Gecikən sərnişin, barmaqları olmayan sürücü, əməkdaşımızı Dostoyevski zənn edən qız – Ağdamdan reportaj

Ağdam şəhəri

Ağdam şəhəri

17 noyabr 2021
# 09:00

Kulis.az Vüqar Babazadənin Ağdam səfəri haqqında yazdığı reportajı təqdim edir.

Ağdam Gənclərin Kariyera və İnkişaf Mərkəzi və "Ağdamı kitabla çirkləndirək" layihəsi çərçivəsində Ağdamdakı gənclərə kitab çatdırmaq və kitabın təbliği ilə bağlı məni də Quzanlıya dəvət etmişdilər. Gənclərlə söhbətləşdim və kitablarımı imzaladım.

Avtovağzal metrosunun yanındayam. Saat 8-dir. 20 nəfərlik sprinterin sürücüsü hamını maşına yığmağa çalışır. O, hər şeydən narazıdır. Əsəbidir və çox danışır. Ölkəmizdə bu cür insanları hər addımbaşı görə bilərsiniz.

Nəhayət ki, gecikən bir nəfər də gəlib çıxır və biz Ağdama yola düşürük.

Gecəni yatmamışam və saat 5-də oyandığıma görə yuxu gözlərimdən tökülür. Yarım saat yola baxıram. Arxada qoyduğumuz yerlərə, ucsuz-bucaqsız boş sahələrə, maşınlara, adamlara...

Onlara baxdıqca düşüncələrimi bir-bir arıtlayıb, içindən məni narahat edənlərini seçirəm.

Maşının içində axmaq musiqilər səsləndirilirdi. Azərbaycan xalqı musiqidə, yox, təkcə musiqidə də yox, hər şeydə 100 il əvvəl geriyə getsə, 500 il irəliyə gedəcək. Ekranda Əli Mirəliyev atdanıb-düşür. Onun hərəkətləri və sifət quruluşu məni o qədər qıcıqlandırır ki, həmin an istəyirəm yekə bir daş gəlib düşsün Əli Mirəliyevin başına. Ey uca Rəbbim, görəsən, Əli Mirəliyev niyə var? Yaxud Əli Mirəliyevin olduğu dünyada mən niyə varam?

Bu tərəflərə birinci dəfə idi gəlirdim. Ağdam şəhərinin özü, hələlik təmir-bərpa işlərində olduğu üçün, şəhərin mərkəzi Quzanlı qəsəbəsi hesab olunur.

Ağdamda həyat qaynamasa da, sönməmişdi. Ümumiyyətlə, mən getdiyim hər bir rayonu Leriklə müqayisə edirəm və həmişə də gəldiyim nəticə bu olur ki, hər yer Lerikdən daha yaxşıdır.

Kürdəmirdə düşürük. Kimisi çay içməyə, kimi də əl-üzünü yumağa gedir. Kürdəmirdə, həqiqətən, anomal isti var. Sən demə yayılan bütün meme'lər, caps'lər doğru imiş.

Düppədüz uzun bir yoldan sonra nəhayət ki, Quzanlıya çatırıq. Şəhərin mərkəzində mülki polislər bizi çox sərt qarşılayır. Daha sonra Ağdam Gənclərinin karyera və inkişaf mərkəzinin sədri Pərvin xanım bizi qarşılayır. İçəri keçib, söhbət edə-edə çay içirik. Bu xanımın bol enerjisi və qayğıkeşliyi qarşısında sadəcə susub, təşəkkür edə bilməyimə görə xəcalət çəkirəm.

Tədbiri təfsilatı ilə yazıb, uzun-uzadı danışmaq istəmirəm. Gənclər elə bildiyiniz, gördüyünüz kimi. Əksəriyyəti makasin ayaqqabılı, çolkalı, meyxana dinləyən və oğru yolu gedən uşaqlardır. Daha bu haqda heç nə demək istəmirəm.

Lakin bir məqamı xüsusi ilə vurğulamaq istəyirəm.

Pərvin xanım məni bir qızla tanış edir. Təxminən 19-20 yaşı olan bu qız məqalələr yazırmış və mənə öz məqalələrini göstərmək istəyirmiş. Çox həyəcanlı və təşviş içində idi. Dəhşət utanırdı. Yanıma oturub, mənimlə söhbət edəndə, üzündə elə bir ifadə var idi ki, sanki qarşısındakı ən azı Dostoyevski səviyyəli bir yazıçıdır. Söhbəti açdıqdan sonra mənə öz məqaləsini göstərdi. Autizmlə bağlı kiçik esse idi. Sizə deyim ki, pis də deyildi. Qərəz, mən bu qıza yazmaq haqqında bir sıra məsləhətlər verdim, bəzi kitabları təklif etdim və öz kitabımı imzalayıb verdim. Mən əminəm ki, o qızın həyatına müəyyən qədər yaxşı mənada təsir göstərə bildim. O təklif etdiyim kitabları oxuyacaq və yazdıqlarını mənə atacaq.

Ölkədə ən səviyyəsiz insanların da müəyyən bir kütləyə və auditoriyaya açılmaq şansı varkən, şair və yazıçılar bu haqqı zorla, güc-bəla ilə tapırlar. Bir meyxanaçı istənilən bir toyda 500 nəfərdən çox adama müraciət edir. Əgər şair və yazıçılara bu haqqı tanısalar, ən azından bir insanın belə oxumaq barəsində fikri dolğunlaşar.

Mən bir az çıxış edib, ordan-burdan danışdım. Beləcə iki-üç saatlıq Ağdam tədbiri başa çatdı. Tədbir Heydər Əliyev mərkəzinin içində keçirilirdi. Mən mərkəzin içində gəzişəndə qəribə bir mənzərə ilə rastlaşdım. Hardansa nağara səsi gəlirdi. Səsi izləyib qaynağını tapdım. Qapını açanda gördüm ki, bura sən demə rəqs otağı imiş. Rəqs müəllimi gənclərə rəqs etməyi öyrədir. Dıqqılı-dıqqılı balaca balalar da atlanıb düşürlər. Bu mənzərə mənə o qədər xoş təsir etdi ki, yarım saat orda qalıb bu mənzərəyə baxdım.

Tədbir bitdi, uşaqlarla vida şəkli çəkdirdik. Məni düz ortaya dəvət etdilər. Özümü hansısa icra başçısı kimi hiss etdim.

Uzun taksi müzakirələrindən sonra axır ki, Bakıya maşın tapa bildik. Ağdam gəncləri ilə vidalaşıb, Bakıya yola düşdük.

Maşına oturanda fikir verdim ki, sürücünün hər iki əlinin barmaqları yoxdur. Bu məni çox təəccübləndirdi.

Hacıqabulda fasilə verib, əl-üzümüzü yuduq. Hacıqabul fasiləmizdə qəribə hisslər keçirdim. Yolun qırağında çox şirin, bapbalaca, göm-göy taxtadan tikilmiş bir bərbərxana gördüm. Bu bərbərxana o qədər xoşuma gəldi ki, istədim gedib saçımı kəsdirim.

Daha sonra ayaqyolunun qapısında məşhur ingilis aktyorlarının şəkilləri asılmışdı. Sevdiyim aktyorların Hacıqabul tualetlərini bəzəməyi mənə çox pis təsir etdi.

Maşına minəndə isə gözüm bir elana sataşdı: Hacıqabul Muğan qəsəbəsində 7 sot torpaq satılırdı. Niyəsə bu elanı bir neçə gündür unuda bilmirəm. Nə vaxtsa, imkanım olsa Muğan qəsəbəsindən üç-dörd sot torpaq alacağam.

20 Yanvarda düşdük, yoldaşlarımla sağollaşıb metroya girdim. Sıra-sıra düzülən 20 Yanvar butkalarının satıcıları da bildiyiniz kimi, aləmdirlər. Dükan sahibləri öz aralarında eyniköklü sözlərdən danışırdılar. Bu da mənə çox qəribə gəldi.

# 1903 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #