Gündə 10-15 yazı qoyuruq Kulis-ə.
Onların 7-8-i kifayət qədər intellektual yazılar olur, qalanı isə oxucu “tutmağa” hesablanır.
Hər ikisini biz hazırlayıb, biz yayımlayırıq. Seks və din kimi mövzular oxucunu daha çox cəlb edir. İntellektual yazılardan da 10, bəzən də 15 dəfə çox oxunur.
Həmin yazılara gələn şərhlər isə daha maraqlı olur: birmənalı olaraq “bu nə yazıdır, daha intellektual yazılar yazın” şəklində. Nə deyəsən, necə edəsən bu şərhi yazanlarla... İntellektual yazı oxumaq istəyən, ağzına çullu dovşan sığmayan bu oxucu niyə həmin yazının altında oxunmamaqdan saralıb-solan “Heminqueyin ən gözəl müsahibəsi olan “Yazmaq istəyən özünü assın!”ı niyə oxumur? Həmin yazı cəmisi 303 dəfə oxunub.
Təsəvvür edirsinizmi, cəmisi 303 dəfə. İstənilən intim yazı isə ən az 3500 dəfə oxunur. Yəni əziz şərh yazan oxucu, sən intellektual yazı yox, intim oxumağa həvəslisənsə, buna biz neyləyək?
Amma dərd bunula bitmir ki! Çünki həmin oxucu, “intellektual” dediyi yazının altına da “bu nədi yazmısınız, “copy-paste”dir” mızı qoyur. Bu tip şərhləri ən çox “araşdırma” yazılarına yazırlar. Məsələn, tarixi bir araşdırmanın altına “mən bunu oxumuşam, kopyadır” yazırlar. Əlbəttə, bu bir tarixi araşdırmadırsa, deməli, ya müxtəlif kitablardan, ya da saytlardan toplanan məlumatların əsasında hazırlanıb. Deməli, hansısa bir hissəsini oxumanız çox normaldır.
Bu hələ harasıdır, bu yaxınlarda “Axundovu təhqir etmə rəzilliyi” adlı yazıya bir oxucu belə bir şərh yazıb:
“Kəmalüddövle bizim milli medeniyyetimize, mentalitetimize zidd eserdir. Bu esere nece musbet yanasmaq olar. bu eser yandirilaraq mehv edilmelidir.Tolstoyun mehsur sozu var : Qadin ya hamiledir, ya da yox. Bir azca hamile olmaq yoxdur. insan ya yaxsidir,ya da pis. Avropanin gozellikleri qala-qala Avropanin exlasizligin cilpaqliqlarin bize getirirler. Axundov tehqir edilesiadam oldugu ucun tehqir edilir”.
21-ci əsrdə “bu əsər yandırılmalıdır” yaza bilən oxucu varsa, doğrudan bizim intellektual yazılar yayımlamağımız yersizdir. Adamlar hələ kitabın yandırıla biləcək bir şey olduğunu düşünə bilirlərsə, deməli, intellektual səviyyəmiz “sən mənimsən, mən də sənin” kimi yazılar tələb edir.
Bu arada, bəzi şərh yazan oxucularımız da, bütün yazılara münasibət bildirirlər: çox sağ olsunlar. Əslində, bu yazının ümumi fonu bəlkə də oxucularımız üçün xoş olmaya bilər, amma neyləyək ki, həqiqət belədir. Neyləyək ki, oxucularımız intim yazılar oxumaq istəyir, oxuyandan sonra isə “bu nədir?” yazırlar.
Neyləyək ki, bəzi oxucularımız elə bilirlər ki, onlar hamıdan savadlıdırlar.
Yadımdan çıxmamış, Aqşin Yenisey “Babəkin məğlubiyyəti, Azərbaycanın qələbəsi” adlı cəmi 3740 işarəlik bir köşə yazıb. O köşə 89 dəfə şərh atəşinə tutulub, nə az, nə çox düz 92 min 922 işarə sərf olunub. Bu sərfiyatın 70 faizi də “mömin” nikli oxucumuzun payına düşür. Yazmasın demirəm, amma özünə bu qədər də zülm eləməsin, mütləq hər şərhi köşədən böyük olmalıdır kimi öhdəliyi yoxdur...
Yeri gəlmişkən, son bir neçə həftəlik aktivliklə “mömin” “godot”u geridə qoymağı bacarıb. Məncə, hər ikisinə də şərh yazdıqları üçün qonorar yazmağa məcburuq...
Kulis şərhçiləri
27 iyul 2011
14:47
2214 dəfə oxunub