Mən zəmanənin Hüseyniyəm – Nəiminin ağrı-acı dolu vəsiyyətnaməsi – İlk dəfə

Mən zəmanənin Hüseyniyəm – Nəiminin ağrı-acı dolu vəsiyyətnaməsi – İlk dəfə
11 dekabr 2019
# 12:03

Kulis.az Filologiya elmləri doktoru Qulamhüseyn Beqdelinin tərcüməsində böyük hürufi filosofu Fəzlullah Nəiminin müxtəlif vaxtlarda yazıb qızı Fatiməyə göndərdiyi “Vəsiyyətnamə”sini təqdim edir. Material internet resurslarında ilk dəfə yayımlanır.

Bismillahir rəhmani rəhim.

Bu atanın vəsiyyətnaməsi odur ki, bizim əhvalatlarımız indi həqq-təala ilə əlaqədar olmuşdur. Dərviş Hacıya o övladlarım haqqında bir para əhvalat söyləmişəm. Onlar da gərək bu barədə Hacının sözündən çıxmasınlar. Çox qəm-qüssə çəkməsinlər. Qəm-qüssəyə yol verməmək üçün Ənbiya və Övliya xəndanlarını xatırlayıb onların əsir düşüb kölə olmalarını göz qabağına gətirsinlər. Bilsinlər ki, bu dünyada mənim o köməksiz övladlarımdan başqa nigarançılığım yoxdur. Ancaq allah-təala kimsəsizlərin kimsəsidir. Bu gün mənim məzlum balalarım kimsəsiz qalıblar; olsun sizə kimsəsizlərin himayədarı rəhm edər, sizi yalqız olduğunuz üçün bağışlayar.

Mən zəmanənin Hüseyniyəm, naəhlilər də mənim Yezidim və Şümürümdürlər. Ruzigarım başdan-başa Aşuradır. Şirvan da Kərbəla.

Hazırkı şəraitdə böyük bacı gərək kiçik bacıları ilə indiyə qədərkindən də artıq xoşrəftar olsun, nə lazımsa etsin. Kiçik bacılar da gərək onun buyruğundan boyun qaçırmasınlar . Onların hərəsi barədə Hacıya ayrıca vəsiyyət eləmişəm. Ondan kənara çıxmasınlar. Bir hadisə baş verdiyi təqdirdə Seyid Məhəmməd və Seyid Hüseynin yanına adam göndərsinlər. Onlar da əllərindən gələni əsirgəməzlər. Ordakı dərvişlərdən Rəis və Keya da öhdələrinə düşən vəzifənin yerinə yetirilməsindən boyun qaçırmazlar. Dünya həyatı bir o qədər də əbədi və etimada layiq deyildir. Bütün ailə üzvlərinə salam söyləyin.

Seyid Əli Mərhəba, Hüseyn və Şəmsəddin Sərhəkin ailə üzvlərinin kiçik-böyüyünə salam yetirin. Oğlum Qəvaməddinin anasına da salam deyin. Biçarə və möhtac xacə Fəxrəddinə salam söyləyin. Allahın, allahın, allahın xatirinə övladlarımın qorunmasında qüsura yol verilməsin. Dünyanı saxlayan ilahi-namusdur. Keyanın ailəsinə salam deyin. Rəisə salam deyin. Hacının dediklərinə inanılsın. Ayrı cür hərəkət edilməsin.

Mənim və övladlarımın yeganə vəkili - allahın ona salamı olan böyük bacıdır: Hacı bunun şahididir. Rəis də buna şahidlik verəcəkdir. Məktubu övladlarımın hamısına oxusunlar. Ürəklərini allaha bağlasınlar ki, kimsəsizlərin hamisi, çarəsizlərin çarə edəni odur. Din barədə aralarında təfriqəyə yol verməsinlər ki, atalarının bu haqda nigarançılığı yoxdur; hələlik də salamatdır. Biz məzlum və kimsəsiz olsaq da buna görə narahat deyiləm. Lakin evdən çıxdığım gün o biçarə məndən küskün idi, onu incitmişdim. Halbuki onun vəziyyətini yaxşılaşdırmaq istəyirdim. Kiçik bacıların ixtiyarı onun əlindədir. Onları sənə, səni və onları allaha tapşırıram.

Bütün dərvişlərə salam söyləyin! Hamıdan bir-bir halallıq istəyin! Bizim də könülümüz onlardan razı və xoşdur. Əgər inciklik var idisə də hamısı keçib gedibdir. Kişili-qadınlı, kiçikli-böyüklü kim varsa hamısından halallıq istəyin. Rəis və Keya, eləcə də xacə Fəxrəddin əgər ordadılarsa tədbir görüb uşaqları bir guşəyə aparsınlar. Əgər qoymasalar kişiləri qadınlar vasitəsiylə xəbərdar etsinlər. Ola bilsin ki, təşkil olunmuş dəstədən adam gələr, bütün müridlər tələf ola bilərlər, hamıya qəsd edə bilərlər. Harada olsalar elə etsinlər ki, mənim müridim olmalarını bir kimsə bilməsin. Bacarsalar Gilana, Mazandarana getsinlər. Heydər Keyanın oğlu və digər müridlər və əlbəttə xəbər çatdıra bilərlər. Tələf etmək üçün arxalarınca adam gələ bilər. Vəsiyyətnamədəki məlumat və məsələlərdən başqa nəbadə bu barədə bir adamla danışalar. Özlərini son dərəcədə gizli, yenə də gizli saxlamalıdırlar.

Bir nəfər əcr edilib xacə Fəxrəddinin arxasınca göndərilsin, o gəlib əhli-əyalı öz öhdəsinə götürsün. Mövlanə İzzəddinə və xacə Fəxrəddinə bizim salamımızı söyləyin. Mövlana Kəmaləddin harda olsa tapdırılsın; ona bir para əhvalat söyləmişəm. Ona Mövlana Kəmaləddin qazi Qəvaməddin barədə vəsiyyətimi eləmişəm. Hacının başına bir qəza gələrsə həmin tapşırıq əsasında hərəkət edilsin. Dərviş Həsənə çoxlu salam göndərir. Əlindən gələn xidməti əsirgəmir. Vəfadarlığın bütün şərtlərini yerinə yetirir. Bu xoşbəxtlik işi indi, ancaq ötəri oldu.

Əbədi xoşbəxtlik atlısı üzbəüz gəldi

Yüyənini tutan olmadı, keçib getdi.

Bacılar sözdən çıxmamalıdırlar. Böyük bacı onlar üçün ata, həm də anadır. Mənim də vəkilim və canişinim olur. Allahın salamı olan böyük bacılarına mən də salam söyləyirəm. Öz övladlarımı görməyə olan həvəsimi şərh etmək mümkün deyildir. Bu iş ilahi bir iş olduğuna görə, tədbirə sığmaz. Övladlarımdan ayrıldığım gün onlar kədərli idilər. Buna görə mən də çox kədərlənirəm. İndi məni heç bir ixtiyarım olmadan aparırlar. Görək iş nə ilə bitəcək. Bu fəqirin heç bir dini və dünyəvi bir nigaraçılığı yoxdur. Ancaq tamamilə yalqız qalmış və kimsəsizlərin kimsəsindən başqa hamisi olmayan övladlarımın dərdini çəkirəm ki, çox köməksizdirlər. Allah-təalaya ürək bağlayın. Bacılarından göz-qulaq olmaqda diqqətini artır. Onları heç incitmə. Əgər onların xeyri üçün olsa belə, incitmə. O əziz anasızlarıma salam söyləyin. Allah-təalaya sığının. Çox ah-zar etməyin. Ordan ucqar bir yerə getməyiniz məsləhətdir. Belə ki, bakılıların xəbəri olmasın. Əhali xəbər tutsa arxanızca gələn olar, sizi tuta bilərlər. Əgər xacə Fəxrəddin gəlibsə böyük bacını götürüb məndən xəbər çatana qədər elə bir yerə getsinlər ki, kimsə oranın sorağını tuta bilməsin. Ortancıl bacını Rəis Mahmud, kiçik bacını da Keya aparsın. Əgər xacə Fəxrəddin gəlib çıxmamış olsa iki kiçik bacını Rəis, böyüyü isə Keya aparsın. Belə də olmasa Keya kiçik bacını aparsın. Dərviş Hacı böyüyü və Aişəni. Aişə ilə nikah bağlayıb evlənsin. Amandır ki, bacıları əziz tutun. Hər bir şey üstündə onları incitməyin. O nazlı balalar çox dərəcə kimsəsiz və köməksizdirlər. Daha qürurları qalmayıb. Onlar da əgər mənim razılığımı istəyirlərsə çox namaz qılıb əlbəttə, bir şey oxusunlar. Böyük bacılarının buyruğundan çıxmasınlar. İndilikdə bizi aparırlar, görək əhvalat nə ilə qurtaracaqdır. Övladlarım tamamilə ümidlərini kəsməsinlər, bəlkə də nəticə yaxşı oldu. Nə edə bilərik, təqdiri-ilahi beləymiş, çarə yoxdur.

Əgər ayrılmaq istəmirsinizsə, haqlısınız, bir-birinizdən kənarda dura bilmirsiniz. Onda hər üçünüz birgə olun. Əgər xacə Fəxrəddin ordadırsa və öhdəsinə alırsa, sizi götürüb bir yerə aparsın ki, kimsənin xəbəri də olmasın. Öz geyiminizi xarici görünüşünüzü dəyişin, şirvanlı və dağlı camaatının şəklinə salın. Möhkəm və əlçatmaz ucqarlara gedin. Bu işi olduqca tez edin ki, hələ ordudan arxanızca heç kim gəlməmiş və tələfata uğramamış getmiş olasınız. Əlbəttə, əlbəttə, əlbəttə getməkdə tələsin. Uzaq dağlıq yerlərə çəkilin. Adlarınızı dəyişin. Dərvişlik mərasimini üzərinizdən götürün. Hər dəm, hər dəm namaz qılıb bir peşəyə bağlanmağınızı məsləhət görürəm. Dərviş Rəisə salam yetirin; hər yerdə, hər məkanda olsa, övladlarımın haqq-sayını yaxşı yerinə yetirməlidir. Dərviş Keyanın ailəsinə salam yetirin. Əgər övladlarıma analıq etmək istəyirsə, vaxtıdır. Əgər xacə Fəxrəddin gəlib çıxmamış olsa dərviş Hacını özünüzlə bərabər aparın. Onu əziz tutun. Ona bir neçə əhvalat söyləmişəm. Əgər oğlum Qəvaməddinin anası və Sərhəkin anası övladlarıma bir gün analıq etmək, qəmlərini çəkmək istəyirdilərsə bu gün vaxtı çatmışdır. Vəssalam.

Əgər bacarsa dərvişlərdən biri İsməti özü ilə Gilana aparsın. Bəlkə Seyid də gəlib oraya çıxdı. Onların birgə hərəkət etməyə imkanı yoxdur. Bu məktubun dördüncü nüsxəsini özündə saxlasın və ona əsasən rəftar etsin.

Övladım Fatiməyə vəsiyyətnaməm.

İnşallah ki, bacıları ilə birgə allahın amanında olacaq. Atanın vəsiyyəti budur. Hələlik mən getdim görək allah-təala nə edəcək? Mən o övladı mövlanə Məcidəddinə vermişdim. Bunca zəhməti də o övladın və bacılarının xatirinə çəkdim, ancaq bir yerə çatdıra bilmədim. Allahın təqdiri belə imiş. İndi o övlad məsləhət bilirsə, bacıları ilə bərabər xacə Fəxrəddinlə bir ucqara getsin, dağlıqlara qaçsın. Paltarlarını və adlarını dəyişdirsinlər. Əgər mövlanə Məcidəddin diridirsə o övlad onunkudur. Əgər allah eləməmiş onun öldürülməsinin qəti xəbərini gətirsələr onda amandır ki, o övlad din və dünya namusunu qorusun. Məhəmmədin yanına adam göndərib onunla evlənsin. Əgər adamın gedib-qayıtması yubanırsa, nəbadə yaman ələ düşə və iki dünyada bədnam ola. Qoy oradakı Seyid Tacəddin onu öz halalı kimi qəbul etsin. Elə ki, Seyid Hüseynini oğlu Yaqub Əmir Teymurun köləliyindən azad oldu, Keyanı onun ardınca göndər, ortancıl bacını da ona ver. Mövlanə Kəmaləddin Qəvaməddinin də çağırtdırıb kiçik bacını ona ver. Nəbadə bu barədə utanıb vəsiyyətimi yerinə yetirməyəsən və deyəsən ki, mən özbaşıma bu işlərin öhdəsindən necə gəlim. Yox bunları etməlisən. Bunlar sənin atanın vəsiyyətidir.

Nəbadə bədnamlıq üz verə, gündüz yolda zalımların və müfsidlərin əlinə düşüb bədnam olasınız. Özümü sizdən ötrü qurban verdim ki, bədnamçılıq olmasın. Seyid Hüseynin hüzuruna (burda məntiq qırılır - red). Onun riyasından və yalvarmasından nə danışım. Hökm barəsində bir neçə məsələyə dair mövlanə Mahmuda tapşırılmışdır, ondan tələb edin. Hacıya da bir para əhvalatın zahirini söyləmişəm, astaca məlum etsin. Hacı əziz tutulsun. Hər işdə dərvişlərlə məsləhət edilsin. Əgər razılıq versələr, övladların kiçiyini Seyid Məhəmməd oğlu Seyid Əliyə verin. Təfriqə olmadıqda Keya onların ardınca getsin. Aişənin Hacıya, ya mövlanə İzzəddinə verməyi soruşursunuzsa, Hacının arvadı olması yaxşıdır. Onda Hacı da sizinlə ola bilər. Əli də ki, məhrəmdir onu da özünüzlə aparın. Seyid Əli gərək xidmətini əsirgəməsin. Əməl vaxtıdır, hədər getməz. Əlbəttə qəm-qüssəyə batmasınlar.

Atanın vəsiyyəti budur. O övladlar haqqında əhvalatı demişəm. Bir şey oxusunlar, namaz qılsınlar. Atanın vəsiyyəti budur ki, bu barədə qüsur etməsinlər. A kəsi həci həcinə pere mərd dər xane ke əvvəl kəvahu bekonənd kağazi həsti (bu sətriləri tərcümə edə bilmədikləri üçün olduğu kimi saxlayıblar – red.).

Şəhərə hər gələni yanlarına buraxmasınlar. Onların kim olduqları o övladlara gizli deyildir. Mənim bu dünyada övladlarımdan başqa nigarançılığım yoxdur. Bu gün allah-təalanın ənbiyaları o məzlum kimsəsizlərdir. Olsun ki, kimsəsizlərin kimsəsi yalqızlığınıza yazığı gəlib sizə rəhm etsin.

Fəzli əziz, kəlamı böyük olan, zindanda saxlanılan katibdən allahın ona salamı olan dünya məxluqunun əzizinin hörmətli balasına yazılmış və ilahi “Məhəbbətnamə”nin səhifələrindən köçürülmüşdür. (Cümlələr rəmzlərlə yazılmışdır – red.)

Sənin şövqünlə sirli sözlərlə dolu bir ürəyim vardır.
Qasid yoxdur ki, onları sənə çatdırsın.

Allah bu fəqirin halının şahididir ki, uşaqlarımın avara olmamalarından və səhabələrimin ayrılığından başqa heç bir nigarançılığı yoxdur. Nigarançılıq törədə bilən məsələlər haqqında mülahizələrimi o əzizlərimə çatdırmışam. Əgər haqq-təala bir paralarına xeyir vermək istəyirsə yetişdirəcəkdir. Qalanlarına da görək mənim bunca yarəb-yarəb deyib çağırmağım nə kömək edəcək.

Mən zəmanənin Hüseyniyəm, naəhlilər də mənim Yezidim və Şümürümdülər. Ruzigarım başdan-başa Aşuradır. Şirvan da Kərbəla.

O əzizlərə gizli deyildir ki, din barəsində bu fəqirin heç bir nigarançılığı qalmamışdır. Bu axırıncı salamımı və duamı bütün səhabələrimə, dostlarıma və köməkçilərimə yetirin. Elə edin ki, o beytlərdəki həqiqətlər asanlıqla onlara çatsın. Neçə gün bir guşədə olun, ta işimizin nə yerə çatması xəbəri sizə çatsın. Tənha guşəyə çəkilib məzmunu mənimsəyin. Övladlarımdan, səfillərimdən, möhnətə uğratdıqlarımdan mənim istək və arzum budur. Məndən soruşsanız birinci sətri oxumaq gərəkməz. Təhvil ala bilsəniz əla olarıq. Bu iş də allahın təqdiri idi. Allahın qəzası bizi sizə tərəf yönəldə də bilər. Hüseyn Keyaya gizli deyildir ki, Kürdələm suyuna çatdıqda ona söylədim - ey Hüseyn Keya, suyun o tayındakı atlılar bəlkə də bizi tələb etmək üçün gəlmişlər. Demək istəyirəm ki, hər xəbərdən bu dərəcə agah olduğum sizə də məlum olsun. Xacə Fəxrəddinə bəlli olsun ki, gecə məsciddə yatdığımız zaman mövlana Mahmudu oyatdı. Gəminin yanına getdilər. Bu fəqiri tutub təslim etmək haqqında mübahisə düşdü. Bu fəqirin bundan xəbəri var idi. Həzrəti İzzətdən ürəyinə dammışdı. İlahi təqdirə çarə yoxdur. İndi mən getdim ümidim budur ki, xeyir bunda olsun. Xatircəm olun.

Hərəniz bir ucqarda baş dolandırın. Elə bir yerə gedin ki, kim, nəçi olduğunuzu bilməsin. Hümmət edin ki, hər yerdə olsanız bizim kimsəsiz tifillərimizdən xəbər tutasınız. İkinci, biz bütün dərvişlər haqqında könlümüzdən qübarı sildik, keçmişdəki iradları unutduq. O əzizlərdə də xatircəm olsunlar, mövlanə Mahmud Əbdülqadir özləri xirqəyə bürünüb getdilər. Harda olduqları bəlli deyil. Seyid Tacəddinin anasına və ailə üzvlərinə salam söyləyin. Onun ailəsinə olan istəyini ona olan öz iştiyaqlarından başa düşsünlər. İstədim ki, sakitcəsinə bir neçə gün işlər muradımızca olsun, olmadı. Bizi halal etsinlər, biz onları halal etmişik. Övladlarıma çoxlu məhəbbət göstərin. Onlardan ötəri çox pərişanam. Seyid Tacəddinin burda olmasına kədərlənməyin. Nurididələrimin hamısına, bütün uşaqlara salam yetirin, onlardan başqa heç nigarançılığım yoxdur. İnşallah ki, Həzrəti İzzət o kimsəsizlərə nəzər salacaqdır. Çətinliklə qarşılaşsanız da, pərişan olmayın, ürəyinizi allaha bağlayın. Allahın salamı olan böyük bacı gərək kiçik bacılarının qeydinə qalsın, xətirlərini əziz tutsun. Kiçik bacılar da onun hörmətini saxlamalıdırlar, onun sözündən çıxmamalıdırlar. Bu gün onların ata və analarının yerində odur. Amandır bir şey oxumaqdan və namaz qılmaqdan boyun qaçırtmayın, atanızın vəsiyyəti budur. Allah xatirinə bir-birinizə yaxşı rəftar edin. Təsadüfən inciklik ortaya çıxarsa atanızın xatiri üçün onu bir gecədə ortadan qaldırın, sabahsı günə saxlamayın. Sizi bir daha allaha tapşırıram ki, vəkillərin ən yaxşısı odur. Biz bu dünyadan gedərik, hamı bir gün bizim kimi getməlidir. Bir neçə beytdə bir para mətləb yazmışam. Mövlana Mahmudu harada olsa tapdırın, ondan alıb yadigar saxlayın, sizə ondan çoxlu fayda yetişə bilər.

Bütün qadınlara, xacə Qəvaməddinin anasına salam yetirin. Xacə Fəxrəddinə söyləyin. Əgər iş görmək arzusundadırsa, vaxtı çatmışdır. Kimsəsiz övladlarımın qəmini çəksinlər. Hüseyinin anasına salam söyləyin; əgər bir gün kara gəlmək istəyirdisə bu gün çatıb. Sərhəkin anasına salam söyləyin. Əgər övladlarıma analıq şəfqəti göstərmək istəyirsə vaxtı çatıb. O tifil İsmətə Aişəyə salam söyləyin, nigaran olmasınlar. Seyid Əli onlarla birgə olsun, uşaqlarımın məhrəmidir, bacardığı qədər böyründən ayrılmasın. O biçarəni tərbiyə etmək istəyirdim, mümkün olmadı. Böyüklü-kiçikli hamıya salam söyləyin. Xacə Fəxrəddinə və mövlanə İzzədinə salam yetirin. Bezanəd əgər kəsi həci həcinə pere mərd imən vilayət xub buyənd ke soxən du-sehəyavatin məşvade uştuvan səre bu əgər hənnan dur Seyid Tacəddin şəvəd və porse ki bovəd abkarase əlbəttə dər xane ke əvvəl agahu bekinənd kağazi əgər həsti hər ke bər an şəhr ase əgər xacə Fəxrəddin əgər Seyid Tacəddin agah şəveh və uha kire və be Kəmal Haşimi bersene be ahestegi xacə Fəxrəddin əgər beşe kin əz fərzəndan qafel nənbəvəd qəvi səre bər məsəleha ke be hənnan rəsəne penhan darənd və çoxən cəngi və ahestegi jekseke və Gilan bersəne aheste-aheste vəxti ke sir və nişə bovəd Seyid Tacəddin bezanəd ke do ya be Gilan miyane kəsəkiyan və dəşt və buhen və nikutəben ta be cəlladşior vəsiyyəte a kəs ke həci həcinə əj urişəm xu bevinənd əz on vəqqi ke beşeşrən... (müəllif tərcümə edə bilməyiblər – red.) Bu məktubu oxusunlar, xacə Fəxrəddinin evinə çatdırsınlar. Fəzilləri ilə bütün müsəlmanları feyziyyab edən Həzrəti Əlanın vəsiyyətnaməsidir.

Atanızın vəsiyyəti budur. Bizim əhvalatımız indi həqq-təala ilə əlaqədar olmuşdur. Dərviş Hacıya övladlarım barəsində bir para əhvalat söyləmişəm. Onun sözündən çıxmasınlar. Qəm-qüssəni özlərinə yaxın qoymasınlar. Övliya və ənbiya ailələrini xatırlayıb onların əsir düşmələrini göz qabağına gətirsinlər. Bilsinlər ki, bu dünyada köməksiz övladlarımın dərdindən başqa nigarançılığım yoxdur. Ancaq allah-təala kimsəsizlərin kimsəsidir. Bu gün mənim məzlum balalarım yalqız qalıblar. Olsun ki, kimsəsizlərin himayədarı yalqızlığınıza yazığı gəlib sizə rəhm edəcəkdir. Övladlarım, əlbəttə, mənim xatirimə, mənim sevincim və razılığım üçün namazı tərk etməyib, bir şey də oxusunlar. Böyük bacılarının buyruğundan çıxmasınlar. O indi onların atası və anası yerindədir, mənim vəkilim və canişinimdir.

Allahın hər iki dünyanın fəzilətindən feyziyab edən ata vəsiyyətnaməsini övladlarım hamısı oxusunlar. Allaha ürək bağlasınlar, kimsəsizlərin hamisi və çarəsizlərin çarə edəni odur. Atalarına görə pərişan olmasınlar.

Əbədi xoşbəxtlik atlası üzbəüz gəldi
Yüyənin tutan olmadı, keçib getdi.

# 11055 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #