Elə bil çay da susmuşdu - Mənzər Niyarlının hekayəsi

Elə bil çay da susmuşdu - Mənzər Niyarlının hekayəsi
1 may 2026
# 16:10

Kulis.az Mənzər Niyarlının "Elə bil çay da susmuşdu" hekayəsini təqdim edir.


Bu yerlərdə doğulub böyüdüyü üçün, bu yerin yollarına, cığırlarına bələd olduğu üçün bələdçiliyi də o eləyirdi. Yəni qabaqda o sürürdü maşını. Maşınını keçən il almışdı. Köhnəni satandan sonra. Rəngi də qırmızıydı. Köhnəsi hərçənd ki, qaynatasının idi. Ancaq çox vaxt ona verirdilər sürməyə. Arxadan da Ağaların maşını gəlirdi. İçində də arvad-uşağı. Ağalar ən yaxın dostuydu. Nədənsə ürəyi sıxılırdı. Qanı qaraydı. Fikirləşdi ki, əlbət yenə də soyuq dəyib ona. Əlinin birini sükandan çəkdi, iri, piy basmış qarnını sığalladı... Tez-tez mədəsi ağrıyırdı. İşdə də, evdə də. Gecə-gündüz onu narahat edirdi bu ağrılar. İnildəyirdi, fısıldayırdı, yazıq-yazıq şikayətlənirdi. Axır ki, Almaz dilə gəldi:

– Nə başımızı ağrıdırsan ey bizim? Qoysana yataq. Doktor var, dava-dərman var. Get özünü göstər də.

Tanış həkim baxdı:

- Elə bir şey yoxdu, - dedi. – Ancaq yeməyini qarışdırırsan. Bir müddət pəhriz saxlamalısan.

Yaman qorxurdu ölümdən. Bir yeri ağrıyanda elə bilirdi ömrünün axırıdır.

Arvadı qabaq oturacaqda əyləşmişdi. Yanpörtü oturub ağ, yumşaq dirsəyini maşının pəncərəsindən çıxartmışdı. Üzündə donuq, müəmmalı bir ifadə gəzirdi... Məhərrəm heç vaxt baş aça bilmirdi bu donuqluqdan. Dağlara yaxınlaşdıqca aran təbiətin bozluğu, kasıblığı hiss edilmədən geridə qalırdı. Boz, quru çölləri, ala-seyrək çəmənlikləri, cadar-cadar olmuş torpağı keçdilər və dağların arasıyla, nazik araba cığırını tutub qalxdılar. Tez-tez bulağa rast gəlirdilər. Sonra isə sıx yaşıllığa qovuşdular.

Bəs niyə qanı qaraydı? Niyə ürəyi açılmırdı? Doqquz il olardı bu yerlərdən çıxmışdı. Bircə dəfə qatarla gəlmişdi. Axşam qatarıyla da qayıtmışdı. Mayın axırları idi. Ancaq tarixini dəqiq bilmirdi. Məhkəməlik işi vardı. Gəldi. İki saata həll olundu işi və geri qayıtdı. Almaz da o barədə heç nə soruşmadı ondan. Kefi kök idi onda Almazın. Məhərrəm brilyant üzük almışdı ona, sırğasıyla komplekt. Kənddən qayıdandan bir az keçmiş ZAQS-a getdilər. Həmin məhkəməlik işindən sonra bir dəfə də olmuşdu kəndlərində. Anası öləndə. Ancaq həmin günün də tarixini unutmuşdu. Dəfn günü də şəhərə qayıtdı. Anasının yeddisini, qırxını şəhərdə verdi. Kəndləri hərdən bir yadına düşürdü. Özü də elə bu vaxtlar. İstilər düşəndə. Əvvəllər xalası oğlu şəhərə gələndə onun evinə düşərdi. Sonra o da yavaş-yavaş ayağını kəsdi. Bir dəfə şəhərdə rastlaşdı. Maşını saxlayıb umu-küsü elədi:

- Gəlib, getmirsən – dedi.

Xalası oğlu da: - İncimə, qardaş. – dedi. – Elə uşaqlara ayın-oyun alıb axşama qayıdıram.

Ancaq ürəyi başqa söz deyirdi: «İncimə, qardaş. Qabağıma yemək qoyanda, yerimi salanda arvadının qaşqabağı yernən gedir. Qohumum olsan da, canım-ciyərim olsan da üz vurma, qardaş». Gözucu arvadına baxdı. Almazın üzündə gəzən bayaqkı ifadə hələ də çəkilməmişdi. «Heç baş açmaq olmur nə fikirləşir. Adam qızı kimi danışmır ki, danışdırasan, söhbət edəsən». Məhərrəm hiss edirdi ki, evdə üstünlük Almazındı. Uşaqlarının yanında da ancaq Almazın sözü keçir. Elə srağagün qızına – Nərgizə deyir ki, dur, balası, o televizoru söndür. Nərgiz o dəqiqə anasına baxır. Yəni mama, sən nə deyirsən, söndürüm televizoru, yoxsa söndürməyim? Axır vaxtlar isə evdəki bu əhvali-ruhiyyəyə dözə bilmirdi. İstədi papiros çəkə. Fikrindən daşındı. Darağını çıxartdı, daz başının qabaq hissəsində qalan bir çəngə, seyrək tükü sağdan sola daradı, tükləri sözünə baxmadı, yenidən gözünün üstünə düşdü.

Bir neçə il bundan əvvəl saçlarına daraq batmırdı. Ərini bu vəziyyətdə görəndə Almazı gülmək tutardı. İndi də istər-istəməz dodağı qaçdı. «Sən elə daramağında ol. Heç baş aça bilmirəm darağı yanında niyə gəzdirirsən?»

Qabaqlarına bir kənd çıxdı. Yolun ağzını sürü tutmuşdu. Qoyunlar nə o yana tərpənirdi, nə də bu yana. Döyükə-döyükə ətraflarına boylanırdılar. Ağaların oğlu Elşad:

– Qoyunun quyruğuna baxın, quyruğuna, - dedi.

Maşınlar sürünü yarıb keçəndən sonra arxadan qızı:

- Mama, yadındadı, - dedi. – O dəfə də qoyun görmüşdük. – Yadındadı? – Almaz cavab vermədi. Nərgiz əl çəkmədi: Yenə də:
- Yadındadır, - deyirdi, - yadındadı?

Məhərrəmin hövsələsi daraldı. Almazı hirslə süzdü.

– Uşağa cavab ver də.
– Nə qışqırırsan. İt ilində, bəxtəvər başımıza, Kislovodska getmişik. Mən nə bilim yolda qoyun görüb, dəvə görüb.
– Gözündən gəlsin o Kislovodsk. Az yerə getmisən?

Almazın üzü allandı. Ancaq nədənsə susdu: «Papamın sağlığında sən belə dil çıxartmazdın». Arvadının susmağına təəccüb elədi. Sonra yenə də nəsə demək istədi. Mərhum qayınatası yadına düşdü. «Kişi də çıxdı əlimizdən» fikirləşdi... Məhərrəmin yadına düşdü ki, qoyun almaq lazımdır. Maşının sürətini azaltdı. Hirsi yatmışdı. Deyəsən, arvadı da sakitləşmişdi. Haçandan-haçana gözünə taxdığı gün eynəyini silə-silə:

– Görək, qoyunu alanda əlini cibinə salacaq. - Ağalara işarə edirdi.
– Görək, də, - Məhərrəm ah çəkdi. Üzünə düşən o bir çəngə tükü indi daraqla yox, əliylə geriyə atdı.
Almaz:
– Qarpızın pulunu da sən verdin?
– Yox.
Almazın hirsi azacıq yatdı. Laqeydləşdi.
– Qarpız almağa nə var ki, - dedi.

Sonra heç biri danışmadı. Çala-çuxura düşən maşın onları atıb-tuturdu. Nərgizlə Rövşən dördgözlə dağlara baxırdılar. Qoyunları qonşu kənddən aldılar. Əvvəlcə aralarına bərk mübahisə düşdü. Ağalar inad eləyirdi ki, qoyunun pulunu mən verəcəyəm. Məhərrəm də deyirdi ki, yox mən. Axırda satan mübahisəni kəsdi:

– Hərəniz birini alın. İkinizə də nuş olsun, - dedi.
İkisi də əllərini cibinə salmalı oldu. Qoyun sövdələşməsindən sonra arvadları rahat nəfəs aldılar və bir-birlərinə baxıb gülümsədilər. Uşaqlar da bir xeyli sevinə-sevinə qoyunlara baxıb içlərini çəkdilər, heyrətləndilər, maşınlar hərəkətə gəldi. Məhərrəmin birdən-birə kefi duruldu. Üzünü oğluna tutdu:
– Qarmonu götürsəydin kef eləyərdik orda – dedi.
Rövşən:
– Götürmüşəm də qarmonu. Elşən də tarını götürüb. Ağalar əmi dedi ki, çalarsınız orda. Sən de. Adı nədi oranın?
Məhərrəm çayın adını dedi. Həm də dedi ki, camaat orda – çayın kənarında dəyələrdə yaşayırlar. – Lap az qalıb, - dedi. – İndi görəcəksiniz çayı. Üzünü Nərgizə çevirdi. – Siz çalarsınız, Nərgiz bala da oynayar. Almazın dodaqları büzüldü:
– Hm… Artistlər konsert verməyə gedir, - dedi. – Camaata özünüzü güldürməyin.

Yenə də Məhərrəmin qanı başlayırdı qaralmağa, özünü zorla ələ aldı:

– Sən atovun goru, Almaz, - dedi. – Qoy rahat nəfəs alaq. – Almaz yenə də qəribə baxışla ərinə baxdı. Məhərrəm hirsli-hirsli maşını sağa burdu. Hava açılıb-tutulduqca hər iki maşının rəngi dəyişirdi. Yaşıl rəngin bütün çaları maşınlara hopurdu. Dağlar sükut içərisində dəvə karvanı kimi yerə çökmüşdü. Sıralanmış bu dəvə karvanının zirvəsindən günəşin bir parçası göründü və sonra yavaş-yavaş dağların arxasında gizləndi. Bunları – bu tanış yolları, cığırları, o sərt qayaları, şam ağaclarını, kol-kosları gördükcə ürəyinin başı sızıldayırdı.

Birdən fikirləşdi ki, neçə illərin arxasında qalan keçmişi bir dəfə də olsun yadına düşməyib. Vaxtı olmayıb yadına sala. Təqsiri vaxtda gördü. Sonra ürəyindəki sızıltı keçib getdi. Bəs bura necə olmuşdu ki, yolunu salmışdı? Hardan yadına düşmüşdü? Sonra fikirləşdi ki, hamısı Ağalardan oldu. Heç onun könlü yox idi bu dağlara gəlsin. Neçə il idi kənddən qaçırdı. Ağalar qırsaqqız olub yapışdı ki, gedirik, vəssalam. Havamızı da dəyişərik, kababdan-zaddan da təşkil eləyərik. – Sən öl, - dedi, - peşman olmarıq. Çadır-filan da var. Qoyunu da yoldan alarıq. Çoxu da çadırın həvəsinə. «Bilmir kimə göstərsin çadırını; içindəki dəm-dəsgahını…»

Dağlara axşam düşdü. Baş-başa vermiş «dəvə karvanlarının» arasından ilan kimi qıvrıla-qıvrıla gümüşü çay axırdı, çayın qırağında dəyələr qurulmuşdu. Dəyələrdən, təzəklə qalanmış təndirlərdən çıxan tüstü burula-burula səmaya qalxırdı. Maşınlar bir-birinin ardınca, toz qaldıra-qaldıra dərə-təpəni keçib dəyələrə yaxınlaşdı. Çayın şırıltısını da ilk eşidən o oldu. Kövrəldiyindənmi, maşının içərisinə dolan tozdanmı burnu qıcıqlandı.

Qızı anasından soruşdu ki, o nə səsdi «Şı» «Şı» eləyir? Anası da dedi ki, çayın səsidi. Papan deyən çayın. Çadırları qurmaq üçün düzənlik axtardılar. Dərə-təpəni keçib maşını dəyələrin birinin yanında saxladılar. Maşınlar dayanan kimi dəyələrin yan-yörəsindən uşaqlar onlara sarı qaçdılar. Yaşlı kişilərdən biri yaxın dəyədən çıxıb onlara «Xoş gəlmisiniz» - dedi və dəyəsinə dəvət elədi. Məhərrəm keçən il Moskvadan aldığı beretini başına keçirdə-keçirdə ağsaqqal, yaşlı kişiyə təşəkkürünü bildirdi, sonra çadırları göstərdi. Dedi ki, indi özlərinə ev tikəcəklər; hər şeyləri var. Almazla Sevil buranın soyuğuna davam gətirmədiklərindən ehtiyat üçün götürdükləri corablarını, jaketlərini geyindilər. Uşaqlarını da möhkəm geyindirdilər. Çadırları qurdular. Əyinlərinə güllü parçadan paltar geyinmiş bir-iki qadın maraqla maşınlara baxırdılar.

Bir azdan yaylağa səs yaylıdı ki, bunlar artistdilər. Şəhərdən gəliblər və onlara konsert verəcəklər. Xəbəri yayan uşaqlar oldu, çünki qarmonu, tarı maşından düşürdəndə görmüşdülər. Xəbərə inanan da oldu, inanmayan da. Çadırları qurandan sonra Məhərrəmdən başqa hamısı yıxılıb yatdı. Yorulmuşdular. Nədənsə Məhərrəmin yuxusu gəlmirdi. Çayın şırıltısına qu laq asa-asa çadırların həndəvərində gəzindi. Sonra tövşüyə-tövşüyə alçaq bir təpəciyin üstünə qalxıb oturdu. Sirli meşə axşamın sakitliyində mağara içi kimi qaralırdı. Fikirləşdi ki görən, bu dağın ən uca zirvəsinə çıxsa qarnını əridə bilərmi? O əvvəlki güc, əvvəlki həvəs qalıbmı onda? Sonra fikirləşdi ki, bu gücdən asılı olan iş deyil. Bu dağlara, bu meşələrə əsl məhəbbət lazımdır və nədənsə neçə il bundan əvvəl sütül vaxtı bu meşələri dolaşanda rastlaşdığı yaşlı, saqqallı kişini xatırladı.Rəssam idi kişi. Arvadını, oğlunu, azuqəsini də özüylə bərabər
dağın ən uca zirvəsinə çıxarırdı. Hamısının əli yüklə doluydu. Şeylər ağır idi və onlara əzab verirdi. Ancaq məftunluqla baxırdılar dağlara. Bir müddət o dağlarda yaşayacaqdılar. Bayaq maşınların ətrafına toplaşan uşaqlardan bir neçəsi Məhərrəmə yaxınlaşdı. Biri o birilərindən öz diribaşlığı ilə seçilirdi. Dişini qurdalaya-qurdalaya fikrə gedən Məhərrəmin pencəyinə toxundu:

– Əmi, ay əmi, bə konsert verməyəcəksiz bu axşam? Uşaq gözünə şirin gəlirdi. Od parçasıydı. Bayaq çadırları quranda da tez-tez fikir verirdi ona və öz uşaqlığı gəlib dururdu gözünün qabağında. Cılız, arıq oğlan idi Məhərrəm. Meşəni ələk-vələk eləyərdi, cır alma, armud yığardı.
– Nə konsert, əə? – Nədənsə bu yerin ləhcəsinə keçdi.
– Bəs siz artist döyülsüz?
Güldü. Qaranlıqda qızıl dişləri parıldadı.
– Yox əşşi, nə konsert? – dedi. – Mən heç artistə oxşuyuram?
– Bə o qarmon, tar kimindi?
– Uşaqlarındı. Elə-belə çalmağa gətiriblər. Sabah gəlib qulaq asarsınız. - Bir-bir uşaqları gözdən keçirtdi. Öz sakitliyi və utancaqlığı ilə o birilərdən fərqlənən oğlanlardan biri Məhərrəmə sual verən diribaş oğlanla tən yarıydı ki, bölünmüşdü. Əynindəki zolaqlı finkası, çit köynəyi eynilə onunkundan idi:
– Əə, əkiz döyülsüz siz? – deyə Məhərrəm xəbər aldı.
Diribaş oğlan:
– Bə nədi? – dedi. – Əkiz döyülük bə nəyik? Qardaşımdı da.
– Nə deyirəm ki, - Məhərrəm altdan-altdan gülümsədi. – Ayaqyalınsınız, - dedi, - soyuq olar sizə. Gedin, yatın. Sabah gəlif qulaq asarsınız qarmonun, tarın səsinə. Səhər yeməyindən sonra maşınlara doluşub gölə baxmağa getdilər. Kabab dəm-dəsgahını axşamüstü göldən qayıdıb yorğunluqlarını alandan sonra başladılar. Uşaqlar yenə də çadırların ətrafına toplaşmışdılar. Konsert gözləyirdilər. Ağaların arvadı üzünü kabab şişlərini közün üstündə fırladan Məhərrəmə tutdu:
– Məhərrəm qardaş, - dedi. – İy çəkir uşaqları. Çağır onları o tikələrdən ver, yesinlər.
Uşaqları bu söz tutdu. Geri-geri çəkildilər. Əkizlərdən diribaşı:
– Sizin kababınıza qalmamışıq ki, - dedi. – Pah, kabab bişirən olublar.
Hamısı gülüşdü. Məhərrəm:
– Əəə, bəri gəl, - dedi. – Adun nədi sənün?
– Adımı neynirsən? Adım İlikodur.
Sevil:
– Aa! – Təəccübləndi. – Bəyəm sən gürcüsən?
Uşaqlardan biri:
– Yox ey, - dedi, - özü gürcü döyül ki. Keçən il bir gürcü kişi gəlmişdi bura. Yer ölçürdü. İlqar deyə bilmirdi. İliko deyirdi ona. İndi hamımız onu İliko çağırırıq. İliko da, mən də hərəmiz düz on iki manatlıq fındıq satdıq ona.
– Yox a! – Məhərrəm yalandan üzünün ifadəsini dəyişdi. –
Yaxşı, bə neynədiz o pulları?
Almaz narazı-narazı ərini süzdü. Yəni bu nə danışıqdır, bu nə söz uzatmaqdır. «Kəndçiliyini gərək göstərə».
İlqar:
– Mən anama verdim – dedi. – Dalı cibli şalvar aldı mənə. Mənə də, qardaşıma da.
Ağaların arvadı tikə kababı zərif ağ dişləriylə çəkişdirə- çəkişdirə:
– Ay oğlanlar, - dedi. – Durmayın da orda. İlqar, oğlum, o yanındakılara da de yaxın gəlsinlər. Ağalar pomidoru şişlərə keçirdə-keçirdə söhbətə qoşuldu.
İlqara müraciətlə:
– Gəl, göstər görüm... Kababı bu əmi yaxşı bişirir, yoxsa aton?
İlqarın nədənsə bu «ata» kəlməsindən sonra gözləri yol çəkdi. Atasının yerinə dayısından söz saldı:
– Dayım elə gündə ət alır da bizə. Kabab da bişirir. Dayımın əlindən hər iş gəlir. Şoferdi dayım.
Birdən Almazın gözü uzaqda kolun arasından başı görünən əkizlərin birinə sataşdı:
– Sevil, - dedi, - o oğlana bax... Gör buna necə oxşuyur. Fikir ver, fikir ver.
Uşaqlardan saqqız çeynəyəni:
– Əkizdilər ey onlar, - dedi, - həm də yetim. Dədələri yoxdu, ancaq bizi aldadırlar. Deyirlər guya dədəmiz var. İlqarı söz tutdu:
– Yetim özünsən, - dedi. – İstədi cuma oğlanın üstünə, oğlan dəyələrin birinə sarı qaçdı. Əkizlərin o biri tayı saqqız çeynəyən oğlanın ardınca götürüldü.
– Sənin aşuvu sonra bişirəcəm. – Bunları deyə-deyə İlqar üzünü 18 1 Tf0.uşaqlara sarı tutdu: - Gedəyün, ə! – dedi. – Bunlar, deyəsən konsert verməyəcəklər. Rövşənlə Elşad da onlara qoşulmaq istədilər. Anaları bu- raxmadı. Uşaqlar çadırın yanından uzaqlaşdılar. Ancaq qulaqları səsdəydi. Qarmonun, tarın həsrətindəydilər.
Məhərrəm uşaqların arxasınca baxa-baxa:
– Sevil xanım, - dedi, - o oğlan düz deyir. Bu meşələrdə xəzinə yatır, xəzinə. – Laqeyd-laqeyd danışırdı. Elə bil bu meşələrin, dağların ona heç bir dəxli yox idi.
– Bilirsən, nə pul vururlar ordan? Giləmeyvəsindən tutmuş qozuna, fındığına kimi.
– Özü də hiss elədi ki, şişirdir. Almaz ürəyindən keçirdi:
«Görünür, sən də az qazanmamısan». Sevilin rayon, kənd haqda təsəvvürü yox idi. Heyrətlə Məhərrəmə qulaq asır və hər dəqiqəbaşı: «Doğrudan! Nə yaxşı.
Ola bilməz», - deyirdi.
– Ancaq bir az yığmağı çətindir. Böyürtkən yığmaq isə lap dəhşətdi. Böyürtkənin kolunu görmüsən?
– Yox. Necə olur?
– Göstərərəm. – Məhərrəm fısıldaya-fısıldaya çörəyi əlinə aldı, kababı nimçələrə siyirdi: - Lap o dağın başına çıxardacağam Almazı da, səni də. Hərçənd ki, uşaqlar qorxur.
Sevil etiraz elədi:
– Yox, yox, – dedi. – Məhərrəm qardaş, heç ora çıxmaq olar? – Sevil adamın gözünü qaraldan dağın lap uca zirvəsinə baxdı.
– Qol-qıçımız sınar. Qoyunun ətindən yaxın dəyədəkilərə də payladılar. Qarmonun, tarın səsi dağlara axşam düşəndə – qaş qaralanda eşidildi. Yaxınlıqdakı dəyənin qabağında bir-iki qadın təndirə çörək yapırdı. Məhərrəm çörəyin ətrini duyduqca anasını xatırlayırdı. Bu çörək ətri Məhərrəmi kövrəldirdimi, yoxsa nəsə yadına düşürdü. Ürəyi niyə sıxılırdı? Nə olmuşdu ona? Zarafatları, şaqqanağı məclisi ding-ding dingildədən Məhərrəm bu tanış, doğma yurdun adını eşidəndən bəri niyə sustalmışdı? Kəndlərini, anasını nə vaxt görmüşdü axırıncı dəfə?
Ölümündən qabaq. Güclə yadına saldı. Onda evlərindən anasıyla möhkəm sözləşib çıxdı. Arxadan anasının dediyi son sözləri unutmamışdı: «Görüm qapılara düşəsən. Necə ki, düşmüsən. Gözündən gəlsin. Burnundan tökülsün». Uşaqlar çalğı səsini eşidib maşınlara sarı qaçdılar. Bir-iki cavan gəlinin də ürəkləri dözmədi, dəyələrdən boylandılar və sonra gəlib çadırın lap yaxınlığında dayandılar. Məhərrəmin oğlu qarmon çalırdı, Ağalarınkı tar. Uşaqların birinə də qarmonun futlyarını vermişdilər. Var gücüylə dumbuldadırdı. Qızları ortada süzürdülər. Ağalar «konsertə» tamaşaya gələn bir neçə ləçəkli və pırpız saçlı qızı da qızlara qoşdu. Bu qızlar da həvəslə başladılar oynamağa. Sonra Rövşən yeyin bir havaya keçdi. İndi də oğlanlar ortaya atıldılar. Almazla Sevil maşınlara söykənib uğunurdular. Bura yığışan qadınlarsayerdən atmacalar atırdılar.
– Az, Güləsərin oğlu deyil o? Yanasan səni, ay Fərhad.
Ürəyi gedirmiş ki, oynamaqçün.
– Bıy – bıy!.. Ələsgərin qızı Lalədi ki bu. Nə yaxşı süzür, az, bu yanmış...
Qadınlardan biri qızının qolundan yapışıb ortaya çəkdi:

– Az, sən də get oyna da. Nə döyüküb baxırsan? Elə bil bu zəmanənin qızı döyül. Məhərrəm çadırlardan aralı bir daşın üstündə oturmuşdu. Papiros çəkirdi. Qaranlığa qovuşan dəyələrə, dağın dörd tərəfini bürüyən meşələrə, şırıltıyla axan çaya baxdıqca elə bilirdi o da uşaqdı, elə bu dəqiqə o da oynayanlara qarışacaq. Bəs bu vaxta qədər necə davam gətirirmiş, bu dağlarsız, meşələrsiz?

«Görəsən, dururlar? Gərək, Ağaları da götürüb gedəm,baş çəkəm kəndə. Sabah nə təhər olur-olsun gedəcəyəm. Almaz eşitsə başıma oyun açar... Ağalara da tapşıraram, kəndə getməyimizi ağzından qaçırtmasın.» Qəlbini xəcalətli, narahat hisslər bürümüşdü. Bu hiss ona tanış deyildi. O bu hissi indi-indi duyurdu. Bu vicdan əzabıydı, nəydi onu incidən? Şəhərdən çıxandan qanını qaraldan səbəbi indi-indi anlayırdı. «Sən nə düşük adamsanmış Məhərrəm! Sən nə daş ürəkliysənmiş, əə? Heç utanıb qızarmırsan. Qarnuvu elə yekəltməyi, piylətməyi bilirsənmiş. Öl. Məhərrəm! Heç Almaz da səni adam yerinə qoymur». Hamı yatandan, bütün dəyələrin çıraqları sönəndən sonra yerinə uzandı. Yeri narahat idi. Hava ilə doldurulmuş döşəklər onu yırğalayırdı. Səhər hamıdan tez durdu. Amma Ağaların maşını gözə dəymirdi. Yadına düşdü ki, Ağalar çörək üçün qəsəbəyə gedəcəkdi. Almazla Sevil hələ saat on birə, on ikiyə kimi yatacaqdılar. Yuyunmaq üçün çaya endi.
Hava soyuq idi. Gün hələ dağların arxasındaydı. Dizə kimi qalxan otların, kolların üstünə şeh düşmüşdü. Tiftikli dəsmalı boynuna saldı. Diki qalxdı. Dəyələrin yanında yenə də uşaqlar qaynaşırdılar. Çilingağac, qaçdı-tutdu oynayırdılar. Ayaqyalın, başıaçıq, heç soyuğu veclərinə də almırdılar. Balaca bir qız uşağı üç-dörd quzunu qabağına qatıb qaçırdırdı. Uzaqdan ahıl bir qadın güyümlə su aparırdı. Güyüm çiynini azacıq aşağı əymişdi. Çayın o biri tərəfində isə bir qadın paltar yuyurdu. Əlindəki gilabını daşın üstündə çəngələyə-çəngələyə yuduğu paltarlara çəkirdi. Məhərrəm əyildi, ovcunu qoşalayıb, suya saldı. Suyun soyuqluğu bədənini, qollarını gizildətdi. Birdən ürəyindən keçirtdi ki, bəs o qadın qollarını dirsəkdən aşağı bu soyuq, buz kimi soyuq suda necə saxlayır? Sonra başını yenə də qaldırdı, qadına baxdı və hər ikisinin baxışları birləşdi.

Məhərrəm heyrətindən yerindəcə dondu və istər-istəməz – Növrəstə?! – dedi. Arıq, zərif, gözləri küskün qadının da təəccübdən ağzı açıla qalmışdı. İnana bilmirdi ki, qarşısında dayanan bu kök, yekəqarın, başı daz, başdan-ayağa şəhərliyə oxşayan kişi onun keçmiş əridir. Elə bu an Məhərrəm çoxdan gördüyü bir yuxunu xatırladı. Yuxuda başdan-ayağa qara geyinmiş bir qadın görərdi və o, Növrəstənin durduğu yerdə dayanardı. Yanında da iki uşaq. Demə, həmin qadın Növrəstəymiş. Əvvəlcədən elə bilirdi körpələr Rövşənlə Nərgizdi. Amma səhər yuxusunu tamam unudardı. İş, bazar, maşının əyər-əskiyi, Almazın hikkəsi, əmrləri, uşaqların nazı, qəmzəsi, direktorunun, qayınatasının buyruqları ona hər şeyi, hər şeyi – olub-keçənləri unutdurardı. Növrəstənin təəccüb, heyrət ifadə edən gözlərindən şikayət, giley oxundu. «Ay naxələf, ay vicdansız». Sonra başını aşağın saldı. Gilabını əlindən salmışdı. Özü də bilmirdi nə axtarır. «Gözlərindən tanıdım. Bir də çənəsinin altındakı xaldan. İlqarda da var o xaldan». Səssizlik Məhərrəmi boğurdu. Heç nə eşitmirdi. Elə bil çay da susmuşdu. Elə bil şırıltısı kəsilmişdi çayın. Elə bil dağlar ayaq tutub üstünə yeriyirdi və bu dəqiqə sür-sümüyünü xıncım-xıncım eləyəcəkdi. Növrəstə başını qaldırmırdı.

Gilabını su aparmışdı. Yaş paltarı o əlindən bu əlinə alırdı. Fikrə getmişdi. «O əkizlərin gözləri yoldadı, Məhərrəm. Məni dinc qoymurlar. Gecə-gündüz baş-qulağımı dəng eləyirlər. Deyirlər hamının dədəsi yanlarındadır, bizimki niyə yoxdu yanımızda? Deyirəm oxumağa gedib, böyük adam olub gələcək. Məni boşayanda da elə bildim zarafat eləyirsən... Görəcəkli günlərim varmış, Məhərrəm. Heç çağalara da ad qoymadın, qaçdın kənddən. Səni belə bilməzdim. Dedin gedirəm oxumağa. Dedim, nə deyirəm ki... Nəyimiz varsa satarıq. Pul sarıdan da korluq çəkməzsən». Növrəstə başını qaldırdı. Baxışları yenə rastlaşdı. Məhərrəm bir neçə anlıq sarsıntıdan sonra:
– Nə təhərsən, Növrəstə? – dedi. – Uşaqlar nə təhərdir? –
Növrəstə başını tərpətdi. Məhərrəm daha bilmirdi Növrəstəyə nə desin. Sonra yadına düşdü ki, axı aliment verir aybaay. Maaşı heç maraqlandırmırdı onu. Elə buradaca fikirləşdi ki, görən maaşından nə qədər çıxırlar almentə. Səkkiz il bundan qabaq kəsmişdilər. Məhkəmədə. Tamam unutmuşdu.
– Alimenti vaxtlı-vaxtında alırsan? - Özü də bu sualdan qızardı.

– Alıram alimenti. Lap elə vaxtında. – Növrəstənin baxışındakı giley indi də qəzəbə çevrildi. «Öz maaşımı çatdırsaydım, sənin alimentüvə əl açmazdım». Bu görüşü gözləmirdi Məhərrəm. Yatıb, yuxusuna da girməzdi ki, bir gün belə bir vəziyyətə düşəcək. Bu görüş onun qəlbini sızıldadırdı. Məhərrəmin verdiyi bu yersiz sualdan sonra Növrəstə yüngülləşdi. Sonra fikirləşdi ki, qarşısında dayanan cah-cəlallı, arvad-uşaqlı, özünün xüsusi maşınıyla istirahətə gələn yekəqarın kişi onun üçün tamam yad adamdı. Ona qəzəblənməyə, gileylənməyə Növrəstənin haqqı yoxdu. Həmin yad adam Məhərrəm idi. Həmin Məhərrəm ki, vaxtilə Növrəstəni istəyib almışdı. Növrəstənin adını öz adıyla yanaşı ağacların gövdəsinə yazardı. Tez-tez Növrəstəyə deyərdi ki, Allah haqqı, sənin saçlarından meşənin iyi gəlir».

Növrəstə həmin o ətirli saçlarını iri, qara şalının altına yığmışdı. Şalını isə boynunun ardına dolamış ucuna iki düyün vurmuşdu. Növrəstə laqeydləşdi, qohum-qonşusuyla danışır- mış kimi dedi:
– Neçə uşağın var, Məhərrəm?
– İki.
Növrəstə soyuqdan qızarmış əlini sudan çıxartmışdı. Məhərrəmin gözü Növrəstənin əllərinə sataşdı. Oxşadığı, sığalladığı əllər deyildi, işləməkdən cadar-cadar olmuşdu. Növrəstə:
– Doğrusu, - dedi, - hərdən alimenti alanda yadıma düşürdün. Az qalırdım pulu qoyum paketin içinə göndərim üstünə. Deyirdim şəhər yeridi, sənin də arvad-uşağın. Yəqin ki, özünü gücnən dolandırırsan. Bir dəfə Ağasəfi gördüm. Sənin xalanoğlunu. Soruşdum səni. – Yağ-bal içində üzür. Maşının birini satır, o birini alır – dedi – Növrəstə nəzərlərini Məhərrəmin maşınına sarı çevirdi. Sonra nədənsə susdu. Növrəstənin üzü dəyişməmişdi. Qırmızılığı çəkilmişdi. Qız bədəni kimi mütənasib bədəni, hündür boyu, şalının altından görünən ağappaq sinəsi bir zamanların gözəl-göyçək Növrəstəsini Məhərrəmin yadına salırdı. Məhərrəm çayın şırıltısını indi-indi eşidirdi, ancaq əl-üzünü yumaq fikrindən çıxmışdı. Elə bu vaxt ağacların arasından İlqarın başı göründü. Əlindəki bir bağlama kirli paltarı anasına uzatdı. Bu, əkizlərdən biri idi. Məhərrəmin oğluydu. Kababdan imtina edən oğlu. İlqar:
– Az, ana, - dedi. – Səhərdən çağırıram, eşitmirsən? Day dostum dedi ki, bu paltarları da yuyub suya çəksin. – Yan-yörəsinə baxdı. Çayın o biri tayında Məhərrəmi görsə də fikir vermədi ona. Yenə də Növrəstəyə – Bə sən su qızdırmamısan? – soruşdu.
Növrəstə gah oğluna, gah da Məhərrəmə baxırdı. Gözləri dolmuşdu. Qırpsaydı üz-gözünü yaş eləyəcəkdi. «İstəyənim çox oldu mənim. Dedim qayıdacaqsan. Başın ayılandan sonra peşmanlayacaqsan. Dedim ögey atadan ata olmaz bulara». İlqar indi də üzünü Məhərrəmə sarı tutdu. Əlini torbalanmış şalvarının cibinə saldı:
– Əmi, - dedi, - bu axşam da konsert verəcəksiniz?
Məhərrəm gözünü oğlundan çəkmirdi. Acı bir qəhər boğazında tıxanmışdı. «Gözümə dəyən gündən şirin gəlirdi mənə».
– İlqar, - dedi. Sonra susdu və haçandan-haçana: - Get qardaşını da çağır. İkiniz də gəlin yanıma. İlqar duruxdu. Cəld anasına baxdı:
– Qardaşım neynəyib ki? – soruşdu – maşunuva daş atıb? Məhərrəmə başqa söz deyilsəydi, göynətməzdi onu. Ancaq indi uşaqlarının yanında, özünün yadlığını, özünün zalımlığını dərk elədi. Ürəyi yenidən sıxıldı. Sonra başını aşağı saldı.
– Neynəyib ey, qardaşım? – İlqar elə dediyindən yapışmışdı: - Nə təqsiri var ey İslamın?
– Heç, qoy gəlsin bura. Sən də gəl. – Məhərrəm özünü ələ aldı. Gülümsəyə-gülümsəyə oğluna baxdı. – Eşitmişəm qardaşın çoxlu böyürkən yeri bilir. Düzdü?
– Lap elə düzdü. Nolsun?
Növrəstə oğlunun söz güləşdirdiyini görüb:
– Get bala, sənə söz deyillər axı.
İslam hiss edilmədən gəlib durmuşdu gicitkən kolunun yanında fağır-fağır Məhərrəmə baxırdı. Hənirtisini eşidib ona tərəf döndülər. Qardaşının tamam əksi olan, nadir hallarda danışan, danışanda da qaşqabağı açılmayan İslam birdən:
– Əgər qardaşımla, - dedi, - böyürtkən yığsaq, alarsan? Kiloynan... Məhərrəmin dili söz tutmadı, başını tərpətdi. Uşaqların ikisi də birdən götürüldü. Bir göz qırpımında yox oldudar. Sevinirdilər. Bu yekəqarın kişi onlardan böyürtkən alacaqdı. Beşdən-üçdən zəhmətlərinin haqqını verəcəkdi və bu yekəqarın kişinin puluyla anaları Növrəstə onlara məktəb forması, kitab-dəftər alacaqdı. Növrəstə uşaqların ardınca ayağa qalxdı. Ala-nəm paltarları ləyənə yığıb qoltuğuna vurdu. Dəyəyə sarı üzünü çevirəndə tərəddüdlə ayaq saxladı:
– Məhərrəm, - dedi. Məhərrəm çoxdan eşitmədiyi bu səsdə bir doğmalıq, bir nəvaziş axtardı. Ancaq bu küskün səs o doğmalıqdan, o nəvazişdən uzaq idi. – Səndən bir xahişim var. Məhərrəmin yoğun boynundan tiftikli dəsmal sürüşüb düşdü. Hiss eləmədi.
– Nədi, Növrəstə? – soruşdu. Yazıq-yazıq soruşdu. – Nə xahişin var?.. De...
– Sən allah uşaqlara özünü tanıtma. Ümidnən yaşayırlar. Öyünürlər hamının yanında. Dədəmiz Bakıdadı deyillər. Gəlib aparacaq bizi. – Növrəstə çevrildi. Sağollaşmadan ağır yerişiylə dikdirə qalxdı, nazik çığırı tutub uzaqlaşdı və dəyələrin birinə girdi. Qoyunun o birisi də bu səhər kəsiləcəkdi. Kəsilmədi. Çünki Məhərrəm belə istəyirdi, Məhərrəmə belə lazım idi. Çadırlar yığılmışdı. Hamı getməyə hazır idi. Ağalar maşına söykənmişdi. Arıq, damarı görünən qolundakı saata baxa-baxa dedi ki, sən öləsən, heç baş aça bilmirəm bu Məhərrəmin işlərinə? Biz belə deməmişdik axı? Dərdi nədi, azarı nədi bu Məhərrəmin? Burdan da yaxşı yer hardan tapacağıq? Day belə yox də. Başqalarını da nəzərə almaq lazımdır, ya yox. – Sevil də ərinin bü sözlərinin müqabilində pıçıldadı ki, əlbət yenə də mədəsi ağrıyır, xəstələnib Məhərrəm qardaş. Qollarını bir-birinə keçirib kənarda dayanan Almazın qaşqabağı düyünlənmişdi:

– Yox aa... xəstədi, can verir, - dedi, - onun elə xasiyyətidir də... gərək gəzməyimizi, yediyimizi-içdiyimizi burnumuzdan tökə. Mənim bəxtim belədi. Mənim bəxtim olsaydı... – Almaz səsini alçaltdı və öz-özünə bir xeylaq mızıldandı. – Mənim... bəxtim... olsaydı... papam... vaxtsız... getməzdi ərimdən, əvvəlki ərimdən… – Sonra bu səs çayın şırıltısına qarışdı. Yarıeşidilməz oldu. – Bəs... yazıq... – necə olacaq... ər adam... ata... olacaq qardaş olacaq... Özü də bu cür... kimi adam. Heç... bil... kimə ağız açım. Mən... gün... qara... Maşına doluşdular. Arvadı yenə də yanpörtü oturmuşdu. Tərs-tərs ərinə baxıb üzünü çevirdi. Yenə də ağ dirsəyini pəncərədən çölə çıxartmışdı. Uşaqlar yenə də maşınları dövrəyə almışdılar. Məhərrəmə oxşayan əkizlər də uşaqların arasındaydılar. İkisinin də gözlərində bir nisgil, bir həsrət vardı və bu nisgili, bu həsrəti Məhərrəmdən başqa heç kəs görmürdü.

Günəş düz səmanın ortasında dayanmışdı. Çay çilçıraq kimi işım-işım işıldayırdı. Bütün rənglər elə bil çaya hopmuşdu. Maşınlar hərəkətə gəldi. Bu alçaq, üstü keçə ilə örtülmüş dəyələrə, ayaqyalın, başıaçıq dayanıb onları yola salan uşaqlara baxdıqca Məhərrəmin ürəyi sızıldayırdı. Bozumtul yoldan başqa heç nə gözünə görünmürdü. Bu səs-küylə harasa, hansı dənizəsə, hansı okeanasa baş alıb gedən çayın gözəlliyini də, bu yerlərdə nadir hallarda özünü göstərən günəşin yerə-göyə səpələnən qızılı zərlərini də görmürdü. Gözü maşının güzgüsündən görünən bir cüt uşaqdaydı – bozumtul yollarda qalan əkizlərdə. Maşınlar get-gedə uşaqlardan, dəyələrdən uzaqlaşırdı. Sonra gözünü dəyələrdən birinə çevirdi.

Ucaboylu, arıq qadın hələ də dəyənin ağzında dayanmışdı. Qəhər Məhərrəmin boğazını tutmuşdu. Nə yuxarı qalxırdı, nə də aşağı düşürdü. Yenə də gözləri o iki uşağı axtardı. Get-gedə balacalaşan və axırda nöqtəyə çevrilən o əkizləri. Yaş gözlərini torlaşdırdı. O iki nöqtə indi də torun arxasındaydı. Sonra bu nöqtələr lap balacalaşdı və birdən görünməz oldu. Çayın şırıltısı isə hələ də Məhərrəmin qulaqlarından çəkilməmişdi

# 165 dəfə oxunub

Oxşar xəbərlər

Toy - Yusif Vəzir Çəmənzəminlinin hekayəsi

Toy - Yusif Vəzir Çəmənzəminlinin hekayəsi

13:51 1 may 2026
"Canlı faktları görmək tarixin ölmüş simalarını xatırlamaqdan daha nəşəlidir..." - Məmməd Səid Ordubadi

"Canlı faktları görmək tarixin ölmüş simalarını xatırlamaqdan daha nəşəlidir..." - Məmməd Səid Ordubadi

10:40 1 may 2026
"Ay tifağı dağılmış, bəs sən nə vaxt kişi olacaqsan?" - "Gümüşgöl əfsanəsi"ndən bir hissə

"Ay tifağı dağılmış, bəs sən nə vaxt kişi olacaqsan?" - "Gümüşgöl əfsanəsi"ndən bir hissə

10:00 1 may 2026
"Özümü qüsursuz göstərməyə zərrə qədər niyyətim yoxdur..." - Məşhur argentinalı yazıçıdan sitatlar

"Özümü qüsursuz göstərməyə zərrə qədər niyyətim yoxdur..." - Məşhur argentinalı yazıçıdan sitatlar

15:00 30 aprel 2026
Sevgi şərhi - Fərhad Amurun hekayəsi

Sevgi şərhi - Fərhad Amurun hekayəsi

12:20 30 aprel 2026
İnsan mənliyi - Yaroslav Haşekin hekayəsi

İnsan mənliyi - Yaroslav Haşekin hekayəsi

10:00 30 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər