Məqaləmə görə tanınmış yazıçını işdən çıxardılar – GİZLİ ƏDƏBİYYAT

Məqaləmə görə tanınmış yazıçını işdən çıxardılar – <span style="color:red;">GİZLİ ƏDƏBİYYAT
2 sentyabr 2015
# 07:30

Kulis “Gizlin ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “11 ilin sirri” yazısını təqdim edir.

1976-cı il idi. İnstitutun son kursunda idim. Bir gün kitab dükanlarının birində diqqətimi “Gənclik” nəşriyyatının buraxdığı “Həyat eşqi” adında hekayələr məcmuəsi cəlb etdi. Kitabda Amerika, İngiltərə, Genuya, Cənubi Afrika respublikasının Cek London, O Henri, Albert Malta, Aleks La Quma və Y.A. Makmani kimi görkəmli yazıçıların Azərbaycan dilinə tərcümə edilmiş bir sıra hekayələri toplanmışdı. Bunları yazıçı-publisist Manaf Süleymanov tərcümə etmişdi. O vaxtlar mən özüm də artıq ara-sıra tərcümə ilə məşğul olurdum. Kitabı elə dükandaca nəzərdən keçirib gördüm ki, tərcümə son dərəcə naşı edildib, dil bərbaddır.

Məcmuəni alıb evə gətirdim. Başdan-ayağa oxuyub elə üzərindəcə qeydlərimi etdim. Oturub, “Dilimizə məsuliyyətsiz münasibət” başlıqlı bir məqalə yazdım. Atamın (Əliağa Kürçaylı – red.) bu işə necə yanaşacağını bilmədiyim və ondan çəkindiyim üçün bərai-ehtiyat soyadımı yazmayıb, “Ülfət” imzasıyla məqaləni “Azərbaycan gəncləri” qəzetinə təqdim etdim. Düzünü desəm, məqalə əvvəldən axıracan tənqid üzərində kökləndiyi üçün yazının dərc ediləcəyinə o qədər də əmin deyildim. Lakin gözləmədiyim iş baş verdi – yazı çap olundu. Niyəsini indiyəcən dəqiq bilmirəm. Bircə onu bilirəm ki, sən demə o vaxtlar işlədiyi yerdə Manaf Süleymanovun vəziyyəti o qədər də yaxşı deyilmiş və eşitdiyimə görə məqalə onun vəzifədən götürülməsi üçün göydəndüşmə olub. Onu da eşitdim ki, yazıçı bu soyadsız imzadan çaş-baş qalıb və onun yiyəsini axtarır.

Hadisədən 11 il keçdi. “Azərnəşr”də bədii ədəbiyyat şöbəsində oturub işimlə məşğul idim. Qapı açıldı. Bir də gördüm Manaf Süleymanov başında beret, əlində əsa, qoltuğunda qovluq ayaqlarını yerə sürtə-sürtə otağa daxil oldu. Salam verib, ani başımın üstündən asılmış şəklə nəzər saldı. Şəklin - əgər buna şəkil demək mümkünsə - öz tarixçəsi vardı. O vaxtlar iş otaqlarında hərə öz oturduğu masanın böyür-ətrafını bəzəməklə məşğul idi. Bəlkə indi də belədi, fikir verməmişəm. Biri divardan qız şəkli asırdı, biri oğlan, biri şəhər görüntüsü, o biri dağ, göl və s. Mən də həvəsə düşüb üzərində çəmənlik fotosu olan nazik sellofanı abıra salıb başımın üstündən asmaq qərarına gəldim. Şəkildə nə səma, nə dağ, nə torpaq var idi. Yalnız yaşıl ot və sarı güllərdən ibarət çəmənlik idi. Özü də yuxarıdan çəkildiyi üçün qəribə təsir bağışlayırdı. Xülasə, elə o boyda bir karton tapıb, üstünə yapışqan yaxdım, şəkli kip-kip yapışdırıb eyni həcmdə ağır bir şeyin altına qoydum. Səhərəcən əl vurmadım. Səhər çıxarıb baxanda gözlərimə inanmadım – tamamilə başqa, yeni, sürrealist mənzərə yaranmışdı. Yapışqanın təsirindən sarı və yaşıl rənglər əriyib bir-birinin içinə keçmiş, xəşilə dönmüşdü, çəmənlikdən əsər-əlamət qalmamış, yaşılımtıraq sarı rəngli mənasız bulaşıq ərsəyə gəlmişdi. “Yaxşıdı deşilməyib, buna da şükür” deyib yapışqan, ağır şey və gecənin təsirindən yaranmış əcaib məhsulu gətirib şəstlə iş otağımda başımın üstündən asdım. Otaqdakılar bulaşığa hayıl-mayıl olmuşdu. Gələn müəlliflər də gördüklərinə biganə qala bilmirdilər. Biri hətta əl vurmaq istəmişdi. Amma, “toxunmaq olmaz, korlanar, uzaqdan baxın” deyib onu bu fikrindən daşındırmışdım. Məsələ onda idi ki, yapışqanın kimyəvi tərkibindən nəinki rənglər qarışmış, eyni zamanda sellofanın üzərindəki parıltı yox olmuş, başdan-ayağa fırça izlərinə oxşayan qəribə cızıqlar əmələ gəlmişdi. Elə baxanı heyran edən də bu idi. Daha “Kim çəkib?” sualına “Məlum deyil...” söyləməkdən yorulmuşdum.

Qərəz, məlum oldu ki, bizdə Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı çıxmalıdır. O gündən yazıçı tez-tez bizim şöbəyə gəlməyə başladı. Hər gəlişində xoşrəftar, şirin ləhcəli Manaf müəllim hamıyla səmimi söhbət edir, xoş münasibət göstərirdi. Xüsusilə mənimlə və təbii ki, arxamdakı yapışqanlı şəkli gözdən qoymurdu. Mən də öz növbəmdə gələndə qalxıb onu qarşılayır, yer göstərir, müsahiblik edir, ona çay süzür, gedəndə isə qapını açıb pilləkənləri qədər ötürürdüm. Manaf Süleymanovun təvəllüdü 12-ci il idi. Çox şeylər görmüş, çox hadisələrin şahidi olmuşdu. Keçmiş günlərdən, xatirələrdən özünəməxsus sadə tərzdə, yastı-yastı danışırdı. Amma, bütün söhbətlər sonda mütləq gəlib şəklin üstünə çıxırdı, “Şəkil qiyamətdi, kim çəkibsə böyük zövq sahibidir” - deyirdi. Sonra bildim ki, evində böyük təsviri sənət kolleksiyası var. Hətta, bir gün məni evinə dəvət edəcəyini, illər uzunu topladıqlarını göstərəcəyini vəd etmişdi. Özü də mənə “Ülfət” deyə müraciət edirdi, nə “oğul”, nə “bala” demirdi. Son vaxtlar yapışqanlı şəkli hər dəfə tərifləyəndə “Qurbandı, Manaf müəllim” - deyib istəyirdim çıxarıb verim. Amma razı olmurdu. Deyirdi, əvəzində bir şey bağışlamasam, götürə bilmərəm.

Nəhayət, neçə aydan sonra kitab çapdan çıxdı. Manaf müəllimin sevincinin həddi-hüdudu yox idi. Zarafat deyildi, üç, tamamilə müxtəlif dövrdə yaşamış yazıçı – Nikolay zamanında, Müsavat illərində və sovet dövründə bütün görüb, eşidib, bildiklərini bölüşürdü. Bir dəfə hətta ondan bu üç bənzərsiz dövrün hansının onun ürəyincə olduğunu soruşdum. Tamamilə gözləmədiyim cavab aldım. Dedi ki, səmimi desəm, üçündə də kasıbın güzəranı pis, varlının halı yaxşı olub və qırıq-qırıq güldü.

Qərəz, Manaf müəllim əlində kitabının siqnal nüsxəsi otağa daxil oldu. Kitabı masamın üstünə qoydu, böyrümdəki stulda əyləşdi, cibindən qələmini çıxarıb titul səhifəsində yanpörtü yazmağa başladı. Sonra yazını bitirib kitabı mənə tərəf sürüşdürdü. Dedi ki, bu neçə müddətdə mənə göstərdiyin hörmətə görə ilk nüsxəni sənə bağışlayıram. Minnətdarlığımı bildirib diqqətlə onun gözlərinə baxdım. Gözünün dərinliyində əks olunun ifadəni heç vaxt unutmaram. Nə qədər gizlətməyə çalışsa da mən orada ağrı, qəzəb, gərginlik duyğularını sezdim, bəlkə də mənə elə gəldi. Sakitcə durub şəkli divardan çıxartdım və “İndi götürərsiz?” soruşdum. Bilirdim götürəcəyini, nə deyəcəyini də bilirdim. Çox ciddi şəkildə “Arxasını yaz...” - dedi. Sakitcə şəkli çevirib kartonun üstündə “Ülfətdən yadigar” yazdım. “Soyadını da yaz” - deyib gözümə baxdı. Dinməz-söyləməz soyadımı da əlavə etdim. Son hərfi yazanda Manaf Süleymanovdan xəfif bir inilti duydum. Bu, 11 il əvvəlin ağrısının gecikmiş iniltisi idi.

Qalxıb əl tutduq. Həmişəki kimi onun qolundan tutub pilləkənə qədər ötürdüm. Sonra nə fikirləşdimsə, birinci mərtəbəyə qədər onunla düşdüm. Qucaqlaşıb vidalaşdıq...

Amma deyim ki, 21 yaşında ikən cəmi 30-40 ildən sonra dilimizin bugünkü vəziyyətə düşəcəyini bilsəydim, qələt eləyib heç vaxt o məqaləni yazmaz, zavallı Manaf müəllimi pərişan etməzdim.

# 1137 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #