Lenin və Nadejdanın yatağındakı üçüncü adam

Lenin və Nadejdanın yatağındakı üçüncü adam
15 may 2013
# 13:19

Dünyanı dəyişdirən şəxsiyyətlər - LAYİHƏ

«Yadınızda saxlayın, sizin on il əvvəl tanıdığınız Lenin artıq yoxdur. O çoxdan ölüb. Sizinlə yeni Lenin danışır… Mən əksinqilab iyi verən hər şeyə qarşı amansız olacam».

Vladimir Ulyanov (Lenin). 1919-cu ilin sonunda silahdaşları ilə söhbətindən…

«Onun sözlərində mən yarı dəli adamın təhdidlərini hiss etdim və baxışlarında bunu aydınca gördüm».

Solomon İsetski. Lenin silahdaşı, məşhur inqilabçı, həmin söhbətin iştirakçısı.

«Yeməyi pis yeyir. Çoxlu su içir. Hər 20-40 dəqiqədən bir tualetə qaçır. Çox vaxt evə işəyir».

Lenini müalicə edən həkimin Stalinə yazdığı hesabatdan. 1923-cü il, dekabrın 16-sı.

Rəsmi sənədlərə əsasən Rusiya bolşeviklərinin lideri, dünyada ilk kommunist dövlətinin banisi Vladimir İliç Lenin 1924-cü il yanvarın 21-də Qorki şəhərində saat 18.50-də canını tapşırdı. Proletariatın rəhbəri son nəfəsini verən kimi malikanədə olan saatları durdurdular və Moskvaya xəbər verdilər. Elə həmin axşam saat 10-da Kremldə Dzerjinskinin, Kuybuşevin, Avanesovun, Yenukidzenin, Yaroslavskinin və digər MK üzvlərinin toplantısı keçirildi. Gecə saat SSRİ MİK-nin qərarı ilə dəfn komissiyası yaradıldı və Dzerjinski komissiyaya sədr təyin olundu…

Leninin sirli xəstəliyi

25 may 1922-ci il. Həmin gün Rusiya Xalq Komissarları Sovetinin sədri Vladimir Ulyanov (Lenin) nahardan sonra mədəsində göynərti hiss etdi. Yatmamışdan əvvəl isə sağ əlində zəiflik hiss elədi. Səhər yataqdan qalxarkən başı gicəlləndi və qusdu. O çətinliklə danışırdı, oxuya bilmədi, yazmaq istəsə də əli qələm tutmadı, güclə «m» hərfini yazdı. Bir az sonra ayaqları yer tutmadı…

Bir saatdan sonra proletariatın rəhbəri özünü normal hiss etdi və kabinetinə keçib işə başladı. Həkimlər bu vəziyyəti mədə xorası ilə əlaqələndirdilər. Lakin iki gün sonra, mayın 27-də eyni simptomlar daha ciddi şəkildə təkrar olundu. Rusiyanın ən məşhur həkimlərinin keçirdiyi konsilium əhbərin səhhətindəki pozğunluğun heç də mədəsi ilə əlaqəli olmadığı qənaətinə gəldi.

Professor Kremer Lenində naməlum beyin xəstəliyinin olması ehtimalını irəli sürdü. Amma xəstəliyin özü həkimlərə bəlli deyildi. Qərara alındı ki, Rusiya Xalq Komissarları Sovetinin sədri işindən və cəmiyyətdən təcrid olunsun və qapalı şəraitdə müalicə alsın. Məsələ partiyanın Siyasi Bürosunda müzakirə olunduqdan sonra rəhbərin Qorkidə nəzarət altına alınmasına qərar verildi.

Lenin Morozovların malikanəsində yerləşdirildi. Bundan sonra rəhbərin baş nəzarətçisi Stalin olacaqdı. Stalin rəhbərin bütün yazışmalarına və tam təcrid olunmasına görə MK qarşısında cavabdeh şəxsdi.

Leninin səhhəti üçün narkom N. A. Semaşko Rusiyanın və Avropanın ən məşhur və tanımış həkimlərini konsilium üçün dəvət etdi və ayrı-ayrı konsiliumlarda xəstəyə üç səhv diaqnoz qoyuldu: beyin yorğunluğu, qurğuşunla xronik zəhərlənmə (Kaplan sui-qəsdi nəticəsində) və beyin sifilisi.

Amma bir qədər sonra məlum oldu ki, xəstənin orqanizmi müalicəyə müsbət cavab vermir. İstirahət rəhbərin səhhətində heç bir dəyişikliyə yol açmır. Yaddaş itməsi, yuxusuzluq, iş qabiliyyətinin durmadan itirilməsi, dəhşətli baş ağrıları intensiv müalicəyə baxmadan getdikcə daha da şiddətlənir. Rəhbərin göz bəbəkləri bu ehtimalı özündə əks etdirməsə də, həkimlər qərara gəldilər ki, rəhbərin xəstəliyi doğurdan beyin sifilisidi və onu siçan zəhəri kimi tanınan arsenlə müalicə etməyə başladılar.

Versiyaya əsasən Lenin sifilisə Parisdə tanımadığı bir fahişədən yoluxmuşdu. Elə buna görə də həkimlər o zamankı praktikaya əsasən gecikmiş neyrosifilisi yod və arsenlə müalicə etməyə çalışırdılar.

Bütün bunlar Leninin xəstəliyi haqqında yarı rəsmi məlumatlardı. Rəsmi məlumatlara görə Lenin Qorkidə 1922-ci ilin mayın son günlərində yerləşdirilib. Amma qeyri-rəsmi araşdırmalar göstərir ki, Sovet dövlətinin ilk başçısı Qorkidə Morozovların malikanəsinə 1920-ci illərin sonlarında yerləşdirilib və rəhbərin tam olaraq təcrid olunması haqqında qərarı Siyasi Büro vermişdi.

İnessa Armandın ölümü Leninin psixoloji tarazlığını pozur

1920-ci ildə Lenin təntənəsiz bir şəraitdə özünün 50 illiyini qeyd elədi. Rəhbər Stalindən fərqli olaraq təntənələri sevmirdi və heç vaxt uzun sürən və təmtəraqlı tostlarla müşahidə olunan qonaqlıq və ziyafətlərdə iştirak etməzdi. Ona görə də rəhbərin 50 illiyi bir neçə qəzet məqaləsi ilə qeyd olundu və Lenin rəsmi ziyafətdən imtina etdi.

1920-ci il yeni qurulmuş sovet respublikası üçün uğurlu olsa da - vətəndaş müharibəsi demək olar ki, qələbə ilə sona çatmaq üzrəydi. Bundan başqa yeni elan olunan Zaqafqaziya ölkələri, Ukrayna və Belarus yenidən Rusiyanın işğalı altına alınmışdı. Buna baxmayaraq beynəlxalq arenada Sovet Rusiyası ciddi böhran yaşayırdı. Ölkə isə tam olaraq xarabalıqdan ibarətdi. Buna görə də Lenin 50 illiyinin qeyd olunmasından imtina etdi.

Elə həmin il Lenin bir neçə ciddi problemlə üzləşdi. Polyaklar Kiyevi işğal etdilər. Bundan sonra isə qanlı Antonovşina və Kronştadt qiyamları baş verdi. Çox vaxt gecələr Lenin yuxudan ayılır və bağırırdı: «Güllələyin, hər kəsi güllələyin. Heç kəsə aman verməyin».

1920-ci il Leninin şəxsi həyatında da faciə ilə nəticələnən və Lenini doğurdan sarsıdan hadisə baş verdi. Rəhbərin həyatının qadını olan İnessa Armand birdən-birə öldü.

Leninin şəxsi həyatının sirləri hələ də tam olaraq açılmayıb. Leninin cinsi həyatı haqqında Sovet dönəmində nəyisə araşdırmaq başını edam kötüyünə qoymaq kimi bir şeydi. Ona görə də çoxları üçün Lenin hələ də yarımtanrı sifətli ideal insan olaraq tanınır. Bəs o ideal kim olub?

Hər kəsin tam olaraq psixoloji portretini yaratmaq üçün həmin şəxsin seksual arzularını və yaşamını araşdırmaq vacib olur. Vladimr Ulyanovun seksual həyatı barədə ancaq İnessa Armandla yaşadığı böyük eşqin ştrixləri ilə fikir yürütmək mümkündür. Amma Leninin psixoloji portretini tamamlamaq üçün bu ştrixlər də yetərlidi.

İnessa Armand ilə Lenin və Krupskaya 1909-cu ildə Brüsseldə tanış olurlar. Leninin 39, İnessanın isə 35 yaşı vardı. 1912-ci ildə Armand Leninin şəxsi nümayəndəsi və sevgilisi olur.

Bundan əvvəl İnessa Armand üç dəfə ərdə olmuşdu və 5 uşağı vardı. Leinin sevgilisi olmamışdan əvvəl İnessa Armand sonuncu ərinin qardaşı ilə dəli bir eşq yaşayırdı. İnessa ilə ilk tanışlığından sonra Lenin tamamilə bu qadının əsirinə çevrilir.

Lenin İnessanı ərindən və onun sevgilisi olan qaynından ayırmaq üçün bütün təhdid və təsirlərini işə salır və nəhayət 1912-ci ildə Lenin İnessanı öz evinə gətirir. İddialara görə Nadejda Krupskaya və İnessa Armand Leninlə birlikdə yatağa girirlər. Bu üçlü ailənin xöşbəxtliyi uzun müddət davam edir.

İnessa Lenin və Krupskaya üçün vaz keçilməz qadına çevrilir. Təsadüfi deyil ki, Krupskaya Armand öldükdən sonra onun bütün uşaqlarını öz qayğısı altına alır və 1939-cu ildə ölənə qədər İnessanın uşaqlarını öz uşaqları bilir.

1918-ci ildə Lenin tərəfindən Armand xüsusi tapşırıqla Fransaya göndərilir. Burda o fransız hakimiyyəti tərəfindən həbs olunur. Dəli olan Lenin açıq şəkildə bildirir ki, İnessa Armand azad olunmayacağı təqdirdə Fransanın Rusiyadakı səfirliyinin bütün nümayəndələrini güllələyəcək. Fransızlar geri addım atır və İnessa Moskvaya qaytarılır.

Lenin Rusiya Xalq Komissarları Sovetinin sədri olduqdan sonra İnessa onunla qonşu otaqda çalışırdı və demək olar ki, Lenin İnessa olmadan nəfəs belə ala bilmirdi. Partiyada Leninin seks ilahəsini hamı partiya ləqəbi ilə «yoldaş Petrova» deyə çağırırdı və İnessanın Leninlə olan münasibətləri heç kim üçün sirr deyildi.

İnessanın gözlənilməz ölümü hər zaman psixoloji tarazlığı qırmızı xətt üzərində olan Leninin psixologiyasında ruhi sarsıntı yaradır. İnessanı Qızıl Meydanda dəfn edirlər və İnessanın dəfnindən sonra Lenin yatağa düşür və Krupskaya onu müxtəlif dərmanlarla müalicə etməyə çalışır. Nadejda Leninin ağılı tarazlığını itirə biləcəyini gizlətmir.

Lenin yataqdan qalxdıqdan sonra isə onun psixi problemləri hər gün daha çox özünü büruzə verir. Adətən Lenin danışıq məntiqini itirir və tez-tez nitqi sırasında hər kəsi heyrətə gətirəcək qəzəb və hiddətlə: «güllələyin, güllələyin», deyə qışqırır. Rəhbərin rəngi gündən günə saralır və Lenini istirahət üçün Qorkidə təcrid etmək qərarı verilir.

Lenin iki həftəlik istirahət üçün Qorkiyə getməyə razılıq verir. Rəhbər ömürlük təcrid olunacağını təsəvvür belə edə bilmir. Bundan sonra Lenini, ancaq vacib məsələlər üçün Moskvaya gətirir və sonra yenidən geri götürürlər. 22-ci ilin sonuna qədər belə davam edir. Sonra rəhbərin Qorkidən çıxışına bir dəfəlik qadağa qoyulur.

Lenin psix idimi?

Yəqin ki, Leninin Qorkidə son çəkilmiş fotolarını çoxları xatırlayır. Əlil arabasında oturan rəhbərin dəli kimi işıq saçan gözləri hər kəsi heyrətə gətirir. Bu gözlərdən axan işıq tam dəli və iblisə tapınmış bir insanın işığıdır. Həmin gözlərə baxdıqda adam yalnız dəhşətə gələ bilər. Və bu adamın dünyanın başını ayağına çevirən bir siyasi sistemin banisi və ideoloqu olmasına heç cür inana bilmirsən.

Bir də Leninin gənclik şəkli var. Lenin bu şəkli Rusiyanı tərk etdikdən sonra çəkdirib. Leninin qıyıq gözlərinə baxdığın zaman o gözlərdən axan şeytani işıq adamı şaşırdır. O gözlərdən axan işıq adama: «Mən son məqsədimə çatmaq üçün hər şeyi və hər kəsi məhv edərəm», deyə pıçıldayır. Bu gözlərdən axan kin və hiyləgərlik o qədər kəskindir ki, adamı avtomatik olaraq bu auranın sahibinin öz qəzəbini və iddialarını necə boğa bilməsi düşündürür.

Sonrakı dönəmlərdə Leninlə yaxından münasibət quranlar onun bir çox hallarda ən kiçik etirazlara qarşı özündən çıxmasının və öz üzərində nəzarəti itirməsinin şahidi olacaqlar. Demək olar ki, Lenin bütün acığını Krupskayanın üstünə tökürdü. Hətta bir dəfə Sürixdə onların evində olan Klara Setkin Leninin Nadyaya qarşı kobudluğundan dəhşətə gəlmişdi.

Lenin Qorkidəki təcriddən bütün gücü ilə xilas olmağa çalışır

1922-ci ildən sonra Leninin Qorkidən Moskvaya gəlməsi ancaq bir neçə dəfə baş vermişdi. Sonuncu dəfə MK-nın iclasında və Kominternin 4-cü konqresində çıxış etdi. Bu toplantılarda o, çıxışlarının məntiqsizliyi ilə qonaqları bir xeyli təəccübləndirdi.

Hətta kominternin bəzi üzvləri onunla müqayisədə Trotskinin həddindən artıq yüksəkdə durduğunu ifadə etməkdən belə çəkinmədilər. Bundan sonra Leninin tam təcrid olunması gündəmə gəldi və Lenin öz etirazını açıq şəkildə ortaya qoydu.

Lakin dekabrın 13-də Leninin yeni böhran keçirdi və bu dəfə aldığı zərbədən bütün fəalliyyət qabiliyyətini itirdi. Bundan sonra Lenini ancaq yaxın ətrafı görəcəkdi. O tamamilə dəliydi və yaddaşını getdikcə tamam qeyb edirdi. Buna baxmayaraq onun təcriddən qurtarmaq və dövləti idarə etmək istəyi bitib tükənmirdi. Leninin aramsız olaraq yazdığı məktublar bunun əyani sübutudur. O təcriddən qurtarmağa və dövlətin idarəsini öz əlinə almaq üçün cilov çeynəyirdi və hər şeyin baiskarı olaraq Stalini görürdü.

Lenin hələ 1921-ci ildə Dzerjinskiyə yazdığı məktubda özünün təcrid olunmasında əsas günahkar olaraq Stalini göstərir. Lenin hesab edirdi ki, Stalin onu təcrid etməklə hakimiyyəti qanunsuz olaraq həyata keçirməyə çalışır:

«Əziz Feliks!!! Mənə elə gəlir ki, mənimlə baş verən hər şeydə Stalinin və ətrafının əli var. Onlar məni tamamilə partiyadan və cəmiyyətdən təcrid ediblər. Dünən mühafizəni iki dəfə artırdılar. İndii məni 100-dən artıq adam «qoruyur». Mənə ancaq gəzintiyə bir cığırla çıxmağa icazə verirlər. O cığırdan çıxmağa izn belə vermirlər… Artıq üç aydır ki, mənimlə heç kimi görüşməyə icazə vermirlər. Mən dəfələrlə sizinlə, Kalininlə, Kamenevlə görüşməyə can atmışam. Hər dəfə mənə «yox» deyirlər. Telefonları da söndürüblər…

Mənə elə gəlir ki, məni burda zəhərləyəcəklər. Ya da mühafizəçilər güllələyəcək… Həkimlər və mühafizəçilər mənimlə balaca, axmaq uşaqla davranan kimi davranırlar…Mən bilmək istəyirəm, mən hələ də Xalq Komissarları Sovetinin sədriyəm? Kremldəki kabinetim hələ də durur? Mən dövlətin 1 nömrəli şəxsiyəm və məni təcrid ediblər… Mənim xəstəliyim sadəcə həbs olunmağım üçün şərait yaradıb. Mən müalicə olunmuşam və hazırda sağalmağıma baxmayaraq təcrid olunmuşam…

Bu vəziyyətdə mən tədricən dəli oluram. Mənə heç kim inanmır və hamı hansısa instruksiyaya görə mənimlə davranır. Mənimlə əlaqəyə keçən, mənə xoş münasibət göstərən hər kəs burdan uzaqlaşdırılır. Hanı o gözəl insanlar? Onları yəqin ki, ortadan qaldırıblar… Mənə təcili Siyasi Büronu toplamaq lazımdır. Mən artıq yoldaşlara yazmışam.

Ancaq məktub Stalinin əlinə keçib və o rişxəndlə gülüb. O buna görə Nadenkaya zəng edib və onu “degenerat və fahişə” adlandırıb (Axırıncı sözlərin altından Lenin xətt çəkib). Bu sizin xoşunuza gəlir? Mənim üzr tələbimdən sonra bizim aramızdakı münasibətlər tamamilə dözülməz olub. Mən artıq Stalinin şəxsi düşməninə çevrilmişəm.

Son olaraq o deyib ki, Kremlədə “pederast”ların fəaliyyətinə son verilib. O bunu mənim və silahdaşlarım haqqında deyib. (Məktubun bu hissəsində Stalin qırmızı qələmlə yazıb: «İliç ağlını tamam itirib»). Mənim aldığım məlumata görə Stalin məndən xəbərsiz böyük kadr dəyişiklikləri aparır. Mən qəzetləri oxuyuram və görürəm ki, o mətbuatı da tam ələ keçirib. Bu dəhşətdi. Lənətə gəlsin o gün ki, mən Qorkidə müalicə olunmağıma icazə verdim… Çox xahiş edirəm, məni Moskvaya qaytarın…»

Bu məktub 20 dekabr 1921-ci ildə yazılıb. Yəni Leninin qeyri-rəsmi təcrid olunmasından bir il sonra. Lenin isə Qorkiə ancaq iki həftəliyə istirahət üçün gəlmişdi. Qəribədir ki, Dzerjinski rəhbərin qəlb ağrıdan məktubunu bir neçə təkliflə Stalinə yollayıb: «Lenini ona qədər nümayəndə ilə ziyarət etmək lazımdı. Ona telefondan istifadə etmək imkanı yaratmaq lazımdı. Elə etmək lazımdı ki, guya hökumət və partiya rəhbərləri ilə danışır. Bütün zəngləri nəzarət altında saxlanılmalıdır. Lenini imkan daxilində şəhər klinikalarından birinə köçürmək lazımdır».

Sonuncu təklifin altından Stalin yenə qırmızı qələmlə «Olmaz».dərkənarı qoyub. Bunun arxasınca Stalindən Qorkiyə növbəti təlimat daxil olur: «Mühafizəçiləri və aşpazları dəyişin. Hamısını. İ. Stalin.» Stalini qəzəbləndirən məsələ Leninin onun başı üstündən Dzerjinskiyə səsini çatdıra bilməsiydi.

Bundan sonra Lenin ölənə qədər Trotski, Kamenev, Rıkov, Buxarin, Kalinin və başqaları ilə telefonda «danışdı» və heç bir zaman fərqinə varmadı ki, bütün danışıqlarını eyni adamla aparır. Hiyləgər Stalin Dzerjinskinin məsləhəti ilə ölənə qədər rəhbəri beləcə doladı. Hətta rəhbər üçün xüsusi qəzetlərdə çap edilirdi.

1923-cü ildən sonra isə Lenin tamamilə dəli oldu, onun üçün kiminlə danışdığının qəti anlamı yox ildi. Rəhbər yalnız durmadan «güllələyin», əmrini qışqırırdı.

Sovet dövlətinin ən dəhşətli ən çox qorunan sirlərindən biri və birincisi məhz bu idi: Proletariatın dahi rəhbəri Vladimir İliç Ulyanov (Lenin) dəli olmuşdu. Bu sirri açıb ağartsaydılar onların böyük ideologiyası gülüş obyektinə çevriləcəkdi…

Dəli rəhbərin kultu yaradılır

Yəqin ki, orta nəslin və daha yaşlı nəslin nümayəndələri Sovet dövlətinin məşhur şüarlarından birini xatırlayırlar: «Lenin yaşayıb, yaşayır və daima yaşayacaq!» Bolşeviklər öz ideyalarını əbədi hesab etdikləri kimi öz rəhbərlərini belə əbədi sanırdılar. Çünki ideya və rəhbər bir-birindən ayrılmazdı. Birinin ölümü digərinin ölümünə yol açacaqdı.

Elə ona görə də Stalin Lenindən tanrı yaratmağa qərar verdi və bu təbii idi. Onun yerində kim olsaydı rejimin yaşaması üçün məhz Lenini tanrı elan etməliydi.

Lenin öldüyü gecə onun bütün orqanlarını çıxardılar. Rəhbərin beyni əlahiddə diqqətlə çıxarılıb xüsusi qabda yerləşdirildi. Bundan başqa elə həmin gecə rəhbərin beyninin qırışıqlarının kopyası çıxarıldı. Dzerjinskinin verdiyi əmrə görə rəhbərin beyni xüsusi olaraq araşdırılacaqdı. Bu rəhbərin tanrı elan olunması üçün gərəkdi və bu elmi yolla sübut edilməliydi.

Beləliklə Leninin beyni haqqında mif yaradıldı və bu mif bolşevik liderlinin şəxsi fantaziyalarından başqa bir şey deyildi. İdeyanın əsasını isə o dönəmin fantastik kitablarında qeyd olunan, «böyük başlarda beyin daha çox inkişaf edir» fikri təşkil edirdi.

Elə 1924-cü ildə Sovet alimləri Leninin «fövqəlinsan ağlı», «fövqəlinsan iradəsi» və «fövqəlinsan düşüncə tərzi» haqqında elmi teoriyalar hazırlamağa başladılar. Teoriya Leninin beyninin adi insanlardan fərqli olmasına əsaslanırdı və məqsəd onun fövqəlinsan olduğunu isbat etməkdi.

Dahi rəhbərin və fövqəlinsanın beynini öyrənmək üçün 1925-ci ildə Berlin Universitetinin Neyrobioloji institutunun direktoru Oskar Foqrt dəvət olundu. Foqt kommunist idi və Moskvada ona daha çox etibar edirdilər. Araşdırmaların aparılmasında digər məqsəd isə, Leninin sirli xəstəliyini öyrənməkdi. Araşdırmalarda həmçinin Lenini müalicə edən bütün həkimlər iştirak edirdilər.

Foqt Leninin beyninin Berlinə aparılmasını və orda araşdırılmasını israrla istəsə də, Stalin təklifi bir mənalı olaraq rədd elədi. Stalinin qərarı qəti idi. Araşdırmalar Rusiyada aparılacaqdı. Bunun üçün lazım olan cihazların Berlindən Moskvaya gətirilməsi qərarlaşdırıldı. Nə qədər absurd səslənsə də, Stalinin alimlərin qarşısına qoyduğu başqa bir məqsəd isə, gələcəyin insanının (fövqəlinsan) beynini yaratmaq idi.

1927-ci ildə professor Foqt Leninin beyni üzərində apardığı araşdırmaların hesabatını SSRİ hökumətinə təqdim etdi. Hesabat gizli saxlanılsa da, «İzvestiya» qəzeti kiçik bir məqalə ilə araşdırma barədə çıxış etdi. Məqalədən elə görünürdü ki, dahi rəhbərin beyni fövqəlinsan yaratmaq üçün baza rolunu oynayacaq.

Amma görünməz bir fəlakət Stalinin bu barədə bütün planlarını alt-üst etdi. 1929-cu ildə professor Foqt öz araşdırmaları barədə Berlində leksiya oxudu və Leninin beyninin kəsiklərinin fotoqrafiyasını nümayiş etdirdi. Bu sırf reklam xarakterli bir leksiya idi və Foqt bunun üçün Stalindən razılıq almışdı

Lakin bir neçə gün sonra psixiatriya sahəsində avtoritet olaraq tanınan professor Şpilreyn isbat etdi ki, Leninin beynindəki piramida şəkilli hüceyrələr iddia olunduğu kimi fövqəlinsana deyil, dəli adamlara aid bir beyin prosesidir və həmin hüceyrələr bütün dəli insanların beynində formalaşır. Şpilreynin məqaləsi Qərbdə siyasi mətbuatın bir nömrəli gündəminə çevrildi və Leninin beyni haqqında olan mif sabun köpüyü kimi partladı. Üstəlik Sovet dövləti Qərbdə gülünc olaraq tanındı.

Baş verənlərdən Stalin həddindən artıq qəzəbləndi. Foqt Şpilreynə cavab vermək üçün heç bir arqument belə irəli sürə bilmədi və professor bir daha Rusiyaya ayaq basmadı.

Buna baxmayaraq Stalin Leninin beyni üzərində araşdırmaların davam etməsini əmr etdi. Ancaq 1936-cı ildə araşdırma üçün ayrılan iki institutun səyləri nəticəsində Leninin beyninin bir tərəfinin ona qədər adi insanın beynindən daha güclü olduğunu «isbat» etdi.

Bundan sonra Lenin tamamilə «müqəddəsləşdirildi» və Sovet dövlətinin bir nömrəli atributuna çevrildi. O SSRİ-də yaşayan hər bir insanın həm tanrısı, həm peyğəmbəriydi. Tanrını rədd edən kommunistlər boşluğu Lenin vasitəsi ilə doldurmağa çalışırdı…

«Çar və Allah eyni ağacın meyvələridi»

Lenin 3 illik hakimiyyəti SSRİ tarixinin ən qanlı hissələrindən biridir. Söhbət heç də vətəndaş müharibəsi içində olan ucsuz-bucaqsız imperiyanın verdikləri itkilərdən getmir. Leninin amansızlığı və zalımlığı Stalinin amansızlığından daha dəhşətli idi.

Soyuq, qanlı Stalin terroru siyasi hesablara görə tətbiq edirdisə, Lenin təhlükə mənbəyi olaraq gördüyü hər şeyi və hər kəsi terror etməyi və təhlükənin azacıq işartısını verə bilən bütün ocaqları xüsusi amansızlıqla yox etməyi əmr edirdi. Onun sağa və sola durmadan yolladığı teleqramlar bunu sübut edir.

Proletariatın dahi rəhbərinin qaniçənliyi bu teleqramlarda açıq şəkildə görünürdü: ««Kütləvi terror tətbiq edin», «İdiotcasına suallarla bizi narahat etməyin. İcazə soruşmadan hər kəsi güllələyin, güllələyin», «Hər kəsi hər şeyə görə güllələyin. Kapitalistləri pul gizlətdiklərinə görə, kulakları taxılı basdırdıqlarına görə, zabitləri vaxtında təyinat yerlərinə gəlmədiklərinə görə, fahişələri əsgərləri içirdiklərinə görə, kəndliləri qarı vaxtında təmizləmədiklərinə görə güllələyin».» Leninin bütün cəbhələrə və yerlərdəki komissarlara yolladığı teleqramlar ancaq bu xüsusda idi. O ancaq «güllələməyi və yox etməyi» əmr edirdi.

1919-cu ildə Dzerjinski Rostovda 300 000, Kubanda 500 000, Kamenskdə isə 200 000, toplam 1 milyon kazakın əsir götürüldüyünü və onlarla nə etmək lazım olduğunu Lenindən soruşur. Lenin təcili olaraq teleqramla cavab verir: «Hamısını son nəfərə kimi güllələyin. 30 dekabr. 1919-cu il»

Elə həmin ilin əvvəlində Lenin Rusiyadakı bütün keşişləri öldürmək əmrini verir. Lenin verdiyi dekretdə yazılır: «Kilsələri bağlayın. Onlardan anbar kimi istifadə edin. Keşişləri həbs edin və əksinqilabçı kimi güllələyin». Bu dekreti Lenin mayın 1-də vermişdi. Hansı ki, həmin gün rəhbər bütün ölkədə həmrəylik günü olaraq bayram edirdi. Bu dekretdən sonra demək olar ki, SSRİ-nin hər yerində yenidənqurmaya qədər bütün kilsələr və məscidlər anbar olaraq istifadə olunmuşdu.

Qəribədir, Lenin allahsızlığı qanun halına gətirsə də və Allaha inananları birbaşa təqib etsə də yazılarında və söhbətlərində tez-tez Allahı çağırırdı. Bunu təbii ki, rus dilinin vərdişləri ilə əlaqələndirirdilər.

Leninin gimnaziya yoldaşlarından biri olan Andreyev yazır ki, Volodka Ulyanov qardaşının edamından sonra boynundakı xaçı yerə çırpıb və bir daha Allaha inanmayacağını bəyan edib. 1917-ci ildə fəhlə və əsgərlərin qarşısında tez-tez çıxış edən mitinqlərin birində Lenin belə bir şüar irəli sürmüşdü: «Çar və Allah eyni ağacın meyvələridi».

Əslində Lenin ateizmi onun nifrətindən doğurdu. Hər şeyin cavabdehi Allahdısa əgər, o zaman ədalətsiz quruluşa görə cavabdeh də odur. Ona görə də Lenin antiinqilabçı olan hər şeyi və hər kəsi öldürmək istədiyi kimi Allahı da öldürmək istəyirdi. Bu onun ali məqsədlərindən biri idi…

# 7973 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #