Əsgər mesajı - Vüsal Bağırlı

Əsgər mesajı - Vüsal Bağırlı
27 sentyabr 2023
# 10:00

Kulis.az Vüsal Bağırlının "Əsgər mesajı" adlı yeni yazısını təqdim edir.

“- Bu gürcünün adı nədir?
Cəbhədə hamının yalnız bir adı olur - əsgər !”
(Rezo Çxeidzenin “Əsgər atası” filmindən)

Bu hadisə 2020-ci ilin payızında baş vermişdi. Müharibənin bitməyindən bir neçə il sonra olayı yenidən xatırladıqda o zaman keçirdiyim hiss-həyəcanımı, duyğularımı sanki təkrarən yaşadım.

Yadıma düşür, qonşu mənzildə bir ailə yaşayırdı. Ata, ana və onların gənc övladı. Oğlan “Elmlər Akademiyası” metrosu tərəfdə yerləşən nəşriyyatmı ya bəlkə də dükanmı, kitab satışı, çapı ilə bağlı bir yerdə işləyirdi. Bilirdim ki, mütaliə həvəskarıdır. Çünki eynəkli, ciddiyyətli simasından zəka nuru yağırdı, bir yerə gedəndə, hardansa qayıdanda daim qoltuğunda kitab olurdu. Bəzən qarşı-qarşıya gəldikdə onunla salamlaşıb söhbətləşir, oxuduğumuz son kitablardan, romanlardan, müəlliflərdən bəhs edir, qısa məlumat mübadiləsi, ədəbi müqasiyələr aparırdıq. Ayaqüstü ədəbi diskussiyalar, müzakirələr edirdik.

Sevdiyi yazıçı Anton Çexov, ən sevdiyi əsər Corc Oruelin "Heyvanıstan" əsəri idi.

Həmin ərəfələrdə Vətən müharibəsi başladı, oğlan da qeybə çəkildi. Xeyli müddət onu görmədim. Bir dəfə liftdə onunla deyil, valideynləriylə rastlaşdım. Qapıbir qonşularım ata və ana yanaşı dayanmışdılar, oğlan isə yox idi. Övladı soruşdum. İkisi də birdən dilləndi. Bir ağızdan, xorla danışmağa başladılar.

Oğul səfərbərliyə alınmış, ön cəbhəyə yollanmışdı. Füzuli, Xocavənd, Hadrut tərəflərdə döyüşürdü.

Amma burada qəribə bir məqam var idi. Fikir verdim ki, oğul cəbhədə, ön xətdə, birbaşa odun-alovun içində olsa da, ata-ana əsla bikef deyil, əksinə sevinirlər, gözləri işıldayır.

Onlar qürur duyurdular. Axı oğulları vətəni azad etməyə yollanmışdı? Axı torpağı yağı düşməndən xilas edirdi? Bu elə-belə, sıradan hadisə deyildi, fəxr olunası, qürur duyulası məqam sayılırdı.

Doğrusu, belə reaksiyanı gözləmirdim. Bu hisslər mənim üçün yenilik idi. İlk dəfədir belə şeylə qarşılaşırdım.
Biz liftdən çıxıb qapının ağzında sağollaşdıq. Həftələr keçdi. Bu müddət ərzində onları görmədim. Bir gün yenə rastlaşdıq. Yenə liftdə görüşdük. Bu dəfə kefsiz, narahat görünürdülər. Simalarına ağır kədər tozu hopmuşdu. Üzgün, yorğun nəzərlərlə mənə baxırdılar. Sanki ağır bir iş altından çıxmış, taqətdən düşmüşdülər.

Mən susurdum. Onlar da danışmırdı. Liftin içərisində dərin sükut və dilxorçuluq hökm sürürdü. Lift uğultuyla qalxdıqca mən onları diqqətlə süzür, onlar isə baxışlarını yayındırır, nəzərlərini yerə dikir, mənə baxmamağa çalışırdılar.

İstər-istəməz qorxu hissi keçirdim. Müharibə, cəbhə, şiddətli döyüşlər, ölüm-itim…

Görəsən, bir şeymi olub? Görəsən, nə baş verdiyini xəbər alımmı? Belə məqamda, danışmaq, sual vermək etik cəhətdən düzgündürmü?

Nəhayət, qəti qərara gəldim və sözümü hər ikisinə ünvanladım:

Rəsul necədir? Salamatdır?

Sözüm hər ikisini tutdu. Bəlkə də, sualı gözləyirdilər, amma diksindilər. Doluxsundular. Sözə qadın başladı. Gözləri yaşarmışdı. Əlləri bərk əsir, əsəbi halda danışırdı. Neçə gündür oğuldan xəbərsiz olduqlarını, buna görə bərk həyəcan keçirdiklərini, gecə yata bilmədiklərini, nigaran qaldıqlarını titrək səslə bildirirdi. O danışır, danışır, ağlamasa belə, göz yaşları yanaqlardan qeyri-ixtiyari üzüaşağı süzülürdü. O, həyəcanla danışarkən, mən tərəddüdlü vəziyyətdə özümü qınayır, verdiyim suala görə ürəyimdə öz-özümü danlayırdım. Elə bu an liftdə qısa siqnal səsi eşidildi.

Zinq...!

Səs bir də təkrar olundu.

Başımızı səs gələn tərəfə çevirdik. Atanın əlindəki telefonun monitoru yanıb-sönürdü, işıq görünürdü. Səs ordan gəlirdi, Telefon vibrasiyadan titrəyirdi. Cihaza vatzap mesajı gəlmişdi. Kişi gözünü monitora dikdi və yazını oxuduğu məqamda bircə onun üzünü görəydiniz, mimikanın, hisslərin bir andaca necə dəyişdiyini biləydiniz?!

Düyünlənmiş qaşlar yuxarı dartıldı, qırışmış üz açıldı, büzüşmüş ağız kənarları hamarlandı. Qaşqabaq tədricən təbəssümə çevrildi. Gözlər sevincdən qıyıldı. Göz bəbəkləri genişləndi və yenə par-par yanmağa, ümidlə parlamağa başladı. Bəli, mesaj ondan gəlmişdi.
Rəsuldan. Əsgər oğuldan.

O, qısa və lakonik yazılmış bir-iki sözlə, təfərrüatsız-filansız hər şeyin yaxşılığa dəyişdiyini, sağ-salamat olduğunu, düşmənlə vuruşduğunu, tezliklə qələbə qazanacaqlarını bildirirdi.

Düşmən arxasına kəşfiyyata göndərilmiş, vacib döyüş tapşırığı yerinə yetirmişdi. Buna görə də, evə xəbər göndərə bilməmişdi. Amma indi bir kəlmə, bir neçə söz yazmağa imkan yaranmışkən o, bunu tələsik, ayaqüstü dəyərləndirmişdi.

Kim bilir, bəlkə də hansısa hospitalda, yaxud hərbi səhra yeməkxanasında, bəlkə, şıdırğı döyüşdə, yaxud da savaşarası qısa fasilə zamanı səngərdə, tələsik yazılaraq, “OK” düyməsini basmaqla göndərilmiş sözün, cümlənin hansı gücə malik olduğunu, hansı möhtəşəm təəssüratlar, ümidlər yaratdığını, dəqiqələr içində ölüm-qalım arasında çırpınan həyatın müdhiş faicədən sıyrılıb, hədsiz xoşbəxtliyə çevrildiyini həmin an görmək, duymaq adamı həm riqqətə gətirir, həm də mütəəssir edirdi.

# 1631 dəfə oxunub

Müəllifin son yazıları

# # #