Metroda gördüyüm şübhəli şəxs

Vüsal Bağırlı, yazıçı

Vüsal Bağırlı, yazıçı

21 oktyabr 2021
# 10:40

Kulis.az Vüsal Bağırlının “Burulğana düşmüş kanoe” adlı yazısını təqdim edir.

Tuneldə qatar dayanmaq üzrədir. Ətalətli ləngərdən müvazinətimi itirib, sərxoş adamlar kimi səntirləyirəm. Əlimdəki kitabı bel çantama dürtə-dürtə yıxılmamağa, qollarımı havada oynadaraq haradan gəldi tutmağa, yapışmağa çalışıram.

Vaqon astmalı, xəstə adamlar kimi xırıltıyla, dərin bir nəfəs alır və fısıltıyla dayanır. Açılmış qapıların şaqqıltısıyla, bir-birinə yapışmış tərli, acıqlı sərnişinlərin perrona, perrondakıların isə içəriyə təpilməsi eyni anda, sinxron şəkildə baş verir. Basa-basa birtəhər sinə gərib, özümü güc-bəla ilə bayıra tullayıram.

Perron izdihamı hamını fırtınaya düşmüş dəniz kanoesi kimi udur. İstəyimə tabe olmayan axın burulğanı məni əvvəlcə yerimdə fırladır, burur və dartıb eskalatora tərəf sürüyür.

Hərəkət edən pilləkənlər aramla məni yuxarı dartır. Nizamla, əsgər ardıcıllığı ilə bir-birinin arxasınca düzülüb, paralel şəkildə yuxarıdan aşağı, küçədən perrona düşən, metroya təşrif buyuran insanları gözdən keçirirəm. İslanmış adamlar saçlarını çırpır, üst-başlarını qaydaya salır, çətirlərini yığırlar.

Bəli, bu payız soyuqlar erkən gəldi.

Qəfləti bir ardıcıllıqla danışan diktorun rəsmi, quru səsi salonu başına götürür və adamı diksindirir: “Qocalara, uşaqlı qadınlara yer verin, metroda şübhəli şəxslər gördükdə...”

Eh, o qədər şübhəli şəxs görürəm ki!?

Yeniyetmə vaxtı detektiv əsərlərə hədsiz aludəçiliyim var idi: Şerlok Holms, Erkül (ona zarafatla Ərgül deyirdim) Puaro, Miss Marpl, Komissar Meqre, Oqüst Düpen, Arsen Lüpen.

Oxuduğum əsərlərin dərin təəssüratına qapılıb, xəfiyyələrin deduktiv yanaşma prinsipini, araşdırma metodunu tətbiq edər, mübhəm cinayətləri, insanlar arasında gizlənən hiyləgər qatili ifşa etməyə çalışar, ayaqqabı üzərindəki palçıq ləkəsindən, pencəyin üzərinə düşmüş lələkdən, eynəyin formasından, sağanağından, papağın görünüşündən onun kimliyini təyin etməyə çalışardım.

Bəzən küçədə mənə şübhəli görünən birisini qarabaqara izləyər, təxəyyülümdə onun haranısa qarət etməyə getdiyini, hansısa bankı soymağa hazırlaşdığını, yaxud ən dəhşətlisi və pisi, kimisə öldürmək, qətlə yetirmək istədiyini zənn edərdim.

Qaşların, gözlərin hərəkətini, mimikaları, jestləri, əllərin titrəməsini müxtəlif potensial cinayət ehtimalına yozar, hər vəchlə gözdən yayınmaq istəyən, ilk baxışda kiçik lakin, olduqca narahat və vacib nüansı aşkar etməyə çalışardım.

O zamanlar hər şey nəzərimdə sirrə, tilsimə, şübhəyə bürünərdi. Canlı, cansız hər bir element, obraz daha maraqlı, qeyri-adi və möcüzəli görünərdi.

İndi isə, hər şey başqa cürdür. Ətrafda baş verənlər sanki laqeydlik pərdəsi arxasında oynanılan vecsiz hadisələrdir. Qatı dumana bürünmüş şüşə arxasındakı tutqun siluetdir.

Bu dəm, son pillələrə çatdığımı hiss edirəm və eskalatorun hərəkətli hissəsindən, metronun çıxış qapısına yönələn sükunət döşəməsinə adlayıram.

Bayır çıxan kimi, narın payız yağışı elə bil bayaqdan məni gözləyirmiş kimi üstümə çilənir. Düşüncələrim, xəyallarım, üzərinə ağac budağı tolazlanmış ürkək sərçə sürüsütək dağılıb gedir.

Səmaya baxıram. Bir-birinin üzərinə qalaqlanaraq şişmiş, köpəşimiş yağmur buludlar küləyin təsiri ilə tənbəlcəsinə yırğalanır, ağır-ağır sağdan-sola, şərqdən qərbə sürünürlər.

Addımlarımı yavaşıdıb, qollarımı açaraq, ən sevdiyim fəslin nəm havasını qarşısıalınmaz ləzzətlə ciyərlərimə çəkirəm. Rütubətli soyuqdan büzüşən, yağışdan islanan, gizlənən bikef, qaşqabaqlı adamlar yanımdan sürətlə ötür və gözlərini bərəldərək, təəccüblə mənə baxırlar...

# 9183 dəfə oxunub

Müəllifin son yazıları

# # #