Xalq yazıçısının Sovet İttifaqı Qəhrəmanı qardaşı

Xalq yazıçısının Sovet İttifaqı Qəhrəmanı qardaşı
9 may 2015
# 07:30

Kulis 9 May - Qələbə günü münasibətilə Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov haqqında Yqut Sabirqıznın “Yaşca kiçik olan böyük qardaş” xatirə-yazısını təqdim edir.

Atamın (Sabir Əhmədli - red.) otağında, kitab dolabında bir Xudafərinin şəkli var, bir də Cəmil əmimin. Cəmil əmimi biz atamın söhbətlərindən, onun haqqında yazdığı kitablardan tanıyırdıq. Cəmil əmi biz dünyaya gəlməmişdən çox qabaq yaşasa da, atamın ona olan məhəbbəti bizə də keçmişdi. Cəmil əmi müharibədə qəhrəmanlıqla həlak olsa da, bizim ailədə yaşayırdı, onun bir üzvü kimi. Atam bizə nəsihət edəndə, ailəvi söhbətlər zamanı da o bizimlə olurdu. Hər bir hərəkətimiz onun fövqündə ölçülürdü. Qardaşlarım şıltaqlıq edəndə atam onlara Cəmilin onların yaşıdı olanda yaxşı oxuduğunu, kitabları sevdiyini, həmişə haqqı-ədaləti yüksək qiymətləndirdiyini, müharibədə göstərdiyi qəhrəmanlıqlar barədə danışırdı. O, biz uşaqlar, ondan çox sonra pöhrələnən nəsil üçün örnək idi. Atamın necə onun məzarını axtardığının, Varşavada ziyarət etdiyinin, onun adını daşıyan polkun komandiri ilə yazışmaları, arxivlərdən məlumatlar toplamağı, ata evini sökdürüb, Cəmil əmiyə oxuduğu məktəbin həyətində ev muzeyi tikdirdiyi bizim gözümüzün qabağında olub. Atam uzun çarpışmadan sonra onun təhsil aldığı M.Qorki adına məktəbə Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun adını verdirdi. Bizi həmişə düşündürürdü ki, 16 yaşında cəbhəyə gedən, öz canını vətən yolunda qurban verən bir qəhrəmanı axı həmin vətən də yaşatmalıdır.

Biz Cəbrayıla gedəndə onun muzeyinə əmi evinə qonaq gedən kimi gedirdik. Onun cəbhədən göndərdiyi üçkünc məktubları, tarı, paltarları bu ev muzeyində bizi ev sahibi kimi qarşılayırdı. Bu əşyaları atam göz bəbəyi kimi qoruyub əmanət etmişdi. Cəbrayıl işğal olunandan sonra muzeyin taleyindən xəbər çıxmadı. Bu hadisə atamı çox hiddətləndirdi. Canından əziz bildiyi Cəmilin məktublarının işğalda qalması onu çox yandırırdı. Evimizdə olanda o, bu məktubları tez-tez əlinə alıb bunlarda Cəmilin əlinin ətri, nəfəsi var, son dəfə bu məktublar Cəmillə təmasda olublar deyirdi. Çox peşman olmuşdu məktubları muzeyə verdiyinə. Deyirdi, gərək surətini çıxardıb verə idim. Mən nə biləydim ki, bunlar belə məsuliyyətsiz çıxacaqlar. Rayondan didərgin düşən qohumlarını qınayırdı: “Özünüz gəlmisiniz, evinizi köçürtmüsünüz, bəs Cəmilin məktublarını niyə gətirməmisiniz? Balaca bağlama eləyib elə əl çantanıza qoyaydınız”.

Sabir Rüstəmxanlı Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədova həsr olunmuş “Ana, nigaran qalma” kitabının “Ön söz”ündə əsgər məktubları haqqında belə yazır:

“Üçkünc məktublar! Bu iki sözün altında təsəvvürə gəlməyən bir genişlik, müxtəliflik duyuram. Bir məktub ensiklopediyası yaratmaq olaydı. Harda yazılıb bu məktublar? Yolda-izdə, bataqlıqlarda, qurşağa kimi suyun içində, yaş səngərlərdə, yeraltı qazmalarda, əsir düşərgələrində və ölümün qaçılmaz olduğu bilinən son döyüşdən qabaq... Bədənin yarısı iflic olanda, son nəfəsdə, həlak olmuş dostun məzarı başında, gözün son şöləsiylə, ay işığında, qar işığında, siqaret işığında yazılmış məktublar!”

Yadıma düşür ev muzeyinin tikintisi ilə bağlı hadisələr. Bir dəfə Cəbrayılın məsul işçiləri atama rayondan zəng edib dedilər ki, sizin ata eviniz plana düşür. O evin əvəzinə, Sabir müəllim, sizin üçün hesaba pul köçürdəcəyik. Atam onlara dedi ki, mənim də, qardaşım və bacımın evimiz var. Siz o pula Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədova öz təhsil aldığı məktəbin həyətində muzey tikin. Bu sözlərdən sonra tikinti başlandı və başa çatdı. O muzeyin açılışına atam necə həvəslə, sevinclə gedirdi biz onun şahidi olmuşuq. Hətta muzeyin proyektini də atam vermişdi. Baş meydanda olan köhnə heykəli də yenisiylə əvəz etdirdi. Cəmillə bağlı nə vardısa atam üçün birinci yerdə dururdu. Ümumiyyətlə, Böyük Vətən müharibəsi, onunla bağlı nə vardısa, atam üçün müqəddəs idi. Bir dəfə yadıma düşür, Azərbaycanın müstəqilliyinin ilk illəri idi. Tanınmış ziyalılarımızın iştirak etdiyi bir yığıncaqdan çox hirsli gəlmişdi atam evə. Söhbət əsnasında məlum oldu ki, çox tanınmış bir ziyalımız Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsini dəyərdən düşürən, müharibə zamanı həlak olanların xatirəsinə yaraşmayan sözlər demiş, az qala əsir düşənlərə haqq qazandırırmış. Atam heç zaman belə söhbətlərə biganə qala bilməzdi. Həmin məclisdə çıxış edərək, “Mən müharibə zamanı könüllü əsir düşənləri bağışlaya bilmirəm. Onların səmimiyyətinə inanmıram. Nə üçün? Nəyin naminə? “Yaşamaq istəyirəm!”. “Səmimi” etirafdır. – Guya başqaları yaşamaq istəmirmişlər? İnanıram ki, döyüş meydanında faşizmlə üz-üzə vuruşmada həlak olanların qəlbindəki həsrət daha yüksəkdi. Onlar ömürlərinin son anına, son nəfəslərinədək doğma vətənə, doğma anaya, oğula, qıza, el-obaya qovuşmaq istəyilə çırpınıblar. Amma həsrət onları bir bişərəf kimi silahı atıb düşmən tərəfə keçib, orda canını-cəmdəyini qorumağa sövq etməyib. Yox, müqəddəs həsrət, müqəddəsliklə qayıdanlara qismət olur. Yaşamaq istəyənlərin sayı çox olsaydı, allah bilir Vətən nə kökə düşərdi. Silahı at, səngər yoldaşını at, sonra da get Avropada, Amerikada sağ qalmaq üçün bəlkə ən alçaq işlərə uy. Sağ qal, salamat qal. İndi qəlbində həsrət baş qaldırsın ki, satıb getdiyin vətən necədir, qohum-əqrəban nə cür dolanır?” - demişdi...

Hər zəmanə öz qəhrəmanlarını yetişdirdiyi kimi hər müharibə də öz qəhrəmanlarını yetişdirir. Əbədi qalan isə torpaq və onun uğrunda qəhrəmanlıqla özlərini qurban verənlər olur.

P.S. Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun məzarı son nəfəsini verdiyi, böyük qəhrəmanlıqla həlak olduğu Polşanın Varşava şəhərində Qardaşlıq məzarıstanındadır. Qohum- əqrəba, atamı tanıyanlar Varşavaya gedəndə Cəmili ziyarət edirlər. Azərbaycanın Sovet İttifaqı Qəhrəmanı adı almış elə də çox oğlu yoxdur. Gün o gün olsun ki, Azərbaycanın qəhrəman oğlu Cəmilin məzarını Polşaya səfər edən rəsmilərimiz də ziyarət edib üzərinə gül çələngi qoysunlar.

# 1994 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #