[b]Anasıyla eyni gündə vəfat etmiş azərbaycanlı dahi: O ilk dəfə sübut etdi ki...[/b]

[b]Anasıyla eyni gündə vəfat etmiş azərbaycanlı dahi: O ilk dəfə sübut etdi ki...[/b]
16 avqust 2017
# 12:59

ZAKİR MƏMMƏDOV – Bu ad çoxlarının zehnində özünəməxsus şəkildə iz qoymuşdur. Bəziləri onu gözəl müəllim, cəfakeş alim, bəziləri də səmimi insan, istəkli dost kimi xatırlayır. Hər hansı bir insanla daim ünsiyyət saxlayarkən onun daxili aləmini, həyatında tutduğu yeri tam mənası ilə dərk etmək çətin olur. Zaman ötdükcə və bəşəri qanunauyğunluqlardan biri sayılan insan itkisini yaşadıqdan sonra sanki ayrıldığımız şəxsin bizim üçün nə dərəcədə əziz olduğunu, onun yoxluğunu daha artıq hiss edirik.

Ərəblərin filosof-şairi Əbül Əla əl-Məərri əsərlərinin birində insanı od timsalında götürmüşdür. O, uşaqlığı tüstüyə, gəncliyi oda, qocalığı isə külə bənzətmişdir. Zakir Məmmədov ömrü uşaqlıq illərində arzularla dolu fikirlər dumanında közərdi, gəncliyi yanar od kimi alovlandı, lakin bu ömür cəmi altmış altı il sürdüyündən o, həyati qüvvəsini itirmiş külə çevrilmədi. Onun həyatı və fəaliyyəti alışıb-yanan alov tək şölələnərək sona yetdi.

Zakir Məmmədov 16 avqust 1936-cı ildə Ağdamın Seyidli kəndində dünyaya gəlmişdir. Anası Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyova, atası Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyovdur. Cabbar bəy Vəlibəyov Baharlı tayfasına mənsub, dövrünün görkəmli ziyalılarından idi. Baharlı kəndində böyük torpaq sahibi olan Cabbar bəy öz evində məktəb açaraq müəllimlik fəaliyyəti ilə məşğul olmuş, yeni tipli məktəbin əsasını qoymuşdur. Lakin qanlı faciələri ilə tarixdə iz qoymuş otuz yeddinci il represiyası bu ailədən yan ötməmişdir. Cabbar bəy repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. Həbs edilərkən Cabbar bəyin evindəki bütün sənədlər və kitablar götürülmüşdür. Buna görə də Zakir Məmmədovun doğum haqqındakı şəhadətnaməsi itmişdir. Sonralar ona kənd soveti tərəfindən 1939-cu ildə doğulması haqqında şəhadətnamə verilmişdir. Zakir Məmmədovu yaxından tanıyanlar onun incəsənətə və ədəbiyyata bağlı olduğunu yaxşı bilirlər. O, yüksək əl qabiliyyətinə malik idi. Gözəl şəkillər çəkir, əlvan boyalardan ustalıqla istifadə edərdi. Eyni zamanda ürək çırpıntılarını misralar üzərində kökləməyi bacaran şair qəlbi vardı. Vətəni, ananı və təbiət gözəlliklərini vəsf edən şeirlərində o, səmimi duyğuların carçısına çevrilirdi. Bütün bu bacarıq onda birdən-birə yaranmamışdı. Zakir Məmmədov həm ata, həm də ana babalarına görə nüfuzlu nəslə mənsubdur. O, öz kökü ilə daim fəxr edərdi. Hətta bir şeirində bu məğrurluğu bədii boyalarla əks etdirmişdir.

Soyum Vəlibəyli, köküm Baharlı

Cahanşah xislətli, Vəli vüqarlı

Dünya nemətində zahid fəqirəm

Mənəvi sərvətdə varlıdan varlı.

Zakir Məmmədov məktəb illərində yaxşı oxuyan şagird kimi fərqlənməklə yanaşı gözəl şeirlər yazması və əlvan boyalarla şəkillər çəkməyi bacarması ilə də seçilirdi. İlk dəfə şeiri dördüncü sinifdə oxuyarkən yazmışdı. Burada o, canından artıq istədiyi anasını, bu müqəddəs ada bərabər vətəni, təbiəti yorulmadan tərənnüm etmişdi. Zakir Məmmədovun anası Hüsnü xanıma həsr etdiyi bir neçə şeiri vardır. Şeirindən birində yazmışdır:

Yazardım o böyük eşqinə dastan

Deyildir sözlərim tutarlı, ana.

Könül xanimanım olsa gülüstan

Sənsiz solar gedər bibarlı, ana.

İlham gətirsə də qəlbimi dilə,

Gizlində nə qədər sözüm var hələ.

Həyat siqlət oldu illərdən ilə

Təhəmmül eylədin vüqarlı, ana.

Arzu çiçək olub qopsa budağdan

Çətindir sağala könül bu dağdan.

Xəstə düşdüyünü bildim uzaqdan

Sızladı ürəyim azarlı, ana.

Nə vaxtdır gözündən aralı oldum,

İztirab çəkərək yaralı oldum.

Gəl məndən soruşma haralı oldum,

Eyləmə qəlbimi qübarlı, ana.

Səndən ayrılalı o gündən bəri,

Ömrümə yazmadım ötən illəri.

Gəzib dolaşsam da uzaq elləri.

Zakir Məmmədov 1957-ci ildə Ağdam 1 saylı orta məktəbi medalla bitirmiş, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin yeni fəaliyyətə başlayan Ərəb dili və ədəbiyyatı şöbəsinə daxil olmuşdur. Yarandığı vaxtdan burada ərəb dili dərslərini Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuş, böyük şərqşünas alim Ələsgər Məmmədov tədris etmişdir. Zakir Məmmədov universitetdə birinci kursda təh¬sil alarkən, yəni 29 noyabr 1957-ci ildə atası Cab¬bar bəy Azərbaycan SSR Ali məhkəməsinin qərarı ilə bəraət almışdır. 1962-ci ildə universiteti bitirmişdir. Elə həmin il AMEA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1962-1963 illərdə Misirdə Asuan SES-in inşasında ilk azərbaycanlı ərəbşünas tərcüməçi kimi çalışmışdır. 1964-cü ilin 1 yanvarından AMEA-nın Fəlsəfə sektorunda (indiki Fəlsəfə İnstitutu) işə başlamışdır.

Zakir Məmmədov ailə qurduqda özünə təkcə ömür yoldaşı deyil, həqiqi duyan, anlayan insan qazanmışdı. Ailəsinə, uşaqlarına aid şeirində o, canı qədər istədiyi övladlarını bu cür təqdim etmişdir:

Sevgilim, sinəmdə köklənib sazım,

De nədən danışım, de nədən yazım ?!.

Tərənnümmü edim əhdi, ilqarı,

Yoxsa şerə salım gül balaları ?!.

Övlad ömrümüzün şirin barıdır:

Bahar qismətimin ilk nübarıdır.

Orxan oğul payı - xoş diləyimdir,

Sabaha ümidim, gələcəyimdir.

Aytək - qoçaq qızım, ağıllı balam,

Haraylı, nəğməli, nağıllı balam.

Ülkər körpə quzum - ellər gözəli,

Söhbəti məzəli, sözü məzəli.

Bunlar varlığımdır, qanım, canımdır,

Hissim, duyğularım, həyəcanımdır.

Bu şeiri oxuyarkən təmiz ata məhəbbəti, sevgisi aydın hiss olunur. O, özü ata qayğısından məhrum edilmişdi. Əvəzində özünün duymadığı nəvazişi övladlarına göstərirdi.

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Azərbaycanın elm tarixində orta əsrlər Şərq fəlsəfəsinin görkəmli tədqiqatçısı və əvəzsiz xidmətləri olan böyük alim kimi yüksək zirvədə dayanır. Onun 40 illik gərgin elmi fəaliyyəti fəlsəfə tarixinin öyrənilməsində əsaslı dönüş olaraq xüsusi seçilir. Bu mənzərəni müşahidə etmək o qədər də çətin deyildir. Əgər Milli Elmlər Akademiyasının yarandığı dövrdən bu günə qədər fəlsəfə tarixi sahəsində aparılmış tədqiqatlara nəzər salsaq Zakir Məmmədovun elmimizə verdiyi yenilikləri inqilaba bənzətmək mümkündür. Çünki onun tədqiqatlarına qədər Şərq fəlsəfəsi tarixindən söhbət açarkən yalnız Bəhmənyarın adı çəkilmiş, onun haqqında qısa məlumatla kifayətlənmiş və Şərqdə elmi fəlsəfənin mövcudluğu inkar edilmişdir. Alimin gərgin əməyi nəticəsində apardığı araşdırmalar həmin təsəvvürləri kökündən dəyişərək bu yanlışlığa son qoydu. Orta əsrlərdə müsəlman aləmində zəngin elmi təlimlərin mövcudluğu və onlarla peşakar filosofların adları, əsərləri üzə çıxarılaraq sübuta yetirildi. Müxtəlif millətlərə mənsub filosoflar arasında əslən azərbaycanlıların da olması ictimai fikir tariximizin öyrənilməsi sahəsində uğurlu iş kimi qiymətləndirməlidir.

Zakir Məmmədovun tədqiqatlarının qiyməti ondadır ki, ilk dəfə üzə çıxardığı faktları – şəxsiyyətlərin həyatını, əsərlərini, onlar haqqında deyilmiş fikirləri orijinaldan, yəni ərəb və fars dillərində yazılmış mənbələr əsasında araşdırmışdır.

“Siracəddin Urməvinin məntiqi görüşləri” adlı namizədlik dissertasiyasını 1967-ci ildə tamamlasa da, 1969-cu ildə müdafiə etmişdir. “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir” adlı doktorluq dissertasiyasını 1974-cü ildə tamamlamış, monoqrafiya kimi 1978-cü ildə çap etdirmiş, doktorluq dissertasiyası kimi 1990-cı ildə müdafiə etmişdir.

Zakir Məmmədov yaradıcılığında mühüm yer tutan və əsərlərinin şahı olan “Azərbaycan fəlsəfəsi tarixi” kitabını atası Cabbar bəy İsmayıl bəy oğlunun, anası Hüsnü xanım Murtuza bəy qızının əziz xatirəsinə ithaf etmişdir.

Zakir Məmmədov misilsiz elmi xidmətlərinə görə həqiqi alimlərin rəğbətini qazansa da, alim adını daşıyan cahillərin maddi və mənəvi təzyiqlərinə məruz qalmışdır. Bəlkə də, Zakir Məmmədov olunacaq hücumları irəlicədən gördüyü üçün 1957-1960 illərdə qələmə aldığı bir poemasında uzaqgörənliklə yazmışdır:

Doğma ana vətən, məni dinlə bir,

Sirri bəyan eylə, söylə neçin də

Bu mənfur, yaramaz dəstə içində

Zahirən bir mələk, daxilən iblis,

Üzdən alicənab, xisləti xəbis,

Haqqa quyu qazan alimlər də var.

Tanrı Zakir Məmmədova yüksək bacarıq və istedad verməklə yanaşı böyük səbr də bəxş etmişdi. O, yetkin bir insan ömrünə bərabər elmi fəaliyyətini 30-dan artıq çap edilmiş və edilməmiş kitabda, 250-dən artıq məqalədə əks etdirmişdir. Bu əsərlərin hər biri orijinallığı ilə fərqlənir. O, tədqiqatları zamanı beyninin mayasını və gözlərinin nurunu əritmişdir.

Zakir Məmmədov 2 mart 2003-cü ildə vəfat etmişdir. 1963-cü ilin mart ayının 3-də atam Asuanda olarkən anası Hüsnü xanım dünyasını dəyişmişdi. Üstündən 40 il keçəndən sonra məhz həmin gün atam torpağa tapşırıldı. Bu adi təsadüf idimi, yoxsa Tanrı bir daha Onun fərqliliyini anladırdı? Yoxsa, ana ilə oğulun qovuşması idi o gün? Bunun izahı çətindir.

İnsan həyatı bir vaxt sona yetir. İstər gənc, istərsə də qoca olsun onun itkisi əzizlərini, doğmalarını sarsıdır. Zakir Məmmədov uzun ömür yaşamadı. Onun yoxluğu hər zaman yaxınlarını incidəcək. Həyat artıq neçə ildir ki, onsuz davam edir. Bu boşluğun ağrısı hər an duyulur. Lakin ömür dayansa da onlu xatirələr yaşayır. Digər insanlar kimi onun yoxluğu ailəsinə, dostlarına barışmaz reallığa çevrilmişdir. Ancaq ən böyük itki Azərbaycan elmindədir. Çünki zəngin irsi üzə çıxaran istedadlı alim kimi o, elmimiz üçün daha artıq işlər görə bilərdi. Onun yoxluğu dərin boşluqla elmimizdə hər zaman duyulacaqdır. Onun simasında ailəsi qayğıkeş başçını, övladları istəkli atanı, dostları səmimi insanı, tələbələri savadlı müəllimini, elmimiz böyük alimini itirdi. Bütün hisslər, məhəbbət bir adda birləşir-ZAKİR MƏMMƏDOV .

Ülkər Zakirqızı

filologiya üzrə fəlsəfə doktoru, dosent

# 2143 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #