Həmşəri məscidi, erməni güllələri, tarixi türbə - Balaxanıdan reportaj

Həmşəri məscidi, erməni güllələri, tarixi türbə - Balaxanıdan reportaj
7 iyun 2024
# 09:14

Kulis.az Ülvi Bahadırın Balaxanıdan reportajını təqdim edir.

Dostum Xəyalla bugünkü səfərimiz Bakının ən qədim kəndlərindən biri olan Balaxanıyadır. Metronun “Koroğlu” stansiyasının yanındakı dayanacaqda 216 nömrəli avtobusun gəlməyini gözləyirik. Avtobus gəlir və bir xeyli yol qət etdikdən sonra Balaxanıya çatırıq.

Bizi ilk qarşılayan Sabirin heykəli olur. Sabir Balaxanıda bir müddət müəllimlik edib, dərs dediyi şagirdlər arasından sonralar görkəmli şəxsiyyətlər yetişib: “Kommunist” qəzetinin redaktoru Həbib Cəbiyev, publisist, Sovet dövründə maliyyə komissarının müavini olmuş Əlisəttar İbrahimov və başqaları.

Sabirin heykəli yerləşən parkda əyləşən adamlardan biri bizə dedi ki, parkdan bir az yuxarıda bir neçə il əvvəl dünyasını dəyişən Hüseyn müəllim varmış, Sabir ona dərs deyibmiş. Hüseyn müəllim parkda kənd sakinləri ilə söhbət edəndə həmişə öz müəllimini xatırlayırmış. Parkda əyləşdiyim skamyadakı həmsöhbətlərimiz bu parkın dəqiq hansı tarixdə salındığı üstündə bir-biriləri ilə mübahisə elədilər. Mirzə Ələkbər Sabirin dərs dediyi məktəb binası hazırda məktəb kimi fəaliyyət göstərmir. Vaxtilə “Ümid” kitabxanasının yerləşdiyi bina da indi kitabxana deyil. Sabirin dərs dediyi tələbələrdən də Həbib Cəbiyev, Əlisəttar İbrahimov, Saad Nəzərov, Ağahüseyn Rəsulzadə və başqaları güllələnib. Həmsöhbətlərimiz balaxanılı milyonçu Məşədi Kampanın səxavətindən, kəndin get-gedə genişləndiyindən söhbət açırlar.

Mirzə Ələkbər Sabirin Balaxanıda dərs dediyi məktəb binası

Nəhayət ki, gözlədiyimiz adam gəldi – usta Emin. Onu gözlədiyimiz müddətdə kənd sakinləri Emin haqqında o qədər xoş sözlər dedilər ki... Emin həm yaxşı ustadır, həm də kəndinin tarixi haqqında maraqlanan, kəndin tarixi şəxsiyyətləri haqqında məlumatlar, şəkillər toplayan fədakar insandır.

M.Ə.Sabirin Balaxanıdakı heykəli

Rus fotoqraf Mişonun Balaxanıda çəkdiyi bir çox fotoşəkil Emində var. Mişonun nəvəsi sosial şəbəkədən Emini tapıb və ona həmin fotoşəkilləri göndərib. Emin bizə ilk olaraq keçmiş “Ümid” kitabxanasının yerini göstərir. Mişonun çəkdiyi fotoşəkilləri o qədər dərindən analiz edib ki, hansı fotoşəkil hansı istiqamətdən çəkilibsə, əzbər bilir. Növbəti getdiyimiz yer karvansaradır.

Karvansara

1918-ci ilin martındakı daşnak qırğınlarından yadigar qalan güllə izləri hələ də karvansaranın divarlarındadır.

Karvansara divarında daşnakların atdıqları güllələrin izləri

Qapısı bağlı olduğu üçün karvansaraya daxil ola bilmədik. Emin qeyd edir ki, Balaxanıda daşnakların qırğınına ən çox məruz qalan həmşərilər olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Kəndin şəhidi Müşviq Nəbi oğlunun adına olan bulağın yanından ötürük.

Balaxanı şəhidi Müşviq Nəbi oğlunun adına bulaq

İndi gəldiyimiz ünvan sovet dövründə fabrikə çevrilmiş bir məsciddir. İrandan gələn azərbaycanlılar üçün üçün bu məscidi tikdirən balaxanılı Hacı Nüsrətəli Məmmədyusif oğludur (1878-1938). Hacı Nüsrətəli neft milyonçusu idi və onun “Nizami” metrostansiyasının yaxınlığında yerləşən beşmərtəbələrdə evi olub. “Nizami” metrostansiyası yaxınlığında yerləşən Hacı Soltanəli məscidini tikdirən Hacı Soltanəli kişi ilə Hacı Nüsrətəli dayıoğlu-bibioğlu olublar. 1863-cü ildə Hacı Nüsrətəlinin atası Məmmədyusif kişinin həyətindən neft çıxıb. Sovet dövründə din əleyhinə mübarizə tədbirləri çərçivəsində məscid toxuculuq fabrikinə çevrilib. Hacı Nüsrətəli kişinin özünə deyirlərmiş ki, adam da fəhlə üçün məscid tikdirər? Hacı Nüsrətəli fəhlələr üçün Balaxanıda yaşayış yeri, hamam, dükan tikdirib, icazə verib ki, həmşərilər meyitlərini burada çürüdüb İrana aparsınlar. Təxminən 1906-cı ildə Hacı Nüsrətəli tərəfindən Balaxanı kəndində Həmşəri məscidi inşa etdirilib.

Həmşəri məscidi

Hacı Nüsrətəli 1938-ci ildə repressiya tədbirləri çərçivəsində güllələnib. 2015-ci ildə Balaxanı sakinlərindən Hacı Abbas Ağahüseyn oğlu məscidi bərpa etdirib. Hacı Nüsrətəli müsahibim Eminin nənəsinin atası olub. Növbəti dayanacağımız Həbib Cəbiyevin doğulduğu evdir. Onun bu evdə doğulmağı ilə bağlı evin divarına barelyef vurulub

Həmşəri məscidinin daxili

Həbib Cəbiyev neft milyonçusu Məşədi Piricanın ailəsində dünyaya gəlib. Atası Nobel qardaşları ilə birgə fəaliyyət göstərib, Hacı Zeynalabdin Tağıyev və erməni Arafelovla birgə “Novıy Ararat” şirkətini təsis ediblər.

Balaxanılı milyonçu Məşədi Pirican Cəbiyevə məxsus şkaf

Atası oğlu Həbibi öz işinin davamçısı görmək istəyib və bu arzu ilə oğlunu Bakı kommersiya məktəbinə oxumağa göndərib. XX əsrin əvvəllərindəki sosial ədalətsizliklər, fəhlələrin ağır və məşəqqətli həyatı, çar Rusiyası zülmü o dövrün zəngin ailələrinin bir sıra övladlarında olduğu kimi, Həbibdə də inqilabi hisslər oyadıb. 1916-cı ilin sonlarında Həbib Cəbiyev Birinci Dünya müharibəsi əleyhinə apardığı təbliğata görə həbs edilərək iki gün polis idarəsində saxlanılıb. Həmin gündən Həbib Cəbiyev açıq mübarizəyə başlayıb və inqilabçı olub. Həbib Cəbiyev “Hümmət” partiyası üzvlüyündən əvvəl sol-eser “Əkinçi” partiyasının üzvü olub və bu partiyada Mir Həsən Vəzirov, Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Əli Bayramov, Eyyub Xanbudaqov və başqa inqilabçılarla birgə fəaliyyət göstərib. 1918-ci ildə bolşeviklərin sıralarına daxil olub və həmin il “Hümmət” təşkilatının Balaxanı şöbəsinin katibi seçilib. Partiya tapşırığına əsasən Seyid Cəfər Pişəvəri, həmkəndliləri Nemət Bəsir və Əlisəttar İbrahimovla birlikdə Bakıdakı özəl mətbəələrin sahibləri danışıb orada xalqı mübarizəyə çağıran siyasi ədəbiyyat nəşr ediblər.

Həmşəri məscidinin əski əlifba ilə yazılmış lövhəsi

Həbib Cəbiyev 1919-cu ilin aprelində partiyanın tapşırığı ilə Gəncəyə göndərilib. Bolşeviklərin Gəncə qəza komitəsinin fəal üzvlərindən birinə çevrilib və eyni zamanda Gəncə ətrafı rayonlarda – Qazax, Tovuz və Gədəbəy rayonlarında inqilabi iş aparıb, həmin rayonlarda partiya özəkləri və qrupları yaradıb. Azərbaycan K(b)P-nin birinci qurultayının nümayəndəsi olub. Həbib Cəbiyev jurnalistlik fəaliyyətinə “Azərbaycan füqərası” qəzetində başlayıb. Sonradan “Kommunist” qəzetinin redaktoru olub. Cəfər Cabbarlı 1923-cü ildə “Kommunist” qəzetinin mininci sayının çıxması ilə əlaqədar “İdarəmizin güzgüsü” məcmuəsində Həbib Cəbiyevin dostluq şarjının altına aşağıdakı şeiri yazıb:

Mümkün ola, fantanları çernil yaparam mən,
Həp məmləkətin xəlqini müxbir yaparam mən.
Hər işçi ki, bir ay gedə, ya getməsə dərsə,
Yazdıqda əgər ruçkanı tutsa da tərsə,
Məcbur edərəm mən onu yazmaqlığa hər an,
Azdan sonra bir yaxşı mühərrir çıxar ondan.

Həmşəri məscidini tikdirən , repressiya qurbanı Hacı Nüsrətəli Məmmədyusif oğlunun şəkli

Həbib Cəbiyevin iştirakı və təşəbbüsü ilə “Azərbaycanı Tədqiq və Öyrənmə Cəmiyyəti” əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasının özəklərindən sayıla biləcək bu institutun ilk həqiqi üzvləri sırasında Həbib Cəbiyev də olub. Moskvada işləyərkən “Lenin” ordeni ilə təltif olunan Həbib Cəbiyev “Bakinski raboçi” qəzetinin milliyətcə rus olan əməkdaşı ilə mübahisəsi üstündə Moskvanın gözündən tamamilə düşüb. Belə ki hələ Azərbaycanda sovet hökumətinin qurulmasının ilk illərindən Həbib Cəbiyev milli mövzularda etdiyi çıxışlara görə millətçi, bəy övladlarını, bir çox Cümhuriyyət nazirlərini himayə edən şəxs kimi təqdim edilir və “Cəbiyevçi” damğası onunla həmfikir olan insanlara yapışdırılırdı. Mircəfər Bağırovun özbaşınalıqları barəsində Moskvaya məktub yazan şəxs idi Həbib Cəbiyev. Həyat yoldaşı Aleksandra Barinovna, “Azneft” sədri Mixail Barinovun bacısı idi. İki oğlu vardı: Cahangir və Teymur. Böyük oğlu repressiyada güllələnib, kiçik oğlu isə Buzovnaya gələndə dənizdə batıb. Həbib Cəbiyev 1938-ci ildə repressiya tədbirləri çərçivəsində güllələnib, onun həyat yoldaşının qardaşı Mixail Barinov da 1937-ci ildə öldürülüb. Həbibin atası Məşədi Pirican da sürgündə dünyasını dəyişib.

Sovet dövründə fabrikə çevrilən Həmşəri məscidinin fəaliyyətini bərpa etdirən Hacı Abbas Ağahüseyn oğlu

Hazırda Həbib Cəbiyevin doğulduğu evdə onun qardaşı oğlu – Rəhim Cəbiyev yaşayır. Rəhim əmi o dəqiqə bizi tanıdı – düz iki dəfə ondan müsahibə almışıq. Onun da atası repressiya qurbanı olub. Deyir, kaş bibimin sağlığında gələydin, o, çox şey bilirdi. Babasının Hacı Zeynalabdin Tağıyevlə birgə təsis etdiyi “Novıy Ararat” şirkətinin təsis sənədini qoruyub saxlayıb. Evlərində qədimi bir şkaf var. Emin deyir ki, bu, milyonçuların sənəd-sünədi saxlamaq üçün istifadə etdikləri şkafdır. Rəhim əmi ilə sağollaşırıq.

Emin bizi Balaxanı sivilizasiyasının başlanğıcına – qədim Balaxanı qəbiristanlığına gətirir. Balaxanı “hündürdə ev” deməkdir. Şakir ağa türbəsi burada yerləşir. Şakir ağa Şirvanşah Ⅰ İbrahimin vəziri olub və oğlunun qəbri də bu qəbristanlıqda yerləşir. Qəbristanlıqda diqqətimi sandıq qəbirlər çəkir. Şakir ağa türbəsi XV əsr memarlıq abidəsidir. Abidənin kitabəsində onun 1427-1428-ci illərdə Miriaxur Şakir ağa ibn mərhum Mürtəzanın sifarişi ilə inşa edildiyi qeyd edilib. Azərbaycanda Şakir ağa türbəsi kimi həm daxili, həm də xarici quruluşu xaç şəklində olan ikinci bir abidə yoxdur. Bu türbə memarlıq baxımından qədim Balaxanı abidələrinin ən qiymətlisi hesab olunur. Şakir ağa türbəsinin yerləşdiyi yer strateji cəhətdən əlverişli olduğundan daşnaklara qarşı 1918-ci ilin martında döyüşən yerli əhali buradan səngər kimi istifadə edib. Güllə izləri məqbərənin divarlarında hələ də qalmaqdadır. SSRİ-nin dağılmasından sonra tikili qismən bərpa edilib.

Şakir Ağa türbəsi

Hacı Şəhla məscidi isə XIV əsr memarlıq abidəsidir. Bakı kəndlərindəki ilk məscidlərdəndir. Giriş qapısının üzərindəki daş kitabənin mətni belədir:

“Bu imarət Hacı Şəhla ibn Şakir ibn Mustafa Köşkinindir”.

Hacı Şəhla məscidi

İndi yolumuz yeraltı ovdanadır. Boyumuz hündür olduğundan pilləkənlə yeraltına enmək zülmdür. Burda bizim üçün şəkilləri də elə Emin çəkir.

Bakı kənarından gələn dəvə karvanlarının Bakının mərkəzi olan İçərişəhərə getməyi üçün bu ovdanların bir sanitar-epidemioloji mərkəz olduğunu öyrənirəm. Dəvələr məhz burada təmizləndikdən sonra şəhərə daxil olublar. Balaxanı qəbiristanlığı insanın sonunun hara olduğunu çox gözəl aydınlaşdırır: kəndin bütün yolları sonda qəbristana çıxır.

Ovdan

Qəbiristanlıqda balaxanılı məhşur şair Nemət Bəsirin nəvəsi Vaqif Hacıyevin də qəbrini gördük. Bu qəbri Nemət Bəsirin digər nəvəsi Tamilla xanıma görə axtarmışıq. Tamilla xanıma məzarın şəklini göndərəndə kövrəldi. Kövrəldiyi üçün “kaş göndərməyəydik” deyə düşündük. Bizi əmin etdi ki, ona yaxşılıq etmişik.

Balaxanılı şair Nemət Bəsirin nəvəsi, hərbi pilot Vaqif Hacıyevin məzar

Nemət Bəsirin adına Balaxanıda küçə var. Nemət Bəsir özü Sabirin tələbəsi olub. “Bəsir” uzaqgörən deməkdir.

Nemət Bəsir kommunist inqilabçı, məhşur publisist, xalq maarif komissarının müavini, qəzet redaktoru olub. Repressiya illərində sürgündə dünyasını dəyişib. Nemət Bəsirin nəvəsi Vaqif Hacıyev isə Birinci Qarabağ müharibəsində pilot kimi döyüşlərdə iştirak edib, 2014-cü ildə qaz partlayışından evində dünyasını dəyişib.

İndi gəldiyimiz yer isə qum hamamıdır. Əvvəl qum hamamı deyə bir şey olduğunu bilmirdim.

Qum hamamı

Bu barelyef isə Balasadıq Zeynallınındır. Balasadıq Zeynallı “Müsavat” partiyası Balaxanı-Sabunçu rayon təşkilatının sədri, 1918-ci il mart hadisələrində İçərişəhərdəki döyüşlərin iştirakçısı, Abşeron neft mədənlərinin mühafizə idarəsinin rəisi olub. 1920-ci ilin 28 aprelindən sonra “Müsavat”ın Bakıda yaratdığı Müqavimət Komitəsi rəhbərliyinin fəal üzvü kimi həbs olunub, Solovkiyə göndərilib. 1932-ci ildə oradan Bakıya qayıdıb. 1937-ci ildə yenidən həbs edilib. M.Ə.Rəsulzadədən sonra Bakıda “Müsavat” partiyasının lideri Mirzə Bala Məmmədzadənin İrana qaçırılmasını Balasadıq Zeynallı təşkil edib. Balasadıq Zeynallının oğlu Fuad Zeynallı 1991-ci ilin sonunda “Əski Müsavatçılar Nəsli” beynəlxalq cəmiyyətini yaradıb. Dünyanın harasında bir müsavatçı varisi varsa, onunla, demək olar ki, ünsiyyət yaradıb.

Müsavatın Balaxanı şöbəsinin sədri Balasadıq Zeynallıya xatirə lövhəsi

Bizi öz kafesinə qonaq edən də Balasadıq Zeynallının nəvəsi Sadıq bəydir. Sadıq bəyin atasının adı Kərimdir (əslində, Kərimulla). Sadıq bəyin özünün adı da Balasadıq olsa da, Sovet dövründə təzyiqə məruz qala bilmək ehtimalından, sadəcə, sənədə Sadıq olaraq qeyd edilib. Sadıq bəy babasının repressiyası ilə bağlı nə eşidibsə, əmisi Fuaddan eşidib. Atası ona heç nə danışmayıb. Əmisi deyirmiş ki, üçrəngli bayrağı 1920-ci ildə aprelin 27-ində özü ilə daşıyıb bulvarda dalğalandıran məhz Balasadıq Zeynallı olub.

Balasadıq Zeynallı həbsdə qısa müddətə olub. Belə ki o həbsxanadan qaça bilib, lakin bu dəfə sürgün edilib. Daha sonralar da Balasadıq Zeynallı 30-cu illərdə güllələnib. Həyat yoldaşı dəfələrlə NKVD-yə müraciət etsə də, hər dəfə xəstəliyinə görə filan yerdədir deyilib. Sən demə, tutulandan üç gün sonra Balasadıq Zeynallı güllələnibmiş.

Onun repressiya qurbanı olmağını təsdiq edən arayışda da NKVD-nin yalan məlumatları öz əksini tapıb. Sənəddə yazılıb ki, o, 1956-cı ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Balasadıq Zeynallının ailəsi kənddə imkanlı olub və Mayıl, Məmmədcəlal, Zeynalabdin adlı qardaşları olub Balasadıq bəyin. Sadıq bəy babasının bacılarının adını xatırlaya bilmir. Babası savadlı olduğuna görə kənd camaatının ona mirzə dediyini qeyd edir. Balasadıq Zeynallının üç oğlu, bir qızı olub: Kərim, Fuad, Xalıq, Rəhimə. Sadıq bəyin bacısının adı da Rəhimədir, əmisi oğlunun adı isə Xalıq. Balasadıq Zeynallının oğlu Kərimdən olan nəvələrinin adı Mirzə, Sadıq, Rəhimə və Nicatdır.

Nicat hazırda Rusiyada yaşayır. Oğlu Fuaddan olan nəvələrinin adları isə Anar və Xalıddır. Hər ikisi sağdır. Fuad Zeynallı dünyasını dəyişəndən sonra “Əski Müsavatçılar Nəsli” beynəlxalq cəmiyyətinin sədri vəzifəsinə başqası keçsə də, onun fəaliyyəti əvvəlki qədər səmərəli olmayıb. Balaxanıya gələndə Balasadıq Zeynallının nəvəsinin kafesinda çay içəndən sonra yola düşürük.

Emin əslən balaxanılı olan ilk azərbaycanlı neftçi qadın Firuzə Kərimova haqqında soruşur bəzi kənd sakinlərindən. Qohumlarının şəhərdə yaşadığını öyrənirik və Emin söz verir ki, onun qohumları ilə əlaqə saxlayacaq. Aclıqdan taqətsiz olduğumuzdan Emin bizi qutaba qonaq edir və dönə-dönə də tapşırır ki, bu cavan oğlanlar nə vaxt dost-tanışı ilə bura gəldi, canla-başla qulluq edin.

Bu restoranın sahibinin repressiya qurbanı babası da, sən demə, Sabirin tələbəsi olub: Saad Nəzərov. Saad Nəzərovun bir məşhur ifadəsi var: “Fəhlə nədir, bağ nədir?” İnqilabdan sonra müxtəlif vəzifələrdə çalışmış Saad Nəzərovun yanına fəhlələr gəlib bağ almaq istədiklərini bildirəndə rəhmətlik bu sözü deyib.

Eminlə söhbət edə-edə yavaş-yavaş Bakıya qayıtmaq üçün dayanacağa tərəf gedirik. Kənddə ikinci böyük nəslin Sübhan nəsli olduğunu eşidirəm. Sübhan Yunanıstandan gələn türk daşyonan olub. Şakir ağanın qəbri üçün daşı da o yonub. Şirvanşah Ⅰ İbrahim əkin üçün beş hektar torpaq sahəsi bağışlayıb Sübhan kişiyə. Emin növbəti görüşümüzdə balaxanılı repressiya qurbanlarının qohumları ilə məni tanış etməyə söz verir. Deyir ki, balaxanılı məşhur publisist, dövlət xadimi, repressiya qurbanı Əlisəttar İbrahimovun qohumlarını tapacaq.

# 4206 dəfə oxunub

Müəllifin son yazıları

# # #