Kəlbəcərdə qalan sazım - ESSE

Kəlbəcərdə qalan sazım - <span style="color:red;">ESSE
1 aprel 2018
# 10:00

Kulis.Az Kəlbəcərin işğalının növbəti ildönümü ilə əlaqədar kəlbəcərli yazar Elşən Əzimin “Saz” essesini təqdim edir.

93-ci ilin yayında qaçqınlardan itirilmiş var dövlətlərinin siyahısını istədilər. Sadəlövh adamlar elə həvəslə yazırdılar ki, guya hər şeyi artıqlaması ilə gətirib verəcəklər. Atam belə şeylərə inanan adam deyil, ancaq o da yazdı, bizim təkidimizlə… Baxdım ki, hər şeyi olduğu kimi yazıb, artırıb - əksiltmədən. Bircə mənim sazımı yazmayıb. “Sazımı niyə yazmadın?” - deyə soruşanda kinayə ilə güldü. Bu gülüşdə həm inamsızlıq vardı, həm əsəb, həm qəzəb…

Və illər keçdi. Bir gün tənqidçi Rüstəm Kamal mənə dedi ki, Kəlbəcərdə qalan əşyalar haqda şeir yazsan maraqlı olar. Yenə ilk yadıma düşən sazım oldu. Ancaq uzun zaman bu mövzuda heç nə yaza bilmədim və bir gün anamın sənədləri yığıb gətirdiyi boxçanın içərisində evin, həyətin, nə bilim daha nələrin açarlarını gördüm, xəyalımda yekə bir qıfılın şəkli canlandı. Rüstəm müəllimin sözü yadıma düşdü. Yenə saz haqda yaza bilmədim. “Qıfıl” şeirini yazdım. (İmzamın az-çox tanınması da elə bu şeirdən başladı.) Saz isə yaddaşımın bir küncündə “Yurd yeri” çalmağındaydı.

Bu sazı atam 86-cı ilin yayında göyçəli Aşıq Cahaddan almışdı. 4-cü sinfi bitirib 5-ə keçmişdim, sevindiyimdən atılıb-düşürdüm. Bu hədiyyə mənim üçün çox gözlənilməz olmuşdu. Çünki evdə mənə saz alınacağı ilə bağlı bir söhbət eşitməmişdim. Həmin gecə yatmadım. Yəqin ki, səhərə kimi dınqıldatdığım sazın səsi evdəkiləri də yatmağa qoymadı. Ancaq elə həmin gecə “Dübeyti” havasından kiçik bir parçanı öyrənə bildim. Tavar saz deyildi, amma cürə də (balaca saz – red.) deyildi. Ona görə də kim mənim sazıma cürə desə inciyirdim.

Kəlbəcərli aşıqların çoxu Tərtər çayı boyunca yerləşən yuxarı kəndlərdəndir. Bizim kənddə aşıq yoxuydu. Dayım və əmim oğlu saz çalmağı bilirdi. Hansının yolu bizə düşsə, sazımı kökləyir, mənə nəsə öyrədirdilər. Hər dəfə də pərdələrin yerini dəyişir, xərəyi aşağı-yuxarı çəkir, “yaxşı saz deyil, şirin səsi yoxdu” deyirdilər. Mənimsə gözümdə öz sazımdan yaxşısı, öz sazımdan gur və şirin səslisi yoxuydu.

Atam da, anam da dil-ədəbiyyat müəllimləridir. Ona görə də yaxşı kitabxanamız vardı. Bu saz alınana qədər şeir oxumazdım. Yaşım az olsa da həm dünya, həm Azərbaycan ədəbiyyatından xeyli roman oxumuşdum. Sazın gəlişindən sonra şeir oxumağa başladım. Çünki havaları yaxşı öyrənmək üçün zümzümə etmək də lazım idi. Atam Vaqifin, Ələsgərin, Səməd Vurğunun, Məmməd Aslanın, Məmməd İsmayılın şeirlərini oxumağı məsləhət bilirdi. Kəlbəcərin el şairlərini sonralar tanıdım.

92-ci ildə orta məktəbi bitirib qəbul imtahanlarına görə Bakıya gəldim. İmtahanlar gecikirdi, iki ay Bakıda qalmalı oldum. Sonra xəbər çıxdı ki, imtahan test adlanan yeni bir üsulla olacaq, ona görə də payıza qalıb. Kəndə qayıtdım. Bakının isti günlərində ciyərim alışıb yananda Arıxana bulağın suyu, axşamlar darıxanda sazım yadıma düşürdü. Avqust olmasına baxmayaraq hava soyuq idi, yağış yağırdı. Bu hava Arıxana bulağın suyuna təşnə olan könlümü soyutmuşdu. Həsrətindən dodağım cadar-cadar olmuş bulaq suyuna gözümün ucuyla da baxmadım. Ancaq başımın havasını saz havası səngidə bilərdi. Evdəkilərlə beş-üç kəlmə kəsib sazımı götürdüm, iki ayın heyfini sazdan aldım. Və sonra…

Sonra da 25 il. 25 ildir ki, xəyalım evimizin uçuqları arasında sazımı axtarır. Nədənsə mənə elə gəlir ki, o kəndə nə vaxt dönsəm, dağılmış divarların, yanmış taxta-tuxtanın arasından sazımın qalıqlarını tapacam. Kiçik bir hissəsini də olsa… Amma o kiçik hissəni də nədənsə simsiz təsəvvür edə bilmirəm. Elə bilirəm o sazın hər qırığına bir sim dolaşıb, küləklərin tərpətdiyi simlər…

Image result for elşən əzim

# 1295 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #