"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
16 noyabr 2024
# 17:00

Kulis.az Vüsal Bağırlının "Ədəbiyyatın qumarbaz ədibləri…" adlı yeni yazısını təqdim edir.

İnsanları qumar oyunlarına cəlb etməyə görə Türkiyədə xeyli adam saxlanıldı. Cinayətkar dəstə. Onların arasında məşhur müğənni Serdar Ortaç və tanınmış aparıcı Mehmet Ali Erbil də var idi.

Bəs qumar nədir? Pul hərisliyi, yoxsa psixoloji uçurum? Niyə o insanı cəlb edərək şüursuz zombiyə çevirir?

Gəlin araşdıraq.

Burda məsələ heç də kənardan göründüyü qədər sadə deyil. Kökü dərindir. İş yalnız pul qazanmaq, böyük uduşlar əldə etməklə şərtlənmir.

Prosesin psixolojı alt qatı, sualtı aysberq tərəfi var.

Qumar asılılığı narkotik asılılıq qədər təhlükəlidir. Qumar həzz hormonu endorfini beyində maksimum həddə qaldırır. Qumar həm də güclü stress, yuxusuzluq, ağır depressiya və psixoz deməkdir.

Qumar adrenalindir. O sıxıcı, darıxdırıcı ortama həyəcan, dəyişiklik gətirir. Belə görüntü yaradır ki, sanki həyata yeni rəng qatdı. Hətta onu yeknəsəq, boş-boz mühitdən, mənasız yaşamdan qurtuluş kimi qiymətləndirənlər də var.

Qumar oyunları müxtəlif olur. Oyun avtomatları, kazino, mərc oyunları, kart. Adicə dominonu, nərdi də asanlıqla qumar oyununa çevirmək mümkündür.

Qumar həmişə özünü canlı varlıq kimi aparır, boş dayanmır. O, qurbanını fasiləsiz şəkildə şirnikləndirir. İnsanda qısa müddətə, anidən varlanmaq illüziyası yaradır.

Hiylə belə qurulur. Adətən, qumara təzə başlayan oyunçuya müəyyən məbləği dalbadal udmaq şansı verilir. Bu hətta böyük məbləğ də ola bilər.

Sonra oyunçu pulun bir hissəsini uduzur. İş elə həssaslıqla, hiss edilmədən, incə şəkildə həyata keçir ki, oyunçu bunu əsla uğursuzluq kimi qəbul etmir. Əksinə, məğlubiyyəti tam təsadüf kimi qiymətləndirir.

Oyunçu həvəslənir, cuşə gəlir və yenə pul qoyur. Onun gözü doymur. Uduşa yenə, yenə pul qoyur. İşə azart, adrenalin qarşısınca insan hətta qoyduğu məbləği birə on artırır da. Oyunçunun başı dumanlanır, özü də bilmədən psixoloji bataqlığa düşür.

Qumar onu o həddə qədər şirnikləndirir ki, ta bütün pulunu, varidatını itirənə qədər.

Qumara aludəçilik ta qədimdən hamıya məlum bir işdir, amma bir xəstəlik kimi yalnız əlli il bundan əvvəl lazımi səviyyədə öyrənilməyə başladı. Psixoloqlar deyir ki, qumar asılılığından qurtulmaq alkoqol və ya narkomaniyadan qurtulmaqdan qat-qat çətindir.

Qumar elə bir səkkiz ayaqlı ilbizdir ki, hətta bir caynağını ədəbiyyata da ilişdirə bilib.

Qumarbaz yazıçılardan ilk ağıla gələn, şübhəsiz ki, Fyodor Dostoyevskidir. Puşkin, Mayakovski, Heminquey, Yan Fleminq, Roald Dahl da qumar oynayan olublar.

Qumarın “Cinayət və Cəza”nın müəllifini necə məhv etdiyini bəlkə də çox adam bilmir. Amma əslində, hər şey göründüyündən daha betər idi. Dostoyevski iki alov arasında qalmışdı. Yaradıcılıq və qumar. O, çox uduzub, qumar borclarını ödəmək üçün pulu haradan tapacağını düşünməyə başladıqda, ilham pərisi ondan uzaqlaşır və o, yaza bilmirdi. Yaza bilməyəndə də dərhal kazinoya qaçır və rulet oynamaqla əsəblərini sakitləşdirdiyini zənn edirdi.

Dostoyevskidə qumara həvəs xaricdə olarkən yaranmışdı. Birinci arvadı vərəmdən öləndə yazıçının cibində heç qəpik də qalmamışdı. Beləliklə o, qumar oynamağa başladı. Dostoyevski ruletka qumarına aludə olmuşdu. O, daimi uduşlara zəmanət verən bir sistemin, elmi yanaşmanın olduğuna inanır və onu tapmağa çalışırdı. Bəzən Dostoyevskinin qazandığı, əlinin qumarda gətirdiyi vaxtlar da olurdu, amma daha çox uduzur, bir gecəyə bütün var-dövlətini itirir, sonra təzədən borca ​​girir və kreditləri ödəmək üçün pul axtarırdı.

Digər tərəfdən, Dostoyevskinin qumara həvəsi onu tələsik yeni əsərlər yazmağa, onları çap etdirib satmağa vadar edirdi. Borcunu bağlamaq üçün qısa müddətə “Qumarbaz” romanını yazdı və nəşriyyatla müqavilə bağladı.

Bir dəfə, yazıçı Almaniyanın Visbaden şəhərində nəinki bütün var-dövlətini, həm də borc götürdüyü pulu da itirmişdi. Borc kazinoya tez ödənilməli idi. Ona görə də Dostoyevski əsəri bir sutkaya yazıb bitirdi. Həmin vaxt o, ilk dəfə stenoqrafçının - Anna Snitkinanın xidmətindən istifadə etdi. O, özündən 24 yaş kiçik Annaya ehtirasla aşiq olub, evləndi.

Toydan sonra yazıçı arvadına söz verir ki, qumarı dayandıracaq. Bir müddət hətta oyundan tam imtina da edir. Lakin bu müvəqqəti pauza idi. 1867-ci ildə Dostoyevski kreditorların əlindən yenidən xaricə gedir və rulet oynamağa başlayır.

Anna Snitkina öz gündəliyində yazırdı:

“Nəhayət, əvvəlcə Fedyadan məktub aldım, sonra anamdan məktub aldım. Hər iki məktubda çox pis xəbərlər var idi. Fedya hər şeyini itirdiyini yazırdı, anam isə cəmisi 35 rubl göndərmişdi. Mən pərişan oldum, evə gəldim və çoxlu ağladım. Sonra Fedyaya məktub yazdım, orada qalmaqdansa tez evə qayıtması üçün ona yalvardım. Eyni zamanda, anama məktub yazıb xahiş etdim ki, xəz paltomu təcili lombarda qoysun və onu satıb mənə pul göndərsin”.

Dostoyevski tez-tez Annaya məktublar yazır, itirdiklərini yenidən qazanmağa cəhd üçün ona daha çox pul tapıb göndərməyini xahiş edirdi:

“...Ay canım-gözüm, sən gərək məni ruletka masasına buraxmayaydın! Yuxudan oyanan kimi ürəyim döyünür, qollarım, ayaqlarım titrəyir, üşüyürəm. Buraya saat dörddə gəldim və elə ilk mərcdə 50 frank itirdim, sonra birdən uddum. Məbləğin nə qədər olduğunu dəqiq bilmirəm, saymadım; sonra dəhşətli itki oldu; demək olar ki, hər şey əldən çıxdı. Və birdən, bütün 125 frankımı son qəpiyinə qədər geri qaytardım. Anya, əzizim, həqiqətən yüz frank göndərməyi düşünürdüm, amma bu çox azdır. Sənə səmimi sözümü deyirəm, axşam saat 8-dən 11-ə kimi oynayacağam... Narahat olma, ehtiyatla oynayacağam, and içirəm. Pulu qaytarmasam, geri dönən deyiləm.”.

Yazıçı 1868-ci ildə yazdığı başqa bir məktubda yalvarırdı:

“...Əziz mələyim Nyutya, mən hər şeyi itirdim. Gəldim və yarımca saatın içində hər şey əldən çıxdı. Yaxşı, indi mən sənə nə deyim, ey Allahın mələyi, çoxlu əzab çəkdiyimimi? Bağışla Anya, sənin həyatını zəhərlədim! Əvf et məni. Mənə mümkün qədər çox pul göndər. Oyun üçün istəmirəm (and içirəm, amma cəsarətlə deyil, çünki sizə min dəfə yalan danışmışam). Mələyim, çox lazım deyil, 100 frank bəsdir. Əgər 20 frank, yaxud daha az pul qalıbsa, evdə nəyisə girov qoy. Kaş tez bir zamanda yanına gələ bilsəydim! Mənim 100 frank tələbimi dəlilik hesab etmə, Anya. Xahiş edirəm, başa düş. Mən dəli deyiləm!”

Onun qumar azartı isə daha da güclənir, təhlükəli hal alırdı. Bir dəfə yazıçının Almaniyada yaşadığı otelin sahibi işçilərinə borcunu ödəyənə qədər ona su və çörəkdən savayı heç nə verməməyi əmr etmişdi. Fyodor Dostoyevski yalnız ölümündən 10 il əvvəl, 1871-ci ildə bu ağır aludəçiliyin öhdəsindən gələ bildi.

Ernest Heminquey gənclik illərində gizlincə poker oynayırmış. Çünki doğma Oak Parkda - mühafizəkar bir şəhərdə qumar oyunu günah hesab olunurdu. 20-ci illərin əvvəllərində Heminquey Parisə köçdü və bir müddət həvəskar boks turnirlərində iştirak etməyə başladı. Sonra döyüşlər mərc turnirinə çevrildi. Zaman keçdikcə at yarışları da onun maraq dairəsinə düşdü. Yazıçı cıdıra babat məbləğlər qoyurdu. O, at yarışını “tələbkar dost” adlandırırdı.

Mayakovski bilyard həvəskarı idi. Özü də bilyardı elə-belə yox, yalnız pulla oynayırdı. Şair Nikolay Aseyev öz dostu haqqında yazırdı:

“Mayakovski ilə oynamaq qorxunc və təhlükəli idi. O, məğlub olmaq ehtimalını qalib gəlmək ehtimalına bərabər olan təbii oyun nəticəsi kimi təsəvvür etmirdi. Xeyr, o, itkini təhqir kimi, düzəlməz bir səhv kimi qiymətləndirirdi”.

Məğlub olan oyundan sonra o, rəqibinə yumruq ata, onunla dalaşa, yaxud qəflətən diz üstə çöküb ağlaya bilərdi. Mayakovski həvəskar səviyyədə yaxşı oynayırdı, amma heç vaxt peşəkarlarla bir masa arxasına keçmirdi. O, mərc etmədən oynamağı sevmirdi, lakin Anatoli Lunaçarski kimi açıq-aydın zəif rəqiblərə güzəşt ediridi.

İngilis yazıçı Roald Dahl da Mayakovski kimi kartları və bilyardı çox sevirmiş. Qızı Lüsinin xatirələrinə görə, “Çarli və şokolad fabriki”nin müəllifi hər şənbə kart oynayırdı və ya özünün dediyi kimi, “kazino masalarını qıdıqlayırdı”. Bir dəfə atası onu özüylə qumarxanaya aparır və onlar birlikdə cek-potu qazanırlar. Lüsi Dahl etiraf edir ki, həmin gün həyatının ən gözəl günü imiş. Yazıçı ən sevimli əşyaları - bilyard kiyi, bir şüşə tünd qırmızı burqund şərabı, şokoladlı konfetləri və karandaşları – ilə birlikdə dəfn edilmişdi.

Aleksandr Puşkin isə etiraf edirdi:

"Oynamamaqdansa, ölməyi üstün tuturam".

Məşhur şair boş vaxtının çoxunu kart masası arxasında keçirir və hədsiz miqdarda pul uduzurdu. İllik maaşı 700 rubl olan Puşkin gün ərzində bir neçə min uduza biıərdi. Onun bir gecədə uduzma antirekordu 25 min rubl idi. Bir dəfə hələ nəşrə hazırlanan “Yevgeni Onegin”in ikinci fəsli, az qala, üç tuza qurban getmişdi. Lakin şair oyunda geridönüş etməyi bacarır.

1829-cu ildə Moskvada məşhur qumarbazların siyahısı tərtib olunmuşdu və bu siyahıda Puşkinin adı "Moskvanın ən məşhur qumarbazı" kimi qeyd edilmişdi. Ölümündən sonra Aleksandr Sergeyeviç təkcə misilsiz ədəbi miras yox, həm də 60 min rubl borc qoyub getdi.

# 797 dəfə oxunub

Müəllifin son yazıları

# # #