Ana səsi - Vüsal Bağırlının hekayəsi

Ana səsi - Vüsal Bağırlının hekayəsi
25 iyul 2023
# 12:30

Kulis.az Vüsal Bağırlının "Ana səsi" hekayəsini təqdim edir.

Otağın kimsəsiz, qaranlıq küncünə qoyulmuş köhnə dəbli məxməri kresloya yayxanaraq kanalları ard-arda dəyişir, baxmaq üçün münasib film axtarırdım. Kanalları çevirərkən hansısa xəbər buraxılışındakı videoçarx diqqətimi çəkdi.

Hadisəni iki geniş yolun kəsişməsində, işıqfora, yol nişanlarına məhəl qoymadan yüksək sürətlə hərəkət edən iki avtomobil törətmişdi. Tünd rəngli “Hyundai” açıq rəngli “BMW”ilə toqquşmuşdu. "BMW" yoldan çıxaraq çökəkliyə düşmüşdü. Günahkar minik avtomobili isə əzilmiş vəziyyətdə yolun ortasında dayanmışdı.

Qorxu qarışıq həyəcanla maşınlardan düşənlər özlərini, yan-yörəsini, qol-qıçlarını yoxlayır, salamat olub-olmadıqlarını ayırd etməyə çalışırdılar. Lakin aralarında bir qadının hərəkətləri diqqəti daha çox cəlb edirdi. Havalı adamlar kimi vurnuxur,təlaşla var-gəl edir, əl-qolunu tərpədir, elə bil itirdiyi hansısa qiymətli əşyasını tapmağa çalışırdı. Qəfildən sanki nəyisə xatırladı, hövlnak avtomobilin digər tərəfinə keçdi və arxa qapıdan götürdüyü adyalı qucağına alıb qarşıdakı yolun kənarına keçdi. Burada o, ağuşundakı ən qiymətli varlığı, sağ qalmış körpəsini bağrına basır, onu duz kimi yalayır, qoxlayır, sevinc göz yaşları tökürdü.

Bu inanılmaz idi. Çünki ana ölümlə göz-gözə gəldiyi dəhşətli qəzada özünü yox, canından çox sevdiyi övladını düşünmüşdü.
Pultun düyməsinə yüngülcə toxunaraq televizoru söndürdüm və otağı zülmətə qərq etdim. Eyvanla otağı ayıran geniş pəncərəyə yaxınlaşıb şəhərin gecə mənzərəsinə, sayrışan işıqlarına, torpaqla səmanı ayıran qaramtıl dəniz zolağına tamaşa etməyə başladım. Gözlərimi yumdum. Baxdığım yol-qəza hadisəsi xatirələrimi oyatmışdı.

Təxminən yeddi ya səkkiz yaşım olardı. Atamın körüm-köhnə “nolonbir”ində irili-xırdalı maşınların izdihamında geniş şəhər magistralı ilə şütüyürdük. Bilmirəm bahar idi ya payız, bir onu bilirəm ki, hava çiskinli idi. Maşında üçümüzdük;sükan arxasında atam, yan oturacaqda mən, arxada isə anam.

Yadımdadır, hiperehtiyatlı, qanunpərəst atam maşını bərk sürmürdü. Səyahət boyu mən həm valideynlərimin söhbətinə qulaq asırdım, həm də asta yağmur altında yuyunan şəhər mənzərəsinin dəyişikliyini maraqla seyr edirdim. Boz səma fonunda ağaclar, binalar islanır, nəm asfalt tədricən qaralırdı.

Birdən avtomobilin sürəti kəskin şəkildə dəyişdi. Qəfləti təkanın təsirindən silkələndik. Özümü Yerin cazibə qüvvəsindən çıxmağa hazırlaşan kosmik gəminin astronavtı kimi hiss etdim. Vəlvələdənmi, zəlzələdənmi, köhnə təkərdənmi avtomobil idarəetməni itirdi. Anamın “Vay, ay aman!” qışqırığı fonunda atamın hadisələrin gözlənilməz axarına uyuşmayan sakit səsi eşidildi: “Heç nə edə bilmirəm, əyləc işləmir, maşını saxlaya bilmirəm”.

Ətrafda hər şey fırlanmağa başladı. Ağlasığmaz, vəhşi sürət bizi hansısa naməlum istiqamətə sürükləyirdi. Atam üzündəki donuq, ifadəsiz görkəmlə mexaniki şəkildə sükanı ora-bura bururdu. Yəqin ona görə belə edirdi ki, hər tərəfdən üstümüzə gələn sərt maneələrə çırpılmayaq.

Əvvəlcə, prospekt boyunca eyni istiqamətdə və əks yolla şütüyən maşınlarla toqquşmamaq üçün səkiyə çıxdıq, sonra oradakı piyadaları basıb əzməyək deyə ağaclığa girdik. Qəza ilə göz-gözə gəldiyim dəhşəti duyğunu iliklərimə qədər hiss etdiyim an ölüm qorxusu bütün bədənimi culğadı. Çevrilib anama baxdım. Arxada onun ağzı açılıb-yumulur, həyəcanla mənə nə isə deməyə çalışırdı.

Elə bil lal-kar olmuşdum, döyüş meydanında kontuziya almış əsgər kimi ətrafa boylanır, açılıb-yumulan ağızları görür, amma heç nə eşitmirdim. Səs, qışqırıq heç cür gəlib mənə çatmırdı. Ancaq özümü düşünür, sağ qala bilməyin mümkün yollarını axtarırdım. Maşınımız kələ-kötür, xiyabana bənzər yerdə ləngərlə ziqzaqvari buruldu, hansısa çökəyə girib atılıb-düşdü və zərblə ağaca çırpılaraq dayandı.

Möcüzə baş vermişdi. Biz dəhşətli qəzadan sağ-salamat qurtulmuşduq. Maşının ön hissəsi əzilib yararsız hala düşsə də, xoşbəxtlikdən burnumuz da qanamamışdı. Həyəcan və qorxu hissləri keçdikdən, tədricən özümə gəldikdən sonra, anamın qəza anında həyəcanla mənə baxıb qışqıraraq demək istədiyi sözləri xatırladım:

— Vüsal, qapını aç, özünü yerə at, tullan, sən xilas olmalısan.

# 1676 dəfə oxunub

Müəllifin son yazıları

# # #