Geridəqalmışlığın rus peyğəmbərləri

Geridəqalmışlığın rus peyğəmbərləri
17 dekabr 2020
# 08:55

Kulis.az bu gündən “Bir sual, bir cavab” adlı yeni layihəyə başlayır. Layihədə hər dəfə aktual bir sual qoyulacaq və sual ətrafında şair, yazıçı, publisist Aqşin Yenisey öz fikir və mülahizələrini yazacaq. İlk yazını təqdim edirik.

Rusiyanın mütərəqqi dünyadan geri qalmasında Dostoyevski və Tolstoyun payı varmı?

Düşüncənin birxətliliyi Eynşteyndən əvvəlki dünyaya xas idi. Xaos nəzəriyyəsi başqa, çoxxətli, çoxhəqiqətli bir dünyada yaşadığımızı iddia edir. Yuxarıda qoyduğumuz suala da vərdiş olunmuş birxətli düşüncədən kənarda cavab axtaracağıq. Daha doğrusu, Tolstoy və Dostoyevskinin yaradıcılığına bir az da XIX əsrin sonlarından başlayaraq ziyalıları, aydınları qrup və şəxsi maraqlar naminə siyasi ideologiyalara xidmət etməkdə günahlandıran fransız filosof Julian Bendanın gözüylə baxacağıq.

Avropa Maarifçi hərəkatının ideyalarını Avropadan daha çox sevən və daha tez mənimsəməyə çalışan Rusiya niyə mədəni-iqtisadi baxımdan Qərbdən xeyli geri qaldı? İlk maarifçiləri XV Lüdoviqdən çox, II Fridrixdən az sevməsinə baxmayaraq, Böyük Yekaterina niyə onların ideyalarını ruslar üçün əlçatan edə bilmədi? Niyə ingilis yazıçı Dikkensin “ictimai romanı”nı olduğu kimi ruslaşdıran Dostoyevski, Tolstoy ingilis romanının ilham qaynağı olan Spenserin 3 cildlik “Sosiologiyanın prinsipləri” əsərindən “xəbər tutmadılar”? Nə səbəbə bütün düşünən, yazan dünya XIX əsrdə Darvinin meymununa üz tutanda onlar İsaya və “atasına” yalvardılar?

Bu suallara cavab vermək üçün Avropanın və Rusiyanın XIX əsrdəki şəklinə baxmaq lazımdır.

Oxumuş adamlar XIX əsri “Tarix əsri” adlandırırlar. Siyasi, sosial ideologiyaların önə çıxdığı bu əsr Avropada tarixi şüurun inkişafı ilə yanaşı, fəlsəfənin, sənətin tarixlə birlikdə öyrənilməsi və qiymətləndirilməsi əsridir. Bendaya görə, bu əsr həm də siyasi nifrətlərin mədəni, elmi təşkilatlanma əsridir ki, hakim zümrələrin himayədarlığı ilə bu işi əsrin ziyalıları, yazıçı və aydınları gördülər. Milli ehtirasların mistisizm dumanına bürünməsi işini, məsələn, Fransada ölkəsini “Tanrıça Fransa” adlandıran Şarl Morras, Viktor Hüqo kimi akademiklər, yazıçılar görürdülərsə, Rusiyada bu missiyanın qabaqcılları Tolstoy və Dostoyevski idi. Ancaq biz bir azdan görəcəyik ki, millətçiliyin mistisizmlə süslənməsi Avropada yeganə yol deyildi. Rusiyada isə bu iki yazıçıya görə, bundan başqa yol yox idi.

Benda millətçilik ideologiyasının üç əsas davranışa – yəhudi düşmənçiliyi, hakim siniflərin proletar düşmənçiliyi və avtoritarizm tərəfdarlarının demokratiya düşmənçiliyi – dayandığını söyləyir ki, bu iki rus yazıçının yaradıcılığında bu davranışların, ən azı, ikisi vardı. Hətta Dostoyevskinin bütün publisistik yaradıcılığı bu üç növ düşmənçiliyin təbliğindən ibarət idi.

Açıq deyək ki, XIX əsr Avropa elitarizminin xristianlıqdan tamamilə uzaqlaşdığı, Rusiyanın isə xristianlığa qayıtdıği, daha doğrusu, rus qəlbinin xristianlığı kəşf etdiyi əsrdir.

Həyatdan SMS-lə aldığımız 3 saatın 3 dəqiqəsini xərcləyib lap əvvələ başmaqseyri bir səyahət edək: Ruslar aşağı-yuxarı ortodoks xristianlığı X əsrdə qəbul ediblər. Kiyev-Rus dövlətinin vaxtında. Bu o zamanlar idi ki, artıq Roma imperatorluğu katolik Qərb və ortodoks şərq imperatorluqlarına parçalanmışdı və ruslar ortodoks Bizansından xeyli uzaq düşmüşdülər. Qulaqlarının dibində isə katolik Avropa cəngavərləri səlib yürüşünə hazırlaşırdılar. Dini təcavüz təhlükəsi qapılarının ağzında idi. Bizansdan uzaq düşmələri, Orta Şərqdə gedən dini proseslərdə yaxından iştirak edə bilməmələri ruslarda həmişə dini bir əksiklik kimi özünü göstərirdi. Ona görə də dövlət möhkəmləndikcə rusların Qüdsə canatma ehtirasları da güclənirdi. Bu, Pyotrun “Vəsiyyətnamə”sində öz əksini tapsa da, nəhayət, I Nikolayın çarlığı dövründə bu niyyət siyasətin açıq hədəfinə çevrildi və Nikolay Qüdsdəki xristian müqəddəslərin qəbrlərini müsəlmanlardan azad etmək üçün o vaxtkı Osmanlı üzərindən hərbi yürüşə başladı və məğlub oldu. Provaslavlıq isə dövlət ideologiyası səviyyəsinə yüksəldi. Qüdsə qayıdış dövlət strategiyasına çevrildi.

Ancaq bu dini ideologiyanı siyasiləşdirmək, avam rus xalqının beyninə doldurmaq üçün, sadəcə, kilsələrdə dini ayinləri icra edən rus keşişləri kifayət etmirdi. Kütləvi oyanışa, coşquya ehtiyac vardı. Rusiyanın isə tarix boyu filosoflar və peyğəmbərlər sarıdan əlinin aşağı olduğunu hamımız bilirik. Çara lazım olan peyğəmbərlik missiyasını rus ədəbiyyatı öz öhdəsinə götürdü. İsa rus ədəbiyyatında yenidən dirildi və XIX əsr rus romanlarının ruhunu büsbütün əsir aldı. Dövlət də, cəmiyyət də yazıçılardan peyğəmbərlik tələb edirdi. Ona görə də Tolstoy, Dostoyevski, Turgenev kimi yazıçılar öz xalqlarını dini həqiqət ətrafında birləşdirən peyğəmbərlər, mənəvi-ruhani bələdçilər oldular. Necə ki vaxtilə İbrahim peyğəmbər yəhudilər, Məhəmməd peyğəmbər ərəblər üçün bu işi görmüşdülər. Qərb yazıçıları bu rus yazıçılarından təsirləndiklərini etiraf etsələr də Qərb ədəbiyyatı bu “peyğəmbər” rus yazıçılarının yolu ilə getmədi. Çünki bilirdilər ki, bu ədəbiyyat avam rus xalqı üçün dövlət sifarişi ilə yaradılıb. Dostoyevski “Cinayət və Cəza”sında İsanın rus insanın vücudunda təcəllasından basıb-bağladığı bir əsrdə Nitsşe “Antixrist” yazırdı, Marks dini kütləvi xəstəlik adlandırıb başlanğıcın və sonun fövqəltəbii deyil, iqtisadi gücün əlində olduğunu söyləyərək modern çağın əsasını qoyurdu. Tolstoy “Sergi ata” əsərində dini burjua əxlaqının öz nəfsini balta ilə qorxudacaq dərəcədə comərd olduğunu uyduranda Flober çürük burjua əxlaqının kürkünə madam Bovari adlı birə salmışdı.

XIX əsrdə almanlar idealizmi, fransızlar sosializmi, ingilislər iqtisadi-sosial darvinizmi tarixi, elmi bilgilərlə əsaslandıranda Rusiyada qabaqcıl fikirlər Tolstoyun inhisarında olan ilahi ədalətin varlığı, Dostoyevskinin göylərə qaldırdığı gunah hissindən cinayət yolu ilə arınma düşüncəsi idi.

Avropada insan haqları, söz və fikir azadlığı, seçki hüququ kimi modern dəyərlər müzakirə olunanda Rusiyada mədəni mühit rus ədəbiyyatında səsini başına atmış günah və mərhəmət kimi qədim yəhudilik duyğularının ruslaşdırılması ilə məşğul idi.

Veber xeyirxahlığı ilahi sevgi ilə deyil, kapitalizmin inkişafı ilə əsaslandıranda, yaxud Spenser təbiətdə olduğu kimi cəmiyyətdə də azad rəqabət hissinin mədəni güc qaynağı olduğunu elmi, fəlsəfi əsərlərində izah edəndə rus ədəbiyyatı yoxsulluğu, yetimliyi insana bəxş olunan ilahi sadəlik kimi tərənnüm edirdilər. Rus yazıçısına görə, ilahi gözəllik sadəlik idi, sadəlik isə yoxsulluq. Bu elə Roma papası XV Benediktin yoxsullara ünvanladığı məşhur çıxışındakı “ali insanların sağlığından qürur duyun, onlara kömək etməyə tələsin” sözlərinin bədiiləşdirilməsi idi.

Nəticədə rus insanı, məsələn, ingilisdən fərqli olaraq, toxun təşəkkür instinktləri ilə deyil, acın intiqam hissi ilə tərbiyə olundu. Belə ki, Yuval Hararinin yazdığı kimi, Marks və Engelsi diqqətlə oxuyan avropalı ağa kapitalın allah vergisi olmadığını anlayıb öz hüquqlarının və kapitalının bir hissəsini xalqa bağışlayaraq, demokratik seçki yoluyla işçi sinfinin, guya, hakimiyyətdə təmsil olunması illüziyasını yaratdı, bununla da özünü və ölkəsini sinfi qarşıdurmanın qırğınından mədəni yolla yayındırdı, amma Tolstoyun, Dostoyevskinin “ilahiləşdirilmiş” acları və toxları gələcəyi görə bilmədilər. Çünki bu iki nəhəng rus gələcəyin yazıçıları deyildilər. Onlar rifahı keçmişdə və kilsənin həndəvərində axtarırdılar: toxluq ilahi mükafat, aclıq ilahi cəza idi. Bu düşüncə ac rusu dvoryanın simasında allahın özünə də nifrət bəsləməyə aparıb çıxardı və iş o yerə çatdı ki, quru çörək uğrunda baş verən proletar inqilabı ilə çarın simasında onu bu vaxta qədər ac saxlayan allahın özündən belə qisas aldığını düşünən “ilahiləşdirilmiş rus aclığı”nın gözü hətta acların hakimiyyət illərində də doymadı. Biz bu gün də bu rus mənəviyyatının davamçılarını, hətta milyonlara sahib olmalarına baxmayaraq, hər yerdə ac görürük, ən kasıb adamın da yumurtasını qırxmağa təşnədir rusun tərbiyəsində böyüyənlər.

Üstəgəl, bu iki yazıçı rus millətçiliyini xristian mistisizminin hisinə “peyğəmbərcəsinə” elə verdilər ki, bu qaxac mənəviyyatın qoxusu bu gün də həm özlərinin, həm də qonşularının zəhləsini tökməkdədir.

Bataqlıqdan çıxan bu xalq gec-tez öz doğma bataqlığına qayıdacaq, nə qədər gec deyil, ondan uzaqlaşmaq lazımdır.

# 5494 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #