Ağdərədə döyüşən qardaşım oğluna

Ağdərədə döyüşən qardaşım oğluna
6 oktyabr 2020
# 11:31

Qardaşımın oğlu Ağdərədədir...

Atasına tez-tez zəng eləyə bilmirəm, qorxuram zəngimdən həyacanlanar. Belə vaxtı zəng çox zalım hadisədir.

Heç Votsapda səs də ata bilmirəm, səsi açıb qulaq asınca ürəyi əriyər. Bircə oğlu var.

Ancaq anasına yazıram.

Yazıram ki, mesaj elə ilk baxışdan bəlli olsun.

Soruşuram, deyirlər, yaxşıdır, zəng eləyib qısaca, yaxşıyam, narahat olmayın deyir.

Torpaqlarımızı işğaldan azad edən əsgərlərin videolarına baxanda gözüm onu axtarır. Həm də, nə yalan deyim, onu elə qaynar yerdə görmək belə ürəyimi titrədər.

Onu da bilirəm ki, oralardadır, mütləq!

Ancaq kamera qabağına çıxan deyil. Lap düşmən generalını öldürsə də qayıdanda hamıdan arxada dayanıb uzaqlara baxacaq, danışmayacaq.

Belə uşaqdır, Qurban.

Uşaq da deyirəm...

Mən də Ağdərə ərazisində xidmət eləmişəm. Müharibə vaxtı olmasa da, 18 ay düşmənlə üz-üzə durmuşam, dəfələrlə döyüşmüşük, həmlələrinin qarşısını almışıq. Elə oralarda xidmət edəndə əsgər dəbinə uyğun döymə elətdirmişdim. Çiynimə Qurbanın adını yazmışdım. Adı sol çiynimdə, ürəyimin bir qarışlığındadır. Bəlkə də onun taleyini Ağdərəyə elə o torpaqda çiynimə həkk etdiyim adı bağladı.

Mən əsgərlikdən qayıdanda Qurban uşaq idi, 5 yaşı vardı. Çiynimdəki adını göstərdim, xoşuna gəlmədi, adından istifadə etməyim uşaq qısqanclığını qıdıqladı. Elə bil, payını yemişəm.

Qurbanın atası da məndən 15 il əvvəl elə oralarda – Qarabağda döyüşüb. Könüllü getmişdi, neçə dəfə yaralandı, evə göndərdilər, amma yenidən qayıtdı döyüşə.

Allaha yalvarıram, heç olmasa, atasının oralarda min ümidlə axan qanına, tərinə xətir Qurban qələbəni görsün.

Bir igidin ömrünü aşan sülh çağırışlarımız, ədaləti gözlədiyimiz - bu 30 il göyərçin olub əsgərlərimizin başında hərlənsin.

Üst-başı toz-torpaqlı, şanlı əsgərlər, hamınıza qurban olum! O torpaqlar sizin paltarınıza bulananda bir az da şərəflənir.

Sağlıq olsun!

İndi barıt qoxusunun burnunuzu göynətdiyi o yerlərdə tezliklə qızılgüllər əkək, xarı bülbüllər boy versin.

# 3364 dəfə oxunub

Oxşar xəbərlər

Bu “silikonlu Harvard məzunu”nu niyə TV-lərə buraxırlar?!

Bu “silikonlu Harvard məzunu”nu niyə TV-lərə buraxırlar?!

11:15 1 aprel 2025
Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

13:26 26 mart 2025
İndiki şeirimizdə uğultu var

İndiki şeirimizdə uğultu var

12:40 22 mart 2025
Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

10:00 21 mart 2025
Qələbəmizi urvatdan salan qazilər

Qələbəmizi urvatdan salan qazilər

15:00 11 mart 2025
Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

15:49 7 mart 2025
#
#
# # #