları onların psixologiyasını zədələyir, onlar prosesi "belə də olmalıdır" kimi qəbul edir. Və bu cür qadınlar cəmiyyətə xəstə təfəkkürlü fərdlər böyüdür, təqdim edir.

"Qadın düşməni qadındır" deyiminin də alt qatı elə bu sistemə daxildir. Ortalıqda "kişiyə şiddətə son" adlı şüar götürüb boş-boş gəzişən, danışan adamlardan soruşmaq lazımdır ki, nə vaxt bu ölkədə "qardaşı, bacısı tərəfindən başı kəsilən, tutalım, Məhəmmədin körpə uşağı yetim qaldı" xəbərini oxuyub? Əgər varsa, belə xəbərlərin müqayisəsində qadına şiddətlə kişiyə şiddət nisbəti neçə faizdir? Əgər milyonda bir ehtimal varsa, bu ehtimalı niyə hayqırmalı, qalan böyük faizə susmalıyıq? Qadınlar niyə susmalıdır? Onlara susmaq yaraşır? Onlar "abır-həya", "iffət-əxlaq" qorumalıdır?

Kişilərin mənasız mühafizəkarlıq eqosu təmin olunsun deyə niyə qadınlar ömür boyu əzab çəkməli, həyatı həbsxana formasında keçirməlidir? Bu ölkədə yüz illərdir qadın azadlığı, qadın haqları üçün çırpınan maarifçilərin, yazarların, fəalların arzuları, tələbləri niyə hələ də mətn üzərində, kağız üzərində qalmaqdadır? Niyə səsini azacıq qaldıran, haqqını azacıq da olsa tələb edən qadına "həyasız", "deyingən" etiketləri yapışdırılmalıdır?

İl olub 2019, dünya artıq yerlə deyil, kainat sirləri ilə maraqlanır, yeni qalaktikalar kəşf etməkdədir, texnologiya işıq sürətilə inkişafdadır və bütün bunların fonunda Qafqaz kimi balaca regionun kiçik bir coğrafiyası Azərbaycanda - hansısa qəsəbənin, kəndin dibində yaşayan hansısa bir kişi öz mənasız prinsiplərinə haqq qazandırmaq üçün qadına deyir ki, mən sənə güvənirəm e, ətrafa güvənmirəm! Və bütün qətllər, şiddət, zorakılıq faktları, əslində, bu kiçik cümlənin içərisində gizlənib.

Təəssüf ki, qadınları bu cür bəlalardan qoruya biləcək sistem yoxdur. Şiddətdən qaçan və hüquq mühafizə orqanlarına müraciət edən qadınlar elə həmin orqan əməkdaşları tərəfindən yenidən ailələrə təhvil verilir. Qətl, cinayət hadisələrinin də müəyyən hissəsi məhz bu prosesdən sonra baş verir. Çünki polis də bu toplumun fərdidir.

Çox vaxt mentalitetin dəyərlərini konstitusiya, ailə məcəlləsindən daha üstün tutur. Qadınlar iqtisadi asılılıqları səbəbi ilə şiddətə dözmək məcburiyyətində qalır. "Ayrılsam, necə yaşayaram?", "Boşansam, uşaqlarıma kim baxar?" qorxularına görə onlar bir ömür susmağa, dözməyə məcbur qalır. Yaşadığımız toplumun şərtləri o qədər qəddar və sərtdir ki, təəssüf, fiziki şiddət, cinayətlər fonunda psixoloji şiddətdən, zorakılıqdan və onun fəsadlarından, ziyanlarından danışmağa zaman ayıra bilmirik.

Biz qadınların daha rahat, azad, sevgi, qayğı içində yaşamasını istəyirik. Son qadın azad olana kimi susmaq olmaz bu məmləkətdə.

Bir ölkədə ki, qadına qarşı cinayət var, deməli o ölkəni təşkil edən toplum özü canidir. Bədbəxtdir. Geridir.

25 noyabr Qadınlara Zorakılığa Qarşı Beynəlxalq Mübarizə Gününün simvolu - Santo-Dominqoda üç bacının təsviri olan xatirə lövhənin daş sütununda yazılmış "Un Canto a la Libertad" şüarına uyğun; Bir gün bütün qadınlar öz azadlıq mahnısını oxuyacaqlar!

# 5429 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #