UNESCO “Koroğlu”nu Türkmənistana verdi

UNESCO “Koroğlu”nu Türkmənistana verdi
7 dekabr 2015
# 18:00

“Koroğlu” dastanı türkmən eposu kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahına daxil olub. Kulisin xarici mətbuata istinadən verdiyi məlumata görə dekabrın 3-də Namibiyanın paytaxtı Vindhuk şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında təşkilata üzv dövlətlər tərəfindən təqdim edilən nominasiyaların müzakirəsi baş tutub.

Türkmənistanın hazırladığı “Koroğlu dastan sənəti” nominasiya faylı qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verib.

Konvensiyada Azərbaycan tərəfindən təqdim olunan “Lahıc misgərlik sənəti” nominasiyası da UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Ümumilikdə siyahıya 18 ölkə adəti əlavə edilib.

“Koroğlu” dastanının Türkmənistan tərəfindən təqdim edilməsinə münasibət bildirən folklorşünas alim, professor Məhərrəm Qasımlı bildirib ki, əslində o nominasiyanın Azərbaycan “Koroğlu”su ilə elə bir əlaqəsi yoxdur: “Yaxşı olardı ki, vahid “Koroğlu” layihəsi olsun, Azərbaycan “Koroğlu”su, Anadolu-Türkiyə “Koroğlu”su, türkmən “Koroğlu”su, özbək “Koroğlu”su bunlar hamısı bir yerdə bir layihə kimi təqdim edilsin. Amma indiki halda gördüyümüz kimi, tükmənlər layihənin işlənməsinə razı deyillər. Biz Azərbaycan layihəsini hazırlamışıq. “Koroğlu”nun Azərbaycan layihəsinin müəllifi əslində mənəm. Sadəcə olaraq buna türkmənlər yaxın durmadılar, layihəni birlikdə keçirməyə razı olmadılar, ancaq öz layihələrini keçirmək istədilər.”

Məhərrəm Qasımlı daha sonra əlavə edib ki, gələcəkdə yəqin ki, Azərbaycan və özbək layihələri də ayrı keçəcək. O, bunun uyğun və uyğun olmayan tərəflərinin olduğunu əlavə edib: “Uyğun tərəfi odur ki, bunlar ayrı-ayrı versiyalardır. Azərbaycan “Koroğlu”su mahiyyət etibarı ilə türkmən “Koroğlu”sundan və ya özbək “Koroğlu”sundan versiya səviyyəsində uzaqdır. Yəni bunu variant hesab etmək olmaz. İndi ada baxın. Bizdə Korun oğlundan Koroğlu yaranıb, orda isə gordan, məzardan tapılan uşağa görə Goroğlu adlandırıblar. Hər iki dastan zahirən bir-birinə oxşayır, mahiyyət etibarı ilə isə fərqlidir. Eləcə də epik və poetik mətnlər uzaqbaşı 30 faiz üst-üstə düşür, 70 faiz bir-birindən uzaqdır, aralıdır. Amma mifoloji anlamda yanaşsaq bu versiyaların hamısının bir nöqtəyə gedib çıxdığını görmək mümkündür. Zaman içində bunlar ayrı-ayrı hadisələr halına gəlib, Azərbaycan “Koroğlu”su var, türkmən “Koroğlu”su var, özbək “Koroğlu”su var və sair. Ümumi arxetipi müəyyənləşdirmək baxımından hamısını bir yerə bağlamaq lazım idi, amma bütövlükdə isə ayrı-ayrı hadisələr şəklində bu gün Azərbaycan epos qəhrəmanı kimi Azərbaycan “Koroğlu”su, özbək epos qəhrəmanı kimi özbək “Koroğlu”su, türkmən epos qəhrəmanı kimi türkmən “Koroğlu”-“Goroğlu”su mövcuddur. Bunu danmaq olmaz. Bir halda ki, türkmənlər onu ayrı keçiriblər, biz də ayrı təqdim etməyə məcburuq. Əslində gərək UNESCO-da da mütəxəssislərlə hesablaşaydılar. Çünki mifoloji kökü bir olan hadisələrdir. Zaman içində bir-birindən bu qədər uzaqlaşıb, ayrılıblar. Milli differensasiya gedib, nəticədə, ayrı-ayrı milli eposlar əmələ gəlib. Türkmənlərin milli eposu “Goroğlu”, bizim milli eposumuz “Koroğlu”dur. Zaman içində yəqin bizim layihə də təqdim ediləcək və UNESCO-da öz yerini bu şəkildə tutacaq.”

# 2526 dəfə oxunub

Oxşar xəbərlər

İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

12:00 15 yanvar 2026
"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

10:00 15 yanvar 2026
"Xalq şairi"  "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi...  - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

"Xalq şairi" "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi... - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

10:00 14 yanvar 2026
Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

10:00 13 yanvar 2026
Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

10:00 12 yanvar 2026
"Namik Kamal onu oğulluğa necə qəbul edə bilərdi?" - İmzalar içində Hadi

"Namik Kamal onu oğulluğa necə qəbul edə bilərdi?" - İmzalar içində Hadi

15:00 7 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər