Layk yığmaq üçün şəhid adından istifadə eləyənlər

Layk yığmaq üçün şəhid adından istifadə eləyənlər
20 sentyabr 2023
# 16:14

Kulis.az Ülvi Bahadırın "Bir az sükut!.." adlı yeni yazısını təqdim edir.

Son günlər baş verən hadisələr hər kəsi sarsıdıb.

Dalbadal aldığımız şəhid xəbərləri insanları xeyli məyus etdi.

Neynək? Bizim də taleyimiz belədir.

Elə bir regionda yaşayırıq ki, bir gün sakit keçəndə şükür eləyirik.

Elə indicə taksidən düşdüm. Yol boyu insanları müşahidə eləyirdim.

Hər kəs solğun, kədərli, ümidsiz...

Ölüm-itimsiz hər səhər bizə nemətdir bu ölkədə.

Bizdən asılı olan və olmayan səbəblərdən yurdum insanı daima gərgindir.

Bizdən asılı olmayan məsələləri buraxıram politoloqların ixtiyarına.

Təbii ki, əgər o səviyyədə politoloqumuz, siyasi ekspertimiz varsa.

Nəysə...

Keçək bizdən asılı olan məsələlərə.

Hardasa iki gündür bu vəziyyətdə yaşayırıq. Onsuz da internetdə problem var, insanlar yetərli məlumatı ala bilmir. Gərgindir. Yorğundur. Üzgündür.

Belə bir vəziyyətdə elə murdar hərəkətlər müşahidə eləyirəm ki, bilmirəm nə deyim?

Çünki söz deyiləcək yaşı keçiblər. Saç-baş ağarıb, üz qırışıb, ta nə bilim nələr olub, di gəl ki, düşüncə, beyin kim bilir neçə yaşındadır...

Ay nə bilim, bu gün burnuma Xankəndinin qoxusu gəlir.

Ay nə bilim, adının çəkilməyini istəməyən bir nəfər deyir ki, artıq məsələ həll olunub.

Ay nə bilim, “salam, İrəvan!”.

Hələ biri də yazıb ki, “salam, Təbriz. Az qaldı”.

Ə, nəyə az qaldı? Nəyə də, nəyə?

Bunlar nə yeyib-içirlər?

Bitdimi? Bitmədi!

Şəhid şəkillərini paylaşıb layk yığırlar.

Hələ video hazırlayıb fona kədərli musiqi qoyanları demirəm.

Bu nə beyindir?

Bu nə düşüncədir?

Hələ biri yeddi dəfə şəhid şəklini paylaşıb silir, paylaşıb silir, paylaşıb silir.

Deyirəm, niyə belə eləyirsən? Deyir, bayaqkına az layk gəlmişdi.

Vicdan haqqı, belə də dedi.

Mahnı seçir. Deyir, bu, kədərli deyil, başqasını göndər.

Belə adamlar var bu məmləkətdə.

İş yoldaşlarımızdı. Dostlarımızdı. Qohumlarımızdı. Heç birinə də nəsə demirik. Qorxuruq ki, erməni çıxararlar.

Ancaq demək lazımdır. Lazım olsa, ağızlarının üstündən vurmaq lazımdır.

O şəhidlərin, qazilərin ailələri, uşaqları var. Bunlar da oturublar isti yerlərində özlərini reklam eləyirlər.

Sırf profillərinin aktivliyi üçün belə şeylər paylaşan degeneratlar var.

O gün də biri məhlədə “Yaşa, Azərbaycan”ı öz təbiri ilə desək, “polnu xod” qoşmuşdu.

Bir qadın etiraz eləyəndə ona elə söz dedi ki, bəlkə də, qadına o yaşına qədər elə söz deməyib, elə təhqir eləməyiblər. Ancaq özünə sərf eləyəndə deyir ki, igidlərimiz analarımızı, bacılarımızı qoruyurlar orada.

Maşınının arxa şüşəsinə məlum pafoslu sözlər, cümlələr yazırlar, sonra qəza törədəndə, qayda pozanda yazdıqlarını göstərib imtiyaz tələb eləyirlər. “Olmaz” deyirsən, qayıdır ki, “sən də deyəsən onlardansan, get, qanını yoxlatdır”.

Səd-əfsus ki, düşüncə adamları da onların elədiklərinin “savadlı” formasını təkrarlayır.

Bu degenerat yığını ilə mübarizə aparmaq lazımdır. Eynilə böcəklərin təmizlənməsi kimi.

Bunlar ordumuzu da, şəhid və qazilərimizin qəhrəmanlıqlarını da gözdən salmağa xidmət eləyir.

Gördüyümüz yerdə ağızlarından vurmalıyıq.

Lütfən, şəhid şəkillərini tirajlamayın!

Lütfən, məlumatları dəqiqləşdirin, sonra paylaşın!

Lütfən, ölkənin şəhidinə, qazisinə hörmət qoyun!

# 4365 dəfə oxunub

Müəllifin son yazıları

# # #