Sevgilimiz kimi xatırladığımız futbol

Sevgilimiz kimi xatırladığımız futbol
12 iyul 2021
# 12:35

Dünən “Avro-2020” futbol çempionatının final oyunu baş tutdu.

Dünyanın ən titullu komandalarından olan İtaliya millisi ilə futbolun yaradıcıları olan ingilislər qarşılaşdı. İtaliya millisinə həmişə xüsusi bir rəğbətim olsa da, bu dəfə könlüm ingilislərdən yana idi.

Nə də olmasa, adamlar aşiq olduğumuz futbolu yaradıb.

Futbolu yaradıblar, ancaq millilər səviyyəsində sadəcə bir dəfə, 1966-cı ildə Dünya çempionu olublar. O da həmin oyunda yan xətt hakimi olan həmyerlimiz Tofiq Bəhramovun hesabına. Baş hakim topun qapı xəttini keçdiyini görməsə də, Tofiq Bəhramov görmüşdü və düzgün qərar verərək qolu qeydə almışdı.

Bir az da buna görə İngiltərə millisi mənə daha doğma gəlirdi.

Dostumun toyundan tələm-tələsik qayıdıb televizor arxasına keçmişdim. Bu oyunu izləməmək olmazdı.

İngilislərin erkən qoluna italyanlar ikinci hissədə cavab verdilər. Əlavə vaxtda da qalib müəyyənləşmədi. Penaltilər seriyasında isə İtaliyanın təcrübəsi öz sözünü dedi.

Futbolun yaradıcısı olan ingilislər yenə Avropa çempionu ola bilmədi.

Dəhşətdir!

Futbolu yaradasan, amma çempion ola bilməyəsən!

Elə bil, ağac əkirsən, əziyyət çəkib onu böyüdürsən, amma sonra sənə imkan vermirlər ki, o ağacın meyvəsini yeyəsən. Heç olmasa nübar eləyəsən.

Neyləmək olar? Bu da talehin bir ironiyasıdır.

Ümumiyyətlə, həyatda çox sevdiyim iki şey var ki, dərinliyinə gedəndə, hər ikisinin də çox mənasız olduğunun fərqinə varıram: qadınlar və futbol.

Qəribə olan isə odur ki, qadınların da, futbolun da mənasızlığında bir möhtəşəmlik gizlənir.

Futbol çox böyük bir eşqdir.

Bunu fanatik azarkeşlər yaxşı bilir.

Futbolu sevməyən bəylərə də həmişə qəribə baxmışam.

Axı, futbol bütün duyğuların: ehtiras, mübarizə, savaş, ümid, inam, sevinc və kədərin birləşdiyi bir oyundur.

İlk sevdiyimiz qızı indi necə xatırlayırıqsa, həmin illərdə vurulan möhtəşəm qolları, oyunları, oyunçuları da o cür xatırlayırıq.

Kiminsə xatirələri Maradonanın 1986-cı ildə İngiltərəyə vurduğu və “Əsrin qolu” seçilən o möhtəşəm qola bənzəyir, çox gözəl olur.

Kiminsə xatirələri Roberto Baccionun 1994-cü il finalında çölə vurduğu penalti kimi incidir, məyus edir.

Ya Ronaldinyo kimi... Ronaldinyonun topla rəqs etməsi gözəl bir qadının tanqo oynamasına bənzəyirdi. Top onun ayağında olanda, hər ikisi çox xoşbəxt görünürdü: Ronaldinyo da, top da...

Elə biz də!

Elə bil, top onun ayağına yapışıb qopmaq istəmirdi.

Çox istəyərdim, mənim də ilk sevgim heç olmasa Ronaldinyonun topla rəqs etməsini, Juninyonun cərimə zərbələrini, İniestanın ara paslarını xatırlatsın, amma ilk sevgimi xatırlayanda, yadıma Zidanın Materazziyə vurduğu kəllədən başqa heç nə düşmür.

Təəssüf, mənim xatirələrim Zidanın Materazziyə vurduğu həmin o kəllə kimi incidir...

# 4280 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #