Osmanlını fəth edən xoxol qızı

Osmanlını fəth edən xoxol qızı
28 mart 2013
# 15:00

Yüksəlişin sonu - Avropanın yeni xaqanı Sultan Süleyman Xan

Birinci yazını burdan oxuya bilərsiz.

II yazı

Süleymanın hərəmində intriqa qasırğaları

Adətən Hürrəm haqqında danışanda deyirdilər ki, o, sultanı cadulayıb. Əsil həqiqət ondaydı ki, Hürrəm Sultan Süleymanı doğurdan sehrləmişdi. Sultan hiyləgər Hürrəmin işvələrindən qurtula bilmirdi və sözün həqiqi mənasında öz cariyəsinin əsirinə çevrilmişdi.

Hürrəmin hərəmə gəlişindən sonra əsas işi demək olar ki, beş il müddətində davamlı olaraq dalbadal Sultan Süleymana övlad doğması olmuşdu. Hiyləgər Hürrəm öncə 4 ildə Sultana 5 uşaq (Hürrəmin 6-cı oğlu, şahzadə Cahangir xoxol qızının Sultan hərəminə girməsindən 10 il sonra, 1531-ci doğulmuşdu) doğmaqla özünü Sultan üçün vazkeçilməz hala gətirmişdi. Hürrəm başqa qadınlardan fərqli olaraq Süleymanı Sultan olaraq yox, bir kişi olaraq görürdü və yaxşı başa düşürdü ki, hətta Sultan belə olsa, bir kişi 5 uşağının anasını bayıra atmaz. Hər dəfə hamilə qaldıqdan sonra Hürrəm doğurdan güclənirdi.

Hürrəmi Hürrəm edən əsas şey onun qadınlıq instinktinə tam tabe olması və heç nədən qorxmamasıydı. Elə bu üzdən saraya gəldikdən bir il sonra, Hürrəm Osmanlı sarayının 3 ən güclu şəxsinə savaş açmaqdan və onlara meydan oxumaqdan çəkinmədi. Hürrəm hərəmdə keçirdiyi bir ildən sonra hədəflərini yaxşı bilirdi. Birinci Süleymanın güvəndiyi və sevdiyi tək qadın olmalıydı. İkincisi taxtın varisi onun oğlu olmalıydı. Üçüncüsü üç qitədə hökm edən qoca Osmanlı xanədanını o yönəltməliydi.

Bu hədəflərinə qarşı duran 3 şəxs vardı. O üç nəfər Osmanlı xanədanının ən güclü şəxsləri hesab olunurdu. Sultan Süleymanın üzərində böyük təsiri olan anası Validə Sultan Hafisə xatun, ikincisi Sultan Süleymanın adından bütün imperiyanı idarə edən və Sultanın bacısı Xədicə Sultanla evli olan İbrahim Paşa və vəliəhd şahzadə Mustafanın anası, Süleymanın Hürrəmdən əvvəlki xas qadını Mahidevran Sultan. İttifaq içində olan bu qüdrətli üçlüyə (şahzadə Mustafanı və Xədicə Sultanı əlavə edərsək qüdrətli beşliyə) qarşı Hürrəmin sadəcə körpə övladları və Süleymana olan sevgisi vardı. Bir də özünə olan tükənməz inamı… Həmin inam Hürrəmin bütün qorxularını yenirdi.

Sultanın hərəminə gəldiyi gündən Hürrəm tabe olduğu ancaq bir qanun vardı: Ya səni məhv edəcəklər, ya sən məhv edəcəksən. Ona görə də Hürrəm Validə Sultana və hakimi-mütləq sədrəzəm İbrahim Paşaya meydan oxumaqdan çəkinmirdi və bu zaman o, sadəcə özünü qorumaq üçün caynaqlarını və dişlərini işə salan dişi canavarı xatırladırdı.

Bir dəfə Mahidevran Sultanla saçyolmadan sonra Validə Sultan tərəfindən ağır təhqir olunan Hürrəm Süleymana anasından şikayət edir. Qısa müddətdən sonra heç bir şeydən şikayətlənməyən Validə Sultan ağır xəstə yatağına uzanır. Sarayda onun zəhərlənməsi haqqında söz-söhbət gəzir. Bəziləri hətta Validə Sultana oğlunun əmri ilə zəhər verildiyinı pıçıldayır.

Daima intriqalar içində yaşamaq Hürrəmin ağlını və instiktini tətikdə saxlayırdı. Heç kəsə güvənməyən Sultanın sevimli qadını hər kəsi səxavəti ilə ələ alırdı. O verdiyi hədiyyələrlə öncə ətrafındakı cariyələri, sonra xacələri və daha sonra isə qoca Osmanlının nazirlərini - ordular yönəldib ölkələr basan paşaları nı ələ aldı. Saraya gəldikdən 20 il sonra Hürrəm hətta yeniçəriləri belə ələ almağı bacarmışdı. Süleymanın səfərləri zamanı dövləti demək olar ki, təkbaşına idarə edən Hürrəm davamlı olaraq yeniçərilərin maaşını qaldırmaqla onların rəğbətini qazanmışdı. Şahzadə Mustafaya görə üsyan edən və Hürrəmə qarşı qəzəblərini ortaya qoyan yeniçərilər ömrünün sonuna yaxın bütün məkrlərinə baxmayaraq Sultanının qadınını ilahiləşdirirdilər.

Süleymanın Azərbaycan səfərləri

Sultan Səlimin qəfil ölümü Şah İsmayılı yenidən əvvəlki gücünü qaytarmağa və bölgəyə hakim olmağa həvəsləndirmişdi. Qızılbaşlar qısa zaman içində Təbrizi geri almış və Bağdadı belə yenidən fəth edərək Azərbaycan taxtının əvvəlki sərhədlərini bərpa etmişdilər. Şah İsmayıl Sultan Süleymanı taxta çıxması münasibəti ilə təbrik belə etməmişdi.

Çaldıran savaşından sonra zəifləyən türk-şiə birliyi yenidən güclənməyə və əvvəlki qüdrətlərini bərpa etdiyi bir zamanda Şah İsmayılın gözlənilməz ölümü Anadolu qızılbaşlarını yeni ümidsizliyə düçar etmişdi. Taxta 11 yaşlı Təhmasibin keçməsi Anadoluludakı ələviləri faktiki olaraq lidersiz buraxmışdı. Elə bu üzdən də Sultan Süleyman Şərqdən gələn təhlükəni nəzərə almamış və Avropanın fəthini daha önəmli bilmişdi. Üstəlik Təhmasibin taxta keçməsindən sonra qızılbaşlar arasında baş verən çatlar Süleymanı sakitləşdirmişdi. Amma Avropanı tam olaraq nəzarəti altına aldıqdan sonra Sultan Süleymanın nəzərləri Şərqə doğru yönəlmişdi.

Sultanın hədəfi şiə təhlükəsini ortadan qaldıraraq Azərbaycan və fars üzərindən Türküstana girmək və burdakı bütün türkləri öz bayrağı altında toplamaqla Atillanın və Çingiz xanın zamanındakı Böyük Türk Xaqanı gücünü əldə etmək və Türküstandan gətirəcəyi yeni qüvvələrlə Avropanı bütövlükdə istila etməkdi.

Süleyman Səfəvi xanədanını yer üzündən silmək və şiəliyi bir məzhəb olaraq kökündən qazımaq üçün 1533-cü ildə öncül dəstələrini İbrahim Paşanın komandanlığı altında Təbrizə doğru yolladı. Özü isə İbrahimin dalınca yeni topladığı ordu ilə hərəkətə keçdi. Çaldıran meydan savaşının dərslərini alan qızılbaş sərkərdələri Təhmasibdən geri çəkilməyi və partizan savaşı ilə düşməni uzun müddət girinc etməyi təklif etdilər. Atasından fərqli olaraq Təhmasib bu təklifi qəbul etdi və qızılbaş orduları düşməni gözləmədən geri çəkildi.

İbrahim Paşanın ordusu Azərbaycan sərhədlərini keçdiyi zaman demək olar ki, hər tərəfdə yandırılmış ərazilərlə üzləşdi. Bu üzdən böyük qıtlıq yaşayan Osmanlı ordusu Təbriz qapılarına həddindən artıq yorğun və üzüntü içində gəlib çatmışdı. Gecələr İbrahim Paşanın ordugahı hücuma məruz qalır və səhər açılırkən qızılbaşlar yoxa çıxırdı. Heç bir döyüşə girmədən Osmanlı ordusunun itkisi günü - gündən artır və bu da İbrahim Paşanı özündən çıxarırdı.

Təbrizə gəldikdən sonra özünü Əcəm şahı elan edən İbrahim Paşa (Sultan Süleymanın onun ölümünə fərman verməsinə Paşanın Təbrizdə özünü şah elan etməsi də rol oynamışdı), Təhmasibin Qəzvində olduğunu öyrəndi və onun arxasınca ordu yolladı. Lakin yollanılan ordu yolda pusquya düşürüldü və demək olar ki, İbrahim Paşa komandanlığı altında olan ordunun böyük hissəsi itirdi. Allahdan Sultan Süleyman yeni ordu ilə arxadan gəlirdi və bu Osmanlıların tam məğlub olmaqdan xilas elədi.

İbrahimin ordusunun hardasa böyük bir hissəsini itirməsi Sultanı çox qəzəbləndirdi. Qabaqdan qış gəlirdi və buna görə də ordunun bu şərtlər altında Təbrizdə qalması ağılsızlıqdı. Təbriz qarət olundu və Sultan ordusu ilə Bağdada doğru irəlilədi.

Bağdadı aldıqdan sonra Sultan Süleyman dincəlmək üçün İstanbula geri dönmək istəsə də, Təhmasibin Bağdadın əvəzi olaraq Vanı və Qarsı alması xəbərini aldı. Sultanın Vana yolladığı ordu qızılbaşlara məğlub oldu və buna görə də Süleyman yenidən Azərbaycan sərhədlərini keçib Təbrizə doğru irəlilədi. 1535-ci ildə Sultan Süleyman Təbrizi yenidən işğal etdi. Təhmasib yenə Qəzvinə çəkilmişdi və ordan Sultan Süleymanı təhdid etməkdə davam edirdi.

Sultan Süleymanın Şərq hədəfləri beləcə iflasa uğradı. Qarşıya qoyduğu heç bir hədəfinə çata bilməyən Süleyman qızılbaş güclərinin əsas hissəsi ilə qarşılaşmadan 1535-ci ildə geri döndü. Avropa səfərləri ilə müqayisədə cahangir sadəcə Bağdadı ələ keçirə bilmişdi və Türküstanın qapısını aça bilmədən geri dönməyə məcbur olmuşdu.

Sultan Süleyman daha iki dəfə, 1548 və 1554-cü illərdə özünün Şərq hədəflərini reallaşdırmaq üçün Səfəviləri süquta uğratmağa cəhd etmişdi. Lakin hər iki səfərində də yenə də yalnız Təbrizi ala bilmiş və əliboş geri dönmüşdü. Təbrizi müdafiə edə bilməyən Təhmasib isə paytaxtı Qəzvinə köçürməklə paytaxtının mühafizəsini təmin etmiş və Süleyman geri çəkilər-çəkilməz yenidən Vana qədər əraziləri öz nəzarəti altına almışdı.

1555-ci ildə imzalanan sülh müqaviləsi ilə Osmanlılarla Səfəvilər arasında 37 illik savaşa son verildi. Müqaviləyə əsasən Şərqi Anadolu tamamən Azərbaycan taxtına verilmişdi. Yəni faktiki olaraq 20 ilə yaxın davam edən savaşı Sultan Süleyman uduzmuş və qarşıya qoyduğu hədəflərin heç birini həyata keçirə bilməmişdi.

1555-ci ildə imzalanan sülh müqaviləsi ilə Osmanlı xanədanı ilə Səfəvi xanədanı arasındakı 37 illik savaş sona çatmış və son nəticə olaraq savaşı Səfəvilər qazanmışdı. Eyni zamanda həmin müqavilə ilə Osmanlı xanədanı ilə türk-şiə bəylikləri arasındakı 200 illik savaş sona çatmışdı. Bu müqavilədən sonra türk-şiə bəylikləri birdəfəlik olaraq Şərqi Anadolu, Azərbaycan və İran torpaqları içinə çəkildilər və artıq Osmanlı xanədanının daxili işlərinə qarışmadılar.

Şah Təhmasiblə mübarizə aparan Sultan Süleyman iki oğlunun qətlinə fərman vermiş və onlardan Hürrəmin oğlu şahzadə Bəyazidin başı Qəzvində kəsilərək Süleymana yollanılmışdı.

Parqalı ibrahim Paşanın çöküşü

Hürrəmin ulduzu vəziri-əzəm İbrahim Paşa ilə ilk zamanlardan tutuşmur. İlk övladını doğduqdan sonra, oğlunu sultan etməyi qarşısına məqsəd qoyan Hürrəm üçün onunla heç bir halda heç bir şeyi paylaşmayan və demək olar ki, Sultanın sevimli qadınını görməməzlikdən gələn xasodabaşı İbrahim bəy Hürrəm üçün sadəcə bir maneə olaraq görünür. Lakin Belqrad səfərindən sonra İbrahim Paşanının gözlənilmədən və haqq etmədən (Osmanlı adətlərinə görə xanədanın baş vəziri təyin olunmaq üçün İbrahimin qarşısında ən azından 5 adam vardı və Süleyman onların haqqını yeyərək dostunu sədrəzəm etmişdi) sədrəzəm elan olunması və onun Sultanın bacısı Xədicə Sultanla evləndirilməsi Hürrəm üçün vəziyyəti kökündən dəyişir. Ya yeni sədrəzəm Hürrəmi məhv edəcək, ya Hürrəm sədrəzəmi yox edərək niyyətlərini həyata keçirəcəkdi.

Sədrəzəm İbrahim Paşanın Hürrəm Sultanla olan münaqişəsi Paşanın açıq bir şəkildə Hürrəmin oğlu şahzadə Məhmədə deyil, Mahidevran Sultanın oğlu, vəlihəd şahzadə Mustafaya dəstək verməsi idi. Dövlət ərkanına görə bu təbii idi. Çünki Mustafaya deyil, hələ körpə olan Məhmədə dəstək verməklə sədrəzəm xanədan içində üsyana səbəb olacaq hərəkətə yol vermiş olacaqdı. Digər tərəfdən isə Mustafanın lələsi (tərbiyəçisi )olaraq İbrahim Paşa təbii olaraq öz yetirməsindən başqa taxta heç kimin yolunun açılmasına imkan verə bilməzdi. Amma Hürrəmə görə bu belə deyildi. Hürrəmə görə əgər Parqalı İbrahim Paşa doğru seçim etsəydi və Hürrəmi gözləri azacıq görsəydi, bəlkə də uzun illər boyu Osmanlı xanədanını idarə etmiş olacaqdı. Təbii ki, Rüstəm Paşa kimi Hürrəmin tabeçiliyi altında.

Bir dəfə qüdrətli sədrəzəmlə münasibətlərini düzəltmək məqsədi ilə Hürrəm Sultan İbrahim Paşaya qızılla işlənmiş bir «Quran» yollayır. Amma Paşa hədiyyəni qəbul etməyib geri göndərir. Bundan sonra hər yerdə İbrahim Paşanın üzdə müsəlman olması və doğulandan xristian olduğu üçün gizlicə xristian dininə beyət etməsi haqqında şayiələr bütün Osmanlı torpaqlarını dolaşmağa başlayır. Paşanın tez-tez Avropadan gələn elçilərin məclislərində iştirak etməsi də bu şayiələri gücləndirir və xalq içində İbrahim Paşadan «gavur» adı ilə bəhs edirlər.

Üstəlik İbrahim Paşa Osmanlı xanədanını qurmaqda böyük rol oynayan şeyx təkyələrini dağıtmağa cəhd edir və dövlətin təkyələrə ayırdığı pul yardımını kəsir. Hətta təkyələrə hücum etməkdən belə çəkinmir. Bu isə təbii olaraq xalq içində əcnəbi soylu sədrəzəmə nifrəti artırır və Sultana olan etimadı azaldır.

Özünü qoca Osmanlı imperatorluğunda ikinci şəxs olaraq görən və bir balıqçının oğluykən «Müqəddəs Roma-German» imperatoruna bərabər tutulan İbrahim Paşanın Hürrəmin bu xülyalarına tabe olması imkansızdı. Çünki həqiqətən həyatının son illərində gözləri ayaqlarının altını görməyən İbrahim Paşa özünü Sultan Süleymana tay tuturdu.

Azərbaycan səfərindən öncə özünə sədrəzəm olaraq 6 tuğla (bayraq) ilə səfərə çıxması əslində xanədana şərik olmasının nişanəsi kimi qəbul edilməliydi. (Süleymandan öncə imperatorluq atributu olaraq Osmanlı Sultanlarının önündə 4 tuğ aparılırdı, Süleyman bu tuğların sayını 7-yə çıxarmışdı). Sultan Süleymanın önündə aparılan 7-ci tuğ isə xəlifəlik atributu idi. Yəni Azərbaycan səfəri öncəsi Sultan Süleymanın candostu Parqalı İbrahim Paşa faktiki olaraq imperatorun bütün dünyəvi işlərini əlində toplamışdı və bu da Avropa və Şərq ölkələrində kimin Sultan olmasını və kimin böyük imperatorluğu idarə etməsini şübhə altına almağa başlamışdı. Üstəlik İbrahim Paşanın Təbrizdə özünü şah elan etməsi Süleymanın səbir kasasını daşdıran damlalardan biri olmuşdu.

Son damlanı isə kasaya Hürrəm Sultan əlavə etmişdi. Hürrəm qəvi düşməninin özünü həqiqətən Sultan kimi aparmasını isbatlayan sənədlər əldə etmişdi. Belə ki, Fransa elçisini qəbul edən İbrahim Paşa özünü fövqəladə güc sahibi kimi tanıtmışdı: «Böyük padşah bir şey ehsan etmək istəs, və yaxud etsə və mən padşahın həmin qərarını təsdiq etməsəm, o, qərar icra olunmaz. Çünki hər şey, hərb, sülh, sərvət və qüvvət mənim əlimdədir».

Bu sözlərlə əslində Fransa elçisinə İbrahim özünü əsil Sultan, Süleymanı isə bir oyuncaq kimi təqdim edir və nə yazıq ki, görüşün stenoqramını yazan katib Paşanın uğursuz sözlərini olduğu kimi qeyd edir. Bu sənəd Rüstəm Paşa vasitəsi ilə Hürrəmə, Hürrəm vasitəsi ilə Süleymana çatdırılır. Daha öncə dostunun təşəxxüsü qarşısında heyrətə düşən Süleyman isə ona sahib olduğu hər şeyi verən bir biri olaraq və böyük imperatorluğun tək və mütləq atributu olaraq İbrahimin onu bu qədər alçaltmasına göz yuma bilməzdi. Buna göz yummaq doğurdan bir oyuncaq olduğunu isbatlamaqdı.

Balıqçı oğlu olan Osmanlının böyük və möhtəşəm sədrəzəmi Parqalı İbrahim yatdığı zaman Sultanın yolladığı fərraşlar tərəfindən boğularaq öldürüldü. Sultan Süleyman öz dostunu bir xanədan üzvü olaraq qətlə yetirdi və Paşanın qanı axıdılmadı.

Bu hadisə 15 mart 1536-cı ildə baş verdi. Ramazan ayına təsadüf edən həmin axşam Sultan Süleyman dostunu və baş vəzirini iftara dəvət edir. Yemək yedikdən sonra ikili gecə yarısına qədər söhbət edir. Süleyman İbrahimdən gecəni sarayda keçirməsini xahiş etdikdə heç bir şeydən şübhələnməyən İbrahim Paşa razılıq verir. Səhər tezdən isə Paşanın cəsədi öz sarayındakı yatağından tapılır.

Elə həmin gecə Sultanın əmrinə əsasən Paşanın nəslinin davam etməməsi üçün İbrahim Paşa ilə Sultanın bacısı Xədicə Sultandan olan uşaqları - oğlu Məhməd Şah, qızları Fülanə Sultan və Xanım Sultan öldürüldü. Həmçinin Parqalının valideynlərinin və İstanbula gətirdiyi başqa qohumlarının başları vuruldu.

Ərinin və uşaqlarının ölümündən sonra dəli olmaq həddinə çatan Xədicə Sultan isə çox yaşamır. Davamlı olaraq ağır əsəb sarsıntıları keçirən Sultan Səlimin qızı iki il sonra ölür.

Xədicə Sultanın birinci əri İsgəndər Paşa Çələbi olmuşdu. İsgəndər Paşa Belqrad səfərində öldükdən sonra sultan öz bacısını dostu və sədrəzəmi İbrahim Paşa ilə evləndirmişdi.

Hürrəmin hakimiyyət dönəmi başlayır

İbrahim Paşanın ölümündən sonra tədricən Osmanlı sarayında bütün hakimiyyət ipləri Hürrəmin əlinə keçir. Ayaz Paşanın 3 illik sədrəzəmliyi dönəmində Hürrəm dövlət işlərinə müdaxilə etməkdən çəkinmir və demək olar ki, Sultan Süleymanın baş məsləhətçisinə çevrilir. Uzun illər boyu təhlükəli intriqalar içində yaşayan Hürrəm Sultanı bu intriqalar həm də təcrübəli politoloq kimi yetişdirir. Elə ona görə də Hürrəmin məsləhətləri, xüsusən Avropa və Şərq siyasəti məsələlərində Sultan Süleymana verdiyi məsləhətlər öz bəhrəsini verir və Hürrəm Sultan üçün əvəzolunmaz şəxsə çevrilir. Elə buna görə də Ayaz Paşadan sonra sədrəzəmliyə gətirilən və İbrahim Paşa kimi Hürrəm Sultanı saymayan Damad Lütfi Paşanın sədrəzəmliyi ancaq 9 ay çəkir. Yeni intriqalarla Lütfi Paşanı vəzifədən aldıran Hürrəm Sultan bu önəmli vəzifəyə bir az əvvəl qızı Mehirmahı verdiyi Rüstəm Paşanı gətirir.

Bu ikili arasında uzun illər birlik onların arasında bağları o qədər möhkəmləndirir ki, Hürrəm tək inandığı şəxs olaraq dövlətin idarəsini məhz Rüstəm Paşaya etibar edir. Bu həmin Rüstəm Paşa idi ki, 20 il əvvəl Hürrəmi qul bazarından alaraq Süleymanın hərəminə gətirmişdi. İkili o günə qədər bir çox cinayətlərə birliklə imza atmışdılar və Rüstəm Paşanın dövlət yönətimini ələ alması əslində Hürrəmin tam olaraq Osmanlı xanədanını ələ keçirməsi anlamına gəlirdi.

Lakin hər nə qədər qoca imperatorluğun idarəsini tam olaraq ələ keçirsə də, Sultan Süleyman yaşlandıqca Hürrəmin təşvişləri artmaqda davam edirdi. Tək və qorxunc təhlükə Sultan Süleymanın böyük oğlu vəliəhd Şahzadə Mustafanın hələ də yaşaması idi. Hürrəm yaxşı bilirdi ki, bütün elədiklərinə görə və Osmanlı adətlərinə görə Sultan Süleymandan sonra Mustafa taxta oturacağı halda ona və övladlarına heç bir aman verilməyəcək və Hürrəmin bütün səyləri boşuna gedəcəkdi.

Ona görə də Rüstəm Paşanın dövlət başına gətirilməsindən sonra Hürrəm Sultanın ilk işi Mustafanı ortadan qaldırmağı planlamaq olur. Planı Hürrəm Sultan, Rüstəm Paşa və Mehrimah Sultan birlikdə hazırlayırlar…

ardı var...

# 7731 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #