Çox doğma bir ölüm

Çox doğma bir ölüm
24 noyabr 2015
# 14:03

...Atam o gün canını tapşırdı. Bir neçə gündən sonra üç ay olacaq. Üç aydır, üzü bəri hesabladıqca nədənsə artıq hər gün “o gün” bu gün olur. Ağrıyıram, bugünkü kimi. Üç aydır “bu gün”ün ağrısını yazmamağa çalışıram. “Həyat davam edir”miş, yaşayıram, yeyirəm, içirəm, işləyirəm, ağlayıram, ağrıyıram, gülürəm də. Deyəsən, hərdən lap ürəkdən.

Bir azdan, üç ay olacaq, amma niyə mən hələ də bu gündəyəm və “bu gün”dəyəm?! Bildiyim budur ki, illər də keçsə, heç ağlımdan çıxarmadığım, çıxara bilmədiyim o gün “bu gün” olacaq. Tarix sıralamasının əhəmiyyəti yoxdur, hətta yadda saxlamasam belə, “bu gün” həmişə ən çox ağrı hiss etdiyim gün olacaq.

“Bu gün” hiss etdiklərimi yazmamaq üçün aylardır özümü güclə saxlayıram. Çünki, fərdi dərdi, individual ağrını yaşamaq bir az da qulaqlıqlarla musiqi dinləyib melodiyaya uyğun əl-qol oynatmağa bənzəyir. Kənardan baxan səsi eşitmir, sadəcə sənin oynadığını görür, daha bunun nə “oyun” olduğunu, “ruhu bədəndən oynadan” hansı melodiya altında hansı havaya “oynadığını” bilmir. Sən iliyini gizildədib “sümüyünə düşən havaya oynarkən”, hərəkətlərin, yaşadıqların gülüş hədəfi ola bilər. Amma özünü güclə saxlamaq da bir yerə qədərdir, sonacan dözmək mümkün deyil, gec-tez son verməlisən bu məcburiyyətə... Zoqquldayan xatirələrin sızıltısını kəsmək ümidi ilə yaşanıb-yaşanıb bitməyən, ya da bitmək bilməyən yaşantıları sanki yazmaqla bitirəcəyimizə inanaraq özümüzü aldadırıq. Bu özünüaldatmanın bitməsini belə istəyirəmmi, bunu da bilmirəm. Bildiyim bu ki, “bu gün”ün ağrısından qeyri bir ağrıya nə içimdə, nə çölümdə yer qalmayıb. Ağrı qəribə nəsnədir. Adama adam olduğunu hiss elətdirir. Ağrıyırsansa, deməli, insansan, ya da ən azından yaxınlarda insan olacağına ümid kəsilməyib... İstər fiziki, istərsə də ruhi ağrı unikal hissdir-özündə həm sevgi, həm iztirab, həm mərhəmət, həm də çoxlu “həm də...”lər saxlayır. Ruhi sızıltılarım fiziki ağrılardan sonra gəldi. Ürəyimin göynəməsindən, kürəyimin odlanmasından sonra başladı ruhumdakı zoqqultular. Maksimum ağrını daddım “bu gün...”

Ağrıyla aramda qəribə münasibətlərimiz var: həddən artıq ağrıdıqdan sonra ruhumda keyləşmələr başlayır. Gözləmədiyim yerdən vurulandan, ummadığım tərəfdən zərbə alandan sonra ağrılarımı dibinə qədər yaşamağa israrlı oluram. “Bizi öldürməyən gücləndirir” klişe qənaəti mənim üçün keçərli deyil. Məni öldürməyən ruhumu, duyğularımı keyləşdirir. Bəlkə də güclənmək deyəndə elə bu nəzərdə tutulur? Əvvəlki psevdoitkilərdən doğan ağrılar da psevdoağrı imiş, bilməmişəm... Öncələr, duyduğum ağrının kəmiyyəti ilə həmin ağrını “bəxş edən” obyektdən uzaqlaşma sürətim düz mütənasib olurdu. Yəni, nə qədər çox ruhum ağrıyırdısa, “ağrı mənbəyini” bir o qədər acımasızca unudur, bir o qədər insafsızca uzaqlaşır, bir o qədər amansızca özümdən kənara rədd eləyirdim. Bu dəfə belə olmadı. İtki də həqiqi idi, ağrı da... Ağrıdıqca hər gün daha artıq ağrımaq gücümə heyrət edə-edə ağrımağa davam edirəm. Axı bu ağrının səbəbi daha həyatidir: Ölümlə bağlıdır... Bu ağrı özündən başqa bütün duyğuları keyləşdirib, oxumaq və yazmaq ehtirasından başqa bütün digər ehtirasları kütləşdirib. Duyğularımın yoxa çıxdığını heyrət, təəssüf içində izləyə-izləyə gülüşlərə və hıçqırıqlara bələyib ağrı böyüdürəm... O ağrı digər bütün ağrılarımı yeyib böyüyür. “Ağrını ağrıyla unutmaq” təsəllisi də keçərli deyil artıq, bundan sonra bütün ölümlər eyni cür ağrıdacaq- bugünkü kimi...

...Müayinə zamanı ağciyərində xərçəng tapıldı. Tapıldı deyəndə ki, heç kim o lənətəgəlmişi axtarıb eləmirdi, eləcə birdən-birə bir neçə irili-xırdalı ağ düyünlə qəfildən peyda oldu qarşımdakı kompüterin monitorunda. Gözlərimə inanmadım. Cüzi tibbi biliyimlə ümidsiz, saxta bir sakitliklə (!) onkoloq cərraha “sübut eləməyə” çalışdım ki, bu, xərçəng ola bilməz, xərçəng deyil! Onkoloq cərraha! Ailəvi dostumuz olan cərrah vəziyyətimi anlamışdı, xərçəngin sonrakı dözülməz ağrılarının atamın canından əvvəl mənim ruhumda baş qaldırdığını sezmişdi. Divara söykənmək istədim. Söykənəcək kimi söykəndiyim qapıymış demə, o da çölə açılırdı... Elə bildim, divar qaçdı...

Cərrah buza dönmüş əlimdən yapışdı, bir anın içində şaxta vurmuş gözlərimin içinə baxıb “Bax, qızım, beləcə - indiki kimi mətin şəkildə burdan çıxıb vəziyyəti gizlicə anana izah elə, atana heç nə demə, bilməsin. Səni anlayıram, amma bunlar dəqiq müayinədir, ağciyərin sağ bronx qapısında xərçəng var. Neçə ay ömrü qaldığını deyə bilmərəm, çox çəksə, bir il çəkər. Bundan sonra nə ömrü varsa, ürəyi istəyən kimi yaşasın. Mən də çox kədərlənirəm, bilirsən ki, atanın xətrini nə qədər istəyirəm, kim istəyərdi belə olsun? Amma kimin harda hansı yolla öləcəyi bəlli olsaydı, yaşamağa nə vardı...” Həkimlə monitoru izlədiyimiz otağın maqnit-rezonans tomoqrafiya kabinetinə açılan şüşə pəncərəsindən anamın köməyi ilə çıxan atamı gördüm. Neçə vaxtdı axsayırdı. Demə, xərçəng, ciyəri bəyənməyib sümüyə dartınırmış. Sonra xərçəng “sümüyünə yaman düşdü” atamın...

Klinikanın koridorunda “komediyanı” ilk olaraq həkim başladı: “Top kimisən, maşallah, heç 25 yaşlı cavanın ciyəri, ürəyi səninki kimi deyil...” Həkimin sözünü təsdiqlədim, hələ atamla zarafat da elədim. Atamla, yoxsa artıq onunla qol-boyun olmuş ölümlə? Bu, ölümlə ilk zarafatım idi. Ölüm zarafat sevmirmiş, bunu sonra biləcəkdim – bu gün.

...Vəziyyəti yüngülləşdirmək üçün edilən əməliyyatdan çox keçməmiş, ayağının yenidən yer tuta biləcəyinə inana-inana yatağa düşdü. Əvvəlcə ayaqları imtina elədi ondan. Ən pisi -adamın vəfasızlığının öz orqanlarından başlamasıdır... Ən ağır anlarımda, ən ağrılı dönəmlərimdə ürəyimin israrla yerini xatırladıb yanğıyla kürəyimi döyəcləyib yükümü çəkməsindən imtina eləməsi kimi mənasız bir təcrübəmdən dadmışdım bu “pisliyi”.

Aylarla fərqinə varmadan ölçə-ölçə getdiyim yolların nə “gətirəcəyini” yaxşı bilirdim, üsyan eləməyə haqqım yoxdu. Kimə asi olacaqdım? Bizi necə öldürəcəyinə təkbaşına qərar verən Tanrıyamı, yoxsa hələ indi-indi övladlarını yerbəyer edib bir az da özü üçün yaşamalı olan atamın taleyin seçimi qarşısındakı “acizliyinə”mi? Bütün bu müddət ərzində onun yaşamaq arzusunu yalanla yemləyib böyütdük. Gözünün içinə baxmaqdan çəkinib üzümü yana tutub süni təbəssümlə tezliklə sağalacağı ilə bağlı ard-arda uydurduğum yalanlardan, verdiyim ümidlərdən sonra güzgüdə özümə baxmağa çəkinirdim. Sifətimin cizgilərində başqa birinin qərar tutduğunu görməkdən qorxurdum.

...Ayaqlarının ardınca iştahı, sonra “heç olmasa nəsə yemək” həvəsi, sonra nitqi, sonra əlləri, sonra da ağciyəri imtina elədi ondan. Vəfasızlığın, etibarsızlığın bu qədərini görməmişdim. Hissə-hissə, əza-əza, duyğu-duyğu sıradan çıxan bədəni ilə yavaş-yavaş uzaqlaşırdı. Gözümün yaşını içimə axıdıb üzümdəki qondarma təbəssümlə bircə çiyələyi yemədiyinə görə zarafatyana “qınağıma”, içmək istəmədiyi bircə qurtum suya görə yalanpuç, ərkyana “danlaqlarıma” sadəcə baxışlarının mülayim ifadəsi ilə “cavab verəndə” bu ruhi ağrılarla böyüdüyümün və indiyəcən uğrunda çarpışdığımız, çırpındığımız yerdə qalan hər şeyin nə qədər kiçilib əhəmiyyətsizləşdiyinin şahidi olurdum. Özümdən qorxmağa başlamışdım.

...Sonra ailəlikcə, elliklə hər gün qeyri-müəyyən bir “sonra”ya ertələməyə çalışdığımız “bu gün” gəldi. Daha doğrusu, gəlmədi, zaman “bu gün” oldu. Son nəfəsində tərini silmək istəyəndə güclə eşitdiyim pıçıltı ilə “əcəl təridir, silmək olmaz” dedilər. Mən o tərin hesabına böyümüşdüm, necə oldu ki, övladların boya-başa çatmasına vəsilə olan o tərə indi toxunmaq olmazdı? Mahiyyəti dəyişdirən nə idi? Pambıqla islatdığımız ağzı çoxdandı söz tutmurdu, əvəzində onun deyə bilmədiyi sözlər məni ruh kimi tutmuşdu, yumruq kimi düyünlənib boğazımda qərarlaşmışdı.

...Çoxdandı bizi eşitmirdi, gözləri haqqa dirənmişdi. Sanki gözəgörünməz qulaqlıq vasitəsilə yalnız özünə məlum olan, amma bizim heç vəchlə eşidə bilməyəcəyimiz bir melodiyaya dalmışdı... Ömrünün son dönəmində güclü ağrıkəsicilər lazım olmadı, ağrılar da tərk eləmişdi onu.

Ölümün üzünü bunca yaxından və bunca yaxınımda ilk dəfə “bu gün” gördüm. Ölüm əvvəlcə atamın boğazında son nəfəs kimi titrədi, sonra o nəfəs bir xəfif çırpınışla sanki özünü vücuddan çölə atdı, canını qurtarırmışcasına. Özümün də mat qaldığım zahiri təmkinlə (amma ruhumdakı ağrının “melodiyasından” içim qırışmışdı) ölümün ruhla səssiz “rəqsini” seyr edirdim. Həyatımda ilk dəfə olaraq ölümlə bu qədər yaxın, üz-üzəydim. Böyüklərin məni otaqdan çıxarma cəhdlərinə fikir vermirdim, müqavimət göstərirdim. Onlar bilmirdilər ki, ordakı ölüm təkcə yataqda yatan xəstə üçün gəlməmişdi, o ölüm həm də indiyədək atasını hamıdan, hətta ölümdən də güclü bilən, kimsə incidəndə atasının üstünə qaçan, sinəsinə qısılıb dərdini bölüşdüyü, məsləhət, təsəlli aldığı balaca bir qızcığazın da ardınca gəlmişdi. O qızcığazı da atama qoşacaqdım ki, darıxmasın...

Ölüm əliboş gəlməmişdi: o balaca, aciz qızcığazın əvəzinə sızıltısını içində, gülüşünü çölündə daşıyan yetkin bir qadın gətirmişdi-onu indiyədək heç kimin sevmədiyi kimi sevib, bütün müvəffəqiyyətləri və uğursuzluqları, günahları və məsumiyyəti ilə qəbul edib bağrına basan, həyatındakı ən dəyərli kişiylə bərabər hər şeyə inamını, güvənini itirsə də, bütün bunlara rəğmən hələ də hiss etdiyi fövqəlağrının gücüylə ayaqda dayanmağı bacaran yetkin bir qadın... Bundan sonra nə yaşayırsa yaşasın, neyləyirsə eləsin, o qadının fikrinin, düşüncələrinin fonunda bir ağrı dəm alacaqdı... O qadının həyatı indən sonra rəngli yuxulara çevrilib şirin röyalara bənzəsə belə (ki, bənzəməyəcəkdi də...) düşüncələrinin fonunda həmişə bir ağrı olacaqdı...

...Ciyəri ağ düyünlü atamı ağa bələyib rəngi qaçıb ağappaq ağarmış ağrımızın “köynəyindən keçirib” günəşli günlərin birində qara torpağa tapşırdılar. Üstünə də bütün yaşanmış ömrünə son nida işarəsi kimi ağ mərmər ucaltdılar. Bu “nida”nın yarısı torpağın üstündə, yarısı altında idi... Nə təsəlli üçün üstünə düzdüyümüz saysız-hesabsız süni çiçəklər, nə də sanki o cansız güllərə can verəcəkmişik kimi axıtdığımız göz yaşları o “nida işarəsinin” mahiyyətcə ifadə etdiyi “hiss-həyəcan” effektinə tən tutula bilməzdi “bu gün”dən sonra. Hər şeyə-bütün “işarələrə” nöqtə qoyulmuşdu... Zamansa həm dəyişmişdi, həm də dəyişmirdi: indi yaşamağa bircə gün qalıb: “bu gün...”

# 1146 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #