O qızın mənim 20 yaşımdakı barmaqları – Ulucay yazır...

O qızın mənim 20 yaşımdakı barmaqları – Ulucay yazır...
6 may 2021
# 13:50

Sosial şəbəkələrdə 20 yaş aksiyası başlayıb. Hamı 20 yaşına aid şəkillərindən paylaşır. Feysbukda çox pozitiv, gözəl, nostalji bir aura yaranıb.

Mənim 20 yaşım o qədər də uzaqda deyil, indiki mənlə arasında təxminən 6 il dayanıb.

Məsafə o qədər uzaq olmasa belə, yenə də əlçatmazdı. Nəinki, 20 yaşımız, hətta dünənimiz belə əlçatmazdır.

Həmin illəri yuxu kimi, özü də sehrli bir yuxu kimi xatırlayıram. Niyəsə keçmiş illəri xatırlayanda daha çox bahar ayları yadıma düşür. Çiçəkləmiş alça ağacları, qısaqol köynəklər, mağazaların qarşısına çıxarılan dondurma dolabları, adamı xoşbəxt edən yaz qoxusu və o qız...

20 yaşımda yaşadığım o böyük sevgini də üzümdə təbəssümlə xatırlayıram. Adı... Əşi, adını neyləyirsiniz? Fərqi nə, adı Bənövşəydi, Nərgiz, ya Lalə?

Əsas odur ki, sevirdim. İyirmi yaş deyəndə o qızın gözlərinin parıltısı, incə barmaqları yadıma düşür.

Hə, bir şeir də yazmışdım o qıza, o sevgiyə, o yaşa. Belə idi:

Nə yaxşı ki tez gəldin
iyirmi yaş əladı
gecikə də bilərdin
gəlməyə də bilərdin

bir az da geciksəydin
yəqin nişan pozardım
otuzumda bəlkə də
bezərdim, boşanardım

qırxda gəlsən, qızımdan
üzr də istəyərdim
həyat yoldaşıma da
özümü pisləyərdim

əllidə gəlsən, yəqin
məşuqluq eyləyərdik
altmışımda gəlsəydin
bilmirəm, neyləyərdik?

nə yaxşı ki tez gəldin
iyirmi yaş əladı
gecikə də bilərdin
gəlməyə də bilərdin.

Mən iyirmi yaşımı həmişə o qızla xatırlayacam. İndi bu cümlələri yazanda da üzümdə təbəssüm yaranır.

Nə yaxşı ki, nə vaxtsa 20 yaşımız olub...

Nə yaxşı ki, nə vaxtsa sevmişik, aşiq olmuşuq...

# 3558 dəfə oxunub

Müəllifin son yazıları

# # #