Evli ola-ola sevdiyi nişanlı qız kim idi? – Məşhur şairin bacısı qəbiristanlıqda onun ən böyük sirrini açdı - Reportaj

Evli ola-ola sevdiyi nişanlı qız kim idi? – Məşhur şairin bacısı qəbiristanlıqda onun ən böyük sirrini açdı - Reportaj
16 dekabr 2021
# 21:00

Tofiq Bayram haqqında reportaj hazırlamaq barədə xeyli vaxtdır ki, düşünürdüm. Şairin yaxınlarından bacısı Svetlana Bayramova ilə əlaqə saxlayıb Tofiq Bayram haqqında söhbətləşməyi qərara aldıq.

Svetlana xanıma zəng etdik.

Qardaşının məzarını ziyarət etməyə hazırlaşırmış!

İşdə qərara gəldik ki, mən də Svetlana xanımla birlikdə gedim, gördüklərimi və eşitdiklərimi qələmə alım.

Söhbətə maşından başladıq.

- Bildiyim qədərilə Tofiq bəyin övladı yoxdu indi. Düzdü?

- Tofiqin Zakir adında çox istedadlı, savadlı bir oğlu var idi. Moskva Mühəndislik və Fizika İnstitutunda “Nüvə fizikası” fakültəsində təhsil almışdı. Oranı bitirdikdən sonra öz ölkəmizdə Kosmik Tədqiqatlar İnstitutunda işlədi. Kəşfləri var idi, xüsusi portativ aparatlar icad eləmişdi. Bu yaxınlarda 48 yaşında rəhmətə getdi... Bundan başqa Cavanşir və Cahangir adlı iki oğlu var. Biri iqtisadçıdır, digəri polis işçisi kimi Birinci Qarabağ müharibəsində iştirak edib. Qarabağ qazisidir. Üstəlik, həm də idmançıdır. Yarışlarda yer tutub.

- Allah rəhmət eləsin! Tofiq bəy bir dəfə evlənib, amma çoxlu sevdaları, eşq macəraları olub. Elə siz özünüz də bu haqda danışmısınız. Türkiyəli müğənni Sevda Aydan ilə eşq yaşayıb və bir də əsas gizli məhəbbəti haqqında da üstüörtülü danışmısınız. Hətta həmin o gizli məhəbbətinin hələ də yaşadığını demişdiniz. Bəlkə kim olduğunu deyəsiniz?

- Həmin xanım hələ də yaşayır. Görkəmli alimdir, çox gözəl də xanımdı, amma adını deyə bilmərəm.

Əslində mənim üçün ən maraqlı olan suallardan birini belə erkən verməkdə yanlış etdiyimi, heç bir cavab ala bilməyəcəyimi anlayıram və bir az özümə əsəbiləşib cəhdimi davam etdirirəm.

- Sevgi qarşılıqlı idi?

- Xeyr. Çünki o vaxt Tofiq evli idi, iki uşağı vardı, həmin xanım isə nişanlı idi.

İçimdəki maraq daha da artır, bu mövzunun üstündən hələlik keçməli olduğumu düşünürəm, amma tələsməyin, yazını sona kimi oxuyun, yenə cəhd edəcəm, cavab almadan əl çəkən deyiləm.

- Yoldaşı Zərifə xanım da bu sevgiləri anlayışla qarşılayırdı...

- Bəli. Deyirdi, mən neyləyə bilərəm? Qadınlar Tofiqi çox sevir, mən buna mane ola bilmərəm. Çox anlayışlı qarşılayırdı. Hətta Tofiqə gələn sevgi məktublarını da yığıb saxlayırdı. 2019-cu ildə dünyasını dəyişdi, bütün ömrünü Tofiqə həsr etdi, onun qulluğunda durdu, etibarlı həyat yoldaşı oldu.

- Ailədə neçə övlad idiniz?

- 9 uşaq olmuşuq: 3 qardaş, 6 bacı. Ən böyüyümüz Tofiq idi. Təəssüf ki, qardaşlarımın hamısı, bacılarımın üçü dünyasını dəyişib. Tofiq haqqında tədbirlərdə bir qayda olaraq həmişə mən danışmışam, bu da onun öz arzusu idi. Mənə çox güvənirdi. Hansısa qəzetdə şeiri çap olunanda ilk mənə deyirdi, mən də tez gedib köşkdən alıb şeiri oxuyurdum. Əksər hallarda bəyənirdim və zəng eləyib fikirlərimi deyirdim. Bəyənmədiyim şeirləri də olurdu, onda zəng eləmirdim. Bir müddət keçirdi, bir də görürdüm, özü zəng eləyir. Deyirdi, deyəsən, camaat məni bəyənmir ha, noldu, niyə zəng eləmədin? Mən də fikirlərimi deyirdim. Bəzən razılaşırdı, bəzən yox, amma mənim rəyimi həmişə qiymətləndirirdi.

- Yazıçılar Birliyinə üzv olanda atanız dəvə kəsibmiş. Necə olub o hadisə?

- Bəli. 1958-ci il idi, Tofiq çox cavan idi. Füzulinin yubileyi keçirilirdi və Tofiqin “Füzuli” pyesi əsasında televiziya tamaşası hazırlanmışdı. O vaxtın görkəmli şəxsləri – Xalq şairi Süleyman Rüstəm, rejissor Şəmsi Bədəlbəyli yüksək fikirlər səsləndirmişdilər həmin pyes haqqında. Artıq Yazıçılar Birliyinə də üzv olmuşdu. O vaxt atam Tofiqə dedi ki, həmin dostlarını yığ gətir, onlara bir qonaqlıq verim. Tofiq də bunu Süleyman Rüstəmə deyir. O da bu təklifə deyir ki, Əmircana böyük məmnuniyyətlə gələrik, amma bir şərtimiz var, bizim üçün dəvə qutabı bişirsinlər. Tofiq tərəddüd içində qalır, bilmir nə desin, deyir, atamla danışaram. Gəlib Süleyman Rüstəmin bu istəyini atama deyir. Atam deyir, yaxşı eləyib istəyib, narahat olma, təşkil eləyərik. Atam eləmə tənbəllik, gedir Qobuya, orada bir çobandan dəvə alır, pulunu verir, evimizin ünvanını da verib deyir ki, bunu sabah gətir bizim qapıya. Çoban da dəvəni gətirir.

Bir də bazar günü səhər uşaqlar içəri qaçıb atama deyirlər ki, ay ata, bütün küçə doludur “Pobeda” maşınlarla. Atam çıxır həyətə, görür, Süleyman Rüstəm, Şəmsi Bədəlbəyli, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, televiziyadan tanıdığımız hər kəs - bütün məşhurlar gəlib. Anam narahat olur ki, bu qədər qonağa bəs edəcək qutabı necə hazırlayacağıq? Atam onun da həllini tapır. Sallaqxanada kəsdirdiyi dəvənin ətini qonşulara paylayır və xahiş edir ki, hamı qutab hazırlasın, həm özləri üçün, həm də qonaqlar üçün. Beləcə həmin məşhur dəvə qutabı qonaqlığını verirlər.

Söhbət edə-edə çatırıq Bakının Əmircan kəndinə.

- Bakının Əmircan kəndindənsiniz. Mənə maraqlıdır, Tofiq bəyin meyxanaya münasibəti necə idi? Meyxana demək bacarığı var idi?

- Yox. Sizə bir sirr açım. Bir dəfə Tofiqin meyxana ilə bağlı o dövrün böyük ədəbiyyatşünaslarından olan Əkrəm Cəfərlə çox ciddi mübahisəsi düşmüşdü. Səbəb isə Tofiqin meyxananı poeziya janrı saymamağı idi. Baxmayaraq ki, Bakıdan idi meyxananı sevmirdi və poeziya saymırdı. Əkrəm Cəfər isə meyxanaya çox yüksək qiymət verirdi. Tofiqin yaradıcılığında daha çox aşıq poeziyasının təsiri hiss olunurdu. Səməd Vurğunu sonsuz məhəbbətlə sevirdi.

- Ən yaxın dostları kim idi?

- Poeziyada Səməd Vurğunu nə qədər sevirdisə, rəssamlıqda da Səttar Bəhlulzadəni o qədər sevirdi, möhkəm də dost idilər. Maestro Niyazi kimi adam bizim evimizin daimi qonağı idi. Süleyman Rüstəmlə, aralarındakı yaş fərqinə baxmayaraq, dostluq eləyirdilər. Gənclik illərinin ən yaxşı dostu da Rəfiq Zəka idi. Dostları çox idi. O vaxt poeziyamızda ən yüksək qiymətləndirdiyi şair Əli Kərim idi. Çox yaxın dost idilər. Əli Kərim rəhmətə gedəndə Tofiq qırx gün onların evindən çıxmadı. Əli Kərimin ölümünə bir şeir də yazmışdı. Belə bir misrası vardı: “İnanmıram, ağlama”. Bunu sağlığında Əli Kərimin qədrini bilməyənlərə ünvanlamışdı.

Köhnə Əmircan qəbiristanlığına çatırıq. Maşın şairin məzarı önündə dayanır. Tofiq Bayramın məzarının yanında böyük qəbirüstü abidəsi olan daha bir məzar da diqqətimi çəkir, amma kim olduğunu seçə bilmirəm. Maşından düşmədən bir sual da verirəm ki, ziyarəti rahat edək.

- Nə əcəb Fəxri Xiyabanda dəfn edilməyib?

- Tofiq Bayram öləndə Dövlət Dəfn Komissiyası yaradılmışdı və bir nekroloq getmişdi. O nekroloqda belə bir qərar verilmişdi ki, Tofiq Bayram Fəxri Xiyabanda dəfn edilsin, cənazəsi də Rəşid Behbudov adına Mahnı Teatrından götürülsün. Həmin gecə Nazirlər Sovetindən bizə, anamın yanına gəldilər və dəfn mərasiminin necə planlaşdırıldığını dedilər. Anam etiraz elədi. Dedi, mənim oğlum aktyor, ya müğənni deyil ki, cənazəsi səhnəyə qoyulsun, öz kəndimizdə, öz adətlərimizlə dəfn edəcəyik. Həm də Tofiqin özünün vəsiyyəti vardı ki, onu Əmircanda, Səttar Bəhlulzadənin yanında dəfn edək.

İndi Tofiq Bayramın məzarının yanındakı məzarın, heykəlin kimə aid olduğu mənə bəlli olur. Maşından düşürük. Əslində həmişə qəbiristanlığa gedəndə bir az içimdə narahatlıq yaranır, amma niyəsə indi belə deyildi. Qarşımda iki məzar, iki qəbirüstü abidə - bir şair və bir rəssam dayanmışdı. Məzarların arxasındakı adını bilmədiyim göl və ağaclar buranı daha maraqlı göstərirdi. Yazın gəlişi qəbiristanlıqda da hiss olunurdu. Yaşıllaşmış ağaclar, cücərən otlar və günəşli hava...

Svetlana xanım ilk olaraq Səttar Bəhlulzadənin qəbrinə gül qoyur. Bu məzarın restavrasiyandan da danışır. Deyir, Səttar Bəhlulzadənin dəfnində Tofiq Bayramın böyük zəhməti olub.

Svetlana xanım rəssamın qəbirüstü abidəsinin qarşısında dayanıbabidə-kompleksdə yer alan boş çərçivədən baxır və deyir:

- Elə bil arxadakı gölü, ağacları, səmanı elə indicə Səttar Bəhlulzadənin özü çəkib!

Mən də çərçivənin içindən baxıram və Svetlana xanımın haqlı olduğunu görürəm. Doğrudan da bu mənzərəni rəssam özü çəkib elə bil.

Sonra Svetlana xanım Tofiq Bayramın məzarı üstünə gül qoyur. Nə bir ağı deyir, nə də ağlayır və bu, niyəsə mənim çox xoşuma gəlir.

Məzarı üstündə şairin bir şeiri yazılıb:

Kaş ki öləcəyim günü biləydim,
Biləydim nə zaman son nəfəsimdir.
Demirəm dünyaya birdə gələydim,
Bir dəfə gəlmişəm, elə bəsimdir.

Ürəklə yazmışam neçə nəğməni,
Biri yadda qalan, biri itəndir.
Demərəm, ey Vətən, bağışla məni,
Torpağın altı da mənə Vətəndir.

Svetlana xanım bu bəndləri təkrarlayıb deyir:

- Mən sevinirəm ki, qardaşım torpağın altını da özünə vətən bilib. Hamı bunu dərk etməz.

Tofiq Bayramın valideynlərinin, həyat yoldaşı Zərifə xanımın və oğlu Zakir bəyin məzarlarını da ziyarət edirik.

Qəbiristanlığa nəzarət edənlər Svetlana xanımı tanıyır, onunla salamlaşırlar, hal-əhval tuturlar. Qayıdıb maşına minən kimi gülməli bir əhvalat danışır:

- Bir dəfə xəstələndim. Uzun müddət bura ziyarətə gələ bilmədim. Sonra gələndə qəbiristanlığa nəzarət edənlər, buranın işçiləri mənə dedilər ki, neçə vaxtdır harada idiniz, sizin üçün darıxmışdıq? Mən xeyli güldüm, dedim, artıq qəbiristanlıqda mənim üçün də darıxırlar.

Bu qara yumora ikimiz də gülürük və belə məzəli bir ab-havanın yaranmasından istifadə edib bayaqdan ağlımın bir küncündə ilişib qalmış gizli məhəbbət mövzusuna qayıtmaq istəyirəm:

- O dediyiniz gizli eşqi var idi e Tofiq bəyin. Həmin xanımın Tofiq bəyin məzarını ziyarət etdiyini gördünüz heç?

- Mən görməmişəm, amma bu eşqlə bağlı başqa bir tarixçəni danışım.

Aha! Deyəsən, alındı! Svetlana xanım danışmağa başlayır:

- Təxminən on il qabaq hüzür yerində idim. Bir yaşlı xanım yaxınlaşdı mənə. Yaşına baxmayaraq, son dərəcə gözəl idi. Hətta, o yaşında belə ona vurula bilərdilər. Dedi, məndə bir əmanət var, onu sizə çatdırmalıyam. Dedi, o əmanəti uzun illər saxlayıb və gəlin köçəndə yoldaşı xəbər tutmasın deyə anasına verib. Təəccübləndim.

- Həmin o görkəmli alim olduğunu dediyiniz xanım idi?

- Bəli. Mən onu onsuz da tanıyırdım. Mənə nömrəsini verdi. Gəldim evə, zəng elədim. Dedi, əmanəti tapa bilmirəm. Bir kafedradan o birinə köçəndə əmanət it-bata düşüb. Soruşdum, nə idi? Dedi, Tofiq Bayramın ona həsr etdiyi şeir... Bu hadisənin üstündən bir neçə il keçdi. Həmin xanım mənə zəng elədi ki, əmanəti tapıb. Məni evinə dəvət elədi, getdim. Çox gözəl süfrə açmışdı. Xeyli söhbət elədik və həmin əmanəti, ona həsr olunmuş şeiri mənə verdi.

- Hansı şeir idi?

- “Ay gecikən məhəbbətim”.

- Doğrudan?!təəccübümü saxlaya bilmədim

- Bəli! Həmin şeirin ilkin variantı, əlyazması idi. 2015-ci ildə Tofiq Bayramın şeirlər kitabını dərc edəndə “Ay gecikən məhəbbətim” şeirini iki variantda verdim.

Əlimdə olan kitabı tez-tez vərəqləyib həmin şeiri axtarıram. Svetlana xanım isə söhbətinə davam edir:

- Amma niyəsə o xanım məndən küsdü.

- Niyə?

- Bilmirəm. Dedi, bizim aramızda olan sirr idi.

Svetlana xanım bunu deyəndə bir az günahını gizlədirmiş kimi görünür gözümə və şeiri axtarmağa davam edib tapıram.

“Ay gecikən məhəbbətim” şeirinin birinci variantında şairin qeydi də yer alıb:

“Sadəliyində ülvi gözəllik, gözəlliyində ucalığı ölçüyə gəlməyən məna duyduğum, gələcəkdə yazacağım ən gözəl nəğmədən daha incə, daha zərif şeiriyyət olan Tamilla xanıma ithaf edirəm!”

Beləliklə, Tofiq Bayramın gizli məhəbbətinin adını da öyrənmiş oldum.

Svetlana xanım faş olan sirrə görə sıxılır və özünə haqq qazandırmağa çalışır. Əmircanda Tofiq Bayramın adını daşıyan parkı ziyarət edəndə də bayaqkı söhbəti unutmamışdı:

- Axı mən neyləyim?! Kağızda Tofiq belə yazmışdı!

Foto: İlkin Nəbiyev

# 24285 dəfə oxunub

Müəllifin son yazıları

# # #