“Qıza yazılan məktubları İmam Zamana yazılan məktublar adıyla çap etdilər” - Müsahibə

“Qıza yazılan məktubları İmam Zamana yazılan məktublar adıyla çap etdilər” - Müsahibə
21 iyun 2023
# 17:00

Kulis.az Güney Azərbaycanlı şair Məsud Harayın müsahibəsini təqdim edir.

– Salam, Məsud bəy, xoş gördük.

– Salamlar. Xoş gördük sizi.

– Bakını necə gördünüz?

– Çox gözəl. Burada Təbriz havası var. Vətəndə olduğumu hiss edirəm.



– Təzəlikcə Güney Azərbaycanın Kültür Mərkəzi adlı bir təşkilat yarandı, siz oranın İdarə Heyətinin üzvlərindənsiniz. Güney Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı nə planlarınız var?

– Uzun zamandır, belə bir təşkilatın qurulmasını düşünürdük. Çalışırdıq ki, Güney Azərbaycanın mədəniyyətini və ədəbiyyatını bir təşkilat vasitəsi ilə həm Azərbaycan Respublikasında, həm də Türkiyədə tanıtdıraq. Bildiyiniz kimi, bizim ədəbiyyatımız qərib qalıb, bizim Güneydəki şairlərimizə özgüvən lazımdır. Orada şairlər və yazıçılar öz əsərlərini tam olaraq çap edə bilmirlər.
Onlar bu sahədə milli mücadilə verirlər, bütün çətinliklərə rəğmən, yazıb, yaradırlar. Bunu düşünərək yola çıxdıq, hesab etdik ki, bizim boynumuzda böyük bir məsuliyyət var. Bildiyinizə görə, bizim milli hərəkətin əsas məfkurəsi dilimiz və ədəbiyyatımızdan başlayıb. Ancaq son zamanlar siyasət sahəsində bütün məsələlər danışıldı, ədəbiyyatçılar kölgədə qaldı. Düşündüm ki, bunlara böyük insafsızlıq olub. Bunları meydana çağırmaq lazımdır, bunların silahları qələmləridir.

– Hansı meydana çağırmağı nəzərdə tutursunuz?

– Meydana çağırmaq üçün, bir ocaq, bir dərnək lazımdır. Bunu düşünərək, dostlarla birlikdə İzmirdə bir təşkilat yaratdıq. Bunun ardınca orada Yazarlar Birliyinin yaradılmasını da düşünürük. Bildiyiniz kimi, Güney Azərbaycanlılarının bir çoxu didərgin yaşayır, bəlkə, elə bu yaxında Bakıda da təşkilatımızın filialını yaratdıq.
Düşünürəm ki, güneylilərin səsi yetərincə quzeydə əks olunmur. Əks olunur, ancaq yetərincə deyil. Milli mücadiləmizin əks olunması, o şairlərin səylərini göstərmək üçün bir yer lazımdır. Bu meydanı yaratmağa çalışdıq. Yalnız şairlər deyil, incəsənət xadimləri, aşıqlar, musiqiçilərimizə də yer ayırmağı düşünürük.


– Güney Azərbaycanlıları bu təşkilatın yaranmasını necə qarşıladılar?

– Çox yaxşı reaksiyalar oldu. Hamımızın bir qayğısı vardı, güneylilər deyəndə, həm ölkə daxilində yaşayanların, həm də Avropada, Amerikada yaşayan güneylilərin marağını cəlb etdi. Ancaq hamısının bir qayğısı vardı ki, görəsən, bu təşkilatı kim maliyyələşdirəcək.

– Yəni bura kimi sizə maliyyə yardımı olmayıb?

– Yox, olmayıb. Bu təşkilatı öz səylərimizlə qurmuşuq və inanıram ki, təşkilata maddi yardımlar da gələcək. Amma gərək iş görülsün, işi gərək görəsən, o zaman bu işlə məşğul olanlar yardım etmək istəyəcək, hətta etmək istəməyənlər də məcbur qalıb yardım edəcək. Çünki bu bir gedişatdır, bunun qarşısını kimsə ala bilməz. Keçən il Güney Azərbaycan və Türkiyə şairlərinin ortaq “Türk Şeiri” adı ilə şeir toplusunu çap etdik.
Bu göründüyündən çətin bir iş idi. Çünki bizim Güneydə şairlərimiz ərəb əlifbası ilə yazırlar, hələ dili doğru-düzgün bilməyənlər var. Mətnlərin latın əlifbasına köçürülməsi çox çətin bir işdir. Bütün çətinliklərinə rəğmən, ortaya bir kitab çıxara bildik. Kitab işıq üzü görəndən sonra inanın, orada o qədər sevinc var idi. Mənə dedilər ki, öz şeirlərini də bu kitaba daxil et. Dedim, mən bu şeir kitabında olmaq istəmirəm, istəyirəm, gənc və bacarıqlı şairlər bu kitabda yer alsın, biz onlarda özgüvən yaratmalıyıq.
Bu arada bu kitabın Azərbaycan türkcəsində olmasına israr etdim. Qoy Azərbaycan türkcəsinin var olduğunu bilsinlər, bilsinlər ki, bu dil Güney Azərbaycanda da vardır. Bu tipli kitablar ardıcıl olacaq. Avropada, Amerikada yaşayan soydaşlarımız bizim təşkilatın yaranmasına çox yaxşı reaksiya verdilər, dəstəkləyəcəklərini də deyiblər. Mən gedişatı çox gözəl görürəm, yardım olmasa belə, biz bu işi görəcəyik.

– Bu yaxında Güney Azərbaycanlılarının III Forumu keçirildi, ümumi olaraq toplantıda hansı problemlərdən danışıldı?

– Birinci forum on bir il öncə Ankarada gerçəkləşmişdi. O zaman bu forumda Güney Azərbaycan təşkilatlarının bir araya gəlmək istəyi olmuşdu. Bəzi səbəblərdən dolayı bu forum yarımçıq qaldı. Ancaq sonradan başqa bir yerdə partiyalar toplanıb müzakirə etmişdi.
On ildən sonra bu forumu İzmirdə gerçəkləşdirdik. Orada bütün təşkilatları dəvət etdik və bir-birinə müxalif təşkilatlar belə iştirak etdilər. Bəziləri özləri gəldi, bəziləri canlı bağlantı ilə foruma qoşuldu. Bundan əlavə, biz təşkilat olmayan və təşkilatdan kənar olan nüfuzlu şəxsləri də dəvət etdik. Bu forumun üçüncü toplantısını da İstanbulda keçirdik. Bu forumda bir başqa yenilik də etdik, təşkilatlardan əlavə, akademiklərimizi, ziyalılarımızı da dəvət etdik. Quzey Azərbaycandan millət vəkilləri belə bu forumda iştirak etdilər, Güney Azərbaycanın problemləri akademik və siyasi bir müstəvidə müzakirə olundu. Biz belə tədbirləri ardıcıl olaraq keçirəcəyik.

– İran hakimiyyətinin yaydığı xəbərlərə görə, bir neçə ildir, Güney Azərbaycanın bir neçə universitetində Azərbaycan türkcəsi dili və ədəbiyyatı ixtisası fəaliyyətə başlayıb, bu xəbər reallığı əks edirmi?

– Bu, uzun zaman öncənin mövzusudur. İran hakimiyyəti iddia edirdi ki, bu pantürklər deyirlər ki, Azərbaycan milləti öz dilində təhsil almaq istəyir, amma millətin belə bir marağı yoxdur. Dəfələrlə belə çıxışlar etdilər. Sonra bəzi universitetlərdə həftəlik iki saatlıq öz ana dilimizdə guya təhsil proqramı ayırdılar. Sonra dedilər ki, gördünüz, heç kəs gəlmədi? Yəni, guya cəmiyyətin buna marağı yoxdur. Sonra həmin proqramı qapatdılar. Medianın etirazını görəndən sonra ikinci addımda bir kiçik ixtisas kimi Azərbaycan türkcəsinin tədrisi fəaliyyətini açıq elan etdilər. Gəlmək istəyənlər gəlib oxusun, dedilər. Bu, Təbrizdə təşkil olundu və bir çox adam qeydiyyatdan keçdi. Ancaq ora gedən adamlar dərs oxumaq niyyətilə getmədilər, çünki onlar Azərbaycan türkcəsini bilən adamlar idilər. Həm onların acığına, həm də rəsmi tədris üçün diplom almaq məqsədilə qatıldılar. Amma İran hakimiyyəti bunu fars dilinin bir qolu kimi gördü. Son zamanlar bəlkə də, bu haqda xəbərlərlə rastlaşmısınız. Bu adamlar dərslərini bitirib, ancaq elmi heyətdən keçməyiblər. Arxa planda farsca qrupu bunları qəbul etməyib. Hakimiyyət iddia edirdi ki, bunlar müstəqil dil qrupudur, burada dərs oxuyurlar və sonra tədris edə biləcəklər. Ancaq bu ixtisasın başına paniranistləri qoyublar. Tələbələr isə bundan imtina etdilər, dərslərə qatılmadılar. Bununla bağlı xəbərlər də yayıldı.

– Güney Azərbaycanda Azərbaycan türkcəsində kitab oxucuları nə vəziyyətdədir? Ümumiyyətlə, Azərbaycan türkcəsində çap olunan kitablar satılırmı?

– Bilirsinizmi, kitab azad iradə ilə ərsəyə gəlir. Bir kitabın sözləri, tarixi faktları senzuraya məruz qalsa, ondan bir əsər olmaz. Məsələn, sən Cilovluq soyqırımından yazmaq istəyirsən, gəlib deyir, elə deyil, sən bunu yaza bilməzsən. Buna imkan vermirlər. İranın qoyduğu assimilyasiya senzuraları bizim kitabları yox edir. Bir də ki bu kitabların arxasında dövlətin heç bir orqanı durmur. Əgər məddahlıq etsən, səni himayə edərlər. Məsələn, Urmuda oğlan qız dostuna on dənə məktub yazmışdı, qız da bundan ayrılıb getmişdi. Bu məktubları on min tirajla İmam Zamana yazılan məktublar kitabı kimi çapa vermişdilər. Bunun beş minini təbliğata bağlı olan bir dövlət orqanı götürdü. O vaxt adama 5-6 milyon tümən pul verdilər. Bunlar deyirlər ki, bizə məddahlıq etsəniz, sizə pul verərik, “Fazərilik” (Farsca+”Azəricə”) etsəniz, sizə pul veririk. Səhv sözlərlə yazılan şairlərin kitabı çap oldu, haqqı olan insanların hamısına qadağa qoyuldu. Bizim orada olan oxucularımız Quzey Azərbaycandan olan əsərlərə meyllidirlər. Amma bu gün Türkiyədə və Quzey Azərbaycanda Güneylə bağlı yayımlanan kitablar olduqca azdır. Yəni, tələbat var, ancaq təəssüf ki, hələlik buna dəstək azdır. Bu gün Güneydə Quzey Azərbaycanın kitablarından çox Türkiyənin kitabları oxunulur. Yəni, dünya ədəbiyyatına, modern ədəbiyyata maraq çoxdur.

– Şanlı ordumuzun qəhrəmanlığı sayəsində və insanlarımızın iradəsi nəticəsində 44 günlük müharibədən sonra sosial şəbəkələrdə Güney Azərbaycanda ziyalılarımızın bir çox şeir, hekayə və yazılarının şahidi olduq. Torpaqlarımızın işğaldan azad olunması Güney Azərbaycanlılarının əzmkarlığına və ruhuna necə təsir etdi?

– Bu, bir dönüş nöqtəsi idi. Biz zamanında öz ana dilimizdə yazanda və bir çox dostlarımız saxlanılanda, bizə ironiya ilə deyirdilər ki, “Nə iş görmək istəyirsiniz? Azərbaycan müstəqil olub nə edib? İyirmi faiz torpaqlarını ermənilər əlindən alıb. Siz müstəqil olsanız, sizin torpaqlarınızı da əlinizdən alacaqlar”. Yəni, bu qorxu adı altında iradəmizi sındırmaq istəyirdilər. Ona görə də Azərbaycanı zəif göstərməklə, ona təzyiq etməklə Güneyliləri təzyiq altında saxlamaq istəyirdilər. Buna görə də Qarabağın işğalı İranın xeyrinə idi. Torpaqlarımız işğaldan azad olanda dünya azərbaycanlıları arasında ən çox sevinən Güney azərbaycanlıları idi. Çünki bizim milli iradəmiz, Bütöv Azərbaycan məfkurəsi və orada söykənəcəyimiz ideya məhz bu iradədən qaynaqlanır. Qarabağın azadlığı güneylilərə özgüvən verdi. Gördünüz ki, erməniyə silah verən İranın qarşısında Güney Azərbaycanlıları dayandı. Araz çayı ətrafında bir çox insanımız toplandı, sevinclə əsgər salamı verdilər. Elə indi də tətil günlərində insanlarımız gedib Araz çayının kənarından azad olunmuş torpaqlarımızı seyr edirlər. Bu sevinc ədəbiyyatımıza da təsir etdi.
Qarabağ bizim yaramız idi, bu gün bizim zəfər qaynağımız olub. Azərbaycan gündən-günə inkişaf edir, torpaqlarını geri alır. İndi bu nöqtəyə gəlib çatmışıq ki, Quzeydə siyasət adamları da buna yaxşı reaksiya verir. Bunu Ali Baş Komandan İlham Əliyev Cənabları da öz çıxışları ilə dünya azərbaycanlılarına çatdırır. 44 günlük müharibədə hamı Güney Azərbaycanlılarının yekdil dəstəyini, Araz çayının kənarına gəlməsinin şahidi oldu. Bu birliyi, bu bərabərliyi hər kəs gördü. Bu səbəbdən, hörmətli Prezident çıxışında “50 milyon azərbaycanlının müqəddəratı bizim müqəddəratımızdır və bunu göz ardına buraxmayacağıq” - dedi.


# 2073 dəfə oxunub

Müəllifin son yazıları

# # #