Stiven Hokinq niyə böyük alimdi? – Yalçın İslamzadə yazır...

Stiven Hokinq niyə böyük alimdi? – <span style="color:red;">Yalçın İslamzadə yazır...
19 mart 2018
# 11:30

Kulis.az Yalçın İslamzadənin “Hokinqin ardından” essesini təqdim edir.

14 mart günü görkəmli ingilis astrofizik Stiven Hokinq 76 il yaşadığı ömrünü tamamladı. Hokinqin ölümünə çox sayda azərbaycanlı sosial şəbəkə istifadəçisi münasibət bildirdi, böyük alimin ölümünə təəssüfünü və fəaliyyətləri üçün təqdirini ifadə etdi. Az sayda istifadəçi isə bu reaksiyaların anlaşılır olmadığını yazdı. Əslində, Hokinqin ölümü mövzusunda ifadə olunan təəssüf təsadüfi deyil, anlaşılandır.

Bütün cəmiyyətlər və hər bir insan “Biz kimik? Hardan gəldik? Gələcəyimiz necə olacaq?” suallarına cavab axtarıb və axtarırlar. Bəşəriyyətin insan həyatına məna verməyə və onun mənşəyini açıqlamağa çalışan böyük düşüncə sistemləri, din və mifologiya, sənət, fəlsəfə və elm arasında bu suallara az-çox qənaətbəxş cavab vermiş və daha dolğun cavablar verəcəyinə bizdə əminlik yaratmış yeganə düşüncə sistemi elmdir.

Hokinq isə müasir elmin populyar ikonlarından biri (Hokinq haqqındakı mübaliğələrə qarşı da diqqətli olmaq lazımdır, bəziləri onu Eynşteyndən sonra ən böyük alim sayırlar - bunu necə müəyyən etdikləri isə məlum deyil), bəlkə də birincisi idi - bu birinciliyi fizikanın anlayışları gündəlik anlayışlarla izah olunması ən çətin olan bir sahəsində qabaqcıl elm kommunikatoru olması və fiziki məhdudiyyətinin elmi karyerasına mane olmamasına nail olmasına borclu idi. Hokinq təkcə insan zəkasının kəskinliyinə nümunə deyildi, o həm də insan iradəsinə nümunə idi. Üstəlik, Hokinq tanınmış alimlər arasından əsəri dilimizə tərcümə olunmuş ilk elm populyarizatorudur, onun “Zamanın daha qısa tarixi” kitabı Azərbaycan dilli oxucular tərəfindən böyük maraqla qarşılanmışdı. Dilimizə kitabı tərcümə olunmuş ilk alim olması, bəlkə də onu bizə daha yaxın etmişdi.

Hokinqin həyatı və yaradıcılığı bir çox baxımdan diqqətə layiqdir:

1. Motivasiya nümunəsi

Bilindiyi kimi Hokinq gəncliyindən etibarən motor neyron xəstəliyindən, amyotropik lateral sklerozdan əziyyət çəkirdi. Diaqnoz qoyulduqdan sonra, həkimlərin təxmin etdikləri tarixdən çox daha uzun yaşayan Hokinq, tədricən bədəninə nəzarəti itirdi və sonda üzündəki cəmi bir əzələ işlək qaldı. Bütün bunlara baxmayaraq, o elmi araşdırmalar aparmağa, doktora tələblərinə elmi rəhbər olmağa, mətbuatla əlaqələrini kəsməyib məqalələr yazmağa və müsahibələr verməyə davam etdi. Yazdığı kitablarla milyonlarla insana astrofizikanın abstrakt anlayışlarını izah etdi, elmi sevdirdi.

“Kimik? Hardan gədik? Hara gedirik?” sualları ilə maraqlanan və təbii olaraq cavab üçün kosmologiyaya üz tutan insanların dünyagörüşlərini genişləndirib dərinləşdirdi. Hokinqi (ya da İohann Kepleri), onun qarşılaşdığı çətinliklərin mində biri ilə qarşılaşmadığı halda ictimai fəaliyyəti olmayan insanlar, ya da nihilizm və depressiya təbliğ edən digər düşünür və yazarlarla müqayisə edib təqdir etməmək mümkün deyil.

Hokinq, tarixdəki çoxsaylı xüsusi iradə sahiblərindən biri olmaqla, bədənlərinin və orqanlarının yaratdığı məhdudiyyətləri aşa bilən əsl motivasiya nümunəsidir. Stoaçılar Hokinqi tanısaydılar, şübhəsiz onunla fəxr edərdilər.

2. Yaşadığı cəmiyyətin bilgiyə əhəmiyyət verməsi

21 yaşından motor neyron xəstəliyi diaqnozu qoyulan və elə o zaman artıq istedadını sübut etmiş Hokinq, xəstəliyi irəlilədikcə pilləkənlərdən yıxılmağa, dərslərinə gəlməməyə, getdikcə yerimək, yazmaq və danışmaq bacarıqlarını itirməyə başladı. Bədəninin ona yaratdığı hər yeni maneə qarşısında, onun üçün hazırlanmış, düşüncələrini yazılarla və düsturlarla ifadə etməyə imkan verən alqoritm də inkişaf etdirildi.

Hokinq arabadan qalxa bilməyəndə masa üstü kompüter üçün yazılmış proqram onun arabasına bağlanmış kompüterə uyğunlaşdırıldı. Düyməyə basaraq ekrandakı sözləri seçmək üçün gücünü itirdikdə, proqram üz əzələsinin hərəkətiylə sözləri seçmək üçün təkmilləşdirildi. Görünür, ən azından işlədiyi universitet və tanındığı akademik mühitdə bilgisinin əhəmiyyətinin, onun bilgisini ifadə etmək üçün lazım olan avadanlıqların, səbrin və mühitin ona uyğunlaşdırılmasının maliyyətindən daha üstün olduğunu düşünmüşdülər.

Hokinqin misalı, digər həmvətənlərini yada salır. Məsələn, İngiltərənin ən zəngin ailələrindən birinə mənsub olduğu halda həşəratlar və vəhşi heyvanlar, piratlar və tropik xəstəliklərlə dolu 5 illik səyahətə, ancaq büzüşüb yata biləcəyi bir kamerada və 5 il ərzində məvacib almadan çıxan, dünyanın ən böyük nəzəriyyələrindən birini yaratmış Çarlz Darvini, ya da ciddi formal təhsili olmasa da və kitab cildçisi işləsə də, eksperimental istedadına görə məşhur kimyaçı Hemphry Davy tərəfindən öz laboratoriyasına dəvət olunmuş Faradeyi Davy sonralar Faradeydən “ən böyük kəşfim” deyə bəhs etmişdi.

3. Hokinqin elmi uğurları

Hokinq, eksperiment aparmağın hələ ki mümkün olmadığı, daha çox müşahidələrə və nəzəri çıxarışlara əsaslanaraq fərziyyələr irəli sürməyin mümkün olduğu, içində olduğumuz şərtlərdən tamamiylə fərqli şərtlərdəki fiziki obyektləri və qanunauyğunluqları araşdırırdı. Odur ki, Hokinq elmi uğurları konkret eksperimental nəticələri olan uğurlardan çox, bizə mümkünlükləri, ağla gəlməyən ehtimalları göstərməsi ilə seçilir.

Ümumi qravitasiya və kvant mexanikası nəzəriyyələrini birləşdirməyə ömrü yetməsə də, kvant mexanikası prinsiplərini kosmologiyaya tətbiq edərək “Hokinq radiasiyası” fərziyyəsini - qara dəliklərin sadəcə materiyanı udan böyük kütlələr olmadığını, kvant prinsiplərinə görə ətrafa zərrəciklər yaydığını da irəli sürdü. Bu doğrudursa, biz getdikcə böyüyən (udaraq) qara dəliklər kimi getdikcə kiçilən (yayaraq) çox kiçik ölçülü qara dəliklər də müşahidə etməliyik. Qara dəliyin hadisə üfüqü yaxınlığında yaranan iki zərrəcikdən biri qara dəlik içərisinə düşəndə, digəri ondan uzaqlaşacaq. Hokinqin bu fərziyyəsi birbaşa müşahidə olunmaqla təsdiqlənməyib, hazırda laboratoriya şəraitində analoji şərtlər yaratmaqla oxşar effektlər müşahidə olunur. İlkin müsbət rəylər, Hokinq radiasiyasının, haqqında uzun müddət danışılan və elmi prinsiplərlə təxmin edilən Higgs bozonu və ya qravitasiya dalğaları kimi müşahidə olunacağını düşünməyə əsas verir. Çünki Murray Gell-Mannın dediyi kimi fizikada “qadağan olunmamış hər şey məcburidir”, təbiət qanunları qadağan etmirsə, mütləq müşahidə olunmalıdır.

Əgər Hokinq radiasiyası birbaşa müşahidə olunub təsdiqlənərsə nə baş verər? Kainat haqqındakı bütün bilgilər sadəcə elektromaqnit spektrdən müxtəlif dalğa uzunluğuna sahib dalğaların köməkliyi ilə əldə edilib. İnsanlar uzun müddət ancaq çılpaq gözlə müşahidə apardılar. Gözün görüş məsafəsi qısadır, sadəcə görünən işıq şüalandıran, ya da əks etdirən yaxın səma cisimlərini müşahidə edə bilər, üstəlik görünən işıq elektromaqnetik spektrin çox kiçik hissəsidir.

Keçən əsrdə radio teleskoplar icad edildi və gözümüzün görmədiyi radio dalğalar şüalandıran çox uzaq səma cisimlərini müşahidə etməyə imkan yaratdı. Ardınca Rentgen şüaları, ultraviolet və infraqırmızı spektrdə müşahidə aparan detektorlar kəşf edildi. Lakin bu şüalar qısa dalğa boyuna sahib olduqları üçün Yer səthinə çatmadan atmosferdə udulurlar. Detektorları aerostatlarla atmosferin üst qatına, roketlərlə Yerin və planetlərin orbitinə, açıq kosmosa yerləşdirməklə elektromaqnit spektrin bütün mümkün dalğa uzunluqlarında müşahidə aparır, “üfüqümüzü” genişləndirir, Kainat haqqında daha dərin anlayışa qovuşuruq.

Hokinq haqlı olarsa, Hokinq radiasiyası birbaşa müşahidə olunarsa, 2015-ci ildə LIGO və Virgo laboratoriyalarının qravitasiya dalğalarını müşahidə etməsindən sonra, Kainat haqqında başqa məlumat alma metoduna da sahib olacağıq. Hokinqin elmə ən böyük payı məhz bu olacaq.

Nəticə

Renesansın, Orta Əsrlərin insanı və dünyanı sevməyi, əhəmiyyət verməyi, araşdırmağı əngəlləyən anlayışını rədd edib, insanın və dünyanın diqqət mərkəzinə gətirilməsi prosesi olduğu deyilir. Qərb düşüncəsindəki bu böyük tarixi proses, sonradan Elm İnqilabıyla nəticələnən şərtlərin yaranmasına səbəb oldu. O dövrdən etibarən elmin mərkəzi Qərbdir və müxtəlif disiplinlər müstəqillik qazanaraq, institulaşıb sistemləşərək, öz “cəmiyyətlərini” formalaşdıraraq və dövlətdən dəstək alaraq sistemli araşdırmalar həyata keçirir, Kainatda uzaqlara, maddədə dərinlərə baxır, okeanın dərinliyinə, torpaq ərazilərinin içinə, atmosferin üst qatlarına qalxırlar. Bu böyük maraq prosesinin araşdırma obyekti isə hər şey ola bilər. Elmdə qadağan olunmuş suallar, tabu mövzular yoxdur.

Alternativ və yeni fikirlərin kitab halında, portativ və ucuz qiymətə alına bilməsinə imkan tanıyan mətbəənin imperatorluğa gəlməsinə mane olan, Misiri əsrlərlə əldə saxlayıb Misir piramidaları ilə maraqlanmayan bir imperiya ərazisində Alp dağlarında tapılan, “Otzi” adı verilən bir mumiya tapılsaydı, ona necə münasibət göstərilərdi? Mumiya 1991-ci ildə Alp Dağlarında tapıldı və o tarixdən etibarən öyrənilir - anatomiyası, mədə və bağırsaq mikrofaunası, geyiminin və alətlərinin hazırlandığı materiallar araşdırılır. Əgər Otzi elmə əhəmiyyət verməyən, mistik dünyada yaşayan bir cəmiyyətdə tapılsaydı, onu elmi maraq obyekti yoxsa hansısa mifik varlıq hesab edərdilər?

Hər hansı bir mövzu marağımızı cəlb edərsə, elm inkişaf etdikcə o mövzuya təkrar-təkrar dönüb araşdıra, anlayışlarımızı dərinləşdirə, mənşələr haqqında getdikcə daha yaxşı təxminlər irəli sürə bilər.

Misir tarixindəki əhəmiyyətli fironlardan biri Akenatondur. Akenatonun böyük reformlara cəhd etdiyi bilinir. Arxeoloq Alwyn Burridge, Akenatonun şəkillərini analiz edərək onun “Marfan sindromu”ndan əziyyət çəkdiyi fərziyyəsini irəli sürüb. Marfan sindromu genetik bir xəstəlik olub zəka və çoxalma qabiliyyətinə təsir etməsə də, insanın bədən quruluşuna ciddi təsiri var. Bu sindromdan əziyyət çəkənlərin qolları, ayaqları və barmaqları bədənlərinin digər qisimlərinə nisbətdə qeyri-mütənasib şəkildə uzun, üzləri uzunsov və ensiz olur, onurğa sütunları ciddi deformasiyaya məruz qalır. Akenatonun ölü doğulmuş bir uşağının anatomik analizində də bu xəstəliyin çox sayda əlamətlərinə rast gəlinib. Genlər və onların quruluş və funksiyaları kəşf edilməsəydi, 6000 genetik xəstəliyə necə diaqnoz qoyular, aradan qaldırılması yolları necə araşdırılardı? Akenatonun qeyri-adi bədən quruluşuna sahib olması onun yadplanetli sayılmasıyla nəticələnərdimi?

Nitşe, Elm İnqilabının insanın kiçilməsi, özünəməxsusluğunun itirilməsi prosesinə səbəb olduğundan şikayət etmişdi. Elmə oxşar yanaşma sənətdəki romantik cərəyanlara da xasdır. Elm, bizə xəyal quraraq özümüzü böyük görməyin alternativi kimi təvazökarlığı öyrədir, bu təvazökarlıq insanın “kiçikliyini” dərk etməklə onu yetkinləşdirir, müdrikləşdirir, antroposentrizmdən uzaqlaşdırır.

Karl Saqan keçən əsrin ən məhsuldar və məşğul astrofiziklərindən biri idi. Elmdə payı Saqandan daha az olan ancaq təkəbbürlü alimlər var ki, elmi populyarlaşdırmaq fəaliyyətlərinə laqeyiddirlər. Saqan isə kitablar yazdı, sənədli filmlər çəkdi, seminarlar və mühazirələr oxudu, hətta vətəndaşlığa qəbul edilənlər qarşısında çıxışlar edib orta məktəblərdə dərslər keçməyə, televiziya proqramlarında iştirak etməyə vaxt tapdı. Oxşar olaraq, bütün fiziki məhdudiyyətlərinə baxmayaraq Hokinq də elmi populyarlaşdırmaq üçün fiziki məhdudiyyəti olmayan minlərlə alimdən artığını etdi. Hokinq alimlərə də bir nümunə, rol modelidir.

Elmin bütün insanlara çatdırılmalı olduğunu düşünən bu alimlərin elmi kütləviləşdirmə fəaliyyətləri olmasa, neçəmiz (ingilis dilini əla bildiyimizi fərz edərək) elmi jurnallarda çıxan məqalələri oxuyub sadə terminlərlə anlaya bilərik? Bu alimlər olmasa neçəmiz elmin böyük kəşflərindən xəbər tuta bilərik? Bir tərəfdə müdhiş kəşflər, mübahisə və müzakirələr olar, biz isə xəbərsiz qalardıq. Onda obyektiv dünyanın işləyişindən xəbərsiz olar, psevdo-elmin, konspirasiyaların, “Yeni çağ” axımlarının fantastik iddialarını həqiqət kimi qəbul edərdik.

İqtisadçılar bir ölkədə bir il ərzində istehsal olunmuş bütün məhsul və xidmətlərin pulla dəyərini ÜDM (ümumdaxili məhsul) adlandırırlar. Cəmiyyətlərin ÜDM-lərinin, pul sirkulyasiyasının neçə faizini elm fəaliyyətlərinə, elmi yazılara, kitablara, neçə faizini komfort zonasında qalmaq üçün (əyləncə, oyunlar, psevdoelm, falçılıq, astroloqluq vs. ) xərclədiklərini müqayisə edərək gələcəkləri haqqında bir fikrə gəlmək mümkündür.

Hokinqin həmyerlisi Çarlz Darvin bizə adaptiv (mühitə uyğunlaşma) və maladaptiv (mühitə uyğunlaşmağa mane olan) davranışların təbii seçmənin təsiri ilə həyatda qalıb-qalmamağı müəyyən etdiyini inandırıcı şəkildə göstərdi. Hazırda təbiətə qlobal cəmiyyəti, insan fəaliyyətlərini və bəşəri tendensiyaları da əlavə edərək “mühit” anlayışının əhatə dairəsini genişləndirə bilərik. Elmin həm indiki problemləri həll etmə, həm dünyanı anlama, həm gələcəyə hazırlaşmaq baxımıdan alternativi yoxdur. Din, fəlsəfə, incəsənət və ədəbiyyat, elmi dəstəkləməklə cəmiyyətə böyük fayda verərlər. Elmi inkar etmək, görməzdən gəlmək, diqqətə almamaq, ona vəsait ayırmamaq isə ən riskli maladptiv davranışdır. Roma Katolik kilsəsi heliosentrik modeli müdafiə edən Kopernikə və Qalileyə mane oldu, Kainat haqqında kilsənin öyrətdiyindən fərqli düşünən Brunonu və Skandellanı yandırdı, ancaq 350 il sonra günəşmərkəzli modeli müdafiə edən alimlərə mane olmaqla ciddi səhv etdiyini qəbul etdi. Kilsə mane olmasaydı, bəlkə elm indi daha çox inkişaf etmişdi. Çox gec olmadan elmə mane olmamağa, sadəcə mane olmamaqla qalmayıb üstəlik onu dəstəkləməyə çalışmaq zəmanətli adaptiv davranış olardı.

Yalçın İslamzadə

“Hədəf Liseyi”, elmi məsləhətçi

# 3820 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #