Dəhşətli susuzluğu necə yatızdırmaq olar? - Vüsal Bağırlı yazır...

Vüsal Bağırlı

Vüsal Bağırlı

5 iyul 2022
# 12:40

Kulis.az Vüsal Bağırlının "Qarpız" adlı yazısını təqdim edir.

İmişlidə bir isti var, qarpızın içindən çox, çölü qızarır...

"Feysbuk” atalar sözü

Uşaqlığım İmişli rayonunda keçib. Bir dəfə, rayonda atamla çayqırağı kəndə getmişdik. Doğrusu, bostanda ilk dəfə qarpızı, bu ecazkar, möcüzəvi və qəribə bitkini görəndə çox təəccübləndim...

Bu nədir belə, nə qəribə şeydir?

Qarpız öz yaşıl-qara ekstravaqant, qeyri-adi görünüşü ilə mənə bitkidən daha çox, kərtənkələni, qurbağanı, suda-quruda yaşayan amfibiya canlıları xatırlatmışdı. Adama elə gəlirdi ki, bu yaşıl zolaqlı, dəyirmi varlıq toxunsan, əlini vursan qəflətən diriləcək, tərpənəcək hərəkətə gəlib arx boyu harasa diyirlənəcək, ayaq açıb gedəcək.

Yay aylarında rayondakı evimizdə qarpız, yemiş, şomba, qovun o qədər çox olardı – əlli dənə, yüz dənə – sayı-hesabı bilinməzdi. Evdə diyirləyib çarpayının, masanın, dolabın altına yığardıq qonum-qonşuya paylayardıq, tanış-bilişə verərdik qurtarmazdı.

Uşaqkən həyətdə tez-tez futbol oynayırdım.

Qızmar yay günəşi, boğanaqlı Aran istisi, üstəlik bürkü və üz-gözümdən, alnımdan, kürəyimdən fasiləsiz axan selləmə tər orqanizmin su ehtiyatını bir andaca tükədir, dil-dodağımı qurudurdu.

“Bəs mən neyləyim, dəhşətli susuzluğu necə yatırım?”

Cəld, yubanmadan evə qaçırdım. Qarpızlardan birini götürüb, ortadan bölürdüm. “Yox, rəngi xoşuma gəlmədi”. Sonra, digər qarpıza əl atırdım, sonra, bir başqasına.

“Yox, heç onu da bəyənmirəm”

Beləcə, onlarla qarpızı zibil qabına atılırdı, ta istədiyim rəngi və dadı bir dequstator məharəti, ekspert dəqiqliyi ilə tapana qədər. Sonra isə sulu, ləzzətli qarpız dilimlərini tələm-tələsik dişimə çəkir, həzmi-rabedən keçirirdim.

Qarpız əsl yay bitkisidir. Böyükdür, suludur, şirindir, ucuzdur, boldur. Susuzluğu həmən yatırdır. Üstəlik, pendir-çörəklə də əla gedir.

Bir şeyi pisdir ki, qulağına çəkib nə qədər sıxsan da, çırtmalasan da kəsəndə bəzən yaxşı dəymədiyi, yetişmədiyi məlum olur.

O gün məhləmizə yepyekə yük maşını gəldi. Sürücü maşından düşüb əllərini arxada çarpazladı və bir ayağını şəstlə irəli qoyaraq ucadan elan verdi:

“Ay camaat, məhəlləyə təzə məhsul gəlib. Gəl ay müştəri, alan aldanmaz, evdə danlanmaz”.

Maşının yük yeri taybatay açıldı və məlum oldu ki, ora aranlılar demiş, “ağız-bığız”, yay baharatları, yemiş, qarpızla doludur.

Birini seçdim və heç bir sınaq yoxlaması keçirmədən, lotereya prinsipi ilə ürəyimdə, “əşi nə olar, olar” deyərək alıb evə gətirdim. Qarpız ritual və ənənələrə uyğun olaraq, mətbəxdə sərin suya qoyuldu. Sonra, başı dəyirmi formada kəsildi, ortadan bölündü və gözəl ətri bir andaca mətbəxi, evi bürüdü. İntuisiyam aldatmamışdı, qarpız, həqiqətən, al qırmızı, sulu və dadlı çıxmışdı.

Balaca Nurxan cəld masa arxasında keçib səbirsizliklə onu gözləməyə başladı. Özü də qarpızı xırda doğranmış deyil, dilim-dilim istəyirdi.
Budur göy qabıqlı, qara xallı, al yanaqlı gəmiyə bənzər iri bir dilim Nurxanın qarşısındadır.

Nurxan əlini uzadır, əsrarəngiz dilimi əlinə götürür, azca qoxulayır, gözəl ətrini sinəsinə çəkir və ehtiyatla ağzına yaxınlaşdırır.
O, dilimi ləzzətlə dişləyir, udur, bir də dişləyir. Qarpızın qırmızı suyu, şirəsi ağız-burnundan, çənəsindən süzülür, boğazına tökülür, oradan isə üzü dərəaşağı sinəsinə, qarnına axır.

Nurxan bunu hiss etmir. Onun əli, qolu, paltarı, hər yeri yapışqan kimi olmuşdur. Hər tərəf, hər yan qara böcəyə bənzəyən qarpız dənələri ilə dolmuşdur.
Fəqət bütün bunlar Nurxanın heç vecinə də deyil. O, öz işindədir.

Gözləri ləzzətdən qıyılmış, burnu qırışmış, qarnı şişib tuluğa dönmüşdür.

Qarpız, ye qarnını qalxız...


# 2273 dəfə oxunub

Müəllifin son yazıları

# # #