Mərd qadının cadulu sevgiləri - Aydın Talıbzadə

Mərd qadının cadulu sevgiləri - Aydın Talıbzadə
15 iyun 2025
# 10:00

Kulis.az Aydın Talıbzadənin "Azərbaycan teatrinda feminist ruh" essesini təqdim edir.

(mərd qadının cadulu sevgiləri)

Əgər məndən soruşsaydılar ki, 60-cı illər Azərbaycan teatrında müasirliyin qanadlarının adı nədir, mən fikirləşmədən deyərdim Amaliya Pənahova.

Teatrın səhnəsində müasirliyin qadın etalonu, qadın modeli, modern qadın tipajı Amaliya Pənahovanın fakturasında görünürdü, onun nitq modulyasiyaları, tələffüz ritmikası ilə danışırdı. Həmin dönəmin Bakı camaatı Milli Dram Teatrına çox vaxt məhz Amaliya xanıma heyran-heyran baxmağa gələrdi, aktrisaya aşiq olmağa gələrdi, onun oynadığı rolların məhəbbətinə “azərkeşlik” etməyə gələrdi.

Bu aktrisanı sanki dövrün bitlomaniya dalğaları tullamışdı səhnəyə yuxulu bir su pərisi kimi...

Səhnənin qoxusu burnuna dəyən andaca bu su pərisi həməncə ayılmışdı, ərq-bərq vuran pulcuqlu geyimində ayağa qalxıb bütün varlığı ilə “Bitlz” qrupunun oxuduğu mahnılardan trans vəziyyətinə düşən, tvist, rok-n-roll burulğanında qıvrılan gənc qızların, Azərbaycanda fetişləşmiş “Azadlıq qadını” heykəlinin, bir də zəmanənin feminist ruhunu yansıtmağa çalışmışdı.

Amaliya xanımın səhnə səsi sanki su pərisinin qaranlıq gecədə dənizdən eşidilən səsini andırırdı: nəfəsi elə bil ki sevgi caduları ilə elektriklənmişdi. Aktrisanın səsi piano dilləri kimi şirmayı idi: damla üzərindəki günəş şüası qədər parıldayırdı. Çünki Amaliya xanımın ruhunda sehrlənmiş bir parıltı vardı və bu parıltı onun fakturasında həmişə şəfəqlənirdi. Aktrisa öz səsi, nəfəsilə seyrçini ehtiraslandırırdı, ovsunlayıb hipnoza sala bilirdi, tamaşaçının gizlin dünyasına, altşüuruna nüfuz edə bilirdi, ona məhəbbət iksiri içirdə bilirdi və hamını romantik sevgiləri dadmağa çağırırdı.

Hər zaman Amaliya xanımın həyalı-erotik pıçıltılarından, həyəcanlı-emosional yaşantılarından çöllərin bakirə sevgi çiçək-caduları dağılırdı səhnənin fəzasına. “Sən həmişə mənimləsən” və “Unuda bilmirəm” tamaşaları 60-cı illərdə kövrək sevgilərə bəstələnmiş “himnlər” kimi Amaliyanın səsilə milli mədəniyyətin səmasını dolaşırdı. Bu qəşəng aktrisanı səhnədən də, ekrandan da, radiodan da böyük həzzlə dinləyirdilər. Ona görə həzzlə dinləyirdilər ki, bu səs insanlara sanki ehtirasların sirrini açırdı, eşq macəralarının əfsanəsini və magiyasını ötürürdü. Təsadüfi deyil ki, kinorejissor Arif Babayev “Gün keçdi” filmində öz xatirə və yaşantıları içində zərif tül pərdələr kimi havalanan Əsmər roluna Leyla Şıxlinskayanı çəksə də, bu cazibədar qadını Amaliya Pənahovanın titrək səsiylə danışdırmışdı, Əsmərin qəlb fırtınasını Amaliyanın səsilə obrazlaşdırmışdı. Onun səsi sevgilərin pıçıltılara bürünmüş fərəhini də, kədərini də, nisgilini də, vətən həsrətini də, xəyanət acısını da, detektiv civarında xain-xain gəzişən sükutun cinayətkar təbəssümünü də yansıtmağa qadir idi.

Bu aktrisa öz maneraları, jestləri, çılğınlığı, seksizmi, xarizması ilə 60-cı illərin kino ikonalarını xatırladırdı: fikrimcə Amaliya Pənahova haradasa uzaqdan uzağa Anjelika rolunun ifaçısı fransız Mişel Mersye ilə baxışırdı. O, Azərbaycan teatr mədəniyyətinin özünəməxsus milli Anjelikası da ola bilərdi yəqin...

Təəssüf ki, rejissorlardan heç kim aktrisanın istedadının bu aspektini teatr və ya kinoda aktuallaşdırmağa çalışmamışdı, ya da mümkün ki, buna şərait yetərincə imkan verməmişdi. Sonucda dediyim bu ki, aktrisa öz görkəmi, davranış manerası ilə 60-cı illər Avropa mədəniyyətinə tam inteqrasiya olunmaq potensialında idi. Bununla bağlı bir müşahidəmi də diqqətinizə çatdırmaq istərdim: Amaliya Pənahovanı hər dəfə səhnədə görəndə, onun yeriş plastikasına, addımlarının “melodiyasına”, bir sözlə, bədən “musiqisinə” diqqət kəsiləndə mənə nədənsə həmişə elə gəlirdi ki, o, bu dəqiqə Bob Əzzəmin əfsanəvi “Ya Mustafa” mahnısının xoş diringələrinə köklənib rəqs edəcək.

Bununla yanaşı Amaliya xanım səsinin pozitivində “1001 gecə” nağıllarının məsum, günahsız bir qızcığazı, kəcavədə əyləşmiş şahzadə-gəlini, tərəddüdlər dənizində çırpınan bir yavrusu olurdu, səsinin neqativində isə cadugərə, ifritəyə dönüşürdü. Onun yaradıcılığında Nargilə ilə Medeya, Nərminlə Pəri Cadu, Şahnazla Tomris, Natəvanla Zərri, Məsmə ilə Zərnisə sanki bir məhəllənin şıltaq aktrisa rəfiqələrinə bənzəyirdilər, məhəllə içində əl-ələ tutub teatr-teatr oynayırdılar.

Bu rolları dərin psixoloji qatda təhlil etsək aydınlaşacaq ki, onların hamısında amazon qadınların xisləti var.

Su pərisi də bir amazon qadın variantıdır.

Mən heç də əbəs yerə amazon qadınların imaginativ portretini Amaliya xanıma yaraşdırmadım. Nədən ki, bu aktrisa kino və televiziya ekranında, teatrda ifa etdiyi hər obrazın xarakterini, intellektual imkanlarını, emosional ovqatını bir o qədər də önəmsimədən personajların ünsiyyət şəbəkəsində hegemonluğa, dominantlığa, hökmran mövqelərə yiyələnmək arzusunda bulunan, azadlığı uğrunda mübarizədən heç vaxt çəkinməyən bir qadını, haradasa iddialı emansipasiya liderini oynayırdı. Hər zaman hər bir tamaşaya onunla birgə feminist bir ruh daxil olurdu. Səhnədə bu qadından həmişə bir enerji püskürürdü: elə bil ki, aktrisa özünə sığmırdı, daim irəli atılmağa, şığımağa, sinəsilə dağları yarıb keçməyə, tərəfmüqabilini mübarizə burulğanında qərq etməyə hazır idi.

Onun Tomrisi su pərisilə amazon qadın keyfiyyətlərini özündə birləşdirirdi: qəhrəmanlıq pafosu əyninə yumşaq pəri-döyüşçü plastikası “geyinib” məftunedici səslə insanları cəsarətə, mərdliyə, vətəni qorumağa çağırırdı.

Bununla belə hansı rolunda olursa olsun, fərq eləmir, Amaliya xanım həmişə sevgilə doldurulmuş dolça kimi görünürdü səhnədən, seyrçi tərəfindən qaş-daşla bəzədilmiş (assosiasiyalar yenə su pərisini gətirir təxəyyülə) məhəbbət ilahəsi qismində qavranılırdı. Nədən ki, Amaliya xanım teatrda və kinoda oynadığı personajların hamısına vurulurdu, onları sevirdi və öz daxili dünyasına proyeksiya eləyib bu qadınlar kimi olmağı bacarırdı.

Sehrlənmiş gözəllik qadını ya qəhrəman edir, ya da cadugər.

Amazon qadınlar da bir cadugər tipajı sərgiləyirlər: onların da sanki cırmaq atmaq üçün uzun, iti dırnaqları olur. Amazon qadınların da, cadugərlərin də, ifritələrin də rəftarında bir pişikkimilik var.

Pişik həmişə gerçəkliklə mistikanın, yuxu ilə reallığın, sükunətlə dinamikanın, işıqla kölgənin sərhədində mürgüləyir: onun gözləri cadugər gözləridir.

Cadugərlik pişiklə simvollaşır.

Aktrisa dahilik iddiasına düşəndə cadugərləşir.

Mən hələ də Ədil İskəndorovun səhnəni, mizanı, aktyor istedadını fövqəladə şəkildə duyma və tanıma hünərinə heyrətlənməyə bilmirəm. Əgər T.Kazımov gənc Amaliyanı 60-cı illərin seksual inqilabının işarəsi, bu inqilabın İlyas Əfəndiyev dramaturgiyasında münasibətlərin lirizmi və dialoqların şeirsəlliyilə pərdələnmiş variantı kimi, azad sevgilərin məsumiyyət örnəyi kimi səhnəyə gətirmişdisə, Ə.İskəndərov 1963-cü ildə çəkdiyi “Əhməd haradadır?” bədii filmində patriarxal ailə dəyərlərini güdərək qısqanclıq zəminində sevgilisinə az qala çöçələrini pişik kimi uzadıb cırmaq atmaq istəyən Məsməni ərköyün, gözəl bir qız kimi təqdim etmişdi.

Bir il sonra isə Fransa kinematoqrafçılarının çəkdikləri “Anjelika mələklər hökmdarıdır” filmi dünya ekranlarını dolaşıb seyrçi kütləsi arasında olağanüstü bir populyarlıq qazanacaq. Qəfil müqayisə paralelləri bizə həmişə bilmədiklərimizi anladır, düşüncə dünyamızı dartıb genişləndirir.

Mələklər isə xeyirxah cadugərlərdir: onların da hər zaman sehrli çubuqları olur.

Dediyim bu ki, məhz Ə.İskəndərov gənc aktrisanın təbiətində pişikkimiliyi, cadugərlik potensialını aşkarlamışdı, hansılar ki, Amaliya Pənahovanı sonralar Medeya, Zərri, Pəri Cadu, Zərnisə, Qanlı Nigar, Marqret obrazlarına doğru aparacaqdı.

Lakin yaddan çıxarmayaq ki, amazon qadın cadugər qadın olduğu qədər də qəhrəman qadındır, döyüşə hazır qadındır, silahı öz bəzək əşyasına çevirmiş qadındır. Amaliya xanımın da içində hər zaman bir mərd döyüşçü qadın gizlənmişdi, anındaca dışarıya sıçramağa hazır idi. Yaradıcılığının son mərhələsində o, əsl amazon qadın olmuşdu, teatrın xaqan qadını olmuşdu.

Su pərisi – Cadugər – Amazon qadın: Amaliya Pənahovanın bir aktrisa kimi istedadı, ifası, sənət imici, fikrimcə, məhz bu möhtəşəm kodlardan açılır, anlaşılır, yozulur, şərh və təsnif edilir.

Amaliya Pənahova Azərbaycan teatrının bəlkə də haqqında ən çox yazılan aktrisalarından biri olub. Bircə onun barəsində mən heç nə yazmamışam. Hərçənd bir dəfə hələ gənclik dönəmində bir dəfə buna cəhd etmişdim, alınmamışdı: teatrın qapısında görüşmüşdük və ayrılmışdıq. Eybi yox, “gec olar, güc olar” söyləyir bizim xalq ənənəsi. Güman edirəm ki, bu kiçik portret yazıda mən heç kimin bu aktrisa ilə bağlı dilə gətirmədiklərini impressionist bir manerada qələmə aldım. Məndən soruşarlar ki, əgər elə idisə, bunu belə bacarırdınsa, niyə məhz indi yazırsan məqaləni?

Əvvəla, Amaliya xanımın anadan olmasının 80 illiyi münasibətilə onun ruhunu şad edib bu aktrisanı bir daha Azərbaycan mədəniyyəti üçün təsnif etmək, onun istedadının hansı kristallardan, hansı arxetiplərdən oluşduğunu göstərmək istədim.

İkincisi: mən məqalə yazmadım: Amaliya xanımın şərəfinə sözlərlə musiqi bəstələdim, sözləri “rəngləyib” aktrisanın rəsmini çəkdim.

Niyə?

Çünki mən Amaliya Pənahovanın vaxtilə bütün islahatlara və islahatçılara rəğmən necə bir dəyanət, hünər, mərdlik göstərib Milli Dram Teatrının yaşlı aktyorlarına sahibləndiyini unuda bilmirəm...

Müxtəlif yerli festivallar zamanı Amaliya xanımın teatr sənətilə əlaqədar necə böyük bir sevgi və yanğı ilə məninlə bölüşdüyünü, sözünü hər yerdə necə kişi kimi söylədiyini unuda bilmirəm...

Mən onu unikal fərdiyyətə malik bir aktrisa kimi unuda bilmirəm, Amaliya xanımın “Unuda bilmirəm” tamaşasında oxuduğu mahnını unuda bilmirəm...

# 350 dəfə oxunub

Oxşar xəbərlər

“Arqon”  mono-tamaşasının premyerası keçirildi

“Arqon” mono-tamaşasının premyerası keçirildi

14:15 12 iyun 2025
İrəvan teatrı  mövsümü bağlayır

İrəvan teatrı mövsümü bağlayır

11:30 12 iyun 2025
"Gülnisə kimi günahkar, əlləri ölümə bulaşmış ananın qızı olmaq..." - Samirə Əşrəf

"Gülnisə kimi günahkar, əlləri ölümə bulaşmış ananın qızı olmaq..." - Samirə Əşrəf

17:00 10 iyun 2025
Böyük Teatrda “1001 gecə”

Böyük Teatrda “1001 gecə”

09:01 10 iyun 2025
“Kontrabas”  festivala yola düşür

“Kontrabas” festivala yola düşür

17:05 30 may 2025
“Vəfa”  tamaşasının premyerası oldu

“Vəfa” tamaşasının premyerası oldu

11:50 29 may 2025
# # #