Kimlər gəldi, kimlər getdi, bu dünyadan - Mehdi yazır...

Mehdi Dostəlizadə, gənc yazar

Mehdi Dostəlizadə, gənc yazar

5 noyabr 2021
# 10:30

Kulis.az Mehdi Dostəlizadənin "Yaşayanlar və yaşamaq istəyənlər" yazısını təqdim edir

Ş ə r i f – Siz tərənnüm etdikcə, mənim ruhi-məcruhum cilalanır, üfüqlər mənə
gülümsünür, göylər mənə ilham göndərir və deyir ki:

Eşqinlə bir atəş yaxılırsa,
Pərvanəsi məndən.
Aşiqlərə zülfün teli zəncirə dönürsə,
Divanəsi məndən...

A l m a z – Mən bu şeiri harada isə oxumuşam.
Ş ə r i f – Mən bu şeiri özüm inşad eləmişəm.
A l m a z – Yox, Şərif, mən bu şeiri ya Füzulidə görmüşəm, ya da...
Ş ə r i f – Onda yəqin Füzuli məndən oğurlayıb.

(Cəfər Cabbarlı – “Almaz” pyesindən)

Axır vaxtlar əcaib bir dərdə giriftar olmuşam, gözümün qabağına ölülər gəlir. Yerin
altında ya üstündə, məşriqdə ya məğribdə, xəlvətdə ya aşkarda zühur etməyimdən
asılı olmayaraq, hər yerdə onları görürəm. Metroda turniketin içindən süzülüb mənim
üçün kart vuran ölüdən tutmuş, özü dünyasını dəyişdiyi kimi, sərnişinlərin də
dünyasını dəyişmək istəyib qatarı məchul bir stansiyaya sürükləyən maşinistə qədər, hər cür ölü ilə rastlaşmışam. Amma budəfəki tamam başqa idi, ölülər məni Akademik
Milli Dram Teatrında haqladı, rəhmətlik Yaşar Nurinin 70 illiyi ilə əlaqədar təşkil
olunmuş xatirə gecəsində.

Gecənin başlamalı olduğu vaxtdan yarım saat keçmişdi. Tamaşaçıların bir hissəsi ortalıqda gəzişir, bir hissəsi isə hələ indi zala daxil olurdular. Qalan bir hissəsi isə, mənim kimi sakitcə əyləşib, ora yığışmağımıza səbəb olan hadisənin, yəni xatirə gecəsinin başlamağını gözləyənlərdən ibarət idi.

Nəhayət, açılış baş tutdu, aparıcılar danışmağa başladılar. Aparıcılarla paralel olaraq mənim başımın üstündə əyləşmiş bir neçə nəfər də danışırdı. Elə simaları var idi ki, üzlərinə baxanda hardansa tanış gəlirdilər, amma adları heç cür adamın yadına düşmürdü.

Birtəhər fikrimi aparıcıların nitqinə yönəltməyi bacardım. Öyrəndim ki, sən demə Yaşar Nuri, Azər Paşa Nemətovun yanında çox şey öyrənibmiş. Sonra öyrəndim ki, Yaşar Nuri, Azər Paşa Nemətovun quruluş verdiyi “Hamlet” tamaşasında uğurlu olubmuş. Qəfildən, Azər Paşa Nemətovun təqdimatında “Almaz” tamaşasından bir səhnə göstərildi (həmin hissəni yazının əvvəlində qeyd etmişəm). Hələ harasıdır, müğənni oxumağa başladı, həyəcanla Azər Paşa Nemətovun adını gözləyirdim. Amma təəssüf, kaş mahnının sözləri yazılanda Azərbaycanın əvəzinə Azər Paşa Nemətov yazardılar. Axı, a və z hərfləri ard-arda gələn kimi, ürək döyüntülərim artırdı, ümidlənirdim. Yaxşı ki, aradabir Yaşar Nurini də göstərirdilər, yoxsa hara gəldiyimi az qala unudacaqdım. Sükut çökdü. Kökdən düşmüş piano səsi gəlməyə başladı. Bəxtimiz gətirib, Akademik Milli Dram Teatrına bitişik qonşu bina yoxdur, bu səs heç kimi narahat etmir. Əşi belə baxanda qonşu qonşu olsa...

Deyəsən, piano da tamaşaçılar kimi yuxuya getdi. Səhnə gözümün önündə səmaya yüksəldi, altında gizlənən yollar aşkara çıxdı. Bəlkə, o yollar da neçə-neçə əhvalatı, xatirəni gizlədir. O yolun kölgəsində gizlənənlər də üzə çıxdılar, səmaya həsrətlə baxan, yüksəlişə ac həriflər. Amma səmadakılar da, yerdəkilər də, hamısı susmağı seçmişdilər.

Bu səssizlik, sanki qulağıma pıçıldayırdı: hər şey, yaxşılığa doğrudur. Sağ tərəfimdən bir işıq yüksəldi, azaldı, çoxaldı. İşığa birbaşa baxmasam da, elə güclü idi ki, hər yer ağ görürdüm. Qorxdum, təşvişə düşdüm, işığa baxa bilmədim. Sükut pozuldu. Yaşar Nurinin səsi teatrın divarlarına, tavanına dəyib əks səda verirdi:

Kimlər gəldi, kimlər getdi, bu dünyadan, bu dünyadan,
Arif olan, nakam getməz, bu dünyadan, bu dünyadan.

Bu dəmdə sayrışan işıq yoxa çıxdı. Cəsarətimi toplayıb işığın gəldiyi tərəfə baxdım, sən demə bayaqdan başımın üstündə səs-küy salan məşhur və məşhurələrimizin şəklini çəkirmişlər, gözümü qamaşdıran da, Yaşar Nuri deyilmiş, kameranın nuru imiş.

# 6493 dəfə oxunub

Oxşar xəbərlər

# # #