Məzəli serial, dadlı sosiska...

Məzəli serial, dadlı sosiska...
10 avqust 2011
# 05:00

Telekanal və mobil operatorlar üçün qanun yoxdur?

Bunu qürurla demirəm, əslində çox pis iş olduğunu da bilirəm, amma bir az da çarəsizəm – Azərbaycan telekanallarına baxa bilmirəm. Daha doğrusu, baxmağa maraqlı nəsə tapa bilmirəm. Tanıyanlar bilirlər ki, uzun müddətdir öz kanallarımızdan xəbərsizəm, sözün bütün mənalarında.

Səbəbi çox ola bilər, mən sadəcə zövq məsələsi hesab edirəm. Türkiyənin bir neçə kanalı ilə kifayətlənirəm. Açığı, çox istədiyim şeydir ki, öz kanallarımıza baxım, öz xəbərlərimizi, öz kinomuzu, öz tok-şoumuzu izləyim. Hərdən “çox gözəl” hazırlayıblar deyim. Görünür? hələlik qismət deyilmiş.

Nəsə, arzularımızı qoyaq bir kənara, keçək mətləbə. Bu günlərdə qohum evində qonaq idim. Adət-ənənəmizə uyğun olaraq ağır oturub batman gəlirdim, ev yiyəsi nəyi seçsə ona baxırdım. Qonağa hörmət əlaməti olaraq DVD-yə “Bacanaqlar”ı qoydular. Açığı, “xoşuma gəlmədi” deyə bilmərəm, yaxşı idi. Amma zəhləmi tökən bu oldu ki, serialın içində sponsorun nəyi var reklamı getdi. Oyunçulardan biri jurnalist imiş, sosiska sexinə gedib ordan reportaj hazırlamalıydı. Hazırladı da, özü də 15 dəqiqə.

Daha sonra isə başqa bir ticarət mərkəzinin o ki var reklamı başladı. Beləcə, serial dönüb oldu heç nə.

Gəlin yazının bu yerində qanundan bir parçanı paylaşaq ki, bilməyən qanun qulluqçuları öyrənmiş olsun:


Reklam haqda qanunun 12-ci maddəsinin dördüncü bəndində deyilir ki, eyni əmtəə, həmçinin reklam sifarişçisinin özü haqda reklam, eyni kanalda bir saat ərzində ümumi müddəti 2 dəqiqədən artıq olmayaraq, iki dəfədən çox yayıla bilməz.

Eyni qanunun 11-ci maddəsində isə “Radio, tele, audio, kino, nəşr və digər məhsullarda istifadə olunan və başqa üsullarla yayılan, istehlakçının şüuruna özünün dərk etmədiyi təsir edən reklam (o cümlədən xüsusi videoparçalar, ikili səsyazma və sairə vasitələr tətbiq etməklə) gizli reklam sayılır.
Gizli reklama yol verilmir”
yazılıb.

Amma göründüyü kimi yol verilir, özü də gül kimi!

Əlbəttə, bu kimi neqativ hallar nə qədər desəniz tapmaq olar. Məqsədim hansısa bir serialı gözdən salmaq, yaxud da tənqid etmək deyil. Yenə təkrar edirəm, yaxşı aktyor oyunu gördüm bu serialda. Axı onların zəhməti niyə məhv olunmalı, reklam sujetlərinin mənasız mətnlərinə qurban getməlidir?



Mobil operatorlar da qanunu pozur...


Madam söhbətimiz reklam və reklam qanunvericiliyindən düşdü, icazə verin mobil operatorların da qanunları heçə saymasına toxunum.

“Reklam haqqında” Qanununun 14-cü maddəsində açıq şəkildə yazılır:

14.2. Telefon arayış xidmətində reklam yalnız abonent tərəfindən soruşulan arayış (arayışlar) verildikdən sonra təqdim oluna bilər.

14.3. Ödənişli telefon arayışı kompüter və digər xidmətlərdə reklam yalnız abonentin razılığı ilə təqdim edilə bilər. Bu reklamın qiyməti abonentə verilən arayışın dəyərinə daxil edilə bilməz.


Yəni əziz oxucu, mobil operatorun məlumat xidmətinə zəng etdikdə eşitdiyimiz reklam və elanlar da qanunsuz olaraq təqdim olunur.

Sonda onu da qeyd edim ki, qanunvericilikdə göstərilir ki, reklam fəaliyyətinə dövlət nəzarəti həyata keçirilir.

Bəs sizcə?


# 1551 dəfə oxunub

Müəllifin son yazıları

# # #