Bu uzunqulaqlar hara yoxa çıxır?

Vüsal Bağırlı

Vüsal Bağırlı

16 noyabr 2021
# 11:10

Kulis.az Vüsal Bağırlının "Eşşəyin itməkliyi" yazısını təqdim edir.

Kulis.az "Eşşəyin itməkliyi" yazsıını təqdim edir.

Uzun kulaklarını son bir kez salla
Tüm eski dostlarımdan bir haber yolla
Ayrılık geldi başa, katlanmak gerek
Seni çok çok özledim arkadaşım eşek
Arkadaşım eş, arkadaşım şek, arkadaşım eşek

(Barış Manço, əfsanəvi müğənninin repertuarından)

Son dövrlər, ölkəmizdə az qala adət-ənənə halını almış bir vəziyyət müşahidə edilməkdədir. Belə ki, müəyyən müddətdən, bir neçə ildən bir, mütəmadi şəkildə, ulaq, uzunqulaq, qatırların və eşşək cinsindən olan digər binəva heyvanların bir göz qırpımında yoxa çıxması, “fast food” obyektlərində, dönərxana və kafelərdə ətlərindən kütləvi istifadə edilməsi barədə məlumatlar trendə çevrilir və informasiya saytlarının əsas manşet xəbərlərindən hesab olunur.

Bu məsələ, hətta sosial şəbəkələrdə, müxtəlif internet informasiya resurslarında belə, xeyli müzakirə və mübahisələrə meydan açır.
Belə ki, saytlarda ara-sıra eşşəklər haqqında Statistika Komitəsinin məlumatları meydana çıxır. Son belə məlumatlardan, statistik göstəricilərdən əyan olur ki, ölkəmizdə eşşəklərin sayı dəfələrlə azalmış, hətta vəziyyət kəskin pisləşərək, “Qırmızı kitab”a düşəcək kritik həddə çatmışdır.

Belə olan halda, bir manatlıq dönərin damağımızda buraxdığı ləziz, unudulmaz dadı xatırlayarkən, məsələyə azacıq elmi cəhətdən yanaşsaq, eşşək ətinin tələbələrin təhsilində və gənc nəslin yetişməsində rolu mövzusunda dissertasiya işi də, hətta bir az da uzağa gedib, elmi məqalə də ərsəyə gətirmək mümkündür.


Statistik məlumatlara baxdıqda, ortaya olduqca qəribə və əcaz mənzərə çıxır. Məlum olur ki, ən çox və ən şiddətli azalma Aran rayonlarında müşahidə olunur. Bakının özündə də, bu sahədə xeyli kəm-kəsir vardır.

Təsəvvür edin, o boyda paytaxtda, həmçinin Abşeron yarımadasında, ümumilikdə cəmi-cümlətanı, qarşısında bir çimdik yoncası olan, onca eşşək qalıb. Onlar da kim bilir harada və necə gizlənirlər?! Hansı şəraitdə yaşayırlar? Sağ qalmaq uğrunda hansı amansız mübarizələrdən keçirlər?

Mingəçevir və Gəncədə də vəziyyət yaxşı deyil, hətta deyərdim daha acınacaqlıdır. Belə ki, zonada bir dənə də olsun eşşək qalmayıb.
İstər-istəməz sual meydana çıxır. Axı bu eşşəklər haraya qeyb olur!?

Gəlin boynumuza alaq, həqiqətən, sirr və sirillahı məsələdir.
Düşünürəm ki, lap xəfiyyə tutmaq, hüquq-mühafizə orqanlarına müraciət etmək bahasına olsa belə, bu sirrin üstü mütləq şəkildə açılmalıdır.

Yazının bu yerində ölməz Cəlil Məmmədquluzadənin “Eşşəyin itməkliyi” hekayəti yada düşür. Hekayət zavallı Məhəmmədhəsən əminin eşşəyinin qəribə şəkildə yoxa çıxmasından və qəhrəmanın acı, faciəli taleyindən bəhs edir.
Əhvalatın məzmunundan o nəticəyə gəlirik ki, eşşəklərin mübhəm şəkildə azalması, itməsi, yoxa çıxması lap çoxdan, əsrin əvvəlindən üzü bu yana, xalqımızın əsas problemlərindən hesab olunmuş, ziyalı və yazıçılarımızı bərk narahat etmişdir.

Qazağın Şıxlı kəndində bir pir var. Deyilənə görə, mal-qarası, yaxud gözünün ağı-qarası, atı, qoyunu yaxud camışı xəstələnən adamlar dərdlərinin əlacını, problemlərini yalnız orada həll edə bilirlər.

Bəzən fikirləşirəm, bəlkə, elə kütləvi və sirli şəkildə qeyb olmuş, itkin düşmüş eşşəklərin, ulaqların sorağını, elə həmin ocaqdan öyrənmək lazımdır!?

Belə məqamda, eşşəklər haqqında bir-iki kəlmə əlavə etmək zərurəti meydana çıxır və müəllif əlinə düşmüş yağlı fürsəti əldən buraxmır.

Bineyi qədimdən, lap ta, eramızdan çox-çox əvvəllki dövrlərdən ulaqlar yük daşınmasında geniş istifadə olunmaqdadır. Yəni eşşəklər ilk əhliləşdirilmiş, Adəm oğlu adama ilk güvənmiş, etibar etmiş heyvanlardır.

Əslində, ulaqlar atlara nisbətən azca astagəl və ləngdirlər. Lakin, onlardan daha dözümlü, qidaya və suya qarşı daha az tələbkardırlar.

Eşşəyi atla müqayisə edərkən, yada yenə Cəlil Məmmədquluzadənin məşhur "Eşşəyin itməkliyi" əhvalatı düşür. Hekayətdə həmin müqayisə belə təsvir olunur.

"Məhəmmədhəsən əmi bir ulağ aldı. Söz yox, ulağ atdan yaxşıdı. Əvvələn ondan ötrü, ulaq atdan ucuzdu. Bəlkə, heç Məhəmmədhəsən əmi otuz-qırx manat tapa bilməyəcək idi ki, ata versin. Bir də birisi ziyarətə ulağnan gedə və qeyrisi atnan gedə, əlbəttə, ulağnan gedənin ziyarəti allah-taala yanında tez dərəceyi-qəbula yetişər".

Düzdür, eşşək əti hər yerdə yeyilməsə də, Asiya, Afrika və Amerikanın bəzi ektravaqant restoranlarında geniş istifadə edilir, hətta delikates hesab olunur.

Necə deyərlər, yeməmisən ulaq ətini, nə biləsən ləzzətini?!
Eşşəklər həm də ağıllı heyvanlardır. Onlarda özünüqoruma, müdafiə olunmaq hissi çox yaxşı inkişaf etmişdir. Əgər görəcəyi hər hansı bir işin onun təhlükəsizliyi və maraqları əleyhinə olduğunu anlasa, bu zaman, öldürsən də, onu bu işə məcbur edə bilməzsən. Buna görə də, bəziləri yanlış olaraq, uzunqulaqların bu qəribə xarakterini inadkarlıq və tərslik kimi başa düşürlər.

Ümumiyyətlə, uzunqulaqların iki, latınca “Equus asinus” adlanan vəhşi və “Equus asinus asinus” adlanan əhliləşdirilmiş növləri vardır. Bu məqamda haqlı və eyni zamanda, ritorik sual meydana çıxır.

Görəsən, biçarə heyvanların hansı növünü bizim cəmi-cəmaətimiz indiyə qədər dönərxana və kafelərdə həzmi-rabedən keçirirmiş?

Deyirlər, uzunqulağın Argentinada yayılmış bir vəhşi növü vardır. O qorxmadan, çəkinmədən, mərdi-mərdanə yırtıcı bəbirlə, hətta canavarla belə açıq döyüşə girir. Bu zaman, heyvan birbaşa yırtıcının üzərinə yeriyir və onu şiddətlə təpikləyir, dişləyir və qəflətən elə bir qorxunc səslə anqırır ki, yazıq yırtıcının dabana tüpürüb əkilməkdən başqa çarəsi qalmır.

Əgər kiməsə eşşək saxlamaq xoşbəxtliyi üz veribsə, bu peşənin sahiblərinə, bir xatırlatma etsək, lap yerinə düşər.
Ulaqların ən yaxın dostu atlar hesab olunur. Yola getmədiyi, tez-tez dalaşdığı heyvan isə itdir.

Eşşək uşaqlar üçün də çox maraqlı və cəlbedicidir obrazdır. İngilis yazıçısı Alan Milin “Vinni Pux” hekayələr kitabındakı İA-İA və məşhur “Şrek” çizgi filminin personajı Eşşək onların ən sevdikləri qəhrəmanlardır.

Zəruri haşiyə:
Bizdə, hərdən bəzi tipləri, kəsləri və şəxsləri “eşşək” deyə adlandırmaq dəbdədir. Hətta, bundan xüsusi zövq və ləzzət alanlar da mövcuddur. Amma düşünürəm ki, bu cür adlanma, əslində, şəxsə, adama deyil, eşşəyə qarşı böyük haqsızlıqdır. Bir halda, əgər adam qanmaz, qalınqabırğa və üstəlik səfehdirsə bunun dinməz, söyləməz, müti, sədaqətli və şəfqətli eşşəyə nə dəxli vardır?!
Özü də qəribəsi nədir?
Filankəsi “eşşək” deyə adlandıran hər hansı bəhmənkəs, “ş” hərfini xüsusi vurğuyla və uzadaraq deyir ki, bu da söyülən, həqarət olunan adama məxsus bütün mənfi xasiyyət və xarakterləri guya daha da şiddətləndirir, riyazi dillə desək, bir növ kvadrata yüksəldir.

Bəli, dövr, zəmanə dəyişir. Bu gözəl gözlü, qüssə baxışlı, qəm nəzərli heyvanlar qloballaşma, bərabərləşmə və informasiya dövrünün imkanlarından istifadə edərək, insanlar tərəfindən özlərinə qarşı olan amansız istismara və haqsız münasibətə artıq, qəti şəkildə etiraz etməyə başlamışlar. Yəni, elmi-kütləvi dillə desək, təsir, əks təsirə bərabər olub.

Bunun ilk əlamətləri özünü aşkar şəkildə biruzə verməkdədir. Alınan son və qəti xəbərlərə görə, Daşkəsənin (bəlkə də, Lerikin, yaxud da, Balakənin) hansısa kəndində uzunqulaq qəflətən ağız ataraq, otuz yeddi yaşlı kişini bir yerindən bərk dişləmişdir.

Beləliklə, bədənindən müxtəlif xəsarətlər alan şəxsə ilkin tibbi yardım göstərilmiş və onun bud, omba və qasıq nayihəsinə otuz yeddi tikiş (nə az, nə çox) qoyulmuşdur. Yaralı təcili surətdə Gəncə şəhər mərkəzi xəstəxanasına çatdırılmışdır. Hal-hazırda pasiyentin vəziyyəti orta qənaətbəxş qiymətləndirilir. Eşşəyin taleyi barədə isə, təəssüf ki, məlumat əldə etmək mümkün olmamışdır.


# 2679 dəfə oxunub

Müəllifin son yazıları

# # #