“210 manat icarə veririk, amma alıcı yoxdur” – “Vosmoy” bazarından reportaj

“210 manat icarə veririk, amma alıcı yoxdur” – “Vosmoy” bazarından reportaj
27 oktyabr 2025
# 18:35

Kulis.az Sifayə Abbasın "Vosmoy" bazarından reportajını təqdim edir.

Bazara getmək ənənəsi uzun müddətdir unudulub, sanki. Əvvəllər deyirdilər, bazar günü bazara gedilir, ev-eşiyə lazım olan şeylər alınırmış. Rayonlarda insanlar bu ənənəni davam etdirsə də, şəhərdə, xüsusən mərkəz yerlərdə çox nadir hallarda kiminsə bazara getdiyini nə eşidir, nə də görürəm.

Deyirlər, meyvə-tərəvəzin ən təri, ən ucuzu və ən yaxşısı məhz burada satılır. Bəs görəsən, buranın alıcıları varmı? Bazarın marketlərdən fərqi nədir?

Bazara girər-girməz meyvə-tərəvəz satılan hissəni axtarmağa başlayırıq. Həmin yerə gedə-gedə yolun kənarında iki balaca yeşikdə qırmızı alma satan dayı ilə qarşılaşırıq. O üzündə sınıq bir təbəssümlə başını aşağı salıb, əlindəki əski ilə almaları parıldadırdı. Çöhrəsindəki təbəssüm insana xoş təəssürat bağışlayır.

Yavaş-yavaş irəli gedirik. Meyvə-tərəvəz satılan hissəyə keçəndə tam ortada bir yaşlı qadının kiçik stulda oturub, xırdaca yeşikdə yumurta, sumax və bir sıra turşular satdığını görürük. Onun oturduğu yer o qədər narahat görünür ki… Görəsən yağış yağanda, hava soyuq olanda nə edir? Bəlkə də içəridə , çardaqlar olan hissədə icarə pulu verə bilmədiyi üçün burada əyləşib. Bilmirik...

Bir az gedib, satıcılarla hal-əhval tuturuq. Onların çoxu adlarının və üzlərinin görünməyini istəmir. Onların fikirlərinə hörmətlə yanaşmaqdan başqa seçimimiz olmadığından danışmağa başlayırıq.

- İşiniz avand olsun. Bazarda necədir vəziyyət? Alıcılar gəlir?

- Özünüz görürsünüz, bu başdan baxanda o biri tərəf görünür. İndi hamı marketlərə gedir. Bazara gələn yoxdur. Hər şeyi su qiymətinə satırıq, di gəl ki, almırlar. Misal üçün yelpənək xiyarı 80 qəpiyə satıram gedin hansısa marketə görün o qiymətə yelpənək tapa bilərsiniz? Qazancımız yer pulunu ödəmir heç. Evdən, bankdan pul götürürük ki, icarə haqqını ödəyək. Mallar xarab olur, atırıq gedir. Görəndə ki, heç alan yoldur, 1 manata aldığımız lobyanı məcbur 60 qəpiyə satırıq.

- Həftəsonları da gəlib-gedən olmur ?

- Bir az şənbə günləri alıcılıq normal olur. Ondan qalan vaxtlar vəziyyət pisdir.

- İcarə pulu nə qədərdir?

- Aya 210 manat.

Elə bu dəmdə digər satıcı dayı səslənir. “Ay qızım, 10 günə yaxındır ki, vəziyyət belədir. Gəlib-gedən yoxdur”.

Tər-tər keşniş-şüyüd satan dayıdan “bəs, bayramlarda vəziyyət necə olur?” Soruşuruq.

“Bayramda maksimum 1 ya 2 gün satış olur. Sonra yenə durğunluq. Göyərtinin 1 dəstəsini 17 qəpiyə satırıq. Çox alan olanda 15-ə veririk”.

Göyərti satan dayıyla da sağollaşıb, irəli gedirik. Nədənsə çoxları “satıcı mən deyiləm” metodundan istifadə edib, suallardan yayınır. Nə edək, bəlkə də, yorulublar. Bir də bizmi yoraq?!

Qarşıda bir dayını görürük. O həm yay, həm də mövsüm meyvələri satır. Yaxınlaşıb, hal əhval tuturuq. Alıcıları varmı deyə soruşuruq.

“Ay qızım, camaatda pul yoxdur. Pulları olsa, gəlib alarlar. Gətirib, yığmışıq malları bura. Bütün gün üzünə baxırıq”.

- Bəs satılmayanda nə edirsiniz?

- 4-5 günə satırıq, dəyər-dəyməzinə…

- Qiymətlər necədir?

- Almanı 2 manat 50 qəpiyə, narı 1,50-yə, feyxoanı 2.50-yə, heyvanı 2 manata, gavalıyla şaftalıları isə 4 manata satıram.

- Mövsüm meyvələrindən portağal, naringi neçiyədir?

- Yaxşısı, pisi var. Bunları 2 manat 50 qəpiyə satıram.

- Bazarda ən çox alınan nədir?

- Camaatın ən çox yediyi şey: Kartof, soğan.

- Bəs belə vəziyyət sizi qane edir?

- Vallah deyəcəm belə, səhv başa düşüləcək, amma pensiyanı alıb icarə pulunu veririk. İntəhası, yayda yaxşıdır vəziyyət. Şükür.

- Bayramlarda necə?

- 1 ya 2 gün gəlib-gedən olur. Bir də qaldı yanvarın 15-dən sonraya.

- Bəlkə qiymətə görədir?

- Ay qızım, bütün marketlər bu dəqiqə meyvə-tərəvəz satır. Əvvəllər market yox idi, camaat bazara axışırdı. Pul qazanırdıq.

Elə söhbətimizi yekunlaşdıranda, satıcılardan biri ilə İlkinin söhbətləşdiyini görüb, yaxınlaşıram.

Dayı məni görər-görməz deyir ki, 17 gündür ət yemirəm. Bəlkə də yayılan xəstəliyə görədir düşünüb, niyəsini soruşuram. Amma o, “haradan alım, imkanım yoxdur”, deyir.

- Burada ətin kilosu neçəyədir?

- Ay tövbə, mən onun qiymətini soruşmuşamsa. Keçən dəfə uşaq dedi ki, 18 manatdır.

- Həmişə belə idi, dayı?

- Yalan danışa bilmərəm, yayda yaxşı idi.

- Nə deyək, bazar olsun.

Qarşıda par-par parıldayan qızıləhməd almalarına sataşır gözüm. Satıcıyla salamlaşar-salamlaşmaz bunları nə ilə parıldatdığını soruşuram. O isə əlindəki kiçik yun parçanı göstərib, bununla deyir.

- Neçəyə satırsınız almaları?

- Ölçüsünə görə dəyişir. 2 manat 50 qəpikdən, 6 manata qədər dəyişir. Təmiz İsmayıllı almalarıdır.

- Sizdə də satış zəifdir?

- Hə, yay mövsümü bitəndən sonra satış olmur. Amma bayramlarda yaxşıdır.

- Belə baxıram ki, ancaq meyvə satırsınız. Əgər meyvə alan yoxdursa, onda niyə ən çox alınan şeyi satmırsınız?

- Mənim hobbim bunlardır. Həmişə alma satmışam, 15 ildir buradayım.

Elə bu vaxt bir alıcı yaxınlaşıb, xurmaların qiymətini soruşur. Satıcı dayı “istədiyinizi kəsib, baxa bilərsiniz, içləri qap-qaradır, tam zəmanət verirəm deyir”. Təəssüf ki, alıcı da “qayıdanda baxaram”, deyib uzaqlaşır.

- Hobbim alma satmaqdır, deyirsiniz. Sərf eləyir yəqin.

- 65 yaşım var. Bu yaşda adama iş var? Ailəmizi saxlamalıyıq. Pensiya da almıram. Yaxşı neyləyim? Hara gedirsən 30 yaşdan yuxarıya iş yoxdur, deyir. Sərf eləsə də, budur, eləməsə də. Mən sərfəliliyi fikirləşmirəm daha. Fikirləşsəm, gərək işsiz qalım.

Qızıləhməd alması satan dayıyla da sağollaşıb, başqa satıcılara yaxınlaşırıq. Qadınlar ümumiyyətlə nə danışmaq, nə də üzlərinin görsənməsini istəyirlər. Söz olar, söz eləyərlər, deyib, sual verməməyimizi xahiş edirlər. Satıcıların hallarından narazılığı adamın əhvalını korlayır. Necə ola bilər axı, heç kim razı deyil vəziyyətdən, deyə fikirləşib. Sonra öz sualıma cavab tapıram. Bəyəm, mən özüm bazara gedirəm? Bu günə qədər Bakıda bazar tanımışım? Hamımız marketə gedirik. Dadlı olsa da, olmasa da, o meyvə-tərəvəzi alırıq. Hərçənd ki, buradaki tərəvəzlərdən, meyvələrdən gələn qoxuların 1 faizini marketlərdə hiss eləməmişdim. Amma nə edək, bazar dünyanın o biri başındadır. Hamıya sərf eləmir axı.

Bazarın içərisində Naxçıvan, Ordubad malları satılan mağazaya rast gəlirik. Burada çərəzlərdən, pendir, yağa, otlara qədər hər şeyi görmək olur. Satıcıyla hal əhval tutub, adının Məhərrəm olduğunu öyrənirik.

“Biz Naxçıvan malları satırıq. İstəyən alır. Alver müştəriyə görə dəyişir”.

- Çərəzlər neçiyədir?

- Ordubad cəvizi (qoz) keçən il 10 idi, indi 12 manatdır. Elə bahalını alırlar (gülür). Ləpəsini 30 manata satırdım, elə gətirən kimi də alındı. Amma belə çörək puluna işləyirik.

- Pendiri neçəyə satırsınız?

- Naxçıvan pendiri bahadır bir az. 11-12, keçi pendiri 17 manatdır.

- Bayramda yaxşı alınar bu çərəzlər.

- Bayrama qədər adam ölər axı (gülür).

Yuxarı rəflərdə turşuları görüb, onların da qiyməti ilə maraqlanırıq.

“Baldırğan turşusunun 3 kiloluğu 20 manatdır. Çaşır bahadır. O, 40 manatdır”.

- Çaşır hansıdır?

- Aran bölgəsindənsən hə? Ona görə bilmirsən.

- Yeməmişəm, nə bilim.

Çaşır turşusu yeməsəm də, söhbəti öz xeyrimə çevirib kəklikotu ilə maraqlanıram. Dayı deyir ki, ən çox alınan məhz kəklikotudur. Kilosunu 15 manata satır.

“Naxçıvan mallarının müştərisi çox olur. Amma İranın kərə yağı da çox dadlıdır, xüsusi alıcıları var. Bu həm keyfiyyətlidir, həm də qiyməti münasibdir. Yağların kilosunu 17 manata verirəm. Bunlar Yeni Zellandiya yağlarından 1000 dəfə yaxşıdır”.

- Neçə ildir bu işlə məşğulsunuz?

- Çoxdan. Naxçıvanda yaşayırdıq, 7-8 ildir Bakıya köçmüşük. Mən müəllim idim əvvəllər. 65-dən çox yaşım var. Sağlam həyat, sağlam qida ilə yaşımdan az görünürəm.

- Müəllimlik hara, ticarət hara? İndi niyə işləmirsiniz?

- Müəllim kimi işləsəydim indiyə qədər ölmüşdüm. İdman müəllimi idim. Çox tanınmış vəzifəli adamların müəllimi olmuşam.

- Bəs necə oldu, bura gəldiniz?

- Sərbəst yaşamağı xoşlayıram. Məktəbdə adama nə pul verirlər ki? Müəllimlik qadınlara daha çox sərf edir. Qızım da burada universitetə qəbul olduğu üçün o vaxtdan gəldim bura. Həyat çox maraqlıdır.

Axır ki, işindən razı satıcı görə bildik. Bir az da irəliyib, yumurta satanlarla maraqlanırıq. İndiyə qədər bu böyüklükdə yumurtaya rast gəlməmişdim. Qiyməti də 22 qəpik. Təəssüf ki, satıcıdan hara yumurtası olduğunu soruşsaq da, “mən satıcı deyiləm, qardaşım baxır bura, o da bilmirəm nə vaxt gələcək”, deyib, mədəni şəkildə müsahibədən imtina edir. Bura gələndən belə şeylərə öyrəşdiyim üçün adi gəlir artıq.

Nar suyu sıxıb, satılan yerə yaxınlaşırıq. Satıcı kənardan çox pozitif insana bənzəyir. Bizi görər-görməz deyir ki, əmin olun heç vaxt satıcılardan “razıyam”, sözünü eşidə bilməyəcəksiniz.

Hal əhval tutandan sonra adını öyrənirik. Zaur bəy deyir ki, 1998-ci ildən bəri burada ticarətlə məşğuldur.

- Siz narla, pomidor satırsınız?

- Bəli.

- Nar suyu neçəyədir?

- Yarım litrliklər 1,50, 1 litrliklər 3 manat. Heç vaxt əzilmiş nardan su sıxmırıq. Sizi də 1 stəkana qonaq edəcəm, için dadına özünüz qərar verin. Sözlə deməklə olmaz.

Nə qədər ehtiyac yoxdur, desək də, xeyri olmur. Gözümüzün qabağında sıxıb, verir. Həqiqətən də, dediyi qədər var imiş. Çox şirin və dadlıdır sular.

- Hara narıdır bunlar?

- Ağsu.

- Satış qane edir sizi?

- Ticarətin qaydası var. Bir ay pis olar, bir ay yaxşı. Satış ən yaxşı apreldə olur. Həmin vaxt giləmeyvə, pomidor, xiyar alınır. Hamı ağzının dadını dəyişmək üçün bazara üz tutur.

- Bəs bayramda?

- Bayramda süfrəyə qoymaq üçün hərə 1-2 məhsul alır. Amma digər günlərlə müqayisədə təbii ki, fərq edir. Adi günlərdə 150 manatlıq alıver olursa, bayramqabağı qazanc artır.

Səhərdən bəri nə qədər qazandığını soruşanda, Zaur bəy pullarını sayır. Düzünü desəm, heç gözləmirdim ki, bu qədər səmimi olub qazancını göstərsin. “Iki 50-lik, üç 10-luq, iki 5-lik bir iki dənə də təkliyim var”, deyir.

Bazar olsun deyib, iş saatını da soruşuruq. O bildirir ki, bazarın bağlanma saatı satıcıdan asılıdır. Adətən qışda 9-un yarısına, yayda isə 10-a, 11-ə qədər satıcılar burada olurlar. İşdən çıxan adamlar bura gəlib, rahat-rahat alverlərini edə bilirlər.

Xoş təəssüratlarla ayrılıb, bazarın ən sonuna balıq kəsilib, satılan yerə yaxınlaşırıq. Alıcılar o qədər çox olur ki, bura istər-istəməz adamı özünə cəlb edir.

Satıcıya yaxınlaşanda digərlərindən fərqli olaraq jurnalist vəsiqəmizi görmək istəyir, mediadan gəldiyimizdən əmin olandan sonra balığın qiymətini deyir.

“Bu Xanı balığıdır, kilosu 6 manatdır. Burada hər döv balıq satırıq, amma ən çox alınan da məhz budur”,-deyib əlindəkini göstərir.

Meyvədən, tərəvəzə, çərəzdən, pendirə, nardan balığa qədər hər şeyin qiyməti və alıcılq vəziyyəti ilə maraqlanıb, bazardan çıxırıq.

Belə qənaətə gəlirik ki, “Vasmoy” bazarında alıcı az, giley çoxdur. Satıcılar satışsız günlərdən, yüksək icarə haqqından və artan qiymətlərdən şikayətlənirlər. Marketlər bazarın yerini tutsun, ya tutmasın - bu insanlar hələ də hər səhər eyni ümidlə piştaxtalarının arxasında dayanırlar. “Bazar olsun, eşitdikləri tək arzudur.

Foto - İlkin Nəbiyev © APA GROUP

# 511 dəfə oxunub

Oxşar xəbərlər

"Onu çox sevirdim, aramızda nəsə olsa idi..." - Firəngiz Mütəllimova Yaşar Nuri haqqında

"Onu çox sevirdim, aramızda nəsə olsa idi..." - Firəngiz Mütəllimova Yaşar Nuri haqqında

18:50 27 oktyabr 2025
Müəmmalı şəkildə vəfat edən bəstəkar - Ermənilər niyə onu  “şovinist” adlandırırdılar?

Müəmmalı şəkildə vəfat edən bəstəkar - Ermənilər niyə onu “şovinist” adlandırırdılar?

18:21 27 oktyabr 2025
Erməni leytenantın arayışına görə güllələnən ilk qadın pianoçumuz kimdir?

Erməni leytenantın arayışına görə güllələnən ilk qadın pianoçumuz kimdir?

18:12 27 oktyabr 2025
Azərbaycanlı rejissorun filminin  dünya premyerası oldu

Azərbaycanlı rejissorun filminin dünya premyerası oldu

17:54 27 oktyabr 2025
Ölümündən sonra "Pulitzer" alan ilk şair - Feministlər niyə onun qəbrini dağıtmışdılar?

Ölümündən sonra "Pulitzer" alan ilk şair - Feministlər niyə onun qəbrini dağıtmışdılar?

17:10 27 oktyabr 2025
“Üzeyir Hacıbəyli mükafatı”  müsabiqəsi elan olundu

“Üzeyir Hacıbəyli mükafatı” müsabiqəsi elan olundu

16:30 27 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər