Babək: İslam düşməni, yoxsa xalq qəhrəmanı?

Babək: İslam düşməni, yoxsa xalq qəhrəmanı?
17 yanvar 2015
# 15:59

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın ANS-in “Şəxsiyyət vəsiqəsi” proqramının Babək Xürrəmdinə həsr etdiyi buraxılışında söylədiyi “1918-ci ilədək tarixdə Azərbaycan adlı dövlət olmayıb” fikri də ciddi polemikalara səbəb olub. Artıq Fazil Mustafanın Milli Məclisin İntizam komitəsi tərəfindən cəzalandırılması, hətta deputat səlahiyyətlərinə xitam verilməsi barədə təkliflər səslənir.

APA İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, tarix üzrə fəlsəfə doktoru Cavid Cabbaroğlu Şah İsmayıl Xətai və Babəklə bağlı fikirlərini bölüşməsə də, "1918-ci il mayın 28-dək tarixdə Azərbaycan adlı dövlət olmayıb" ifadəsi ilə razılaşdığını bildirib: “Qədim Manna dövlətindən Səfəvilər imperiyasına qədər tarixdə mövcud olmuş dövlətlərimizin hansının adında "Azərbaycan" sözü var ki? Əslində anlaşılmaz olan gözlə görünən həqiqətin dilə gətirilməsinin niyə bu qədər böyük ajiotaja səbəb olmasıdır. 1918-ci ilədək "Azərbaycan" sözü mənbələrdə yalnız coğrafi ərazi adı kimi işlədilib. Hətta Şeyx Məhəmməd Xiyabani də "Azərbaycan" adının daha çox şamil olunduğu ərazidə - Azərbaycanın güneyində qurduğu dövlətə "Azərbaycan" yox, "Azadıstan" adını qoymuşdu. Amma "1918-ci ilə qədər tarixdə Azərbaycan adlı dövlət olmayıb" ifadəsi Azərbaycan xalqının və dövlətçiliyinin qədimliyini şübhə altına almaq deyil. Ona qalsa, 1923-cü ilə qədər tarixdə Türkiyə, 1933-cü ilə kimi də İran adlı dövlət olmayıb”.

Xatırladaq ki, 2012-ci ilin ilk günlərində də Babəklə bağlı ciddi ictimai müzakirələr baş vermişdi. O zaman Fazil Mustafanın Kulis.az saytına müsahibəsində Babək haqqında səsləndirdiyi fikirlərə, onu sapıq adlandırmasına etiraz edənlərdən biri də Cavid Cabbaroğlu olmuşdu. Mövzunun aktuallığını nəzərə alaraq saytımızda dərc olunan həmin yazını yenidən diqqətinə çatdırırıq.

Kulis.az

Cavid Cabbaroğlu

“Humanist və sekulyaristlər”in müraciəti yeni ilin ilk günlərində Azərbaycanın ictimai rəyinə bomba kimi düşdü - etiraf etməliyik. Amma gözlənilənin əksinə olaraq ateist intellektualların qarşısına adət etdiyimiz kimi iranpərəstlər deyil, Türkiyə təəssübkeşliyi ilə tanınan Fazil Mustafa çıxdı. Fazil bəy bununla bağlı dərc etdirdiyi müəllif yazısında və müsahibəsində haqlı olaraq bir sıra məqamların, türkün sözü, altını çizdi:

- İntellektual kəsimin üslubu bu olmamalıdır;

- İslam terroru küçədə kimisə bıçaqlayıb öldürmək deyil. İslam terroru ona qarşı atılan addımlara cavab olaraq kamikadzelər tərəfindən törədilir;

- İslamda terror anlayışı yoxdur, cihad anlayışı var. Cihad isə o demək deyil ki, küçənin ortasında kimisə bıçaqlayasan, barbarcasına öldürəsən;

- İslamın əsas modeli “sizinlə savaşanlarla savaşın” modelidir, “Sizinlə savaşmayanlarla savaşın” - deyə bir şey yoxdur.

Müsahibədə jurnalistdən daha çox opponent kimi çıxış edən həmkarlarımız bəzən hüquq müdafiəçisi kimi də fikirlər səsləndirir, Xilafətin İslam dinini yaymaq üçün Azərbaycanı işğal etməsini Azərbaycan xalqının hüquqlarının pozulması kimi qiymətləndirirlər. Xub, xeyli xub! Tutalım ki, belədir. Amma gəlin görək hansı din qılınc və işğal gücünə yayılmayıb? Bəlkə xristianların türk və müsəlman ölkələrinə təşkil etdikləri səlib yürüşləri insan haqlarına uyğun olub? Əgər humanizm prinsipləri bu qədər yüksək tutulursa, onda Azərbaycanın “humanist və sekulyaristləri” bir bəyanat da yazıb İsa peyğəmbərin çarmıxa çəkilməsini, Məhəmməd peyğəmbərin İslamın ilk dövrlərində daşqalaq edilməsini və hicrət etmək məcburiyyətində qalmasını da pisləsinlər.

Təəssüf ki, sayın millət vəkili müsahibəsində qaş düzəltdiyi yerdə göz çıxarmaqdan da xali olmayıb. Onun söylədikləri əslində Azərbaycanın Babək və Şah İsmayıl kimi tarixi şəxsiyyətlərinin bostanına daş atmaq yox, adamları gorbagor etmək idi. Xüsusən onun Babək haqqında fikirləri müəyyən mənada təəccüblü deyildi. Çünki 2004-cü ildə “Yeni Müsavat”da dərc olunan yazılarının birində yarızarafat-yarıciddi təxminən belə bir ifadə işlətmişdi: “Babəki Amaliya Pənahova (“Babək” filmində Cavidanın xanımı rolunu oynayan xalq artisti - C.C.) kişi edib”.

Fazil Qəzənfəroğlu Babəki sapıq sayır - həm dini, həm də əxlaq baxımından. Sapıq “sapmaq” sözündən yaranıb, mənası yolundan azan, dönən, ənənədən kənara çıxan deməkdir. Bu sözün digər mənası isə “seksual manyak”dır. Fazil bəy Babəki hər iki mənada sapıq sayırmış.

Görünür, 14 illik dostum Fazil Mustafanın Babəkə münasibəti orta əsrlər ərəb tarixçilərindən heç fərqlənmir və ya onların “xürrəm” termini haqqında yazdıqlarının təsiri altında formalaşıb (Yüz minlərlə ərəb əsgərini qanına qəltan etmiş igid bir sərkərdəni ərəb tarixçiləri dinsiz də, imansız da adlandıra bilərdi. “Ayağı çarıqlı birisinə məğlub olduq” yazmayacaqdılar ki). Bu yazıda tarix dərsi açmaq fikrində deyiləm, amma qısaca olaraq bir şeyi qeyd etmək olar - mərhum akademik Ziya Bünyadov “xürrəm” terminini bütün yönləri ilə açıqlayıb və bu, hələ ki, tarixşünaslıqda elmin son sözü sayılır. İndi kim necə istəyir, bunu o cür də qəbul edə bilər - “Xürrəm” yaşayış məntəqəsindən olanlar, şəhvətpərəstlər, rahatlıq tərəfdarları və ya Məzdəkin arvadı Xürrəmənin ardıcılları.

Ortada sadə bir məntiq də var - həyatı eyş-işrətlə, orgiya ilə keçən bir toplum Xilafət kimi güclü bir imperiyaya qarşı 20 ildən artıq bir müddətdə şiddətli müqavimət göstərə, altı nizami ordunu məğlub edə bilməzdi. Tarixdə elə bir üsyan və dini cərəyan da olmayıb ki, şəhvətpərəstlik və orgiyanı ideoloji səviyyədə qəbul etsin. Çünki insanın təbiəti buna imkan vermir - Fazil bəy imanlı bir şəxs kimi Adəm peyğəmbərin bacıları ilə evlənmək zorunda qalan oğlanlarının qısqanclıq üzündən bir-birini qətlə yetirməsi hekayətinə inanır yəqin.

Düzdü, xürrəmilərin hansı dinə sitayiş etməsi ilə bağlı məsələ tarixşünaslığımızda yetərincə araşdırılmayıb və yaxın perspektivdə də bu istiqamətdə ciddi addımların atılması gözlənilmir - Stepan Şaumyanın 1918-ci ildə 26 Bakı Komissarları ilə birlikdə güllələnmədiyini, ötən əsrin 80-ci illərində Hindistanda vəfat etdiyini iddia edən və onun dəfn olunduğu qəbiristanlığı qatardan görən şahid kimi müğənni Bilal Əliyevin adını çəkən tarixçilərdən nə gözləyəsən? Tarixçinin istinad nöqtəsi nə vaxtdan mənbələr yox, müğənnilər olub? Yoxsa Azərbaycanda bir imkanlı adam yoxdur ki, Şaumyanın məzarının foto və video görüntülərinin əldə olunması üçün hər hansı tarixçinin Hindistana səfərini maliyyələşdirsin?

Babək üsyanı, şəkk-şübhəsiz, milli azadlıq hərəkatı olub. Üsyanın iki onillikdən artıq davam etməsi də bunu göstərir. Yerli əhalinin dəstəyinə arxalanmayan və şəhvanilik, qadın ümumiliyi üzərində qurulan bir hərəkat heç vaxt uzun müddət davam edə bilməzdi. Babək İslama qarşı yox, İslamı eybəcərləşdirən və Peyğəmbərin fikirlərinin əksinə çıxan ərəb xilafətinə, işğalçı ərəblərə qarşı döyüşüb. Zatən 636-cı ildə Qadisiyyədə və 642-ci ildə Nəhavənddə sasaniləri darmadağın etdikdən sonra ərəblər Azərbaycanı işğal etmiş və İslamı Azərbaycana gətirmişdilər.

Ərəblərin yerinə bu torpaqlara kim gəlsəydi və eyni zülmü göstərsəydi, Babək xarakterli adam onlara da qarşı eyni dirənişi göstərəcəkdi. Bu əminliyimiz nədən qaynaqlanır? Babəki sapıq kimi təqdim edən orta əsr tarixçiləri belə bir faktı etiraf edirlər - Babək Bəzz qalasından qaçdıqdan sonra Xəlifə Mötəsim sərkərdəsi Afşinə Babəkin bağışlanması haqqında fərmanını göndərir. Bu addım hətta Afşinin özünü belə heyrətə salır və Babəkin əsir alınmış oğlunu dilə tutaraq atasına məktub yazmağa vadar edir. Oğlunun məktubu xəlifənin əfv fərmanı ilə birlikdə Babəkə göndərilir, amma o, xəlifə mərhəmətinə sığınmaqdan imtina edir.

Tarixdə üç nəhəng şəxsiyyət var ki, Azərbaycan və İran onu hələ də bölüşdürə bilmir. Bunlar Babək, Nizami Gəncəvi və Şah İsmayıl Xətaidir. Babək dini İslam olan Xilafətə qarşı mübarizə aparsa da, İran İslam Respublikası bu qəhrəmanlıq simvolunu öz adına çıxmaqdan çəkinmir, amma biz çox asanlıqla ondan imtina edə biləcəyimizi göstəririk. Son illərədək on minlərlə Azərbaycan türkü hazırda İran ərazisində yerləşən Bəzz qalasını ziyarət edirdi. Molla rejimi bu əfsanəvi tarixi abidənin soydaşlarımızın milli oyanışına təsirini nəzərə alaraq hər ilin iyun aylarında keçirilən qalaya yürüşü qadağan edib. Sual olunur - Babək sapıqdırsa, hər il onun qalasını ziyarət edən on minlərlə soydaşımız kimdir? Babəki sapıq adlandırmaq Güney Azərbaycandakı milli hərəkata arxadan zərbə deyil də, nədir?

Tarixdə adam içinə çıxarılacaq və gələcək nəsillərə örnək göstəriləcək o qədər də çox qəhrəmanımız, adamımız yoxdur. Olan-qalanları da bu cür təftişçiliyə başlayırıqsa, yəni Fazil Mustafa Babəki və Şah İsmayılı, Mehriban Vəzir Mirzə Cəlili, Seymur Baycan Rəşid Behbudovu, Ağalar Məmmədov Məhəmməd peyğəmbəri yaş yuyub quru sərirsə, biz gələcəyə hansı dəyərlərlə gedirik, görəsən?

Babək haqqında danışarkən onun mübarizə apardığı xəlifələrin də şəxsi keyfiyyətlərinə diqqət yetirmək zəruridir. Bu xüsusda məşhur tarixçi Nizam əl-Mülkün qələmə aldıqları xüsusi maraq doğurur. “Siyasətnamə” adlı əsəri ilə adını tarixə həkk etdirən Nizam əl-Mülk elə həmin əsərində yazır: “Bir gün Mötəsim şərab məclisində oturmuşdu, qazi Yəhya bin Əksəm də orada idi. Mötəsim məclisdən durub o biri hücrəyə getdi. Bir az orada qaldıqdan sonra dışarı çıxıb şərab məclisinə gəldi, sonra hamama gedib üç dəfə qüsl etdi, dışarı çıxıb canamaz istədi, iki rükət namaz qıldı, sonra yenə şərab məclisinə gəldi. Qazi Yəhyaya dedi: “Bu namazı nə üçün qıldığımı bilirsənmi?” Dedi: “Yox!” Dedi: “İzzət və cəlal sahibi Allahın əta etdiyi çoxlu nemətdən biri üçün idi”. Yəhya dedi: “Əgər böyük rəy sahibi lazım bilərsə, desin, biz də şad olaq”. Dedi: “Bu saat mən üç qızın bəkarətini aldım. Bunların hər üçü mənim düşmənlərimin - biri Rum padşahının, ikincisi Babəkin, üçüncüsü Təbəristanlı maziyar Gəbrin qızı idi”.

İndi siz deyin - sapıq kimdir? Babək, yoxsa Mötəsim?

# 3284 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #