Mən sülh istəyirəm

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

7 oktyabr 2022
# 14:51

Kulis.az Ulucay Akifin “Primitiv həqiqətlər” adlı yeni yazısını təqdim edir.

Hərdən elə mövzular haqqında yazmağa məcbur qalıram ki, istəyirəm başımı vurum divara, başım partlasın, yıxılıb ordaca ölüm. Həmin yazıları özümü söyə-söyə yazıram ki, ay Ulucaaaaay, axı sən niyə bunları yazmağa məcbur qalmalısan, niyə bu şeyləri kiməsə izah etməyə çalışmalısan, niyə belə primitiv, adi həqiqətləri adamlar özləri başa düşmürlər?!

İndi yazmaq istədiyim mövzu da bu qəbildəndir.

Sosial şəbəkələrdə görürəm, Azərbaycanın (və azərbaycanlıların) sülh istəmədiyini deyənlər var, dövləti də, adamları da qınayanlar var. Deyirlər ki, Azərbaycan niyə müharibə edir? Və bunu deyənlər elə danışırlar ki, elə bil Ermənistan (və ermənilər) sülh istəyir, biz yox.
Qeyd: bu iki abzası yazarkən artıq başımı iki dəfə divara çırpmışam.

"Si vis pacem, para bellum" (latın atalar sözü)

Yəni “sülh istəyirsənsə, müharibəyə hazır ol”.

Birinci onu dərk etmək lazımdır ki, hazırda Azərbaycanın Qarabağda yeritdiyi siyasət bu qədim prinsipə əsaslanıb. Azərbaycan (və azərbaycanlılar) müharibə yox, düşməni sülhə məcbur etmək istəyir.

Niyə?

Çünki Ermənistan hələ də 44 günlük Vətən müharibəsindən sonra altına imza atdığı Üçtərəfli Bəyanatın şərtlərinə əməl etmir. O şərtlər ki, bu torpaqda sülhün bərqərar olması üçün mütləqdir.

Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil vermir. Hələ də o torpaqlarda azərbaycanlılar (həm hərbçilər, həm də mülki vətəndaşlar) minaya düşərək ya həlak olur, ya da şikəst. Və ermənilər iddia edirlər ki, Qarabağdakı minaların əksəriyyəti Dünya müharibəsi zamanı basdırılıb.

Necə də həyasızlıqdır!

Və hələ də erməni kəşfiyyatçıları azad etdiyimiz torpaqlarımıza keçib mina basdırmaqla məşğul olurlar.

Ey Ermənistanın sülh tərəfdarı olduğunu deyənlər, belə sülh istəməkmi olur?!

Ey Azərbaycanın müharibə istədiyini deyənlər, bu sülhə məcburetmə deyil də, nədir?!

Niyə ancaq medalyonun bir üzünü görürsünüz? Digər tərəfi qəsdənmi görməzdən gəlirsiniz?

Niyə Ermənistan Üçtərəfli Bəyanatın digər şərtlərinə də əməl etmir? Niyə Dağlıq Qarabağ ərazisindəki erməni silahlı quldurları hələ də tərksilah edilmir?

Budurmu ermənilərin sülh anlayışı, sülh arzusu? Niyə ermənilər (həm siyasi-hərbi rəhbərlik, həm də xalq olaraq) hələ də revanşist fikirlər səsləndirməyə davam edirlər? Birinci Qarabağ müharibəsindən sonra da ermənilər revanşist fikirlər səsləndirməkdən əl çəkmirdilər.

Bəs niyə bu 30 ildə sülh çağırışı etmirdi erməni xalqı? Niyə işğal edib yaşamadıqları rayonlarımızı belə özümüzə qaytarmırdılar sülh yolu ilə? Gəncəyə "Qandzak" deyirdilər. Deyirdilər ki, "müharibə olsa, tanklarımız Bakıya kimi gələr". Zaman göstərdi ki, haqlı imişlər, tankları Bakıdakı hərbi paradda qənimət kimi nümayiş edildi.

Niyə ermənilər yenə həmin Üçtərəfli Bəyanatda yer almış Naxçıvanla əlaqə məsələsini də rədd edir? Budurmu sülh istəyi?

Neyləməlidir Azərbaycan? Bütün minaların aşkar olunması üçün adamlarımız bir-bir həlak olmalıdırmı, şikəst qalmalıdırmı?

Yazının bu hissəsində başımı bir daha divara vurub keçirəm digər məsələyə.

Azərbaycanlıların ermənilərlə birgə yaşamaq istəmədiyini deyənlər var. Əslində, bunu istəməyənlərə haqq verməmək də olmur, amma bu məsələ də bir anın içində həll olunacaq proses deyil, xeyli zaman alacaq məsələdir.

Di gəl, bunu deyənlər də haqsızdır.

Bilməyənlər üçün onu deyim ki (görürəm ki, çoxunuz çox şeyi bilmirsiniz), Ermənistan monoetnik dövlətdir. Bunu mən demirəm ha, bunu bütün Dünya bilir, bütün Dünya deyir.

Monoetnik dövlət nə deməkdir? Yəqin, aranızda bunu bilməyənlər də var.

Allah, mənim düşdüyüm işə bax da! Gör nələri izah eləməyə məcbur qalıram!

Monoetnik dövlət o deməkdir ki, Ermənistanda ermənilərdən başqa heç bir millətin nümayəndəsi yaşamır. Niyə yaşamır?

Demək ki, ermənilər başqa millətlərlə birgə yaşaya bilmirlər də. Elə Qarabağ müharibəsi də bu səbəbdən baş verdi, ermənilərin Qarabağda bizlə birgə yaşamaq istəmədiyi üçün. Bu qədər sadə.

Bəs necə olur ki, Azərbaycanda bütün millətlər birgə çox mehriban yaşayırlar? Necə olur ki, adamlar bu həqiqəti görə-görə azərbaycanlıların ermənilərlə birgə yaşamaq istəmədiklərini deyirlər? Azərbaycanda ermənimi yoxdur?

44 günlük müharibə zamanı ermənilərin bombaladığı Gəncədə yaralanan erməni Karina Qriqoryan kim idi bəs? Bəs necə olur ki, Karina Qriqoryan Gəncədə rahatca yaşaya bilir? Nə qədər erməni yaşayır Azərbaycanda, guya bunu bilmirsiniz? Bəs niyə boş-boş danışıb məni əsəbiləşdirirsiniz?!

Yəqin, hiss elədiniz, başımı yenə çırpdım divara.

Azərbaycanda milliyyətindən, dinindən, irqindən asılı olmayaraq hamı rahatca yaşaya bilir. Rahatca deyəndə ki, mövcud maaşlar, pensiyalar, qiymətlər imkan verdiyi qədər.

Yəni mən inanmıram ki, mağazalarda 1 litri 7 manata olan yağı hansısa erməniyə 17 manata, bir “meşok” unu mənə 45, hansısa erməniyə 65 manata, bir kilo əti mənə 16, hansısa erməniyə 26 manata satırlar. Nə də kommunal xərclərini artıq yazırlar. Hamımız da 300-500 manat maaşa işləyirik, güc-bəla ilə birtəhər dolanırıq da.

Məncə, demək istədiklərimi az da olsa, deyə bildim. Qalan şeyləri də özünüz düşünün. Məni yormayın.

# 3859 dəfə oxunub

Müəllifin son yazıları

# # #