Tolstoyun taktiki gedişi, Nabokovun dəli olan qəhrəmanı... - Şahmatçı yazıçılar

Tolstoyun taktiki gedişi, Nabokovun dəli olan qəhrəmanı... - Şahmatçı yazıçılar
6 avqust 2024
# 12:00

Kulis.az Vüsal Bağırlının "Şahmatçı yazıçılar" adlı yeni yazısını təqdim edir.

Nə gizlədim, şahmat vurğunuyam. Şahmat oynamaq ən sevimli hobbilərimdən biridir. Ara-sıra həm özüm oynayıram, həm də başqa şahmatçıların oyunlarını araşdırıram. Şahmat sehrdir, narkotikdir, ümumdünya cazibə qüvvəsidir. Bəzən ona elə aludə olursan, oyun səni elə ovsunlayır ki, zamanın, saatların necə keçdiyini bilmirsən.

Şahmatın əsas qaydaları bunlardır: anidən düşünmə sürəti, gediş dəqiqliyi, səbr etmə və rəqib hiyləsinə düşməmə bacarığı.

Mən şahmatı uşaq vaxtı öyrənmişdim. Özü də kimsə xüsusi olaraq mənə fiqurları xanalar üzərində hərəkət etdirməyi başa salmamışdı. Baxa-baxa, müşahidə edə-edə öyrənmişdim.

Məhəllədə hər gün böyüklər öz aralarında şahmat yarışı keçirirdilər. Kənarda dayanıb diqqətlə oyunlara, gedişlərə baxır, hər dəfə yeni nəsə götürürdüm.

“Hə, deməli, belə olur? At belə hərəkət edir, qalaqurma belə qurulur, piyada son xanada vəzirə çevrilir?!”

Beləcə, bir də baxdım ki, özüm də oynayıram.

***

Şahmat qəribə oyundur. Rəqiblə qarşı-qarşıya oturub, növbəti gediş üzərində baş sındırarkən, oyun adamı elə bihuş edir ki, bütün diqqətin lövhənin üzərində cəmləyirsən, ərtafda, yan-yörəndə baş verənləri unudursan. Heç nə görmür, heç nə eşitmir, heç nə duymursan. Beynində yalnız ağ-qara xana üzərində hərəkət edən fiqurlar, növbəti gedişlərdir.

Mixail Tal, Alyoxin, Steyints, Anand, Fişer. Yox, biz şahmat sehrbazlarından, qrossmeysterlərdən bəhs etməyəcəyik. Bu günkü söhbətin mövzusu şahmatçı yazıçılardır.

Ədəbiyyat və şahmat oxşar yanaşma tələb edir. Yazıçı roman, hekayə üzərində işləyərkən şahmatçı ilə eyni hissləri keçirir. Yazıçı da əsər yazarkən şahmatçı kimi ətrafda baş verənləri unudur, bütün diqqətini yalnız yazdığı, kökləndiyi əsərə yönəldir. Bəs yazıçılardan şahmatçı olanı varmı?

Gəlin yoxlayaq.

***

Bir gün “Youtub”da qarşıma bir video çıxdı. Yazıçı Lev Tolstoyun İvakov adlı rəqiblə oyunu. Tolstoyun şahmat həvəskarı olduğunu bilirdim, amma konkret bir rəqib qarşısında canlı oyununu ilk dəfə izləyirdim. Böyük ədibin şahmatda oyun potensialı, hansı gedişləri etməsi, hansı riskləri göz altına alması mənim üçün maraqlı idi.

Tolstoy debütü “Şah Qambiti” ilə açır. Özü də böyük riskə əl atır, başlanğıcda birdən-birə üç piyadanı qurban verir. Amma sonra aydın olur ki, bu taktiki gedişdir, rəqibi tələyə salma hiyləsidir. Endişpildə Tolstoy taktikanı qəflətən dəyişir, əks hücumla, qəfləti həmlə ilə inamlı qələbə qazanır.

Deyirlər ki, şahmat oynamaq ov və mütaliə ilə birgə Tolstoyun sevimli məşğuliyyətlərindən sayılıb.

Tolstoy şahmata həyatının müxtəlif illərində müxtəlif cür yanaşıb. Yeniyetmə illərində o, qədim oyuna yaddaşın inkişafı, iradə və xarakteri möhkəmlətmək imkanı kimi baxıb. Gənclik dövründə qurulan kombinasiyaların gözəlliyindən zövq alıb, daha yaşlı vaxtlarında isə şahmatla intellektual oyun olaraq əylənib.

Qafqazda hərbi xidmət zamanı başına xoşagəlməz hadisə gəlir. Döyüşdə göstərdiyi şücaətə görə ordu rəhbərliyi onu Georgi Xaçı medalıyla təltif edir. Amma yazıçı medalı ala bilmir. Nə qədər qəribə görünsə də, buna səbəb şahmat olur. Belə ki, o, silah saxlanan anbarı gecə qorumalı, orda qarovulda dayanmalı imiş. Amma əvəzində Tolstoy zabit dostunun evinə gedir və səhərə qədər şahmat oynayır. Yoxlamaya gələn diviziya rəisi onun xidmət yerində tapmayınca qəzəblənir, yazıçını həbs etməyi əmr edir. Nəticədə, Tolstoy medalsız qalır.

Lev Tolstoy şahmatı övladlarının tərbiyə sisteminə daxil etmişdi. Bütün həyatı boyu o, şahmata olan sevgisinə sadiq qaldı, demək olar, hər gün ağır yazıçı əməyindən sonra dostları, qonaqları, qonşuları ilə şahmat oynadı. Onun əsas rəqibləri riyaziyyatçı Sergey Urusov, musiqiçi Sergey Taneev, yazıçı İvan Turgenev idi.

Yazıçı İvan Turgenev də güclü şahmat həvəskarı hesab olunurdu. Hətta deyirdilər ki, o, şahmatçılar arasında ən yaxşı ədib, ədiblər arasında ən yaxşı şahmatçıdır. Turgenev muzeyinin kitabxanasında müxtəlif şahmat kitabları, ingilisdilli “Şaxsaytunq”“Çess pleyere kronikl” jurnalları saxlanılır. Həmin jurnalların səhifələrində yazıçı taktiki oyun gedişləri, variantlar üzərində karandaşla qeydlər aparıb.

Tolstoyla Peterburqa gələndə həmişə Aniçkov körpüsünün yanında, Fəvvarələr küçəsində yaşayan Turgenevin evində qonaq qalırmış. Turgenev bir gün onu Peterburq şahmat klubuna aparır. Orda bir küncə çəkilib ikilikdə şahmat oynayırlar. Tolstoy bacısı Mariya Nikolayevnaya göndərdiyi məktubda görüşü belə təsvir edir:

“Biz düz səkkiz saat şahmat oynadıq. İvan çox güclüdür. O, iki qələbə qazandı, mən isə yalnız bir partiya uddum. Düşünürəm ki, bu ümumi gücü əks etdirmir, çünki yorğun idim. Gərək yenə oynayaq...”

Turgenev öz yaradıcılığında da şahmata toxunur. Onun “Bədbəxt” povestində bir-birlərinə vurğun qəhrəmanlar öz sevgilərini şahmat lövhəsi arxasında izhar edirlər.

Mixail Bulqakov “Master və Marqarita”nı yazdığı dövrlərdə qəribə bir şahmat partiyasının şahidi olur. Oyun 1936-cı ildə İttifaqlar Evinin Kolon zalında baş tutur. Orda canlı şahmat oyunu, nəhəng şahmat meydançasında fiqurları kostyum kimi geyinmiş aktyorların əsl şahmat teatrı nümayiş olunur.

Həmin tamaşada aldığı təəssüratları Bulqakov “Master və Marqarita” romanında da göstərir.

Erix Maria Remark da şahmat oyununa biganə deyildi. Oyunla bağlı səhnələr ədibin müxtəlif romanlarında (“Üç yoldaş”, “Zəfər tağı”, “Borc götürülmüş həyat”) əks olunur. Onun personajlarından biri, səksən yaşlı qoca Rixter ağır vərəm xəstəsidir. Uzun illər sanatoriyalarda yaşayır. Amma səylər, müalicələr nəticə vermir. Sonra bir həkim ona şahmat oynamağı məsləhət görür. Bu üsul tapıntı olur. Rixter şahmatın sayəsində yaşamağa davam edir.

Rixter romanın digər qəhrəmanı Liliana deyir:

“Şahmat bizim daxilimizə tamam başqa istiqamət verir. Oyun məni insani iztirablardan – qüssə, şübhə, nisgil – o qədər yayındırır ki, oyuna o qədər aludə olursan ki, tam sakitləşirsən. Şahmatın içinə girdikdə sən heç bir pis şey haqqında, hətta ölüm haqqında belə düşünmürsən”.

Şahmat Nabokov üçün o qədər vacib hobbi idi ki, hətta bu barədə o, “Şeirlər və məsələlər” adlı kitab da yazıb. 1970-ci ildə nəşr olunan Kitabda 49 şeir və 18 şahmat məsələsi əks olunurdu. Yazıçı deyirdi: “Ədəbiyyat üçün poeziya, şahmat üçün məsələ - eyni şeydir”.

Nabokovun "Lujinin müdafiəsi" romanının baş qəhrəmanı istedadlı şahmatçı Lujindir. O, şahmat fanatikidir. Oyunu o dərəcədə sevir ki, gerçək dünyanı onu turnirlərdən yayındıran bir xəta, yanlışlıq kimi qəbul edir. Hətta yaxınları, nişanlısı ilə münasibətlər belə onu narahat edir. Yarışda həlledici oyun zamanı gərginlikdən Lujinin zehni dumanlanır. O, müalicə üçün xəstəxanaya göndərilir. Sağaldıqdan sonra Lujin "adi" həyata davam edir, lakin bir müddət sonra şahmat yenidən onun beyinin zəbt edir. Belə yaşamağa dözməyərək, intiharı yeganə çıxış yolu kimi görən Lujin özünü pəncərədən atır, – Lap Nabokovun dostu, real şahmatçı Kurt fon Bardeleben kimi.

"Lujinin müdafiəsi" əsəri əsasında hollandiyalı rejissor Marlen Qorrisin 2000-ci ildə çəkdiyi eyniadlı film də var. Filmdə baş rolları Con Turturro və Emili Uotson oynayır.

Şahmat məşhur ingilis klassiki Luis Kerrollun həyatında da mühüm yer tutub. O, həmişə İngiltərənin şahmat həyatında baş verən hadisələrlə maraqlanır, özü tez-tez şahmat oynayır, hətta uşaqlara da qədim oyunu öyrədirdi.

Şahmat oynama epizodları Lyuis Kerrollun gündəliklərində dəfələrlə xatırlanır. 1862-ci ildə Kerroll bacısı Meriyə yazırdı ki, Alfred Tennisonun oğlu səkkiz yaşlı Lionel Tennisonla şahmat oynayıb. 19 aprel 1862-ci ildə Lyuis Kerroll bacısına göndərdiyi məktubda yazır:

“...mən Lionellə müqavilə bağladım ki, o, şeirlərindən bir neçəsini mənə versin, mən də əvəzində ona öz şeirlərimdən bir neçəsini göndərim. Amma razılaşmaq çox çətin alındı. Çünki o, çoxlu əlavə şərtlər qoyurdu. Mən az qala ümidimi itirmişdim. Şərtlərdən biri belə idi ki, onunla şahmat oynamalıyam. Şərtə görə oyun hər tərəf üçün 12 gedişlə məhdudlaşırdı. Amma mən 6-cı gedişdə onu mat etdim... "

Kerrollun “Alisa xəyal güzgüsündə” nağılının süjeti də, hadisələr də şahmat taxtasından ibarət dünyada baş verir. Aynalı otaqdan keçən Alisa bir də gözünü açır ki, çiçəkli bağçadadır. Burada o, Qara Kraliça ilə görüşür və özü yeni şahmat fiquruna, Ağ Piyadaya çevrilir.

# 1776 dəfə oxunub

Müəllifin son yazıları

# # #